“Bismillah” tabloları İrandan başlayaraq dünyanı dolaşmağa başlayıb.
Verilən xəbərlərə görə, Beynəlxalq Bismillah festivalı bu il İranda keçirilib, festivalda 3900 incəsənət əsəri nümayiş etdirilib.“Bismillah” ibarəsi müsəlmanların mədəni irsində mühüm əhəmiyyətə malikdir. Bismillahla başlanmayan hər bir iş yarımçıq və bərəkətsizdir. Bu ifadə müsəlmanların mədəni abidələri olan məscidlərini, evlərini və bazarlarını zinətləndirir və hüsn-xəttin nə qədər əhəmiyyət daşıdığını bildirir.
İranın İrşad və Mədəniyyət Nazirliyi, habelə YUNESKO və İSESKO-nun maddi dəstəyi ilə keçirilən Beynəlxalq Bismillah Festivalı Quran düşüncəsini və tövhid mesajını yaymaqda sənətkarın rolunu nümayiş etdirmək məqsədi güdür. Verilən xəbərlərə görə, sərgidə iştirak edən Qırğızıstan, Qazaxıstan, Pakistan və Banqladeşdən olan sənətkarlar tablolar üzərində öz hünərlərini nümayiş etdiriblər. “Bismillah Allahla heç bir vəchlə qopmayan bir əlaqəni təmsil edir. İlahi elm və qüdrətdən mənəvi rahatlıq tələb etməyən kəs aciz, bu həyat bulağından içməyən kəs isə susuzdur” – deyə festivalın elmi heyətinin sədri Məhəmməd Rza Gümrəhay bildirib. /Azerimuslims/