Bismillahir Rəhmanir Rəhim
İRFANİ MƏKTUBLAR-1
Əzəmətli arif Axund Molla Hüseynqulu Həmədaninin təbrizli bir alimə məktubu
“Din qardaşlarımız bilməlidirlər ki, həyatın bütün sahələrində dinin göstərişlərini yerinə yetirmədən Allaha yaxınlaşmaq mümkün deyildir. Bu işdə şəxsi üsul və qaydalara, uydurmalara tabe olmaq (bəzi nadanların və sufilərin metodları kimi-Allah onları xar etsin) Allahdan uzaqlıqdan savayı bir şey gətirməyəcəkdir. Əgər bir nəfər bədəninin tüklərini qısaltmasa, ət yeməyi tərk etsə belə (əgər imamların məsumluğuna imanı varsa) bilməlidir ki, bu onu Allahdan uzaqlaşdıracaqdır. Hətta əgər məsumlardan qaynaqlanan zikrlərə əməl də etsə faydası olmayacaqdır.
Beləliklə, gərək şəriəti özünə örnək bilsin və müqəddəs dinimizin mühüm saydığı şeyləri mühüm saysın.
Mən acizin əqli və nəqli elmlərdən ələ gətirdiyim budur ki, kamala yetişmək istəyən hər bir insana ən mühüm şey var gücüylə günahlardan qorunmağıdır. Bunu yerinə yetirməsən, nə etdiyin zikrin nə də təfəkkürün qəlbinə bir təsiri olacaqdır. Bir nəfər İmam Baqirə (ə) belə dedi:
-Ey Peyğəmbərin övladı, mən qadın düşkünü olmuşam. İcazə verirsiniz ki, bir gün belə işlərlə məşğul olum, səhəri gün isə oruc tutum?
İmam onun biləyindən tutub buyurdu:
-Ey ərəb qardaşım, Allah-taalanın bu kəlamını eşitməmisən ki, buyurur:
“Allah əməli yalnız təqvalılardan qəbul edir”?
Çünki, daim öz sahibi ilə müxalifət edən kəsin ona etdiyi xidmətin qiyməti yoxdur.
Bilmirəm hansı kəs bu əzəmət Sahibindən daha əzəmətlidir?! Heç bilmirəm hansı üsyan və müharibə insanın öz Sahibi (Rəbbi) ilə etdiyi üsyandan daha qəbahətli olsun?!
Bu dediklərimdən sonra bilməlisən ki, böyük günahlara mürtəkib olduğun surətdə Allaha eşq və məhəbbət çox gülünc bir işdir. Çox aydın məsələdir ki, günah küdurət gətirir və küdurətlə məhəbbət bir yerə cəm olmazlar. Hər vaxt dərk etsən ki, günahın tərk olunması dinin əvvəli, axırı, zahiri və batinidir, daha vaxt itirmədən işə başlamalı və yuxudan durduqdan ta yatanacan özündən muğayat olmalı, nəfslə cihad etməlisən.
Özünü Allahın hüzurunda, ədəbli apar. Bil ki, sən vücudunun bütün zərrələrilə Allahın qüdrəti qarşısında əsirsən. Onun hüzurunda ehtiramı gözlə. Ona elə ibadət et ki, guya Onu görürsən. Əgər onu görmürsənsə, O ki, səni hökmən görür.
Ey dost, Rəbbin sənin dilini nur xəzinəsi (yəni öz şərəfli adının zikri) qərar verib. Elə isə həyasızlıqdır ki, əzəmətli Rəbbin verdiyi xəzinəni qeybət, yalan, söyüşlə aludə edəsən.
Rəbbin xəzinəsi gərək ətir, gülab iyi versin, çirkab yox.
Şübhəsiz ki, sən diqqət etməmisən, bilmirsən ki, bu yeddi üzvdən (qulaq, dil, göz, əl, ayaq, qarın və qarınaltı) hansı günahlar zahir olur, hansı alovlar şölələnir, dinində hansı fəsadlar vücuda gəlir, qəlbində dilinlə hansı dəhşətli yaralar peyda olur. Hələ onu (qəlb) öldürməmisənsə çox yaxşıdır.
Günahların törətdiyi fəsadlar barədə sənə geniş yazmaq istəsəm, bir kitaba belə sığmaz. Bir vərəqdə sənə nə yaza bilərəm?! Sən ki, hələ bədən üzvlərini günahlardan paklamamısan, qəlbin əhvalı barədə sənə bir şey yazmağımınmı intizarındasan?
Bəs, “əl-bidar, əl-bidar ilət-tövbətis-sadiqə, summəl`əcəl, əl`əcəl fil ciddi vəl muraqibə” (Tələs, tələs həqiqi tövbəyə, sonra tələs, tələs mübarizəyə və özündən muğayat olmağa-müraqibəyə)
Gecə namazını onun ədəblərini yerinə yetirməklə qılsın. Vaxtı çox olsa zikr, təfəkkür ya da münacatla məşğul olsun. Gərək bütün hallarda hüznlü olsun, bacarmasa öyrənsin. Bu haldan ayrıldıqdan sonra Fatimeyi Zəhranın (ə) təsbihini, on iki dəfə “La ilahə illallah vəhdəhu la şərikə ləh, ləhul mulk”-u axıracan, yüz dəfə “La ilahə illallah” desin, yetmiş dəfə istiğfar etsin, Qurandan bir miqdar oxusun, məşhur “Səbah” duasını, yəni “Ya mən dələ`ə lisanəs-səbah”-ı axıracan oxusun. Daim dəstəmazlı olsun, hər dəstəmazadan sonra əgər iki rəkət namaz qılsa çox yaxşı olar.
Gərək rəftarında dəqiq olsun ki, kimsəyə əziyyət verməsin, müsəlmanların, məxsusən alimlərin, ələlxüsus da təqvalı alimlərin ehtiyaclarını ödəməkdə əlindən gələni əsirgəməsin. Günah ehtimalı olan məclislərdən gərək ki, çox çəkinsin. Bacardıqca, zəruri işi olmadığı təqdirdə qəflət əhli ilə oturub-durmasın. Bunun bir günahı olmasa da, lakin mübah işlərlə çox məşğul olmaq, çox zarafat, mənasız söhbətlər etmək və onlara qulaq asmaq qəlbi öldürür.
Müraqibəsiz zikr və təfəkkürün bir faydası olmayacaqdır, hətta insana bəzi vaxtlar mənəvi hal da gətirmiş olsa, faydasızdır, çünki o hal davamlı olmayacaq. Müraqibəsiz zikrə həvəs yaradan hala aldanmaq olmaz.
Elə də halım yoxdur çox yazmağa. Sizlərdən istəyim məni çox dua etməyinizdir. Bu günahkar həqiri unutmayın.
Cümə axşamları və cümə günü günortadan sonra yüz dəfə “Qədr” surəsini oxuyun.
O cümlədən, insanın üzünə əzəmətli iman qapılarını açan əməllərdən biri Allaha görə dostluq və ona görə düşmənlik etməkdir. Həqiqətən bu barədə “Vəsailüş-şiə” və digər kitablarda ayrıca bəhslər vardır. O kitaba müraciət etsən bunun əzəmətini dərk edər və oradan özünə azuqə götürərsən.
Şübhəsiz ki, məhbub yalnız Allah-taaladır və Allah məhəbbətinə söykənməyən heç bir məhəbbətin qiyməti yoxdur.
Bəs, məqamı əzəmətli Rəbbi hər kəs gərək çox sevsin. Ondan sonra Peyğəmbər (s), sonra məsum imamlar (ə), sonra peyğəmbərlər, sonra mələklər, sonra vəsilər, sonra alimlər və ondan sonra övliyalara qarşı səmimi məhəbbət yaratmalıdır.
Öz zamanında müttəqi insanları, xüsusilə də, əgər həmin şəxs alim olsa başqalarından üstün bilsin. Elə bu minvalla, ehtiramı pillə-pillə adi insanlara qədər gözləməlisən. Lakin çalış ki, bu məhəbbət həqiqi olsun. Çünki bu özü sadə məqam deyildir. Əgər dərindən düşünsən başa düşərsən ki, məhəbbətin təsiri insanın rəftarı və əməlində özünü büruzə verdikdə bu məhəbbət doğru sayılır. Lakin güman etmirəm bu işin lap dərinliyinə gedib çıxasan. Bu həqir bəndənin də ki, bundan artıq tutumu yoxdur.
Xülasə, şəriətin istər küllü, istərsə də cüzi göstərişlərinə əməl etmədən Allaha yaxınlaşmaq mümkün deyildir”.
Çevirən: Dilman