Cümə söhbətləri
Dinimizin əlamətdar günlərə xüsusi münasibəti var. Bu günlər vasitəsilə insanlar dinimizin həqiqətlərini daha yaxşı dərk edir, mübarək İslamın bərəkətlərinə vara bilirlər. Qarşıdan çox əlamətdar bir tarix gəlir. Bu – Zəmanə Sahibi Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) mövludu günüdür. Bu – bir tarixdir ki, ruhən, zehnən ona hazırlaşmaq lazımdır. İnsan gərək öz daxili aləminin mövludda olan bütün keyfiyyətlərlə həmahəng olmasına diqqət yetirsin. Uca Allah o durumdan saxlasın insanı ki, Peyğəmbər (s) və Əhli-beytinin (ə) mövludları günü sadəcə bir tarix olsun insan üçün, insan bu fəzilətlər çeşməsindən bəhrələnməmiş bir durumda olsun.
ZƏMANƏ SAHİBİNİN (ə.f.) MÖVLUDU
Həzrət Mehdinin (ə.f.) mövludu günü bizə bir mühüm mövzunu xatırladır. Və bu xatırlatma, Zəmanə Sahibinin (ə.f.) hal-hazırda qeybdə olması ilə xüsusi səciyyə kəsb edir. Həzrət Mehdinin (ə.f.) bizə xatırlatdığı və zəmanəmizin, günümüzün ən mühüm bir məsələsi var: nə dərəcədə müsəlman bir insan Həzrət Mehdinin (ə.f.) qeybdə olduğu zaman o Həzrəti (ə.f.) xatırlayır? Nə dərəcədə gerçəkdə bu qeybi dərk edir və zühura hazırlaşır? Zəmanə Sahibinin (ə.f.) qeybdə olduğunu zamanı öz İlahi təklifini, öz insani vəzifəsini yerinə yetirirmi? Fərəcin intizarında həqiqətdə ola bilirmi? Yoxsa təqvimdə gözə dəyəndən-dəyənə, mövluddan-mövluda onun yadına düşür İmam (ə.f.)? Quran ayələrində onun gəlişinə işarələri eşidəndə, hədislərdə Mövlanın (ə.f.) mübarək adına rast gələndəmi mömin xatılayır onu, yoxsa gündəlik həyatını intizara uyğun qurur?
Həqiqət budur ki, hər bir inanclının Həzrət Mehdinin (ə.f.) qeybi dövründə həqiqi müntəzir olma vəzifəsi var. Və intizarda olmağın necəliyini, keyfiyyətini o amil müəyyən edir ki, insan bu vəzifənin dərinliyini nə dərəcədə dərk edir. İNSAN HƏYATI BOYU NƏYİSƏ GÖZLƏYİR…
İnsan həyatı boyu gözləmələrdədir. Xoş və narahatedici gözləntiləri olur hər bir insanın. Ailə qurmaq gözləntisi, uşağın dünyaya gəlməsi, böyüməsi, məktəbə getməsi gözləntisi və s. Bir başqası təhsil alır. Onun gözləntisi odur ki, təhsilimi başa vurum, filan işə gedim və s. Hər bir konkret halın və hadisənin gözləntisi, bu gözlənti obyektinin məramından asılı olmayaraq, insanın davranışında bir ümumi cəhət müəyyən edir. Bu ümumi cəhət – insanın öz davranışını az və ya çox miqdarda gözləmə obyektinə uyğun tarazlamasıdır. Yəni, gözləntinin mühümlüyündən asılı olaraq, bu, gözləyənin fikirlərində, rəftarlarında, davranışında, hətta ruhi-mənəvi durumunda, emosional-psixoloji vəziyyətində öz səthi və ya dərin əksini buraxır.
Bu baxımdan ən simvolik vəziyyət imtahan gözləntisində olan tələbənin misalıdır. Əgər tələbə məsuliyyətlidirsə, imtahan vermək onun üçün əhəmiyyət kəsb edirsə, onun gündəlik hər bir işində bu gözlənti seziləcəkdir. Yox, əgər o, təsadüfi, mövsümi bir tələbədirsə, adının haradasa getməsi, ona tələbə deyilməsi xatirinə ali məktəbə gedib-gəlirsə, onda vəziyyət tam başqa cür olacaq. Beləsinin gözləntisi də statusuna uyğun olacaq.
İnsan həyatı boyu nəyisə gözləyir. Kiçik və böyük şeyləri. Birisi metroda qatar gözləyir – bu da gözləntidir. Digəri bu zaman uşağının dünyaya gəlməsini gözləyir – bu da gözləntidir. Üçüncüsü isə verdiyi imtahanın nəticəsini gözləyir. Bir başqası isə onillər boyu çəkdiyi elmi zəhmətlərin, eksperiment və sınaqların yekununu gözləyir. Bunlar da bir gözləntidir
Yaxud həcc mərasimini yerinə yetirməyin gözləntisində olan insan. O, axtarış aparır ki, hansı karvanla getsə, münasib şərtlərlə öz ziyarətini keyfiyyətli yerinə yetirə bilər. Yol yoldaşı axtarır özünə, səfər azuqəsini hazırlayır. Nigarançılığı var, düzmü edib seçimini, nəyisə daha yaxşı etmək olmazdımı və s. Ticarətçi hansısa iş qurur. Qurduğu işin bəhrəsini gözləyir. Buna uyğun da gözləntiləri var. Müəllim öz hazırladığı şagirdlərin ali məktəbə daxil olmasını, əməyinin bəhrə verməsini gözləyir.
İnsan həyatı boyu nəyinsə intizarını çəkir. Hər kəs üçün bu – yaxın bir hissdir. Dünyada baş verənlərə də baxsaq, görərik ki, millətlər, ölkələr də nəyisə gözləyir. Tərrəqqi gözləyir, islahat gözləyir, dəyişiklik gözləyir, firavanlıq gözləyir insanlar. Siyasətçilr, iqtisadçılar, təhlilçilər də bu gözləntiyə uyğun prqnozlar edir, proqramlar tərtib edir, vədlər verirlər.
İnsanın daxilinə aid bir hissdir bu. Hər bir insanda bu gözlənti hissinə uyğun özünü həmahəng etməsi var.
YAXIN 30 İLDƏ DİNƏ MARAQ FÖVQƏL DƏRƏCƏDƏ ARTACAQ
Mübarək bir mövludun ərəfəsindəyik. Və bu mövluddan apara biləcəyimiz ən böyük bəhrə – intizar mövzusudur. Bir yoxlamalıdır özünü insan, sınaqdan keçirməlidir. Bu mövlud sahibinin ki, hər bir inanclı onun ardıcılı olması iddiasındadır, nə dərəcədə gəlişinin intizarındadır? İnsanın həyatı nə dərəcədə bu intizara uyğunlaşdırılmışdır? Həyatın müxtəlif vəziyyət və hallarında özünü göstərirmi bu gözlənti, bu intizar? Haləti, durumu, vəziyyəti, əməli uyğundurmu onun intizarına? Yoxsa, Allah eləməmiş, onun bu intizar iddiası nəsə bir növbətçi məsələyə çevrilmişdir?
Mümkün deyil ki, insan müntəzir olsun, intizarçı olsun, amma bu hal onun həyatında öz əksini tapmasın. Nə qədər onun başı qarışıq olsa da, güzaran üçün nə qədər ora-bura qaçsa da, özü ilə bağlı mövzuları diqqətdən yayındırmamalıdır insan.
Müasir dünyamızda, bəşərin çatdığı müəyyən tərəqqiyə rəğmən, müəyyən uğura rəğmən bir məsələ var ki, insanlar özləri ilə bağlı suallara cavab verə bilmir. Axır dövrlərdə isə elm və texnikanın inkişafı o həddə çatıb ki, insan amili əsaslı surətdə azalmağa doğru gedir. Bu məsələ ilə bağlı bir neçə rəqəmə nəzər salaq.
Elmi-futuroloji tədqiqatlar onu göstərir ki, əgər dünyanın tərəqqisi bu kimi davam etsə, artıq 2010-cu ildə informasiya sistemləri və elektron konstruksiyalar o qədər inkişaf edəcək ki, insanlar səsli texnologiyalar vasitəsilə maşın və avadanlıqları idarə edə biləcəklər və bu, kütləvi hal əldə edəcək. Nəticədə menecmentdən, idarəetmədən tutmuş, həyatın bir çox digər səhnələrinədək başdan-ayağa dəyişikliklər baş verəcək. Belə proqnoz edirlər ki, insanların həyatı ümumilikdə elə dəyişəcək ki, texnoloji imkanlar artıq hər kəsin birbaşa istifadəsinə qədər gəlib çıxacaq.
2020-ci illə bağlı proqnoz budur ki, artıq həkimlərin, hüquqşünasların və bir çox digər ixtisas sahiblərinin iş prinsipində keyfiyyət dəyişikliyi olacaq. Onlar öz cari, vaxt aparan işlərinin çox hissəsini elektron köməkçilərə həvalə edə biləcəklər və özləri strateji vacib məslələrdə diqqəti təmərküzləşdirməyə nail olacaqlar. Bu dövrdə mütəxəssis olaraq insanların dəyəri strateji məsələləri həll edə bilmək qabiliyyətinə uyğun müəyyən ediləcək.
2030-cu illə bağlı elmi gözləntilər budur ki, nəqliyyat və ümumilikdə loqistikanın keyfiyyət sıçrayışı olacaqdır. İnsanların hərəkət etməsi əsasən hava ilə olacaq, şəxsi avtomobilləri kütləvi surətdə uçuş aparatları əvəzləyəcək. Yanacaq baxımından da ciddi keyfiyyət dəyişiklikləri gözlənilir. O cümlədən, ənənəvi yanacaq növlərinin arxa plana keçəcəyi proqnozlaşdırılır.
Sonrakı dövr üçün də bir çox geostrateji və texnoloji prqnozlar edilir. Amma bütün bu zahiri tərəqqiyə rəğmən, insanlar arasındakı konfliktlərin dərinləşəcəyi də proqnozlaşdırılır. 2030-40-cı illərdə anlaşılmazlıqların və konflikt vəziyyətlərin zirvə həddə çatması proqnozlaşdırılır. İnsanların münasibətlərində çox ciddi böhranların yaşanacağı gözlənilir. Bunun nəticəsində insanlarda vəziyyətin yenidən dəyərləndirilməsi baş verəcək. İnsanlar mənəvi və psixoloji böhranlardan qurtulmaq üçün inanc mövzusuna fövqəl diqqət edəcəklər. Bu baxımdan, inancın rolu və yeri tamamilə yeni bir vəziyyətə gələcək. İnanc bəşərin həyatında yenidən əsas və mərkəzi yerlərdə olacaq.
MÜNTƏZİRİN VƏZİFƏSİ
Bu bir tədqiqatlardır ki, onları hansısa dini təəssübü olan insanlar aparmayıb. Sırf texniki və texnoloji yanaşmalar nəticəsində meydana çıxan proqnozlardır bu. Məlum olur ki, elmin, texnikanın və texnologiyanın möhtəşəm surətdə inkişafına, bugünkü vəziyyətə nisbətən böyük keyfiyyət sıçrayışı etməsi ilə bərabər, insanın mənəvi-psixoloji rahatlığı təmin olunmayacaq, eqzistensional sualları cavablandırılmayacaq. İnsan itəcək bu tərəqqinin içində. Bir də ayılacaq ki, bu texniki inkişaf prosesinin xırda bir dişciyi qədər rolu yoxdur onun həyatda. Belə vəziyyət düşünən insanın öz axtarışlarını daha dərindən, daha səylə aparmasına gətirib çıxaracaq. Nəticə etibarilə, bu axtarışlar bəşəri inanc mövzularına həddən ziyadə diqqətli olmasına səbəb olacaq.
Belə vəziyyət inanc əhlinin üzərinə xüsusi məsuliyyət qoyur. Əməldə inancını yaşatmaqla bağlı. Bəşərin mənəvi axtarışlarını cavablandırmasına yardım etməklə bağlı. Həqiqətdə müntəzir olmaqla bağlı. Sözdə intizarçı yox, şüarda intizarçı yox, həyatın hər bir səhnəsində intizar çəkən, İmamı (ə.f.) gözləyən olmaqla bağlı bir şərəfli vəzifə gəlir hər bir müsəlmanın üzərinə.
Bu – bir əməli mövzudur. Bu – ya var, ya yoxdur. Mövluddan-mövluda öz missiyasını xatırlamaq gərəkiməz müntəzirə. Müntəzir odur ki, hər tarixlə, hər mövludla bağlı həqiqətləri özündə daşısın, mövlud yiyəsinin idealları, baxışları ilə daxili aləmini həmahəng etsin. Özünü daima yoxlasın ki, nə qədər uzlaşır, nə qədər uyğunlaşır onun durumu müntəzirlik məfhumu ilə? Müntəzirliyə iddialı olan insanın belə bir vəzifəsi var: Mövlanın (ə.f.) gəlişini həqiqətdə gözləmək və bu gözləntiyə uyğun həyat sürmək. QEYB VAXTI ÇƏTİN DİNDARLIQ
Qeyd etdik ki, bəşər qarşısında duran ən böyük təhlükələrdən biri – insaniyyətin itirilmə təhlükəsidir. Tərəqqi çox yaxşı bir şeydir, amma bir şərtlə ki, insan özünü itirməsin. Zira, insan özünü itirdikdə, onda bu tərəqqi kimin üçündür? Tərəqqinin hədəfində insan durmursa, onda nəyə lazımdır o? Bu baxımdan aparılan tədqiqatların nəticəsində müəyyən edilməsi ki, bəşəriyyətin tərəqqisi onun inanca doğru üz tutması ilə nəticələnəcək – çox simvolik və əlamətdardır.
Amma inanclı insan gərək bu gün də öz missiyasını unutmasın. Həzrət Mehdinin (ə.f.) qeybdə olduğu dövrdə, o Həzrətin (ə.f.) zühurunun gerçəkləşdirilməsi yolunda gərək bütün səylərini etsin. Doğru yaşasın, düzgün əməl etsin. İslam Peyğəmbəri (ə) Həzrət Mehdinin (ə.f.) qeybdə olduğu dövrdə ona sadiqliyini saxlayanların həqiqətdə az olmasına işarə edərək, buyurmuşdur: «Məni haqq olaraq göndərənə and olsun ki, o qeybdə olanda onun İmam olması əqidəsində möhkəm duranlar qırmızı kükürddən də az tapılarlar».
Hər bir müsəlmana aid bir məsələdir bu. Bu dönəmdə Zəmanə Sahibinə (ə.f.) möhkəm bağlı olmaq. Möhkəm etiqada malik olmaq. Gerçək mənada müntəzir olmaq. Vücudi böhranlardan müntəzir kimi çıxmaq.
Böyük İslam Peyğəmbəri (s) buyurur: «Mənim ümmətimin ən üstün işi – fərəc (İmam Mehdinin (ə.f.) zühuru) intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir».
Diqqət edək: buyrulur «ən üstün işi». Deyilmir «ən üstün işlərindən bir». Deyilmir «vacib vəzifələrindən biri», «ən fəzilətli mövzulardan biri». Deyilir ki, işlərin tacıdır bu. Bu varsa, namaz da var, oruc da var, dinin digər məsələləri də var. Bunsuz digər dini vacibatlar mühüm bir tərkibdən, müəyyənedici mahiyyətdən məhrumdur.
FƏRƏCİN İNTİZARI – ƏN BÖYÜK QURTULUŞDUR
İmam Səccaddan (ə) nəql edirlər: «Fərəcin intizarını çəkməyin özü ən böyük qurtuluşdur».
Gözləməyin özünün bir şirinliyi var. İnsan bir xoş şeyi gözlədikdə, bu gözləmə prosesinin özü ona müsbət emosiyalar verir, onu müsbət işlərə doğru yönəldir, rəftarlarında xeyirxah edir. Amma fərəcin intizarı bir başqa şirinlikdir. Bu – bir qurtuluşdur. İnsan fərəcin – Həzrət Mehdinin (ə.f.) zühurunun həqiqi müntəziri olduqda, bu zühuru tezləşdirən işlər görür. Onun dünyagörüşü İlahi dünyagörüşü olur. Onun əməlləri zühuru tezləşdirmək səyi ilə yüklənir. Həqiqi müntəzirin durumu tam ibadətli bir durum olur. Və onun üçün bu intizar ibadətə çevrilir, bütün qəlbini, vücudunu kamilliyə yönəldən bir ibadətə. Bu durum insan üçün ən böyük bir vücudi qurtuluşa çevrilir…
Nədir həqiqi intizar? Yəqinlik! Necə bir insan sübhün intizarındadır ki, Rəbbi ilə sübh namazında münacat quracaq və yəqniliklə, əminliklə bilir ki, sübh açılacaq, necə ki, bir kəs əminliklə bilir ki, günəş çıxacaq – buna uyğun da işlərini qurur, eləcə də həqiqi müntəzir İmamın (ə.f.) gəlişinə əmindən də əmindir və işlərini bu əminliyə uyğun qurur. Davranışı bu müddəaya uyğundur onun.
İmam Museyi-Kazım (ə) buyurur: «Fərəc intizarında olmağın özü açılışdır».
Həzrət Mehdinin (ə.f.) mübarək gəlişiylə düyünlər açılacaq, bəşəriyyət ağ günə çıxacaq. Zülmətlər işıqlanacaq, qaranlıqlar çəkiləcək. İntizarda olmağın özü insanın daxilini zülmətdən təmizləyir.
BULUDUN ARXASINDAN NURLANDIRAN GÜNƏŞ…
İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: «Kim bu iş sahibinin (İmamın zühurunun) intizarını çəkən halda ölsə, Qaimlə (Həzrət Mehdi (ə.f.) ilə) birlikdə onun xeyməsində olmuş kimidir». Sonra İmam Sadiq (ə) bir qədər də şiddətləndirərək, buyurur: «Xeyr! Bəlkə hətta Allah Peyğəmbərinin (s) yanında qılınc çalan şəxs kimidir».
Müntəzir bütün hərəkətlərilə, bütün rəftarlarıyla Peyğəmbərin (s) yanında olan insan kimidir, Peyğəmbərin (s) yanında qılınc çalan kimidir.
Həzrət Mehdinin (ə.f.) özü intizarda olanlar barədə belə buyurur: «Mən qeybdə olan zaman məndən bəhrələnən, Günəş buludun arxasında gözlərdən gizlin olanda ondan bəhrələnən kimidir.
Ulduzlar göy əhlinin əmin-amanlığının amili olduğu kimi, mən də Yer əhlinin əmin-amanlıq amiliyəm».
Günəş buludun arxasında olanda, insanlar məgər ondan bəhrələnmirmi? Əlbəttə ki, bəhrələnir. Günəşin özü görünməsə də, onun hərarəti, işığı, enerjisi təzahür olunur. Və Mövla (ə.f.) gözlərdən gizli olduğu dövrdə onun nurundan bəhrələnənlərin misalı da belədir. İmam (ə.f.) qeybdə olanda hər an öz nurunu bəşəriyyətə təqdim edir. Böyük ustadlardan biri buyurmuşdur: «Ümumilikdə Zəmanə Sahibi (ə.f.) insanla Rəbb arasında vücudi vasitədir». Necə ki, Günəş vasitədir Yerə işıq verməkdə, enerji verməkdə, o cür də Həzrət Mehdi (ə.f.) vasitədir hər bir insana ki, Rəbbinə bağlanmaq üçün bəhrələnmək istedadı, bəhrələnmək qabiliyyəti var. Əmin-amanlıq axtaran gərək Həzrət Mehdiyə (ə.f.) bağlansın, onun nurundan bəhrə aparsın. İSTEDADLARIN AÇILACAĞI GÜN
Bəşər övladı öz imkanlarının çox cüzi hissəsini açmışdır. Həzrət Mehdinin (ə.f.) zühuru ilə insanların bütün istedadları açılacaqdır. İmam Cəfər Sadiq (ə) buyurur: «Qaimimiz (Həzrət Mehdi (ə.f.)) qiyam edən zaman Allah Təala ardıcıllarımızın görmək və eşitmək hiss qabiliyyətlərini o qədər genişləndirər ki, onlarla Qaim arasında bağlantı vasitəsinə ehtiyac qalmasın. Onlarla söhbət edər edər (Qaim) və onlar onu eşidər və görərlər».
Digər hədisdə İmam Sadiqdən (ə) nəql edirlər: «Elm 27 hissədir. Hər nə ki, peyğəmbərlər gətiriblər – 2 hissədir. Və bu günə qədər insanlar o 2 hissədən artığını bilmirlər. Qaimimiz qiyam edəndə o 25 hissəni də gətirər və insanlar arasında yayar. Və o 2 hissəni əlavə etdikdən sonra, yaydığı (elm) 27 hissə olar».
Allah Təala cəmi iman əhlinə əməllərin tacı olan həqiqi müntəzirlik durumunu, bəndəlik tofiqatını nəsib etsin! AMİN! Hacı İlqar İbrahimoğlu ilahiyyatçı-filosof, İçərişəhər «Cümə» məscidinin imam-camaatı
|