Çerşenbe, 04.12.2024, 12:37
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 12
    Qonaq: 12
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 10 » HACI ilQAR:
    11:28
    HACI ilQAR:
     
    (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik…

        («Kövsər» surəsi, ayə 1)

     
      BÜTSINDIRAN MAHİYYƏTƏ MALİK OLAN MÖVLUD

        Rəbbimizin əta etdiyi Kövsər - Həzrəti Fatimeyi- Zəhra (s.ə.)...

        Hər bir müsəlmanın qəlbini xüsusi riqqətə gətirən bir mübarək isim...

        Özündə hər mənada insani zirvə kamalları toplamış müqəddəs Anamız...

        Öz mübarək gəlişi ilə bir nuraniyyət selini gətirmiş, öz yaşayışı ilə - övlad kimdir, xanım kimdir, yoldaş kimdir, ana kimdir anlayışları ilə yanaşı, insan necə olmalı, acla necə rəftar etməli, yetimlə necə davranmalı, haqqı necə tanımalı, haqq uğrunda necə fədakarlıq etməli və bir çox digərin canlı təcəssümüdür Həzrəti Fatimeyi- Zəhra (s.ə.).

        Ya Fatimə (s.ə.)! Ey özü və ardıcılları oddan amanda  olan!

        Ya Fatimə (s.ə.)! Ey varlığına şər və pislik yol tapmayan!

        Ya Fatimə (s.ə.)! Ey uşaqlıqdan vucudu elmlə inkişaf edən!

        İstər aləmlər üçün rəhmət olaraq göndərilmiş və yaranışın fəlsəfəsi olan bir mehriban atasının və izzət, alicənablıq rəmzi olan anasının hüzurunda ikən, istərsə Əmirəlmöminin Həzrət Əli (ə) kimi kamil insanın yoldaşlığını edərkən, istər Həsən (ə) kimi helm və səbr çeşməsini, Hüseyn (ə) kimi Aşura qəhramanını tərbiyələndirərkən və istərsə də  Zeynəb (s.ə.) kimi zalımlar sarayını öz gözəllik görən nurani və işıqlı baxışları ilə titrədən, atasının bir zinəti olan Aqiləyə (s.ə.) müsəlman xanım nümunəsi estafetini ötürərkən - Həzrət Fatimeyi-Zəhranın (s.ə.) dəyərlı və mübarək vücudu hər mənada canlı bir ibrət və dərsdir.

        Ey ana bətnində anası ilə danışan və onunla münis olan!

        Ey dünyaya gələn zaman pişgahına Sara, Asya, Məryəm, Gülsüm gələn Zəhra (s.ə.)!

        Ey gəlişi ilə bütün dünyanı nurlandıran!

        Ey körpə əlləri ilə mübarək Rəsulun (s) başına Məkkə müşriklərinin tökdüyü qum-torpağı təmizləyən körpə bala!

        Fatimeyi-Zəhranın (s.ə.) həyatı o həyatlardandır ki, hər anı islam tarixinin bir parlaq güşəsini, bir vücudi səhnəsini işıqlandırır. Onun həyatının öyrənilməsi Həzrət Rəsulullah (s) və Həzrət Xədicənin (s.ə.)) mübarək ailə quruluşunun mənəvi çalarlarından: övladı Uca Rəbbdən necə diləməni, necə valideyn olmanı, necə gələcək övladın tərbiyəsinə hələ onun dünyaya gəlişindən öncə məsul olma kimi məqamları anladır.

        Həzrət Zəhranın (s.ə.)dünyaya gəlişi əsnasında Allahın Peyğəmbəri (s) Xədicəyə (s.ə.) buyurur:«İndi Cəbrail (ə) mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaqdır ki, bütün imamlar və məsum rəhbərlər onun nəslindən gələcək».

        Əslində, qız sevməyən bir Ərəbistan cahiliyət mühitinin içində dünyaya Fatimənin (s) gəlişinin imanlı qəlblərdə yaradan bir sevinc – bir İbrahimvari bütsındıran mahiyyətə malikdir. Oturuşmuş cahiliyyə ənənələrinin yalnız nəzəri olaraq deyil, yaşamı ilə dəyışdirən bir Elçinin qızıdır bu - Həzrəti Fatimeyi Zəhra (s.ə.)...

        Hicrət tarixini anma zamanında onu Məkkədə görəcəyik və sonra Əmin Mühəmmədin (s) əmanətlərini qaytarmağa qalan vəfalı Əli (ə) ilə birgə Mədinəyə tərəf hicrət edən görəcəyik.

        Ya Mübarəkə! Ey varlığı çox bərəkətlı olan!

        Ya Mübarəkə! Ey peyğəmbərə əta edilən bərəkət zirvəsi Kövsər!

        Ya Nuriyyə! Ey bəşəriyyəti əbədiyyətə qədər işıqlandıran nur!

        Ya Mənsurə! Ey Allah tərəfindən yardımlanmış və göylərdə adı Mənsurə olan!

        Ya Mərziyyə! Ey o kəs ki, Allah-Təala özündən və əməllərindən həmişə razıdır!

        Ya Tahirə! Ey o kəs ki, paklığı və isməti haqqinda Allah-Təala Qurani-Kərimdə bəyan etmişdir!

        Ya Siddiqə! Ey o kəs ki, kamil doğrucudur! Ey o kəs ki, öz sözlərini əməlləri ilə təsdiq etmişdir!

        Ya Seyyidə! Ey bütün aləmlər xanımlarının Xanımı!

        Ey atasına Əhli-beytdən ilk qovuşmaq ilə müjdələnən xanımların Seyyidəsi!

        Ya Zəhra! Ey nurani! Ey parlayan! Ey işıq saçan!

        Ya Zəkiyyə! Ey pak! Ey pak ətəkli və iffət rəmzi! Ey bol bərəkət çeşməsi!

        Ya Raziyyə! Ey öz Rəbbinin nəsib etdiynə razı olan!

        Ey Azadə! Ey gerçəkdə vücudu azad kamil insan!

        Ya Ümmü Əbiha! Ey o kəs ki, onu atası Rəsulullah (s) «atasının anası» adlandırıb!

        Ya Haniyyə! Ey öz yoldaşına və övladlarına mehriban xanım!

        Ya Bətul! Ey digərlərindən fəzilət baxımından fərqli! Ey Allaha üz tutmuş!

        Ya Ümmül-Həsən və Ümmül-Hüseyn! Ey Həsən və Hüseynin anası!

        Ya Ümmül-Möhsin! Ey bətnində şəhid edilmiş balanın anası!

        
    «ALLAH SƏNİN SƏNİN RAZILIĞINLA VƏ SEVİNCİNLƏ SEVİNİR..».

        Bir gün Peyğəmbərin (s) zövcələrindən biri ona belə bir sual verdi: «Nəyə görə Fatiməni (s.ə.) bu qədər sevirsən? O içəri girdiyi vaxt onun üçün ayağa qalxır, yanında otuzdurub əlini öpürsən?»

        Peyğəmbər (s) onun cavabında belə buyurdu: «Əgər mənim onu nə üçün sevdiyimi bilsən, sən də onu mənim qədər sevərsən».

              Peyğəmbərimiz Həzrət Fatiməni (s.ə.) öz vücudunun bir hissəsi hesab edib, həmişə belə buyurardı: «Fatimə mənim bədənimin bir parçasıdır, hər kəs ona əziyyət etsə, mənə əziyyət etmişdir, hər kəs də onu sevindirsə, məni sevindirmişdir».

        Həzrət Peyğəmbər (s) bir gün Həzrət Fatiməyə (s.ə.) belə buyurdu: «Ey Fatimə (s.ə.)! Allah sənin qəzəbinlə qəzəblənir, sənin razılığınla və sevincinlə isə sevinir».

        Həzrət Fatimənin (s.ə.) siması, danışığı və hərəkətləri atasına çox bənzəyərdi. Belə ki, Ümmü Sələmə bu haqda belə deyibdir: «Peyğəmbərə ən çox bənzəyən Fatimə (s.ə.) idi».

        Aişə isə belə deyib: «Danışmaqda Fatimədən (s.ə.) daha çox Peyğəmbərə bənzəyən birisini görmədim».

        
    PEYĞƏMBƏRƏ (s) QOVUŞACAQ İLK ŞƏXS

        Əziz İslam Peyğəmbərinin (s) həyatının son günləri idi… Mübarək başı təqva zirvəsi olsan Əli əleyhissalamın sinəsi üstündə, əli ilə onun əlindən tutmuş halda. «Atasının anası» - Həzrəti Fatimə (s.ə.) də Peyğəmbərin yatağının yanında oturub mübarək gözləri yaşarmış halda. Atası gözlərini açıb Həzrət Fatiməni (s.ə.)bu mübarək durumda gördükdə ona buyurur: «Qızım, mənə Quran oxu».

        İslam Peyğəmbəri (s) belə mujdələyir: “İlk kəs ki, behiştdə mənə qovuşacaq – Mühəmməd qızı Fatimədir (s.ə.)”!

        Amma behiştə əziz atasına ilk qovuşanədək Həzrət Fatimeyi-Zəhranın (s.ə.) hələ yerinə yetirilməli işləri var. Cocuq ikən mübarək atasının pak vucuduna tökülən toz-torpağı öz körpə əlləri ilə yığışdıran Həzrəti Fatimeyi Zəhra (s.ə.), sanki indi mübarək İslamın üstünə yığılan toz-torpabı təmizləyir – bədniyyətlərin niyyətini faş edir. Zamanın İmamının (s) haqqını müdafiədə fədakarlığında ikən, evində İslamın həqiqiliyini qoruyub saxlayanları yetişdirir. Sonradan İslamın mövcudiyyətinin təmini üçün 25 illik Əlivarı sükut mübarizəsinin ilk aylarının səhnələrinin qəhrəmanıdır Fatimə (s.ə.)...

        Hətta bu sükutu da Əhli-beytə (ə) çox gördülər. Təfavütsüzlük və laqeydlik mərəzinə tutulmuş müsəlman toplumunun durumundan istifadə edib, haqqın müdafiəsində dayanan əziz İslam Peyğəmbərinin (s) qızı – anamız Fatimə (s.ə.) məlum tarixi şəraitdə şəhadətə yetişir. Şəhadət öncəsi saatlarında, artıq bətnindəki Möhsün balasını şəhid vermiş Həzrət Fatimə (s.ə.) uşaqlarını öpüb onlarla vidalaşır. O gecə Fatimeyi-Zəhra (s.ə.) bütün ailəsi ilə vidalaşır - 7 yaşında olan Həsəni (ə) ilə, 6 yaşında olan Hüseyni (ə) ilə, 5 yaşındakı Zeynəbi (ə) ilə, 3 yaşında olan Ümmü Gülsüm ilə...

        Son vida isə Əli (ə) ilədir...

        Vida! Nə vida...

         Fatimə (s) qüsl etmək Əlidən (ə) su istəyir. Allahı ilə görüşə təzə paltarla gedir. Üzü qibləyə tərəf uzanmış halda bir az sonra gözlərini yumub  öz Rəbbinə qovuşur.

        Əli (ə) Fatimənin (s.ə.) vəsiyyətinə əməl edərək, ona özü qüsl verir, kəfənləyib dəfn edir.

        Amma Həzrət Fatimeyi-Zəhra (s.ə.) istəyi ilə onun mübarək qəbrinin yeri gizli qalmalı və heç kimin xəbəri olmamalı idi…
        

    NƏDƏN GİZLİ SAXLANILIR MƏZARININ YERİ…

        Hətta şəhadətindən sonra torpağa tapşırıldığı yerinin bilinməməsini də Xanım (s.ə.) gələcək nəsillər üçün bir oyanış təbili olaraq qoyur. İnsanların təfavütsüzlüyü və laqeydliyi hansı cinayətlərə səbəb ola bilər çatdırışı var bu naməlumluqda...

        Həzrət Fatimənin (s.ə.) gələcək nəsillərə bununla deməli bir sözü var...

        Nədən Ananın mübarək məzarının yeri gizli qaldı...

        Nədən İslam Peyğəmbərinin(s) qəlbinin meyvəsi, bədəninin parçası, «atasının anası»nın mübarək qəbri məxvi qald...

        Nə səbəb oldu?! Nədən Rəsulun (s) qızı dünyadan şəhid getdi...

        Bəs müsəlmanlar harada idi?! Bəs nə olmuşdu səbəb onları təvafütsüzlüyünə və laqeydliyinə...

        Əslində bu Aşuraya aparan bir müsibətlərdəndi...

        Xanımın şəhadətinini anma günlərini – Əyyami Fatimə (s.ə.) günlərini yaşayırıq. Hər bir müsəlmanın özünə veriləcək suallar ən azı bunlardır. Əslində bütün zamanlar üçün vücudi olan, təfavütsüzlük və laqeydlik mərəzindən qurtutulmanın vacibliyini anladan bir Şəhid anma günləridir bu. Öz pak qanı ilə sanki nəfəsləri daralmış bir müsəlman camiəsinə davamlı dirilik oksigenlərini vermə ilə səciyyələnən bir İlahi lutfdür bu.

         Yalqız qalmış Əli(ə)... Özü qalıb, bir də uşaqları... Bir də ki barmaqla sayılan saleh bəndələr...
     
     QADININ BÜTÜN HEYSİYYƏTİ ONUN VÜCUDUNDA…

        Həzrət Zəhranın (s.ə.) ziyarətində Peyğəmbərə (s) xitabən deyir Əli (ə): «Ey Allahın Peyğəmbəri! Mənə tapşırdığın əmanəti sənə qaytarıram. Başıma gələn bütün əhvalatları qızın sənin üçün olduğu kimi danışacaqdır. Bütün suallarını ondan soruş. O, hamısını sənə deyəcək”.

        Böyük İslam mütəfəkkirlərindən birinin anamız Fatimeyi-Zəhra (s.ə.) haqqında çox mübarək və ürfani bir deyimi var: “Əgər Fatimə (s.ə.) kişi olsa idi – olmaz idi. (Zira) əgər kişi olsa idi, Rəsulullahın (s) yerində olardı. Fatimeyi-Zəhra (s.ə.) insan həqiqətinin hamısıdır. O bir mələkuti varlıqdır ki, aləmdə insan surətində və qadın surətində zahir olmuşdur. Fatimə (s.ə.) bir qadındır ki, bütün ənbiyanın (peyğəmbərlərin) arzuladıqları ondadır, qadının bütün heysiyyət və şəxsiyyəti Zəhranın (s.ə.) vücudunda təşəkkül tapmışdır”.

        Xoşbəxtlikdən, 70 ildən çox bir müddətdə Fatimeyi-Zəhra (s.ə.) irsi ilə ünsiyyət və əlaqədən çəkindirilməyə rəğmən, günümüzdə də bu qədər məlumatsızlığına və gerçək İslamla az tanış olmasına rəğmən, Vətən övladı Xanıma olan məhəbbətini itrməmişdir. Öz qız övladlarını adlandırarkən də, fitrətindən gələn Fatimeyi-Zəhra (s.ə.) eşqinin aşıb daşdığını göstərir Vətən övladı. Artıq illər boyudur ki, Azərbaycan insanı Xanımın adını öz körpələrinə qoyaraq bir şərəfli Zəhra yolcusu olmaq potensiallarını ortalığa qoymuş olur.

        Allahım! Bu Əyyami-Fatimə(s) günlərində cəmi insanlara Kövsər bərəkətindən bəhrələnmək tofiqini qismət  et!

        Allahım! Xanımın (s.ə.) yadigarı olan Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühurunu tezləşdir, bizləri o Həzrətin zühurunu tezləşdirənlərdən qərar ver! AMİN!

     Hacı İlqar İbrahimoğlu 
    ilahiyyatçı-filosof,
    İçərişəhər «Cümə» məscidinin imam-camaatı

    Категория: Cümə söhbətləri | Просмотров: 1768 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər