Təbii Ehtiyatların Mühafizəsi üzrə Şura (Natural Resources Defense Council) adlı tədqiqat təşkilatının hesablamalarına görə, 1968-ci ildə (yəni, Nüvə Silahının Yayılmaması barədə Müqavilənin imzalandığı ildə) dünyada 38974 ədəd nüvə başlığı var idi.
1980-ci ildə isə artıq belə başlıqların sayı 55246 ədəd oldu. 1986-cı ildə isə bu göstərici üzrə mütləq rekord vuruldu. Belə ki, həmin il dünyada olan nüvə başlıqlarının sayı 70481 ədədə çatdı. Bundan sonra isə nüvə arsenalları azalmağa doğru getdi. Məsələn, bu arsenallar 1995-ci ildə 40344 ədəd, 2005-ci ildə 28245 ədəd, 2008-ci ildə isə – 20100 ədəd oldu.
Lakin burada yalnız rəsmi «nüvə klubunun» beş üzvü – yəni, ABŞ, SSRİ (Rusiya), Böyük Britaniya, Fransa və Çin dövlətləri üzrə olan məlumatlar əks olunmuşdur. Bundan başqa isə nüvə silahına daha dörd ölkə – Hindistan, Pakistan, Şimali Koreya və İsrail malikdirlər (və yaxud güman edilir ki, onların nüvə silahı vardır). Güman edildiyinə görə, bu dörd subyektin hamısının birlikdə 300-500 nüvə başlığı vardır. (Washington ProFile).
1957-ci il. – ABŞ prezidenti Duayt Eyzenhauerin (Dwight Eisenhower) təşəbbüsü ilə BMT-nin bir bölməsi kimi nüvə materiallarının və texnologiyalarının istifadəsi prosesinə nəzarəti həyata keçirməli olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (International Atomic Nuclear Agency /rusca geniş yayılmış abbreviaturası - MAQATE) təsis edildi.
1958-ci il. – İrlandiya Birləşmiş Millətlər Təşkilatına (BMT) nüvə silahlarının sonrakı yayılma prosesini saxlamalı olan qətnamə layihəsi təklif etdi.
1960-cı il. – Fransa özünün ilk nüvə partlayışını həyata keçirdi. Bununla da bu ölkə ABŞ-dan, SSRİ-dən və Böyük Britaniyadan sonra dördüncü nüvə ölkəsi oldu.
1961-ci il. – BMT-nin Baş Assambleyası İrlandiya layihəsi üzərində əsaslanmış 1665-ci Qətnaməni yekdilliklə qəbul etdi. Baş Assambleya dünya ölkələrinin hakimiyyətlərini nüvə silahının bundan da sonrakı yayılmasının qarşısını almaq üçün danışıqlara başlamağa çağırdı. Qətnamədə göstərilmişdi ki, artıq nüvə silahına malik olan ölkələr bu silah üzərində lazımi nəzarətin təmin edilməsi üçün bütün cəhdləri göstərməyə borcludurlar və müvafiq texnologiyaların və materialların nüvə silahı olmayan dövlətlərə ötürülməsindən vaz keçməlidirlər. Eyni zamanda Qətnamə, qeyri-nüvə ölkələrini də nüvə silahını istehsal etməməyə və nüvə dövlətlərindən bu cür silahları almamağa çağırdı. Və bu prinsiplər Nüvə Silahının Yayılmaması barədə Müqavilənin əsasına qoyuldu.
1963-cü il. – ABŞ prezidenti Con Kennedi (John Kennedy) onu məşhurlaşdıran bəyanatlarından birini səsləndirdi. O öncədən dedi ki, yaxın vaxtlarda «nüvə klubuna» daha 15 və yaxud 20 dövlət də daxil olacaqdır. Belə ki, o bildirdi: «Mən Sizdən xahiş edirəm ki, dayanasınız və qorxunc bir silahın bu cür müxtəlif əllərdə: kiçik və böyük, stabil və qeyri-stabil, məsuliyyətli və məsuliyyətsiz ölkələrdə – olmasının nə demək olduğu barədə düşünəsiniz… Və əgər bu baş verərsə, onda nə dünya stabilliyi barədə, nə dünya təhlükəsizlyi barədə, nə də real silahsızlaşma barədə danışmaq mümkün olmayacaq».
Kennedinin bu bəyanatı ABŞ Müdafiə Nazirliyinin (Department of Defense) gizli memorandumunun açıqlanmasından bir ay sonra səsləndirilmişdi. Nazirliyin memorandumunda isə göstərilirdi ki, dünyanın 8 ölkəsi, yəni – Kanada, Çin, Hindistan, İsrail, İtaliya, Yaponiya, İsveç və Almaniya Federativ Respublikası (AFR) – yaxın onillik ərzində nüvə istehsalı üçün imkan əldə edəcəklər. Bundan da başqa, memorandumda belə bir proqnoz da var idi: 10 ildən sonra atom bombasının istehsalına çəkilən xərclərin dəyəri o qədər azalacaqdır ki, bəşər övladı tərəfindən kəşf olunmuş bu ən güclü silahın əldə edilməsi imkanına onlarla digər ölkə də malik olacaqdır. Və bütün bunların da nəticəsində nüvə müharibəsinin başlana bilməsi ehtimalları təsəvvürəgəlməz dərəcədə artacaqdır.
Beləliklə, bu memorandum və dünyanın bir çox ölkələrində buna bənzər hazırlanmış hesabatlar, Nüvə Silahının Yayılmaması barədə Sazişin qəbul edilməsinin əsas səbəblərindən biri oldular.
1964-cü il. – Çin özünün nüvə silahının müvəffəqiyyətli sınaqlarını keçirdi və «nüvə klubunun» beşinci üzvü oldu. Qeyd etmək lazımdır ki, bunun üçün lazım olan müvafiq texnologiyaların və materialların böyük hissəsi SSRİ tərəfindən bu ölkəyə verilmişdi.
Çinin bu müvəffəqiyyətindən sonra Hindistan çox böyük sürət və tələsikliklə öz atom bombasının hazırlanmasına başladı.
1967-ci il. – Presendent yaratmış «Tlatelolko Sazişi» imzalandı. Bağlanmış bu müqaviləyə əsasən, Latın Amerikasında dünyada ilk nüvəsiz zona yaradıldı. 1968-ci ildə qüvvəyə minmiş Tlatelolko Sazişi Mərkəzi və Cənubi Amerika ölkələrini və həmçinin Karib dənizi hövzəsi dövlətlərini əhatə etmişdir. Müqaviləyə əsasən, nüvəsiz zona yaratmış dövlətlərin ərazisində nüvə silahlarının saxlanması, sınaqdan keçirilməsi, istifadəsi və həmçinin bu ərazilərdə belə silahların yaradılması qadağan edilirdi.
Tlatelolko Sazişinin imzalanmasından sonra keçən onilliklər ərzində dünyada beş nüvəsiz zona yaradıldı:
- 1985-ci ildə Sakit okeanın cənub hissəsini nüvəsiz zona elan edən Rarotonq Müqaviləsi imzalandı. Bu müqavilə, 1986-cı ildə qüvvəyə mindi. Bağlanmış bu müqavilədə, belə sənədlər üçün ənənəvi olan qadağalardan əlavə planetin bu hissəsində sülh məqsədləri ilə də daxil olmaqla nüvə testlərinin keçirilməsi və bundan da başqa radioaktiv tullantıların basdırılması da qadağan edilmişdi.
- 1995-ci ildə Cənubi-Şərqi Asiyanı nüvəsiz zona qərar verən Banqkok Müqaviləsi imzalandı. Bu müqaviləyə Bruney, Kamboca, İndoneziya, Laos, Myanma (əvvəlki Birma), Malayziya, Filippin, Sinqapur, Tailand və Vyetnam qoşuldu. Bu müqavilənin özəlliklərindən biri də o idi ki, burada nüvə silahına olan qadağa onu imzalayan ölkələrin öz ərazilərindən başqa, onların iqtisadi maraqlarının zonasına da şamil edilirdi. Bu iqtisadi maraq zonaları isə Sakit və Hind okeanlarının kifayət qədər böyük hissələrini əhatə edirdi.
- 1996-cı ildə Afrikada nüvəsiz zona yarandı. Pelindaba Sazişi adını almış bu müqavilənin təsir dairəsi bütün Afrika qitəsinə və ona yaxın olan bir sıra adalara şamil edilir. Cəmi 54 ölkənin imzaladığı bu konvensiya hələlik qüvvəyə minməmişdir. Bu müqavilənin xüsusiyyətlərindən biri də o idi ki, onun üzvü olan ölkələrə hər şeydən əlavə nüvə silahının tətbiqi ilə təhdid etmək də qadağan edilmişdir. Bundan da başqa bu zonada olan dinc nüvə obyektlərinə hər hansı bir formalı hücum qadağan edilmişdir.
- 1992-ci ildə Cənubi və Şimali Koreyalar bu ölkələrin yerləşdiyi Koreya yarımadasında nüvə silahından azad zonanın yaradılması haqqında bəyanat imzaladılar. Hər iki ölkə nüvə silahını sınaqdan keçirməmək, istehsal etməmək, ona malik olmamaq, belə silahı almamaq, saxlamamaq, öz ərazisində hücum üçün quraşdırmamaq və yaxud ondan istifadə etməmək barədə razılaşdılar. Burada həmçinin, uranın zənginləşdirilməsi istehsalına icazə verməmək, olanları bağlamaq və atom enerjisindən istisnavi olaraq dinc məqsədlərlə istifadə etmək barədə də qeyd olunmuşdu. Lakin, Şimali Koreyanın Nüvə Silahının Yayılmaması barədə Sazişdən çıxması və sonradan atom bombasının sınağını keçirməsi ucbatından bu bəyanat qüvvəyə minmədi.
- 2006-cı ildə Qazaxıstanın sabiq SSRİ-nin atom silahlarının sınaqlarının keçirildiyi poliqonu yerləşən Semipalatinsk şəhərində Mərkəzi Asiya nüvəsiz zonasının yaradılması barədə razılaşma imzalandı. Bu razılaşmaya bölgənin beş postsovet dövləti – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan qoşuldu. Bu –Yer planetinin bütünlüklə şimal yarımkürəsində yerləşən belə qəbildən olan ilk zonadır.
1967-ci il. – Güman edildiyinə görə, bu ildə İsrail nüvə silahının istehsalı üçün zəruri olan materialları və texnologiyaları əldə etdi.
1968-ci il. – İyun ayının 12-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası gələcək Nüvə Silahının Yayılmaması barədə Sazişin əsas müddəalarını özündə əks etdirən 2373 nömrəli Qətnaməni təsdiq etdi. Bu qətnaməni 95 dövlətin nümayəndəsi dəstəklədi, dörd ölkə – Albaniya, Kuba, Tanzaniya və Zambiya isə əleyhinə çıxdı.
İyul ayının 1-də Saziş imzalanmaq üçün açıq elan edildi. Bu müqaviləyə elə həmin andaca beş nüvə dövlətinin üçü – ABŞ, SSRİ və Böyük Britaniya qoşuldu. Çin və Fransa Sazişi imzalamaqdan imtina etdilər. Belə ki, Çin onu diskriminasiyaedici adlandırdı, Fransa isə bu müqaviləni imza edənlərin ona riayət edəcəklərinə şübhə etdiyini bildirdi. Rəsmi Pekin və Paris bu Sazişə yalnız 1992-ci ildə qoşuldular.
1970-ci il. – Sazişə 46 ölkə qoşuldu.
1974-cü il. – Hindistan nüvə silahının sınağını keçirmiş ilk nüvəsiz ölkə oldu. Belə ki, ölkənin Poxran poliqonunda Hindistan XİN-nin müəyyən etdiyi kimi yeraltı «dinc nüvə partlayışı» həyata keçirildi. 1997-ci ildə isə Hindistan nüvə proqramının o zamankı rəhbəri bu partlaşın yalnız dinc məqsədli olmadığını etiraf etdi. O zaman Saziş qeyri-nüvə ölkələrinə belə testlərin keçirilməsini qadağan etmirdi. Belə ki, müvafiq əlavə, Sazişdə yalnız 2000-ci ildə meydana gəldi.
Lakin, buna baxmayaraq, bu nüvə sınağı aksiyasının nəticəsi ABŞ və Kanadada qalmaqallara gətirib çıxardı. Belə ki, bu ölkələr hind dinc atomuna kömək etdiklərini hesab edərək, Hindistanı nüvə materialları və avadanlıqları ilə təmin edirdilər. Nəticədə, 1975-ci ildə yeni qeyri-rəsmi beynəlxalq qurum – Nüvə Materialları Təchizatçıları Qrupu (Nuclear Suppliers Group) təsis edildi. Bu qurum beynəlxalq ticarətin müvafiq istiqaməti üzrə nəzarəti həyata keçirməyə başladı.
1974-cü il. – MAQATE ilk dəfə olaraq qeyri-nüvə dövlətlərinin ixrac etmələri üçün xüsusi razılıq almaları tələb olunan nüvə materiallarının siyahısını açıqladı. 1978-ci ildə Nüvə Materialları Təchizatçıları Qrupu MAQATE-nin də təsdiq etdiyi öz siyahı variantını təklif etdi.
1980-ci illər. – 1980-ci illərin başlanğıcı SSRİ və ABŞ arasında olan münasibətlərin növbəti kəskinləşməsi ilə yadda qaldı. Belə ki, nüvə müharibəsinin başlanması təhlükəsi ən ciddi bir şəkil aldı. Vəziyyətin yüngülləşməsi onilliyin ikinci yarısından başladı. 1987-ci ildə hər iki tərəf orta radiuslu raketlərinin bütöv bir nəslini tamamilə məhv etmək barədə razılığa gəldilər. Daha sonra isə nüvə arsenallarının köklü şəkildə azaldılması istişamətində danışıqlar başlandı. Buna müvafiq olan müqavilə 1991-ci ildə bağlandı. Bu fonda Pakistan, Şimali Koreya, Tayvan və Cənubi Afrika Respublikası (CAR) kimi ölkələr öz hərbi nüvə proqramlarını aktiv şəkildə inkişaf etdirirdilər.
Argentina və Braziliya hər ikisi birlikdə öz atom bombalarının yaradılmasından imtina etdilər. Daha sonra, ABŞ-ın təzyiqi altında Tayvan da bu addımı atdı. Nüvə Silahının Yayılmaması barədə Sazişə Şimali Koreya da daxil olmaqla daha 30 ölkə qoşuldu.
1991-ci il. – BMT Təhlükəsizlik Şurası özünün məşhur 687-ci Qətnaməsini qəbul etdi. Bu Qətnamədə deyilirdi ki, İraq qeyd-şərtsiz şəkildə beynəlxalq nəzarət altında həyata keçirilən özünün kütləvi qırğın silahlarının və 150 km-dən uzaq məsafəyə vuran ballistik raketlərinin «məhv edilməsinə, ləğv edilməsinə və yaxud yararsız hala gətirilməsinə» razılıq verməlidir. Bu Qətnamə İraqın üzvü olduğu Nüvə Silahının Yayılmaması barədə Sazişi pozaraq gizli şəkildə nüvə materialları və texnologiyaları aldığı sübut olunduqdan sonra meydana gəldi. Bu Qətnamənin, daha doğrusu onun bir sıra şərtlərinin İraq tərəfindən xroniki şəkildə yerinə yetirilməməsi nəticədə bu ölkəyə qarşı 2003-cü il müharibəsinin başlanmasına gətirib çıxardı. Lakin, sonradan açıq-aşkar bəlli oldu ki, İraq kütləvi qırğın silahına heç malik deyilmiş (?!).
1991-ci il. – Cənubi Afrika Respublikası (CAR) qeyri-nüvə dövləti kimi Nüvə Silahının Yayılmaması barədə Sazişə qoşuldu. İki ildən sonra isə CAR nümayəndələri onların ölkəsinin öz qüvvəsi hesabına və müstəqil şəkildə 6 ədəd nüvə başlığı hazırladığını etiraf etdilər.
1992-ci il. – Müstəqil dövlətlər olan Belarus, Qazaxıstan və Ukrayna Nüvə Silahının Yayılmaması barədə Sazişə qeyri-nüvə ölkələri kimi qoşulmaq niyyətlərində olduqlarını bildirərək, Lissabon Protokolu imzaladılar. 1994-cü il üçün bu proses başa çatdı. Bu ölkələrin ərazisində olan sovet nüvə arsenalları Rusiyaya aparıldı. Elə həmin ildə Çin və Fransa Nüvə Silahının Yayılmaması barədə Sazişə qoşuldular.
1993-cü il. – Şimali Koreya özünün Nüvə Silahının Yayılmaması barədə Sazişdə iştirakını dayandırdı. MAQATE isə rəsmi Pxenyanı Sazişin müddəlarına riayət etməməkdə ittiham etdi.
1995-ci il. – «Nüvə klubunun» beş üzvü Nüvə Silahının Yayılmaması barədə Sazişə qoşulmuş qeyri-nüvə dövlətlərinə qarşı nüvə silahından istiifadə ilə təhdid etməyəcəkləri barədə söz verdilər.
1998-ci il. – Hindistan və Pakistan hərbi nüvə sınaqları keçirdilər və artıq nüvə silahına malik olduqları barədə rəsmi şəkildə elan etdilər.
2003-cü il. – Şimali Koreya Nüvə Silahının Yayılmaması barədə Sazişdən çıxdığını elan etdi. MAQATE ilk dəfə olaraq İranın gizli nüvə proqramının istiqamətindən əndişələndiyi bildirilən hesabatını açıqladı. Liviya nüvə silahı da daxil olmaqla kütləvi qırğın silahının hazırlanması və istehsal edilməsi üzrə bütün gizli proqramlarını dayandırmağa razılıq verdi.
2005-ci il. – Şimali Koreya hərbi nüvə proqramlarından imtina etməyə söz verdi. MAQATE «İran dosyesi»ni BMT-nin Təhlükəsizlik Şurasına təqdim etdi.
2006-cı il. – Şimali Koreya nüvə başlığının ilk müvəffəqiyyətli sınağını keçirdi.
2007-ci il. – Şimali Koreya növbəti dəfə özünün nüvə ehtiyatlarının məhv edilməsi barədə danışıqlara başlayacağına söz verdi.
RZA ADİL
|