Çerşenbe axşamı, 03.12.2024, 21:16
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » 14 Mesum » Hezret Fatime (s)

    Hz. Fatime(e) heyatina bir baxish

                 Həzrəti-Fatimə(s.ə)-nümunə bir qadın.

    Mələk simasında insan

        

         Və ya insan  simasında mələk idi ki,üluhiyyət  barigahından insanlar yurduna  ayaq basdı... Səmanın paklığını,səfasını göstərmək üçün; öz vücudunda Allahın cənnətini göstərmək üçün; cənnətin bütün gözəlliklərini öz həyatında  rəsm etmək üçün; insanlara fəzilət və, təmizliyin bədii təsvirini nişan vermək üçün.Kamilləşmiş insanın gözəl bir nümunəsi idi.

         Qadınlar o qara günlərdə qara günlü idilər,Şəxsiyyətsiz idilər.Qadın həyatının istiqamətini və qadın haqqında ictimai düşüncəni dəyişdirmək üçün güclü bir ruh lazım gəlirdi.Qadın öz şəxsiyyətini yenidən əldə etməli və öz insani haqlarına malik olmalıdır və eyni halda təqva , paklıq və nəcabət yolundan çıxmamal  və özünə məxsus vəzifələri unutmamalıdır.

         O gün qadın həyatı tarixində bir dönüş nöqtəsi,qaranlıq keçmişi parlaq gələcəkdən ayıran nöqtə idi.Bu parlaq gələcəkdə qadın da keçmiş qaranlıqlarından və haqqında görülən haqsızlıqlardan ayrılıb fiziki və psixoloji quruluşuna  uyğun biçimdə danılmaz haqlarından yararlanmalıdır və diri,işgüzar bir hüceyrə kimi təbiətin müəyyən etdiyi yeni və iftixarlı yol ilə getməlidir.

         Hər tərəfli bir inqilab baş vermişdi.Bu inqilab yavaş-yavaş insan həyatının bütün sahələrini əhatə etməkdə idi.Beyinlərdən başladı, sapqınlıqlarını, bütlərini vı bütün çirkin cəhətlərini təmizlədi.Sonra həyata yetişərək  zülmə əsaslanan bütün  münasibətləri dəyişdirdi.Bu işlərin hamısı islam və Peyğəmbər(s)-in qadir əli ilə müvəffəqiyyətlə həyata keçirildi.Artıq, islamın inqilabçı düşüncələrini qadın haqqında həyata keçirmək sırası gəlib çatmışdı.Artıq, qadınların gözü önündə  gözəl bir mənzərə çəkilmli idi.

         Həmin mənzərə qadına şəxsiyyət, təqva və nəcabət dərsi və kiriltmədən qol-qanad verməli idi.Bu böyük və tarixi vəzifə onun öhdəsinə qoyulmuşdu; Fatimə “səlamullahi əleyha”-nın  öhdəsinə.

     

     

    Təvəllüd (doğum)

     

    Məşhur rəvayətə görə , Həzrəti Fatimə(ə) ikinci və ya beşinci hicri ilin cəmadiüssani ayının 20-si, cümə günündə dünyaya göz açmışdır.Onun heyrətləndirici və müstəsna təvəllüdü olmuşdur.

    Həzrəti Fatimə(s)-nin təvəllüdünün müqəddimələri müstəsna hadisələrdən sayılır və bu müqəddimələr xas bir gündən başlandı.

    O gün Peyğəmbər(s) bir yığıncaqda oturub xalq ilə danışır və camaat da ona diqqətlə qulaq asırdı.Çünki , yeni sözlər deyirdi.O deyirdi: “ Bütlərə pərəstiş etməyin.Bu cansız heykəllərə tapınmayın.Günahsız balaca qızlarınızı quylamayın, yalan danışmayın, xəyanət etməyin!”.

    O, yerindən və vaxtından asılı olmayaraq harada camaatı görsəydi aralarına gedib, Allahın ayələrini oxuyardı.

    Həmin gün də Muhəmməd(s) Əbtəhdə oturmuşdu və səhabələrindən bir neçə nəfər də ətrafında idi.Camaat da orada durub hərdən Allahın cənnətindən, hərdən də ağır əzablarından danışan Peyğəmbəri (s) eşidirdilər.Bir qrup ona valeh olub cisimlərinə həyat ruhu aşılayan səmavi məntiqinin qarşısında təslim olurdu, qəlbləri Məkkə dağları kimi daşdan olan bir qrup da istehza ilə gülərək oradan uzaqlaşırdılar.

    Bəzən camaat arasında ikən bihal olub susurdu,səmaya yollanırdı,səmanın görünməz məxluqları yanına  gəlirdilər, müqəddəs vücudu xəfifcə titrəyirdi və parlaq incilərə bənzəyən  tər damlaları alnından axırdı.Mübarək bədəni ağırlaşırdı və bir yerə söykənirdi.Yavaş-yavaş ürəyi keçirdi və hər bir naməlum şeyin parlaq və qabarıq xətlərlə səbt olunduğu başqa aləmə gedirdi.Yalnız Peyğəmbər(s) o halda ikən  həmin xətləri oxuya bilirdi.O halda Muhəmməd(s)  dünyanın bütün sirrlərini öyrənirdi və hər şeyi ona öyrədirdilər.Dünyanı heyrətdə qoyan Quran  da Muhəmmədin(s) həmin məxsus hallarının məhsuludur.Özü bu halları “vəhy” halları  adlandırırdı.

    O gün də yenə həmin  hala düşdü və yenə də Cəbrayılın ruh oxşayan səsini eşitdi.Cəbrayıl, göylərin və yerlərin hökmdarlığından ona söz gətirmişdi.

    Cəbrayıl dedi: “ Ey Muhəmməd, Allahın əmr vermişdi ki, qırx gün Xədicədən uzaq qalasan.”

    Cəbrayıl Allahın Muhəmmədə müraciətini oxuyub yenə də səmaya sarı yollandı.Muhəmməd  adi, həmişəki halına qayıtdı.Hamı indicə vəhy olunmuş ayələrin oxunmasını gözləyirdi.Axı, Muhəmməd(s) həmişə bu halətdən sonra Cəbrayılın ona  oxuduğu ayələri camaata oxuyardı və camaat da səbirsizliklə  ayələrin oxunmasını gözləyirdi, həmin ayələri səadət qaynağı və ruh qidası sayardılar.Xeyli adam ancaq bu bir neçə cümləsini eşitdikdən sonra onun qarşısında təslim olmuşdu.Bu ayələr, ilk günlər və sonrakı günlərdə Muhəmmədin(s) yeganə silahı olmuşdur.

    Amma qeyd etdiyimiz gün Muhəmməd(s), vəhy halından sonra bir söz demədi.Bu sükut qəm-kədərli bir sükut idi.

    Yazıldığına görə bu,Muhəmməd(s) üçün çox ağır idi.

    Muhəmmədin(s) həyatının səmasında dan ulduzu kimi parlayan ,besətin ilk günündə peyğəmbərliyin şüalarını Muhəmmədin(s) üzündə sezən və ona iman gətirən,gözəl və zəngin elçiləri rədd edərək bir yetimə ərə gedən Xədicədən uzaq qalmaq Muhəmməd(s) üçün çox çətin idi.Amma əmri yerinə yetirməkdən başqa bir yol yoxdur.Muhəmməd(s) , Xədicədən uzaq qalmağa dair səmavi əmri yerinə yetirməyə qərar  verdi.

    Hicranın qaranlıq günləri bir-birini əvəz edirdi.Xədicənin evində həmişəki şən əhval-ruhiyyədən xəbər yox idi.Tər cücərtilərin açılmasına bənzəyən o sehrli gülüşlər, artıq, Xədicənin dodaqlarında görünməyirdi.Gecə qaranlığı hər yerə çökdükdən sonra Xədicə də öz yarı qaranlıq otağında öz Allahı ilə dərdləşirdi və göz yaşları gül üstünə qonan jalə kimi yanaqlarından süzülərək ətəyinə tökülürdü. “Muhəmmədi(s) unutmaq o qədər də asan deyil, o da bu tezliyə məndən əl çəkib evin səfalı yuvasını unudacaq adam deyildir.Hökmən bir sirr vardır, onunla Allahının arasında olan və kimsənin xəbəri  olmayan sirrlərdən.”

    Həmin günlərdən birində Peyğəmbərin(s) yaxın yoldaşı Əmmari Yasər qapıya gəlib Muhəmməddən(s) bir məktub gətirdi.Həmin məktubun məzmunu belə idi: “Xədicə, mənim səndən uzaqlığımın səbəbi kin və ya tənəffür deyildir.Bu uzaq durma Allahın tərəfindən mənə əmr edilmişdir.Öz haqqında ancaq yaxşı şeyləri güman elə.Çünki ,Allah səninlə fəxr edir.Gecələr evin qapısını bağla və öz yatağında yat.Mən də Əsəd qızı Fatimənin evindəyəm”.

    Xədicə bu məktubdan sonra yenidən ruhlandı və təxmin etdiklərinin düz olduğunu anladı:”Muhəmməd, vəfa və məhəbbət üsuluna göz yuman və mənim məhəbbət dolu qəlbimi unudan adam deyildir.Amma bu əmrin sirri nədir? Ancaq Muhəmmədin Allahı bilir...”

    Günlər bir-birinin ardınca keçirdi,amma Xədicənin hicran gecəsi sona çatmırdı.O,ancaq ümidlə diri idi və ərinin vəzifəsinin qurtarmasını gözləyirdi.Nəhayət, qırx gün gəlib keçdi.Qırx gün, dözülən qısa müddətdir;amma hamı üçün yox.Hicran odunda yanan adam üçün hər dəqiqə bir ildir.Muhəmməd və Xədicə hicran odunda yanırdılar.Qırxıncı gün Muhəmməd oruc tutmuşdu.Günəş qərbə tərəf irəliləməklə iftar çağının yaxınlaşmağını elan edirdi.Nəhayət göyün hökmdarı gecə istirahəti üçün Məkkənin hündür və qara dağlarının arxasına getdi.Ulduzlar cürətlənib birər-birər səmanın  hər tərəfindən görünməyə başladılar.

    Qan rəngində bir qırmızılıq o taydan, şərqdən yuxarı gəlib göyün ortasına çatdı.Bu qırmızı qurşaq göyün ortasına çatan zaman iftar vaxtı olur.Peyğəmbər (s) iftar açmağa hazırlaşırdı ki, birdən bir tanış səs eşitdi. Cəbrayıl nazil olub ona dedi: ”Ey Muhəmməd, pərvərdigarının hədiyyəsini almaq üçün hazır ol!” Bəlkə də Peyğəmbər(s) Cəbrayılın dilindən başqa sözlər eşitməyi gözləyirmiş.Ancaq gözlədiyinin xilafına bir yeni və gözlənilməz xəbər eşitdi; hədiyyə? Görəsən bu hədiyyə nədir?Nə qədər düşündü ,yenə bilmədi.Sual verməkdən başqa bir yol tapmadı və “ Cəbrayıl, pərvərdigarımın hədiyyəsi nədir?”-deyə soruşdu.Cəbrayıl da Muhəmməd(s) kimi bilməyirdi.Amma nə    olsa müqəddəs və yaxşı  bir hədiyyə olmalıdır ki,Allah ,Peyğəmbəri(s) üçün seçmişdir.Lakin bu hədiyyə yalnız  Peyğəmbərin(s) deyildi, bəlkə Allahın bəşəriyyət üçün göndərdiyi bir hədiyyə idi.Bu hədiyyə, ancaq Peyğəmbər üçün yox, bütün bəşəriyyət üçün dəyərli və nümunəvi bir qızın yaranmasına səbəb olmalı idi.Bu qız dünya əhli üçün nəcabət, təqva, paklıq,qorxmazlıq və fəzilət timsalı olmalı idi və insanlar onu, öz həyat tərzlərinə ülgü götürməli idilər.

    Nəhayət Allah bu sirri açdı və belə müraciət etdi: “ Ey Muhəmməd! Allahın iradəsinə görə bu gecə sənin belindən  pak bir uşaq yaranacaqdır ki, insanlığın ən parlaq nümunəsi olacaqdır.”

    Öncə Fatimə(ə) və sonra onun bətnindən hər biri bir ulduz kimi işıq saçan və saçdıqları işıq ilə insanlığı işıqlandıran uşaqlar doğulacaqdır.Allah belə istəmişdi ki, Peyğəmbərin (s) o gecə yediyi iftar cənnətin pak xörəklərindən olsun.Ancaq belə bir xörək Fatimə(s) kimi bir şəxsiyyətin  təşəkkül qaynağı ola bilər.

    Peyğəmbər (s) Allahın əmri ilə qırx gün ayrılıqdan sonra Xədicənin evinə yollandı.

    O, gecənin qaranlığında, Məkkənin düz olmayan,dalanlı  küçələrində addımlarkən öz qarşısında iki üfüq görürdü; biri keçmiş, digəri isə gələcəyin üfüqü.Biri məhdud və qısa ,digəri geniş və uzunmüddətli; biri kədərləndirici ,digəri sevindirici; biri qırx gün ayrılıq ilə əlaqədar, digəri Xədicənin bətnindən doğan və dünyaya rəhbərlik edən gələcək   nəsillərlə əlaqədar.Bu iki üfüq  Muhəmmədi özünə məşğul etmişdi.Bacardığı qədər böyük addımlar atırdı ki, daha tez bu narahatedici hicrana son qoysun.O, Məkkənin dar küçələrindən keçirdi, dünyanın  gələcək rəhbərliyini öz öhdələrinə alacaq, bəşəriyyətin azmış karvanının düzgün yola gətirəcək rəhbərlərin təməlini qoymaq üçün gedirdi. O, səmavi ayələrlə insanlara gözəl dərslər vermişdi və həmin dərslərin sayəsində insanların həyat tərzini dəyişmişdi və cəmiyyətdə böyük  bir inqilab yaratmışdı.O, həmin böyük inqilabın  sayəsində pislikləri məhv etmiş və insanları yalançı zəncirlərdən qurtarmışdı, qız öldürməyə son qoymuşdu, yersiz qulluqların zəncirini qırmışdı.İndi isə bu inqilab, bir sıra keşikçilərə möhtacdır ki, ölümündən sonra onun yolunu davam etdirib ,inqilabı daha da genişləndirsinlər.Bu keşikçilərin birincisi islamın böyük xanımı və əziz Peyğəmbər(s)-ın qızı Fatimeyi əthər (s.a) olacaqdı...

    Həsən(ə) və Hüseyn(ə) onun qucağındə bəslənməli idilər və ancaq onun pak ətəyi Hüseyn(ə) kimi böyük şəxsiyyətin bəsləniş beşiyi ola bilərdi; bəşəriyyətə  mübarizə etmək və fədakarlığın yolunu öyrədən Hüseynin(ə) beşiyi...

    Peyğəmbər(s) ,xalqı onların qulaqları və gözləri yolu ilə tərbiyə edirdi ki, ikincisi birincisindən daha mühüm və təsirlidir.O, xalqın qulağından bacardığı qədər istifadə etdi və müntəzəm təbliğlər aparmaq yolu ilə yaxşılıqları onlara anlatdı,onları tərbiyə etdi.Amma əziz İslam Peyğəmbəri(s) xalqın gözündən də istifadə etməli idi; xalqın gözünün qarşısında fəzilətli mənzərələr yaranmalıdır ki, xalq onları görməklə öz ruhlarını yoxlasınlar.

    İslam müsəlman qadınların şəxsi və ictimai həyatın ayrı-ayrı sahələrindəki vəzifələrini mükəmməl izah etmişdi və Fatimeyi əthərin(ə) yetişməsi ilə qadınlar üçün bir  böyük və üstün nümunə yaranmalı idi ki, müsəlman qadınlar bu paklıq və nəcabət nümunəsinə baxaraq özlərini yenidən qursunlar və islami yaşayışlarının qayda-qanunlarını onun həyatının qabarıq xətlərindən öyrənsinlər.

    O gecənin üstündən doqquz ay keçdi.

    Xədicə, o zaman xas bir şəraitdə idi.Qeyd etməliyik ki, Xədicə(ə) evləndiyi zaman çox zəngin idi.O zaman sərvətinin hamısını Peyğəmbərin(s) ixtiyarına qoydu ki, islam yolunda məsrəf etsin.Muhəmməd(s) də Məkkə yoxsullarına yardım etməkdə heç bir şey əsirgəmirdi.Xədicənin var-dövləti yoxsullara yardım etmək yolunda xərclənirdi və yoxsullar özlərini Xədicənin malına şərik bilirdilər.Çünki Peyğəmbər(s), hesabsız olaraq və peyğəmbərcəsinə əxlaq ilə onları şərik etmişdi.

    Yavaş-yavaş bu var-dövlət qurtarır və Xədicənin əli boşalırdı və pul aşiqi olanlar onun ətrafından dağılıb onu tək buraxırdılar.Onsuz da Xədicənin Peyğəmbərə(s) tərəfdarlıq etməsi onu mənfi mübarizəyə məruz qoymuşdu.Məkkə qadınları Xədicənin evinə getməmək qərarına gəlmişdilər.Onu ,bütlərlə, yanlış ictimai sistemlərlə və səhv adət-ənənələrlə mübarizə edən əri ilə yalnız buraxmışdılar.Xədicə yalnız qalmışdı.

     

                                            Yap yalnız...

     

    Besətdən beş il keçmişdi.Xədicə sakit və yalnız həyatını keçirirdi.Belə bir şəraitdə ikən sancı duydu, doğmağın müqəddiməsi olan sancı idi bu. Xədicə indiyədək Peyğəmbər üçün altı uşaq doğmuşdu; dörd qız və iki oğlan: Qasım,Əbdullah,Tahirə ,Zeynəb ,Ruqəyyə və Amənə.

    İndi isə yeddinci uşağı doğmaq üzrə idi.O gözləyirdi ki, əvvəllər olduğu kimi şəhərin xanımları yanına gəlib kömək etsinlər.Amma Məkkənin ali şurası sayılan Darəlnədvədə belə qərar çıxarılmışdı ki, qadınlar Peyğəmbər(s)-in evinə getməsinlər.

    Xədicə yalnızlıqla sancıya dözürdü, ruhu qəm-kədər içərisində idi və Allahı ilə dərdləşirdi.Yavaş-yavaş ağrının çoxalmasına görə ürəyi keçdi.Yeddinci uşaq dünyaya göz açdı;qız idi

    Adını Fatimə(ə) qoydular.

     

                                                       ****

    Peyğəmbər(s), Fatiməni(ə) çox sevirdi.Bu sevgi , bir atanın uşağına bəslədiyi sevgidən daha çox idi.O zamanlar qız uşağı utanc  səbəbi idi, biabırçılıq və günah idi.

     “Qızlarının doğum xəbərini eşidəndə rəngləri dəyişirdi, qəzəblənirdilər ,üzləri qaralırdı, göyərirdi” və nəhayət  uşağı diri-diri quylayırdılar.

    Fatimə (ə), belə bir şəraitdə dünyaya gəldi və çox əzizləndi.Peyğəmbər(s), onun məqamını ucaldırdı və onun haqqında belə buyurmuşdu: “Fatimə mənim canımdan bir parçadı”.

    Allah ,onu Qurani –Kərimdə “Kovsər” təbiri ilə andı.

    “Ey peyğəmbər, biz sənə “Kovsər” (uşaq, Fatimə) əta etdik”; dunyanı sənin uşaqlarınla  dolduracaq Fatiməni(ə).İslamın Allahı, Fatimə(ə) ilə qadına əzəmət və böyüklük bağışləməq və insanlıq hüququnu bərpa etmək istəyirdi;islamın məktəbinin qadın haqqında ruhunu bəyan etmək istəyirdi.Qadın o günə qədər həyat, mülkiyyət, irs və ər seçmək haqqına malik deyildi.Əslində qadını insan saymırdılar.Qadını əmtəə kimi alıb-satır,heyvan kimi dəyişirdilər.

    Fatimə(ə) dünyaya gəldi və peyğəmbər (s) ona köksündə yer verdi,ehtiramladı.Sonralar Fatimə (ə), hər vaxt Peyğəmbərin(s) görüşünə gedirdi,Peyğəmbər (s) ona “Mərhəba” deyərdi və Mühəddis Qominin  rəvayətinə görə əllərini öpərdi.Peyğəmbər(s) ,beləliklə, Fatimənin(ə) dəyərini və şəxsiyyətini göstərmək və o dövrün cahil adamlarının qadın haqqında düşüncələrini dəyişdirmək istəyirdi.

    Fatimə yavaş-yavaş böyüyürdü.Onun təqvası,nəcabəti və paklığı məşhur olmuşdu. Hər yerdə onun ruhi və mənəvi üstünlüklərindən danışılırdı.Məkkədə, Mədinədə və bütün ərəb ailələrində islam mələkəsi və onun parlaq xüsusiyyətlərindən söhbət gedirdi.Fatimə(ə), artıq ailə qurmaq yaşına gəlib çatmışdı.

    Ərəb zadəganları  və Hicazın görkəmli şəxsiyyətlərinin hamısı bu böyük iftixara çatmaq və bu səadət quşunun onların başına qonmaq istəyində idilər.Ailələrdə qəribə çalışma başlandı: Fatimə(ə)-yə elçilik etmək yolunda çalışma.

    Peyğəmbər(s), onların heç birinə  müsbət cavab vermədi. Peyğəmbər(s), Fatimənin(ə)evlənməsi ilə bu böyük  ictimai məsələdə mövcud olan yanlış      adət-ənənələri məhv etmək və bu barədə olan ictimai dəyərləri dəyişmək istəyirdi.

    O zamana qədər evlənmək meyarı yalançı imtiyazlar idi və bu meyarlar, Peyğəmbərin(s)gözündə dəyərsiz idi.O, islam ümmətinə bu meyarların dəyərsiz olduğunu əməldə göstərmək istəyirdi.

     Həzrət Əli(ə), Fatimə(ə) ilə evlənmək istəyirdi,amma yoxsulluq mane olurdu ki, öz istəyini Peyğəmbərə(s) söyləsin.Nəhayət bir gün Peyğəmbərin(s) yanına getdi,amma həya və utanc mane olurdu ki, istəyini desin.Peyğəmbər(s),nə üçün gəldiyini təxmin etdi və ona-“ Əbu-Talib oğlu,nə istəyirsən,ürəyindəkiləri söylə”-dedi.

    -Fatiməni(ə) istəməyə gəlmişəm.

    Peyğəmbər(s),qalxıb Fatimənin(ə) yanına getdi ki,onun nəzərini soruşsun.İslam məktəbinə görə,ər seçmək haqqı qadının danılmaz hüquqlarındandır.Buna görə də Peyğəmbər(s) ,Əli(ə) və Fatimə(ə)-nin evlənməsinə razı olmasına baxmayaraq Fatimənin(ə) nəzərini sormadan Əliyə(ə)müsbət və ya mənfi cavab vermədi.

    Fatimənin(ə) yanına gəlib nəzərini soruşanda ,Fatimə(ə) susdu.O zamanlar qayda belə imiş ki, sükut etməyi razılıq əlaməti sayarlarmış.Peyğəmbər(s) Fatimənin(ə) razılığını anladıqdan sonra ,Əlinin(ə) yanına gəlib onun istəyi ilə müvafiq olduğunu elan etdi və nə qədər kəbin salacağını soruşdu.

    Həzrət Əli(ə) dedi: “ Mənim bir qılınc ,bir zireh və bir dəvədən başqa heç bir şeyim yoxdur.”Peyğəmbər (s) dedi:” Qılınc lazımın olar ,onu satma.Dəvə də işlərdə lazım olar.Ancaq zirehi sat.Çünki sən şücaətli kişisən və zirehə ehtiyacın yoxdur.”

    Zireh satıldı və onun pulu ilə toy xərci ödənildi.Toy mərasimi olduqca sadə və fəzilət, təqva və paklığa əsaslanaraq keçirildi.Fatimə(ə) ərinin evinə köçdü və evdarlıqda müsəlman qadınlar üçün ən yaxşı  örnəyə çevrildi.

    Fatimeyi-Zəhranı(s.ə) ərinin evinə apardıqları gecə qəribə bir hadisə baş verdi.Bu hadisə, Həzrət Fatimənin(ə) əhval-ruhiyyəsində gözəl şəkildə büruzə verdi.

    Toy mərasimi gəlin evində qurtardıqdan sonra Həzrəti Fatiəməni(ə) ərinin evinə aparmaq növbəsi gəlib çatmışdı.Şəhərin hörmətli xanımları gəlini əhatə eyləyib Əli(ə)-ın evinə doğru aparırdılar.O gecə, Həzrət Fatimə(ə) toy münasibətilə özünə yeni don tikmişdi.Şəhərin xanımları çox təəccüblənirdilər ki, peyğəmbərin qızı toy gecəsində heç bəzənmədən və ancaq donunu təzələməklə ərinin evinə gedir.

    Bu arada ,hay-küyün içərisindən güclə eşidilən bir nalə səsi Fatiməni(ə) maraqlandırdı, qısa və keçici bir nalə səsi idi.

    Dedi: “ Ey Fatimə,ey peyğəmbər qızı, sən indi ərinin evinə gedirsən və ətrafındakılar şənlik edirlər.Amma xəbərin var ki, bir çılpaq və yoxsul qadın özünü örtəcək bir paltara möhtacdır?Ey peyğəmbər qızı, bu gecə Allah yolunda bir çılpağı geyindirmək istəmirsənmi?”

    Səs cəmiyyətin hay-küyünün içərisində itib-batdı.Amma elə bu qısa müddətli nalə Fatimənin(ə) ruhuna təsir etməyə kifayət idi.O,vəzifəsini anlamışdı.

    Fatimə(ə)dayandı və şəhər xanımları onun birdən-birə dayanmasına heyrətləndilər.

    Zəhra(s.ə) qadınların, ətrafında çəkdiyi hasarda özünü gizlətdi və yeganə donunu  əynindən çıxarıb yoxsul qadına verdi və sonra öz köhnə donunu geyib ərinin evinə getdi.

    Bu,peyğəmbər qızının  cəmiyyətə verdiyi örnəkdir.O , bunu demək istəyir ki,qadının kamalı, fəziləti və abırı bər-bəzək içərisində qərq olmaqda deyil, təqvada,fəzilətdə,nəcabətdədir,məzlumlara yardım etməkdə,yoxsullara kömək etməkdədir.

    Peyğəmbər(s),bir gün Fatimənin(ə)evinə getdi və ilk dəfə olaraq bər-bəzək gördü,dərhal tutqun halda Fatimənin(ə) evini tərk edib,məscidə getdi.Fatimə(ə) də dərhal  qızılları götürüb atasına göndərdi və Allah yolunda bağışlanmasını istədi.

    O, çalışqan bir qadın idi və evdə lazım olan unu belə özü dartardı.Deyilənlərə  görə,Fatimənin(ə) əlləri çox işləməkdən qabar bağlamışdı.O dövrdə qadın ancaq kişinin həvəsini söndürmək üçün vəsilə sayılırdı.Fatimeyi-Zəhra(s.ə.) bu düşüncəni dəyişdirməli və qadınlara azğın kişilərdən uzaq gəzməyi öyrətməli idi.Qadının məqamı bunlardan daha üstündür.İslam məktəbi qadın məqamının bu dərəcəyə qədər aşağı enməsinə icazə vermir.İslam çalışır ki, qadını şəhvətə əsaslanan əlaqələrdən uzaq saxlasın və bu yolda o qədər israrlıdır ki, hətta şəhvətli baxışları belə yasaq etmişdir.

    İndi də Həzrəti Fatimənin(ə) qadınlara verdiyi bir dərs; “Bir gün bir kor kişi Peyğəmbərin(s) evinə gəlmişdi.Həzrəti Fatimə(ə) də orada idi.O kişi içəri girincə Fatimə(ə) özünü örtdü və bir bucağa çəkildi.Peyğəmbər(s) dedi: “ Bu kişi kordur”. Fatimə(ə) isə dedi: “O məni görmür,amma mən onu görürəm ki.”

    Budur Zəhranın(ə) nəcabətinin məqamı və qadınlara verdiyi dərs.O, beləcə düşünürdü ki,qadının kamalı ərdəmli uşaqlar tərbiyə etməkdədir.Peyğəmbərin(s) qızı bu haqda da müsəlman qadınlara əməli dərs vermişdi.O, Zeynəbi-Kubra,Həsəni-Müştəba və Hüseyni-Seyyidüşşühəda kimi uşaqlar tərbiyə etdi.Bu uşaqların hamısı insanları səadətə doğru rəhbərlik etməkdə mühüm rol oynadılar və bəşəri, bədbəxtlikdən qurtarmaq üçün öz canlarını belə əsirgəmədilər.

    Fatimə(ə), bir böyük müəllim və bəsləyici kimi yaşayırdı ki,nəhayət böyük müsibət baş verdi.Atanın ölümü,məhəbbət dolu Peyğəmbər(s) kimi bir atanın ölümü.Fatimənin(ə) mübarək gözləri yaşardı,kədər və qəm dalğalarında qərq olundu.

    Bu böyük müsibət başqa ağrılı hadisələrin başlanğıcı oldu.Atanın ölümündən sonra Fatimeyi-Zəhra(ə) kədərləndirici hadisələrlə qarşılaşdı.Bu hadisələrin nəticəsində Əli(ə) evdə oturmaq məcburiyyətində qaldı və Fədək tarlası da əldən getdi.

    Zəhra(ə) bu hadislərə qarşı mübarizəyə başladı və öz haqqını almaq üçün bir gün məscidə gedib pərdə arxasından müsəlman cəmiyyəti qarşısında diş sındırıcı nitq söylədi.

    Zəhra(ə) ,ata ölümündən sonra müxtəlif hadisələr əsnasında çəkdiyi əzab-əziyyətlərə görə çox yaşamadı.Rəvayətə görə, Peyğəmbərin(s) ölümündən yetmiş beş  və ya doxsan beş gün sonra şəhadətə yetdi və ölümü ilə təbiəti və islam cəmiyyətini matəmə qərq erdi.

    O anda təbiət və varlığın səs-küylü yaşamı qaranlıq və səssiz-səmirsiz bir qəbirstanlığa çevrildi.Gecə okeanını qəm buxarı bürüdü.Səma ağlayırdı və ulduzların göz yaşı ətəyindən süzülürdü.

    Ayın sarı və solğun gülü səmanın budağında təəssüf ətri saçırdı və göy ilə yer,dağ ilə daş,şəhər ilə çöl bu təəssüfdən rəng almışdı.

    Nəsim iztirab içərisində hər yerə baş çəkirdi və canyaxıcı naləsini ətrafa yayırdı.

    O gecə,sanki dünya tablosunu kədər çərçivəsində yerləşdirmişdilər ki, behişt əhlinin tamaşaçı gözləri yaşla dolu idi.  

    Göz yaşı axıdırdılar ki, səmanın yoluna su səpilsin və behiştə gedəcək ruh bu yoldan keçsin.

    O anda, bir gül soldu;vaxtilə cənnət bağının ətirli budaqlarından qoparılmış və gözəl fidan kimi yerdə əkilmiş bir gül.

    Bəli,behiştdən gəlmişdi.

    Parlaqlıqlardan,aydınlıqlardan və səfalardan,paklıqlardan.

    Fəzilətlərin qızılı göyərçinlərinin yuva qurduğu yerdən,Allahın ərşinin altından,səmadan gəlmişdi ki, Allahın cənnətini bədii rəsmini öz vücudunun tablosunda büruzə versin və bununla da insanların qarşısında bir xoşa gələn və rəngli səhnəni nümayiş etdirsin.

    Vəzifəni yerinə yetirmişdi və artıq öz əsl yerinə qayıdırdı.

    Bəzi rəvayətlərə görə,o gecə cəmadiul-əvvəl ayının on üçüncü gecəsi idi.

    Belə bir gecədə idi ki,Zəhra yerlə vidalaşıb cənnətə doğru getdi.

    Allahın səlamı ona,atasına,ərinə və uşaqlarına olsun!

     

     

    Категория: Hezret Fatime (s) | Добавил: MESHHEDI_MUQEDDES (27.06.2008) | Автор: Doktor Salehi Kermani E
    Просмотров: 6815 | Рейтинг: 4.0/16
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər