Cüme axşamı, 07.11.2024, 08:24
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 16
    Qonaq: 16
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    İmam Aliyyen-Neqi (a)-ın hayatı.
    Şiələrin onuncu İmamı, Həzrət Əliyyən-Nəqi (ə) hicrətin 212-ci ili Zil-hiccə ayının 15-i Mədinə şəhəri yaxınlığında Sərya adlı məntəqədə dünyaya göz açmışdır. Səkkiz il atası İmam Məhəmməd ibn Əli ət-Təqiyyul-Cəvad (ə) ilə birgə yaşamış, atasının şərəfli şəhadətindən sonra, (8 yaş 5 aylığında) İmamət məqamına seçilir və imaməti yekdilliklə qəbul edilmişdir. Atasının vəfatından sonra, 13-il Mədinədə qaldıqdan sonra, Mutəvəkkil Abbasi tərəfindən İraqın Samirra şəhərinə dəvət olunur və ömrünün sonuna qədər Samirrada yaşayır. Şiələrə 33-il imamlıq edir və hicri 254-cü ildə Rəcəb ayının 3-ü, 41 yaşında ikən, (təbii olaraq deyil) Mötəzz tərəfindən zəhərlənərək şəhadətə yetir, Samirra şəhərindəki evində dəfn edilir. Cənazə namazı, eləcə də, ğüsl-kəfən, dəfn işləri ilə oğlu İmam Həsən-Əsğəri (ə) məşğul olur. İmamın abidliyi haqqında yetişən rəvayətlərdə, çox ibadət etdiyi, insanların işini səhmana saldıqdan sonra Quran oxuduğu və çoxlu dua etdiyi deyilməkdədir. Hətta, İmamı Mədinədən Samirra şəhərinə aparan (Mütəvəkkilin adamı) Yəhya ibn Hərsəmə də deyir: “O cənabın evini axtaranda Quranlardan, dualardan və elmi kitablardan başqa heç nə tapmadım. Buna görə də, Həzrət gözümdə böyüdü.” Məhşur ləqəbləri  “Nəqi” və “Hadi” olmuş, amma Həzrətə Fəttah, Nəcib, Murtəza, Alim, Fəqih, Əmin, Teyyib, Mutəvəkkil də deyirdilər. Mutəvəkkil Abbasi həmin illərdə xəlifəlik etdiyi üçün, “Mutəvəkkil” ləqəbi çox zamanlar gizlədilirdi. Həzrətin kunyəsi Əbəl-Həsən idi. İmam Musə ibn Cəfər (ə) və İmam Rza (ə)-ın da kunyələri Əbəl-Həsən olduğu üçün, (ayırd edilsin deyə) İmam Hadi (ə)-a üçüncü Əbəl-Həsən deyirdilər. Zahiri xüsusiyyətlərni qeyd edənlər İmamın, orta boylu, ağ-qırımı üzlü, yanaqları çıxıntılı, gözləri iri, qaşları qalın nurani şəxsiyyət olduğunu bildirmişlər. İmam Xəlifə Məmunun dövründə doğulmuş, Məmundan sonra, qardaşı Mötəsim, Mötəsimin oğlu Vasiq, Vasiqin qardaşı Mutəvəkkil, Mutəvəkkilin oğlu Muntəsir, Muntəsirin əmisi oğlu Mustəin və Mutəvəkkilin başqa oğlu Mötəzz ilə (lənəllahi əleyhim) həmzaman olmuşdur. İmam Hadi (ə) 7 Abbasi xəlifəsinin dövründə yaşamasına baxmayaraq, onunla ən pis rəftarı Mütəvəkkil edirdi. Ümumiyyətlə Mütəvəkkil çox qəddar, Peyğəmbər ailəsinə qarşı amansız idi. İmam Huseyn (ə)-ın hərəminin sular altında qalmasını, həmçinin şumlanaraq üzərində əkin əkilməsini də o istəmişdi. İmamın 41 illik şərəfli ömrü 3 hissəyə bölmək olar:
    İmamətə qədər atası ilə birgə keçirdiyi dövr (8 il, 5 ay).
    İmamətdən (Samirra şəhərinə) hicrətə qədərki dövr (13 il).
    Hicrətdən şəhadətə qədərki dövr (20 il).

    İmamın ata-anasının şəxsiyyəti.

    İmam Hadi (ə)-ın atası, şiələrin 9-cu İmamı, Həzrət Məhəmməd-Təqi (ə), anası Səmanə xanımdır. Anasının ad və ləqəblərinin Səmmaneyi-Məğribiyyə, Səmanə-Qərbiyyə, Seyyidə, Süsən və Dürrə olduğu da bildirilir. O çox fəzilətli, pakizə xanımlardan olmuş tez-tez müstəhəb oruc tutardı. İmam (ə) özü anası haqqında belə buyurur: “Anam mənim haqqımı tanıyan qadındır və Cənnət əhlindəndir. Onun qəlbinə şeytan yol tapa bilməz. Onu Allah qoruyur, çün ki, salehlərin, siddiqlərin anası nalayiq iş görməz, xilaf etməzlər.” Bu kəlmələr, Samanə xanımın necə fəzilət və şəxsiyyətə malik qadın olduğunu göstərir.

    İmamın Hadi (ə)-ın xalq arasındakı nüfuzu, Mədinədən Samirra şəhərinə mühacirəti.

    İmam Hadi (ə) böyük hörmət və nüfuza sahib idi. Nəinki dostları, xəlifənin sarayındakılar belə, O həzrətə hörmət edir, ehtiramını uca tuturdular. Hətta, xəlifə Mütəvəkkilin anası öz nəzirlərini İmam Hadi (ə)-a verirdi. İmam məclisə daxil olduqda hamı ayağa durar, İmamı böyük hörmət və ehtiramla qarşılayardılar. İş o yerə çatmışdı ki, müxaliflər İmamın nüfuzundan qorxuya düşmüşdülər. Fikirləşirdilər ki, Həzrət İmam özünə xeyli tərəfdar toplayaraq qiyam etmək fikrinə düşər, bu da hökumətin devrilməsi ilə nəticələnər. Bu səbəbdən Mədinə valisi Abdullah ibn Məhəmməd xəlifəyə məktub yazaraq İmamdan şikayət edir, onun bu qədər sevilməsini xilafət üçün təhlükəli olduğunu bildirir. Həzrət İmam, valinin məktub yazmasından xəbər tutduqda Mütəvəkkilə bir məktub yazaraq, qiyam etmək fikrində olmadığını, valinin yalan danışıb ona (İmama) iftira və əziyyət etdiyini bəyan edir. Mütəvəkkilin əsl məqsədi sözsüz ki, (Məmun kimi) İmamı özünün olduğu şəhərə (Samirraya) dəvət edib, ciddi nəzarət altında saxlamaqdan başqa bir şey deyil idi. Beləliklə İmama məktub yazaraq (zahirdə) tərif və təzim edir, vali Abdullahı (etdiyi kobud rəftara görə) işdən kənarlaşdırdığını, yerinə Məhəmməd ibn Fəzli təyin etdiyini bildirir və nəhayət İmamı öz əhli-əyalı ilə birlikdə Paytaxt Samirra şəhərinə dəvət edir. Vali işdən çıxarılsa da, məqsəd camaatın gözündən pərdə asmaqdır. İmam getmək istəmədiyi təqdirdə, məcbur olaraq getmək qərarına gəlir. Mütəvəkkil Yəhya ibn Hərsəməni İmamın muhacirət etməsinə yardım etmək üçün göndərir. Mütəvəkkil İmamı gözdən salmaq niyyəti ilə, yerin hazır olmamasını bəhanə edərək, İmam Hadi (ə)-ı “Kimsəsizlər karvansarası” deyilən xarabalığa aparmalarını əmr edir. Saleh ibn Səid deyir: “İmam karvansarada ikən onun hüzuruna gedərək Həzrətə dedim: “Bu hökumət sizi hörmətdən salmaq istəyir, sizə verdiyi bu məkan, dilənçilərin, kimsəsizlərin karvansarasıdır.” İmam buyurur: “Ey Səid, sən də belə fikirləşirsən?” Daha sonra barmağı ilə işarə edib “bax”-dedi. Həzrətin işarə etdiyi yerə baxanda, yaşıl bağlar, bostanlar, axan çaylar, hurilər, quşlar, ceyranlar gördüm. (Bu da Həzrətin kəramətlərindəndir) Sonra İmam mənə buyurdu: “Biz harada olursaq olaq, bunlar bizim üçün hazırdı. Biz fəqirlərin, dilənçilərin sarayında deyilik.”

    Acınacaqlı dövr, İmamın ciddi nəzarətdə qalması və şiələrin keçirdiyi sıxıntılar.

    İmam Hadi (ə)-a da, bəzi İmamlarımız kimi, hökümət tərəfindən ciddi şəkildə nəzarət edilir, fəaliyyəti bir çox hallarda məhdudlaşdırılırdı. Demək olar ki, İmam Samirraya gətirilən gündən məhbus həyatı yaşayırdı və hökümət adamlarından gizli fəaliyyət göstərirdi. Təkcə Samirra şəhərində deyil, Mədinədə olduğu müddət ərzində də, İmam ehtiyatı əldən vermirdi. Məhəmməd ibn Şərəf adlı bir kişi deyir: “Mədinədə İmam Hadi (ə) ilə yol gedirdim. İmamdan bir sual soruşmaq istəyirdim ki, məni qabaqlayaraq buyurdu: “İnsanların çox get-gəl etdiyi küçədəyik, bura sual yeri deyil!” Bu hadisə, dövrün nə dərəcədə çətin, sıxıntılı olduğunu göstərir. Təbii ki, İmamla birgə tərəfdarları da, sıxışdırılır, incidilir hətta, iqtisadi böhranla üzləşirdilər. Daha çox Mütəvəkkilin dövründə bu hallar baş verirdi. Deyilənə görə, Mütəvəkkil Məkkə və Mədinə şəhərlərinin valisinə tapşırmışdı ki, camaatı şiələrə əl tutmaqdan çəkindirsin. Belə olan təqdirdə camaat da, hökümətin qorxusundan şiələrə kömək etməkdən çəkinirdi. Həmçinin Misir hakiminə tapşırmışdı ki, şiələrə mülk və bir nəfərdən artıq qul saxlamalarına icazə verilməsin. Bundan əlavə İmam (üzərində olan nəzarət səbəbi ilə) məcbur qalaraq, başqa məntəqələrdəki dostları ilə, müəyyən vəkil və nümayəndələr vasitəsilə gizli şəkildə əlaqə saxlayırdı. O cümlədən, Bağdad, Kufə, Bəsrə, Yəmən, Qum, Hicaz, Misir və başqa məntəqələrdə (İmam tərəfindən) vəkillər təyin edilmişdi. Bunlar hamısı, həmin dövrün çətinliklərindən xəbər verir.

    Bəzi ifratçı və azğın firqələrin meydana gəlməsi.

    Bütün bunlar azmış kimi, azğın ifratçı firqələr (qulatlar) meydana çıxırdı ki, onlarla mübarizə aparmaq, insanları bu firqələrin şərrindən uzaq tutmaq (həqiqi İslamı gələcək nəslə ötürmək) İmamın əsas vəzifələrindən biri sayılırdı. Bu firqələrin bəziləri İmamı Allah, peyğəmbər və yaxud mələk hesab edir, bəziləri Allahın gözlə görülməsinin mümkünlüyünü iddia edir, bəziləri Allahı cism hesab edir (Allahı gözlə görməyin mümkün olması elə Allahın cism olması mənasına gəlir), bəziləri hər şeyin insanın ixtiyarında olduğunu deyir, bəziləri də “cəbr”, “məcburiyyə” nəzəriyyəsini irəli sürürdü. Əlbəttə ki, bu firqələrin özlərini şiə adlandırması, şiəliyə ləkə gətirir, İmam isə, (islah olunmayan) kafir firqələrin nümayəndələrini lənətləyir, əqaid mövzusunda əsassız nəzəriyyələrinin puç olmasını tutarlı dəlillərlə sübuta yetirirdi. Bu firqə başçılarının bəzilərinin adları kitablarda çəkilmişdir. O cümlədən, Əli ibn Həsəkə Qummi, Qasimi Yəqtini, Həsən ibn Məhəmməd Qummi, Məhəmməd ibn Nuseyr Fəhri, Faris ibn Hatəmin adlarını çəkmək olar.

    İmamın səxavətpərvərliyi, fəzilət və kəramətləri.

    Təkcə səxavətpərvərlik, fəzilət və kəramətdə deyil, bütün sahələrdə məsum İmamlarımız ən üstün səviyyədə olmuşlar. Onların bu xüsusiyyətləri haqqında ürəkdolusu danışmaq olar. Bu barədə çox hədis rəvayət edilmişdir ki, burada onlardan bir neçəsini qeyd edəcəyik.
    Məhəmməd ibn Təlhə deyir: “Bir gün İmam Hadi (ə) mühüm bir iş üçün, bir kəndə getmişdi. Ərəblərdən biri gəlib Həzrəti soruşdu. Oradakılar İmamın filan kəndə getdiyini söylədilər. Ərəb İmamın dalınca gedib ona çatdı və dedi: “Mən Kufə şəhərinin sakinlərindənəm. Babanız Həzrət Əlinin (ə) tərəfdarlarındanam. Borcum var və ödəyə bilmirəm.” İmam ona narahat olmamasını tapşırdı. Növbəti gün ərəbə dedi: “Səndən bir istəyim var və and verirəm ki, muxalif olmayasan” Ərəb muxalif olmayacağını bildirdi. İmam öz xətti ilə yazdı ki, filan ərəbə bu qədər borcluyam. Yazdığı məbləq ərəbin borcundan çox idi. Yazını ona verib dedi: “Mən Samirraya qayıtdıqdan sonra, adamların yanında bu yazını göstərərək öz borcunu istə, və mənimlə kobud şəkildə danış! İmam əleyhissəlam Samirraya qayıtdı. Xəlifənin adamlarından bir çoxu onun yanına gəldilər. Ərəb Həzrətin dediyi kimi, hüzuruna gəlib yazını göstərdi və borcunu istədi. İmam ona borcunu tezliklə verəcəyini söylədi. Bu xəbəri Mutəvəkkil eşidəndə əmr etdi ki, 30 min dirhəm İmama versinlər. İmam bu məbləği alıb saxladı və ərəb gəldikdə ona verib dedi: “Bununla borcunu ödə və qalanını da, xərclə!” Ərəb dedi: “ Ey Peyğəmbər (s.ə.s) balası! Allaha and olsun ki, bu məbləğin üçdə birini istəyirdim. Allah öz elçilərini harada yerləşdirdiyini daha yaxşı bilir.”
    İmam Hadi (ə) Allahın izn və iradəsi ilə bir çox kəramət və möcüzələr göstərərək Bəni-Abbası və digər müxaliflərini heyrət içində qoyurdu. Bir rəvayətdə buyurulur ki, İmam Həcc ziyarətindən qayıdan zaman, yolda bir kişinin, öz ulağının yanında oturub ağladığını gördü. Kişi ağlayıb deyirdi: “Mən indi mallarımı nəyə yükləyim?”  Həzrət İmama, o kişinin İmam aşiqlərindən olduğunu və yarı yolda qaldığını dedilər. İmam ölmüş ulağa yaxınlaşıb dedi: “İsrail övladlarının inəyi, Allah yanında məndən əziz deyil! (Bəni-İsrail həmin inəyin ətindən ölən bir kişiyə vurduqda kişi Allahın izni ilə dirilmişdi) Sonra ayağını ulağa vurub dedi: “Allahın izni ilə qalx!” Ulaq ayağa qalxdı. Kişi mallarını yükləyib yoluna davam etdi. İmam gedərkən camaat barmağı ilə İmamı göstərib deyirdi: “Bu kişi (yəni İmam) ölmüş ulağı dirildən kişidir.” İmam Hadi (ə)-ın kəramətlərindən birini də, xanım Zeynəb (s.ə) olduğunu iddia edən yalançı qadının yalanını ifşa edərkən göstərmişdi. Qütb Ravəndi nəql edir ki, Mütəvəkkilin dövründə bir qadın gəlib, Əmirəl-muminin Həzrət Əli (ə)-ın qızı Zeynəb (ə) olduğunu iddia etdi. Mütəvəkkil adam göndərib İmam Hadi (ə)-ı məsələdən xəbərdar elədi. İmam Hadi (ə) gəlib qadından soruşdu: “Zeynəb olduğunuzu necə iddia edirsiniz? Halbuki Zeynəb vəfat edib. Yalançı qadın dedi: “Mən hər qırx ildən bir cavanlaşıram və insanların içində gizlənirdim.” Mütəvəkkil İmamdan istədi ki, bu qadını imtahan etsin ki, həqiqət ortaya çıxsın. İmam buyurdu: “Peyğəmbər övladları yırtıcı heyvandan qorxmurlar. Çün ki, onların əti yırtıcı heyvanlara haramdır və heyvanlar da, onlara toxunmur.” Sonra göstəriş verdi ki, qadını yırtıcı heyvanların arasına aparsınlar. Qadın qorxusundan yalan dediyini etiraf  etdi, üzürxahlığını bildirərək tövbə elədi. Bundan sonra Mütəvəkkil İmamdan, yırtıcı heyvanların olduğu yerə getməsini istədi. İmam nərdivanla yırtıcı heyvanların olduğu yerə endi və onların arasında əyləşərək başlarına sığal çəkdi. Yırtıcılar da, İmamın yanında sakitcə oturdular. Daha sonra İmam onlara getməyi əmr etdikdə, onlar sakitcə çıxıb getdilər. İmamın bu cür möcüzələri çoxdur. Məlumat almaq istəyənlər kitablara müraciət etsinlər.

    İmamın elmi, qəzavətləri və qeybdən xəbər verməsi.

    Bildiyimiz kimi, İmam Hadi (ə) və bütün Əhli-beyt (ə) elmi heç kəsdən öyrənməmiş, heç bir alimdən dərs almamışdır. Allah tərəfindən seçilmiş, nemət verilmiş kimsələr olduqları üçün, ilahi elmə malik olmuşlar. Tarixdə bir nəfər də yoxdur ki, Əhli-beyt üzvlərindən birinin ustadı kimi tanınsın. İmam Hadi (ə) müxtəlif dillərdə danışmış, bəzən (Allahın izni ilə) qeybdən xəbər verərək, insanları agah etmişdir. Atasının şəhadətindən xəbər verməsini buna misal gətirmək olar. Belə ki, hicri 220-ci ildə, Abbasi xəlifəsi Mötəsim İmam Cavad (ə)-ı İraqa çağırır. İmam Cavad (ə) öz övladı İmam Hadi (ə)-dan soruşur: “İraqdan sənin üçün nə gətirim?” İmam Hadi (ə) buyurur: “Alovlu qılınc.” Amma İmam ondan sonra atasını görə bilmir. Həzrət İmam Hadi (ə)-ın qəmli olduğunu görənlər bunun səbəbini soruşduqda, Həzrət buyurur: “İndicə atamı şəhadətə yetirdilər.” Həqiqətən İmam Cavad (ə)-ı həmin gün şəhid etmişdilər. İmam Cavad (ə) oğlu İmam Hadi (ə)-ın imamlığını şəhadətindən əvvəl elan etmiş, bir hədisdə belə buyurduğu qeyd edilmişdir: “Məndən sonra imam, oğlum Əlidir, onun sözü mənim sözümdür və ona tabe olmaq mənə tabe olmaqdır. Ondan sonra imamət onun oğlu Həsənə çatır.” Əhli-beyt (ə) ilə düşmənçilik edən xəlifələrin siyasəti belə idi ki, öz saraylarındakı alimləri həqiqi alim sayır, qarşıya çıxan şəri və s. hökmlərdə onlara müraciət edir və onların fətvalarını mötəbər hesab edərək onlardan təqlid edirdilər. Bu hərəkətləri ilə, Əhli-beyt (ə)-i alim kimi tanımır, elmlərini ört-basdır etmək istəyirdilər. Amma, sözsüz ki, çətinliklə üzləşdikdə yenə də, Əhli-beyt (ə)-a möhtac olurdular. İmam Hadi (ə)-ın dövründə də, vəziyyət belə idi.
    Bir gün müsəlman qadınla zina edən məsihi kişini Mütəvəkkilin yanına gətirdilər. Mütəvəkkil məsihinin üzərində hədd icra etmək istədikdə, məsihi İslam dinini qəbul edir. Yəhya ibn Əksəm (sarayın başı qazısı) dedi: “Bu kişi müsəlman olduğu üçün, günahları bağışlanır və ona heç bir hədd icra edilməməlidir.” Bəziləri isə, onun üzərində şəri həddin üç dəfə icra edilməsini söylədilər. Hərə bir söz dedi, amma, bir razılığa gələ bilmədilər. Fətvaların bir-biri ilə ziddiyyət təşkil etdiyini görən Mütəvəkkil məcbutiyyət qarşısında qalaraq İmam Hadi (ə)-a müraciət etmək qərarına gəlir. Məsələdən İmamı agah edəndə, Həzrət İmam buyurur ki, məsihiyə ölənə qədər şallaq vursunlar. İmamın verdiyi fətva, Yəha ibn Əksəm və digər fəqihlərin narazıçılığına səbəb oldu, bu cür fətvaya heç bir ayə və hədislərdə rast gəlmədiklərini dedilər və Mütəvəkkildən istədilər ki, bu fətvanı verən İmamdan dəlil istəsinlər. Mütəvəkkil İmamdan dəlil istədikdə, İmam cavabında bu ayəni zikr edir. “Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik.” Amma əzabımızı gördükləri zaman iman gətirmələri Allahın Öz bəndələri barəsində öncə olub keçmiş (tətbiq edilmiş) adətinə, qayda-qanununa müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Onlar elə oradaca ziyana uğradılar (məhv oldular).” (əl-Mumin 84-85) Mütəvəkkil məsihi üçün, İmamın fətvasına müvafiq cəza həddinin icra edilməsini istədi. İmam bildirmək istəyirdi ki, müşriklərin əzabı görərkən iman gətirmələri, əzabı onlardan götürmədiyi kimi, məsihinin də, hədd cəzası onun üzərindən götürülmür.

    İmamın ailəsi, əshab və şagirdləri.

    Həzrət İmamın Hudeysə adlı çox fəzilətli, təqvalı xanımı, Həsən Əsğəri (ə), Məhəmməd, Huseyn, Cəfər və Aişə adlı 5 övladı var idi. Həsən Əsğəri (ə) atasından sonra ümmətin İmamı seçildi. (O həzrət haqqında kitablardan məlumat ala bilərsiniz) Məhəmməd, İmam Hadi (ə)-ın böyük oğlu idi və o qədər fəzilətli idi ki, camaat İmam Hadi (ə)-dan sonra onun xalqa İmam olacağını düşünürdü. Lakin O cənab, İmam Hadi (ə)-dan öncə dünyasını dəyişmiş, şərif məzarı Samirra şəhərinin 8 fərsəxliyində, Bələd kəndi yaxınlığındadır. İmamın Huseyn adlı oğlunun, İmam Həsən Əsğəri (ə)-a oxşarlığı var idi. Həmçinin deyilir ki, İmam Zaman (ə.f)-in səsi, Huseynin səsinə oxşayırdı. O da abid, pəhrizkar şəxs idi. Cəfər isə, tarixdə “kəzzab” (yalançı) ləqəbi ilə tanınır, atası ilə müxalifət edən, özünü imam kimi qələmə verən yalan danışanın biri idi.
    Həzrət İmam (ə)-ın sadiq səhabələrindən Əbu Haşim Cəfəri, Əbdul-Əzim ibn Abdullah ( hər ikisi Əbu Talibin nəslindən idi), Əli ibn Cəfər Həminavi, İbn Sikkit, Huseyn ibn Səid ibn Həmmad, Xeyran və başqalarının adlarını çəkmək olar. İmam Zaman (ə.f)-in səfiri kimi tanınan Əbu Əmr Osman ibn Səid Əmri də, Həzrətdən (ə.f) əvvəl İmam Həsən Əsğəri (ə)-ın, O həzrətdən də, əvvəl, İmam Hadi (ə)-ın səhabəsi olmuşdur.
    Əvvəldə vurğuladıq ki, İmam Hadi (ə)-ın dövrü sıxıntılı və acınacaqlı dövr idi. Şiələrə əziyyət edilməsinə baxmayaraq, O həzrət bir çox tanınmış alimlər, fəqihlər, qazilər yetişdirmiş, onların vasitəsilə xalqı maarifləndirmişdi. Hətta, Şeyx Tusi, İmam (ə)-ın müxtəlif İslami elmlər sahəsindəki şagirdlərinin sayının 185 olduğunu söyləmişdir. Fəzl ibn Şazan, Əbdul-Əzim Həsəni, Osman ibn Səid Əhvazi, Əyyub ibn Nuh kimi dövrün görkəmli alimləri, İmam Hadi (ə)-ın elm çeşməsindən qidalanmışlar.

        Mütəvəkkil və Fəth ibn Xaqanın ölümü.

        Mütəvəkkül özünün baş vəziri Fəth ibn Xaqanla birgə içki məclisində məst olmuşdu. Mütəvəkkilin oğlu Muntəsir, türklərlə əlbir olub əvvəlcədən hazırladığı plana əsasən atasını və Fəth ibn Xaqanı hicrətin 248-ci ilində qətlə yetirib, xəlifə taxt-tacını ələ keçirmişdi. Lakin hakimiyyəti təqribən altı ay çəkir. Muntəsir atası ilə müqayisədə Əhli-beyt ardıcılları ilə mülayim davranıb, onların xeyrinə bir neçə müsbət addım atmışdı.

    İmam Hadi (ə) buyurur:

    1. İnsanın öz əlinin altında olanlara qəzəblənməsi alçaqlıq əlamətidir.
    2. Giley-güzar etmək ayrılıqların açarıdır və giley-güzar etmək də, kin-küdurətdən yaxşıdır.
    3. İncitdiyin kəsdə səfa-səmimiyyət axtarma və bədbinlik oxun ilə nişan aldığın kəsdən xeyirxahlıq umma. Çün ki, sənin qəlbin başqalarına münasibətdə necədirsə, başqalarının da, qəlbi sənə qarşı elədir.
    4. Gecə oyaq qalmaq yuxunu ürəyə yatan edir, aclıq isə yeməyi ləzzətli edir.
    5. Səmimi və xalis tövbə batinin zahir kimi və (hətta) ondan da yaxşı olmasıdır.
    6. Hikmət, fəsadlı canlarda təsirli və faydalı olmaz.

    Qasımbala Səfərov
    Категория: Dini meqaleler | Добавил: Tovfiq (27.03.2008) | Автор: Qasımbala Seferov
    Просмотров: 2254 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər