Cüme axşamı, 21.11.2024, 14:16
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 8
    Qonaq: 8
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 8 » «DAĞLARDA TOY» (FOTOSESSİYA)
    18:28
    «DAĞLARDA TOY» (FOTOSESSİYA)
     
    Bu gün Azərbaycanın dilbər güşəsi olan Şuşanın işğalından 16 il keçir

     

    Ermənistan Silahlı Qüvvələrinin Şuşaya hücum planı 1992-ci il martın 21-nə planlaşdırılsa da, Xankəndindəki ermənilərin təhlükəsizliyi təmin olunmadığından əməliyyat təxirə salınır. Ya aprelin 24-ü - ermənilərin qondarma soyqırımı günü, ya da uzağı 9 may - faşizm üzərində qələbə günü Ermənistan Silahlı qüvvələri genişmiqyaslı hücuma keçməli idilər.

    Həmin vaxt ərazidə artıq könüllü özünümüdafiə batalyonları formalaşmışdı: Ramiz Qəmbərov, kərkicahanlı İslam və Fəxrəddin Səfərovun dəstəsində ümumilikdə 500-ə yaxın könüllü vuruşurdu. Əsas müdafiə mövqelərindən birində Müdafiə nazirliyinin bir briqadası (komandir Elbrus Orucov) və 777-ci əlahiddə tabor (komandir Elçin Məmmədov) dayanmışdı.

    Şuşa şəhərində 23 min əhalidən cəmi 8 mini qalmışdı, qoşun idarə oluna bilmirdi. Şuşa-Laçın qarnizonun komandiri Elbrus Orucov təyin olunsa da, komandirlərin onunla hesablaşmadığı barədə hətta müdafiə naziri Rəhim Qazıyevə gileylənmişdi də.

    Eyni vaxtda Tehranda Ermənistan prezidenti Levon Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov, İran prezidenti Haşimi Rəfsancaninin vasitəçiliyi ilə atəşkəs haqda ilkin razılığa gəlsə də, vəziyyət Ermənistanın xeyrinə doğru dəyişməyə başlayır. 7-8 gün ərzində Ermənistan Silahlı Qüvvələri bütün gücünü səfərbər edərək, Şuşaya «Svadba v qorax» adlı hücum planı hazırlayır. Həmin plana görə, Ermənistan Silahlı Qüvvələri ən peşəkar zabitlərin rəhbərliyi altında mayın 8-də Şuşa üzərinə 11 minlik qoşunla hücum edəcəkdi. Azərbaycan Silahlı qüvvələri isə atəşkəsin uzunmüddətli olacağına arxayınlaşıb, hərbçiləri kütləvi halda ezamiyyətə göndərir. Ərazidə olan min nəfər hərbçidən yeddi yüzü qalır. Könüllü batalyonlarda silah demək olar ki, yox idi. Fəxrəddin Səfərovun 480 nəfərlik batalyonunda cəmi 70 avtomat var idi.

    Mayın 7-si briqada komandiri Elbrus Orucov zirehli texnikanın ATƏT nümayəndələrinin gözlənilən səfərindən gizlədilməsi üçün Müdafiə naziri Rəhim Qazıyevdən əmr alır. Bu əmr, demək olar ki, ərazidə olan texnikanın məhvi ilə nəticələnir (Azərbaycan Silahlı Qüvvələri tank və PDM-ləri «aşağı zapravka» deyilən yerə çəkmişdilər). Şuşada son döyüşə cəmi 1 tank və 1 PDM qalmışdı.
    Mayın 7-sindən 8-inə keçən gecə saat 2-yə 20 dəqiqə işləmiş Ermənistan Silahlı Qüvvələri 11 minlik qoşunla Şuşaya hər tərəfdən - Qırxpilləkan deyilən yerdən, Daşaltı, Qaybalı yolu, Şüşikənd istiqaməti və Hacıtalasından hücuma keçdilər. Təkcə «Zastava» deyilən posta Daşaltı tərəfdən 3 min erməni hərbçisi qalxmışdı. Səhər saat 7-yə yaxın əsas istiqamətlərdə olan postlar tutulmuşdu - strateji yüksəkliklərdən biri - Kirs dağında Ermənistan Silahlı Qüvvələrinin artilleriya briqadası oturmuşdu. 12 saat ərzində Şuşa, şəhər ətrafına düzülmüş topların atəşinə məruz qaldı.

    Ağır döyüşlər mayın 8-i axşam saat 8-ə qədər getdi - Şuşa həbsxanasında və «aşağı Zapravka»da 777-ci əlahiddə alay böyük itki verdi - bu döyüşdə alayın 132 əsgərindən yüzü həlak oldu. Könüllü batalyonların döyüşçülərindən və Şuşa sakinlərindən də 200 çox adam həlak oldu və ya itkin düşdü.

    Şuşa uğrunda gedən döyüşlər zamanı bir insident də diqqəti çəkir: axşam saat 8 radələrində Ağdamdan qalxan helikopter (Azərbaycan Silahlı Qüvvələrinə məxsus idi) Azərbaycanın mövqelərini bombardman etdi - deyildiyinə görə, səhvən.
    Axşam saat 9-a yaxın Şuşada 2 «QRAD» qurğusu, 1 tank və 1 PDM, 30-40 döyüşçü qalmışdı. Ermənistan Silahlı qüvvələri «aşağı zapravka» deyilən yeri artıq götürmüşdülər. Xəlfəli, Qaybalı və Kosalarda döyüş gedirdi. Bu vaxt Elbrus Orucov olub-qalan qoşunun Şuşa şəhərini tərk etməsi barədə şəxsən əmr verir. Hətta şəhərdən çıxmaq istəməyən könüllü döyüşçülərdən bəzilərini əmr yerinə yetirilməsə, güllələməklə hədələyirlər. Beləliklə, qoşun Turşsuya çəkilir.

    Mayın 8-də şəhərin müdafiəsi üçün Şuşaya ezam olunan Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovu və onun dəstəsini də Zarıslı kəndində qarşılayıb «Şuşa artıq işğal olunub, geri qayıdın» deyirlər. Sonralar tutulan radiodanışıqlardan məlum olub ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun şəhərdən çıxmasını tələ hesab edərək 1 gün ancaq kəşfiyyat aparırlar. Və Ermənistan silahlı qüvvələri yalnız mayın 9-unda axşam Şuşada arxayınlıqla mövqe tutur. Erməni hərbçilərinin heç bir maneəyə rast gəlməməsi təəccüb doğurur. Belə ki, Xankəndindən Şuşaya gələn yol minalanmalı idi və o vaxtkı müdafiə naziri Rəhim Qazıyevin dediyinə görə, minalanmışdı. Amma minalar işə düşməmiş və Ermənistan ordusu heç bir itki vermədən Şuşaya yerimişdi. Başqa bir maraqlı fakt, «Əmanət bankı»nın Şuşa filialının rəhbərinin həmin ərəfədə öldürülməsi və təxminən 15 milyon rublun (o zamanın kursu ilə təxminən 10 milyon dollar) oğurlanması idi. Belə ki, inkassator maşını Şuşa şəhərini tərk edərkən Əmanət bankın Şuşa filialının rəhbəri yolda başından balta ilə qətlə yetirilib və inkassator maşınını bundan sonra Şuşa şəhər icra hakimiyyətinin başçısı Nizami Bəhmənov və Şuşa polis şöbəsinin rəis müavini Eldəniz Quliyev Tərtərə qədər müşayiət ediblər. 1994-cü ildə Eldəniz Quliyev Zaqatalada güllələndi. Şuşa şəhər icra hakimiyyətinin başçısı Nizami Bəhmənovdan da bu barədə heç nə soruşmamağımızı xahiş etdilər - «əsəbiləşir» - dedilər. Və belə maraqlı bir izahat verdilər ki, əslində həmin vaxt Şuşa camaatı üçün göndərilən yardım (adambaşına 500 rubl) yoxa çıxıb, yəni bankdakı 15 milyon rubl elə orada qalıb. Qeyd edək ki, bu faktla bağlı Şuşanın işğalına dair qurulan məhkəmədə heç bir araşdırma aparılmadı.

    Mayın 8-dən 11-nədək müdafiə naziri Rəhim Qazıyev silah-sursat almaq üçün Moskvada - Rusiyanın müdafiə naziri Pavel Qraçovla danışıqlar aparırdı. Bu danışıqlardan sonra Qraçov, Rusiya hərbi bazalarından Azərbaycan Silahlı Qüvvələrinə 10 ədəd tank və 10 ədəd PDM ayrılması barədə göstəriş verir.

    Amma zirehli texnika Zəngilan-Qubadlı yoluna çatanda qoşundan əsər-əlamət yox idi. Rəhim Qazıyev deyir ki, qərargah rəisinin müavini polkovnik Səfər Əbiyev karvanı buraxıb ərazini tərk etmişdi. Şuşadan çıxan qoşundan qalan hərbçilər Turşsuda düşüb gözləmə mövqeyi tutmuşdular. Əsgərlərdən qumbaraatanlar və avtomatların nişangahları yığılmışdı.

    Həmin ərəfədə Bakıda prezidentlik davası gedirdi. Azərbaycan Xalq Cəbhəsi ilə mütəllibovçuların qarşıdurması bütün qüvvələrin cəbhəyə deyil, Ali Sovetin qarşısına yönəltməklə nəticələnir. Mayın 14-də Rusiyanın Azərbaycandakı hərbi bazaları Ayaz Mütəllibovun hakimiyyətə gəlişi ilə Şuşaya əks-hücuma keçməli idi. Lakin Mütəllibov hakimiyyətə gəlmədi…
    Şuşanın işğalına görə cəmi 2 nəfər cəzalandırıldı: batalyon komandiri Nail Kazımov (13 il həbs cəzasına məhkum edildi və sonradan əfv olundu) və keçmiş müdafiə naziri Rəhim Qazıyev (əvvəlcə ömürlük həbs cəzasına məhkum edildi, sonradan təkrar məhkəmə prosesi nəticəsində ona 15 il iş kəsildi. Bu il isə əfv edildi). Şuşanın işğalına görə təqsirli bilinən keçmiş müdafiə naziri artıq bəraət almaq üçün sənədlərini Avropa Məhkəməsinə göndərib. Amma Qazıyev özünün dediyi kimi, qərəzli və iddialı deyil. Deyir ki, riyaziyyatçı olduğuna görə əsl günahkarların adını hələ çəkmək istəmir.

    İndi Şuşa şəhərinə azərbaycanlılar kosmosdan baxa bilər. Əldə etdiyimiz məlumata görə, Şuşada yalnız kilsə və həbsxana, Şuşa-Xankəndi və Şuşa-Laçın yolları tam təmir edilib, 4 yeni yaşayış binası istifadəyə verilib. Vəziyyətləri pis deyil: dağlarda toydur, bir zamanlar döyüş olardı…
    "HESABAT" 2005
     
     
     
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1388 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər