Cüme axşamı, 07.11.2024, 10:28
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 5
    Qonaq: 5
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » 14 Mesum » İmam Hasan (a)

    imam HASANIN(A) HAYATI

    DÖRDÜNCÜ MӘSUM

      IMAM HӘSӘN ӘLEYHISSALAM

      IMAMIN ŞӘXSIYYӘTI

    Adı: Həsən

    Ləqəbi: Müctəba

    Künyəsi: Әbu Məhəmməd

    Atası: Әli (ə)

    Anası: Fatimeyi-Zəhra (s)

    Babası: Peyğəmbər (s)

    Doğum ili: Hicri 3-cü il

    Imamlıq müddəti: 10 il

    Ömrü: 48 il

    Şəhadəti: Hicri 50-ci ildə, Müaviyənin təhriki ilə arvadı Cü᾽də tərəfindən zəhərləndi.

    Məzarı: Mədinə, Bəqi qəbristanlığı.

      TӘVӘLLÜDÜ VӘ UŞAQLIĞI

    Üçüncü hicri ilinin mübarək Ramazan ayının 15-də həzrət Әli əleyhissalamın evində ilk uşaq dünyaya gəldi. Həzrət Peyğəmbər (s) Allah-taalanın əmri ilə nəvəsinin adını Həsən qoydu. Imam Həsən (ə) atası Әli (ə) və anası Fatimeyi-Zəhranın tərbiyəsi sayəsində böyüdü. Babasının, eləcə də atasının məktəbindən elmi dərslər aldı.

    O, Peyğəmbər (s) nəzərində çox dəyərli və üstün bir uşaq idi. Günlərin bir günündə həzrət Peyğəmbər (s) minbərdə söhbət etdiyi vaxt imam Həsənin ağlamaq səsini duyduqda tez minbərdən aşağı düşüb, onun qəlbini ələ aldıqdan sonra yenidən minbərə çıxdı. Camaat bu hərəkəti barədə Peyğəmbərə sual verdikdə, o həzrət (s) belə buyurdu: «Onu ağlayan gördükdə, dözə bilmirəm».

    Peyğəmbər (s) namazını camaatla birgə qılıb qurtardıqdan sonra imam Həsəni qucağına alıb belə buyurdu: «Hər kim məni sevirsə, Həsəni də sevsin».

    Bir dəfə isə həzrət Peyğəmbər (s) Həsən əleyhissalamı çiyni üstə götürüb belə buyurdu: «Allahım, bu uşağın sayəsində ümid edirəm ki, ümmətimi (bütün pisliklərdən) təmizləyəcəksən».

    Başqa bir hədisində isə belə buyurub: «Həsən və Hüseyni sevən məni də sevir, bu iki nəfərlə düşmənçilik edən isə mənimlə düşmənçilik edir. Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır».

    Başqa bir hədisdə isə: «Həsən və Hüseyn Allah ərşinin iki qoşa nurudur ki, Allahın cənnəti onlarla fəxr edir» - deyə buyurmuşdur.

      ELM VӘ ӘXLAQI

    Bir gün Peyğəmbər (s) məscidində qoca bir kişi düzgün olmayan bir şəkildə dəstəmaz alırdı. Imam Həsən (ə) ona dəstəmazının səhv olduğunu başa salıb anlatmalı idi; amma necə? Әgər ona desəydi ki, dəstəmazın səhvdir, onda qəlbi sınar, yaxud narahat olub qəbul etməyə bilərdi. O, qardaşı imam Hüseyn (ə) ilə birlikdə belə qərara gəldilər ki, özləri dəstəmaz alıb həmin qoca kişini də onların bu hərəkətinə münsiflik etməyə çağırsınlar.

    Imam Həsən (ə) imam Hüseynə (ə) dedi: «Mən səndən daha yaxşı dəstəmaz alıram».

    Imam Hüseyn (ə) isə onun cavabında: «Yox, mən səndən daha yaxşı dəstəmaz alıram» - dedi.

    Ikisi də qoca kişinin yanına gəlib dedilər: «Bizim dəstəmaz almağımıza baxıb, hansımızın daha düzgün dəstəmaz almağımızı söylə». Sonra dəstəmaz almağa başladılar. Özü də dəstəmazlarını düzgün və tam şəkildə yerinə yetirdilər.

    Qoca kişi başa düşdü ki, onlar onun doğru dəstəmaz almadığını demək istəyirlər. Buna görə də onlara belə dedi: «Ikinizin də dəstəmazı düzdür. Dəstəmaz almağı düzgün bilməyən cahil isə mən idim. Siz məni başa salmaq istəyirdiniz. Mən də sizə minnətdaram».

      TӘQVA VӘ IXLASI

    Imam Həsən Müctəba (ə) camaatdan daha artıq abid və zahid idi. Həcc mərasimini yerinə yetirməkdən ötrü Məkkəyə gedəndə piyada gedər, namaz qılanda, ya dəstəmaz alanda isə özünü Allah qarşısında aciz görüb bədəni titrəyər və buyurardı ki, Allahın əmanətini əda etməyin vaxtıdır.

    Məscidə girib mehrabda durduğu vaxt başını göylərə qaldırıb buyurardı: «Allahım, hüzurunda duran şəxs Sənin qonağındır. Sənin günahkar bəndən Sənə doğru gələrək onun pis işlərini bağışlamağını ümid edir. Çünki Sən rəhman və rəhimsən».

      HӘZRӘTIN SӘBRI

    Imam Həsən (ə) bir gün atla bir küçədən keçərkən, Müaviyənin dostlarından biri ilə rastlaşdı. Həmin adam onun Imam Həsən (ə) olduğunu biləndə pis sözlər söyləyərək o həzrəti təhqir etməyə başladı. Həzrət (ə) isə onun söylədiklərini dinlədikdən sonra buyurdu: «Güman edirəm ki, sən qəribsən və buralı deyilsən. Düşmənlər tərəfindən təhrik olmusan onların yalan və iftiraları sənin qəlbini bizə qarşı kinlə doldurubdur. Әgər bir ehtiyacın vardırsa həll edək, acsansa doyduraq, paltarın yoxdursa paltar verək, yox əgər qalmağa yer axtarırsansa, səni öz evimə aparıb qonaq saxlayım».

    Həmin adam, imamın bu rəftarından utanıb söylədiyi pis sözlərdən peşman oldu. O, gördüyü işdən o qədər narahat olmuşdu ki, ağlaya-ağlaya imamdan üzr istəyib dedi: «Düşmənlərinizin sözləri məni aldatmışdı. Bundan qabaq ən çox kin-küdurət və ədavət bəslədiyim adamlar sən və atan idiniz. Indi isə sənin bu gözəl əxlaqını görəndən sonra ən çox sevdiyim adamlara çevrildiniz. Artıq anladım ki, sizin ailəniz Peyğəmbərin xəlifəliyinə layiq olan bir ailədir. Ömrüm boyu sizləri sevəcək və sizin haqqınızı müdafiə edəcəyəm.»

    Bu kişi ölənə qədər verdiyi sözün üstündə durdu.

      IMAMIN SӘXAVӘTI

    1. Bir nəfər imam Həsən əleyhissalamın hüzurana gəlib dedi: Yoxsulluq və bədbəxtlik məni incidir. Ismət və təharət ailəsi olan sizlər, məni bu zalım düşmənin əlindən qurtarın.

    Həzrət imam Həsən əleyhissalam xidmətçisini çağırıb ondan «yanında nə qədər pul var?» - deyə soruşdu. Xidmətçi: Әlli min dirhəm — deyə cavab verdi. Imam Həsən (ə) buyurdu: «O pulun hamısını bu kişiyə ver ki, məşiəti və işinin sərmayəsinə çevrilsin, qoy yoxsulluqdan qurtarsın».

    2. Bir gün imam Həsən əleyhissalam Allah evində ibadətə məşğul ikən bir kişinin dua edib belə söylədiyini eşitdi: «Allahım! On min dirhəmə ehtiyacım var. Sən ey rəhman və rəhim, (mehriban və bağışlayan) Allah, bu ne᾽məti mənə nəsib eylə!» Bunu eşidən imam Həsən əleyhissalam evə qayıdıb istədiyi məbləği o kişi üçün göndərdi.

    3. Günlərin bir günündə yoxsul və kasıb bir kişi imam Həsən əleyhissalamın hüzuruna gəlib aşağıdakı şe᾽ri oxudu:

    Heç bir şeyim, hətta bir dirhəmim belə qalmadı. Satmaq üçün artıq heysiyyətimdən başqa bir şeyim yoxdur. Sənin onu alacağını bilirəm.

    Həzrət Həsən (ə) dərhal xidmətçisini çağırıb belə buyurdu: «Yanında nə qədər pul varsa, ver bu adama.»

    Xidmətçi o adama on min dirhəm pul verdi. Həzrət (ə) isə ona belə deyib üzr istədi: «Sənə verə biləcək yalnız bu qədər pulum var idi. Onu al və özünə maya et və elə bu pulla da öz ehtiyaclarını tə᾽min elə. Beləliklə yoxsulluqdan qurtaracağını ümid edirəm».

    Yuxarıda qeyd etdiyimiz bu bir neçə hekayə göstərir ki, imam Həsən əleyhissalam xalqın axirətini düşündüyü kimi, dünyasını də nəzərdə tuturdu. Çünki dünya ilə axirət bir-birilə əlaqədardır. Bə᾽zən yoxsulluq və aclıq bə᾽zi adamların axirət haqqında düşüncələrinin qarşısını alır.

    Onun köməklikləri nəinki xalqı dilənçilikdən azad edirdi, üstəlik onlar üçün iş və çalışmaq zəmini də yaradırdı.

      IMAM HӘSӘN ӘLEYHISSALAMIN XӘLIFӘLIYI

    Hicri 40-cı ilin Ramazan ayının 21-ci gecəsi atası Әli ibni Әbu Talib (ə) vəfat edərək hamını matəmə qərq etdi. O zaman 27 yaşında olan imam Həsən əleyhissalam xalqla birlikdə məscidə gələrək minbərə çıxdı və atasının şəhadəti haqqında belə buyurdu: «Dünən gecə sizin aranızdan elə bir insan getdi ki, həm keçmişdəkilər, həm də gələcəklər arasında elm, təqva və davranışında yeganə və nümunəvi bir şəxsiyyət idi. Peyğəmbər (s) ilə birgə müharibələrdə iştirak edib, islamın qorunması uğrunda əlindən gələni əsirgəməmişdi. Düşmənlərin gözündə tikan, dostların könlündə isə solmaz bir gül idi. Әlinin, ailəsinə xidmətçi tutmaq üçün yığdığı 700 dirhəmdən başqa dünya malından heç bir şeyi yox idi.»

    Bu sözləri deyib qurtardıqdan sonra hönkür-hönkür ağlamağa başladı və camaat da ona qoşuldu. Daha sonra camaatın imamət və rəhbərlik məqamının özünə aid olduğunu anlamaları və beləliklə də doğru yoldan çıxıb zəlalətə, azğınlığa düşməmələri üçün özü haqqında belə buyurdu:

    «Mən Peyğəmbərin, Әlinin və Fatimənin oğluyam. Mən nübüvvətin parlaq nurlarından bir nümunəyəm. Elə bir ailəyə mənsubam ki, Allah onlardan bütün pislikləri uzaqlaşdırıbdır.»

    Daha sonra Abdullah ibni Abbas ayağa qalxıb dedi: «Ey camaat! Bu, Peyğəmbərimizin və imamınızın oğludur. Bilin ki, o, Әlinin haqq xəlifəsidir. Ona bey᾽ət edin.»

    Camaat dəstə-dəstə imam Həsənə bey᾽ət etdilər. Bu zaman həzrət imam Həsən (ə) onlarla belə bir şərt bağladı: «Hər kimlə müharibə etsəm, müharibə edəcək, yox əgər məsələhət görüb sülh etsəm onda siz də qəbul edəcəksiniz». Hamısı bu şərti qəbul edib razılıqla öz imamlarına boyun əydilər.

      MÜAVIYӘNIN HIYLӘLӘRI

    Müaviyə Şamda özü üçün bir hökumət qurmuşdu və illərlə Әli əleyhissalamın əleyhinə müxtəlif plan və hiylələr quraşdırırdı. Әli əleyhissalamın əshabını öldürərək azğın bir qrup olan xariciləri meydana gətirmişdi. Indi isə xalqın həzrət Әli əleyhissalamın şəhadətindən sonra həzrət Həsənə bey᾽ət edərək onu Peyğəmbərin xəlifəsi seçdiklərini eşidib bu vəziyyəti qəbul edə bilməyən Müaviyə Kufə və Bəsrəyə çoxlu casus göndərib əhvalatı öyrənmək, daha sonra da imam Həsəni (ə) devirmək üçün müxtəlif hiylə planlarını hazırlamaq, lazım gəlsə üsyan və həcr-mərclik yaratmaq istəyirdi.

    Imam Həsən (ə) casusları tutub e᾽dam etmələrini əmr etdi. Sonra da Müaviyəyə aşağıdakı məzmunda məktub yazdı. «Ey Müaviyə! Casus göndərib hərc-mərclik törətmək istəyirsənmi? Güman edirəm ki, müharibə xəyalına düşmüsən və müharibəni sevirsən. Mən hazıram. Gözlə, müharibə yaxındadır, inşaallah...

    Ey Müaviyə! Təəccüblənirəm ki, layiq olmadığın bir məqamı zorla ələ keçirmək niyyətindəsən. Nə dində bir fəzilətin var, nə də xoş bir əsərin... Müsəlmanlar mənə bey᾽ət etdilər. Әgər sən də onlar kimi etsən, bu islamın məsləhətinə uyğun olacaq. Batilin dalınca düşmə. Sən də başqa adamlar kimi mənə bey᾽ət et. Müsəlmanların qanına hörmət et, ehtiram qoy. Әgər mənim nəsihətlərimi qəbul etməyib üsyana qalxsan və müsəlman qanı töksən, müsəlmanlarla əlbir olub səni məhkəməyə çəkəcəyik».

    Müaviyə isə imamın məktubuna belə cavab verdi: Әbu Bəkr öz təcrübəsinin çoxluğuna görə xəlifəliyi Әlidən aldığı kimi, mənim də təcrübəm səndən çoxdur və bu məqama səndən daha layiqəm. Әslində sən mənə bey᾽ət etməlisən. Beləliklə xəlifəlik məndən sonra sənin olacaq və mən ömrüm boyu Iraqın bütün gəlirini sənə verəcəyəm.

    Müaviyə nəinki bey᾽ət etmədi, üstəlik imamı öldürtmək üçün Kufəyə casuslar da göndərdi. Bu da səbəb oldu ki, həzrət Həsən (ə) namaz qılanda paltarının altından bir də zireh geymək məcburiyyətində qalsın. Bir dəfə Müaviyənin göndərdiyi satqın adamlardan birisinin atdığı ox zirehə dəydi və bununla da imam Həsən (ə) böyük təhlükədən qurtardı.

      MÜHARIBӘNIN BAŞLANMASI

    Çox keçmədi ki, Müaviyə müsəlmanların birliyini tə᾽min etmək bəhanəsi ilə Islamla müharibə etmək üçün Iraqa böyük bir ordu göndərdi. Imam Həsən (ə) Müaviyə ordusunun hərəkət etməsinin xəbərini eşidən kimi, camaatı məscidə çağırıb minbərə çıxdı. Allaha həmd və Peyğəmbərə salavat və salam göndərdikdən sonra xalqa xitab edib buyurdu: «Müaviyə ordusu ilə birlikdə Iraqa tərəf gəlir. Müharibə üçün hazır olmağınız, dininizi və şərəfinizi qorumağınız zəruridir».

    Amma o zamanın pis və rahatlıqsevən xalqı imam cavab vermədilər. Әdiyy ibni Hatəm xalqın arasından ayağa qalxıb orada olanlara belə dedi: Siz necə millətsiniz? Bu ölümü yada salan səssizlik nə deməkdir? Nəyə görə imama, Peyğəmbərinizin oğluna cavab vermirsiniz? Allahın əzabından qorxun və imamınızın əmrinə tabe olun. Qalxın kişi kimi silah götürüb şərəf, namus və dininizi müdafiə edin. Beləliklə Allah və imamınızı özünüzdən razı salın.

    Bu sözlər bə᾽zilərində böyük tə᾽sir qoydu. Nəhayət, xalq müharibə üçün hazır olduğunu e᾽lan etdi.

    Әdiyy ibni Hatəm imama xitab edərək buyurdu: Biz hazırıq və sənin bu barədəki əmrlərini gözləyirik.

    Həzrət imam Həsən (ə) buyurdu: «Mən Nüxəylə tərəfinə gedirəm. Bilərəm ki, sözünüzün üstündə durmayacaqsınız və Müaviyə sizi aldadacaq. Amma buna baxmayaraq kim istəyirsə, mənimlə gəlsin.»

      IMAMIN ӘMRINDӘN ÇIXMAQ

    Imam Həsən (ə) Nüxəyləyə çatdığı vaxt «müharibə, müharibə!» şüarını verənlərin əksəriyyətinin orada olmamasını və onun əmrinə itaət etməkdiklərini gördü. Çünki orada olanlar aşağıdakılardan ibarət idi:

    1. Imamın əmrinə itaət etmək üçün deyil, Müaviyə ilə döyüşmək üçün gələn xaricilər.

    2. Müharibədə qənimət əldə etmək üçün gələnlər.

    3. Qəbilələrinin başçısının əmrini yerinə yetirmək üçün gələnlər.

    Buna görə də belə buyurdu: «Məni də məndən əvvəl imam olan atam kimi aldatdınız. Imamla, yoxsa Allah və Peyğəmbərinə inanmayanlarla müharibə aparacaqsınız?»

    Sonra Həkəm adlı bir kişini sərkərdə seçərək dörd min əsgəri onun sərəncamına verdi və onu Anbar şəhərinə göndərdi ki, orada Müaviyənin qoşununun qarşısını alsın və növbəti əmrlərini gözləsin. Amma Müaviyə pul və yalan və᾽dələrlə Həkəmi aldatdı və o, 200 nəfərlə birgə Müaviyə ordusuna qoşuldu.

    Imam (ə) Bəni Murad qəbiləsindən bir nəfəri onun yerinə seçib buyurdu: «Hərçənd sizə də e᾽tibar etmək olmaz. Amma bu bir imtahandır, siz də gedin». Müaviyə onun gəldiyini eşidən kimi bir neçə nəfər nümayəndə və beş min dirhəm pul göndərib ona hökumətlik və᾽dini verdi. O da aldanıb Müaviyə ordusuna qoşuldu.

      IMAMIN RUHDAN DÜŞMӘSI

    Imam Həsən (ə) sərkərdərlərin Müaviyə ordusuna qoşulduğu xəbərini eşidəndə çox narahat olub buyurdu: «Mən demədimmi ki, sizdə vəfa yoxdur və hiylə ilə rəftar edirsiniz?»

    Nəhayət həzrət Həsən (ə) belə qərara gəldi ki, özü əsgər yığıb müharibəyə getsin. Әshabının köməkliyi ilə qırx min nəfər toplanmışdı. Imam (ə) Mədainin Sabat şəhərinə gedib, oradan on iki min əsgəri qabaqcıl olaraq, fədakarlıq və əhval-ruhiyyələrini sınamaq üçün Übeydullah ibni Abbasın sərkərdəliyi və Qeys ibni Sə᾽d ibni Übadənin müavinliyi altında, Müaviyə ilə müharibə etməyə göndərdi.

    Müaviyə bir milyon dirhəm verib bə᾽zi mə᾽murları imamın ordusuna göndərdi ki, Qeysi aldatsınlar. Qeys isə qəbul etməyib dedi:

    Müaviyə bunu bilsin ki, dinimi məndən pulla satın ala bilməz. Mən heç bir hiyləyə aldanıb imamımdan əl çəkmərəm.

    Mə᾽murlar Qeysdən ümidlərini kəsdilər və əsl sərkərdə olan Übeydullah ibni Abbasın yanına gəlib onu aldatmağa müvəffəq oldular. Übeydullah ibni Abbas gecə ikən dostları ilə birgə Müaviyənin tərəfinə keçdi. Imamın ordusu başsız qaldığı üçün Qeys onun yerinə keçib camaat namazını qılandan sonra sərkərdə oldu.

    Qeysin fədakarlıqla döyüşməsi Müaviyəni dəhşətə salmışdı. Nəhayət Müaviyə ordunun arasına casuslar göndərərək, Müaviyə ilə Imamın barışdığı və burada olanlarla yersiz döyüşdüyü şayiəsini yaydı. Bununla da Müaviyə xariciləri imamdan ayırıb aldatmağa müvəffəq oldu və onları imamla düşmən etdi.

      XARICILӘRIN QIYAMI

    Bu axmaq dəstə Müaviyənin casuslarının sözlərinə inanıb imamın əmrini rədd edərək, guya imamın da atası kimi kafir olduğunu və Müaviyə ilə əməkdaşlıq etdiyini e᾽lan etdilər. Onlar imamın çadırına həmlə edərək əllərinə keçəni qarət etdilər, hətta Imamın səccadəsini belə ayağının altından çəkib apardılar.

    Nəticədə imam Həsən (ə) oranı tərk etmək məcburiyyətində qaldı. Səhabələrdən bir dəstə onun ətrafında ikən atını mindi. Elə bu vaxt xaricilərdən biri gizləndiyi yerdən çıxıb imamı yaraladı. Imamı dostlarından birisinin evinə aparıb müalicə etdilər. Iş o yerə çatmışdı ki, imamın sərkərdələrinin çoxu gizlincə Müaviyəyə məktub göndərib ona: Biz sənin əmrinə itaət edirik. Tezliklə Iraqa gəl. Bu imamı tutub sənə təhvil verəcəyik — deyə və᾽dlər verirdilər. Müaviyə həmin məktubları öz məktubu ilə bir yerdə imama göndərib məktubunda belə yazdı: «Bunlar sənin atana vəfa etmədilər, səninlə də birlikdə olmayacaqlar. Indi səninlə müqavilə bağlayıb müharibədən əl çəkməyə hazıram.

      IMAM HӘSӘN (Ә) SÜLHÜ NIYӘ QӘBUL ETDI?

    Xaricilərin əməlləri və dostlarının xəyanəti həzrət Həsən əleyhissalamı Müaviyə ilə sülh etmək məcburiyyətində qoymuşdu. Amma imamın onunla sülh etməsi bu demək deyildi ki, Müaviyəyə tabe olub onun zülmkarlığını qəbul etmişdi. Bu yalnız Müaviyə ilə atəşi dayandırmağa dair müqavilə bağlamaq mə᾽nasında idi. Çünki əgər Müaviyə müharibədə qələbə çalsaydı, islamın bütün hədəfləri məhv olub aradan gedəcəkdi.

    Bundan əlavə Rum imperatoru islam ölkəsinə həmlə etmək fikrindəydi və bu ixtilaf onun üçün böyük bir fürsət idi.

    Dərd və həsrətdə qovrulan imam Həsən (ə) qəm və kədərlə ilə vəfasız əshabına qarşı belə buyurdu: «Bilirəm ki, siz mənə hiylə və kələk qurubsunuz. Həyasız və dinsiz bir dəstə məni tamamilə Müaviyəyə təslim etdi. Vay olsun sizin halınıza! Allaha and olsun ki, Müaviyə verdiyi sözlərə vəfa etməyəcəkdir. Mən sizin üçün haqq dini bərpa etmək istəyirdim, amma siz mənə yardım etmədiniz. Mənə qarşı çıxıb xəyanət etdiniz. Sizin bu əməlləriniz məni müqaviləni imzalamağa məcbur etdi. Allaha and olsun ki, əgər köməyim olsaydı, bu işi Müaviyəyə həvalə etməzdim. Çünki mən xəlifəliyi Bəni Üməyyə üçün haram bilirəm. Bu yaxınlarda Müaviyənin rəftarlarının acı nəticəsini dadacaqsınız».

    Imam saziş etmək məcburiyyətində qaldığına görə Müaviyəyə belə bir məktub yazdı: «Mən haqqı yaşadıb batili məhv etmək niyyətimdə idim. Allahın kitabı və Peyğəmbərin sünnəsini xalqa hakim etmək istəyirdim. Amma xalq mənimlə eyni fikirdə olmadı və məcbur qaldığım üçün səninlə sülh edirəm. Bu sülh üçün bir sıra şərtlər qoysam da, sənin onların heç birinə əməl etməyəcəyini çox gözəl bilirəm. Amma çox keçməyəcək ki, bunun sənin üçün heç bir faydası olmayacaq və öz işindən peşman olacaqsan.»

    Sonra əmioğlusu Әmr ibni Harisi müzakirə edib imamın şərtlərini bəyan etdikdən sonra sülh müqaviləsini imzalamağa göndərdi. Həmin müqavilənin bir neçə maddəsi bunlardan ibarət idi:

    1. Şiələrin qanının tökülməsinin qarşısı alınacaq və hüquqları tapdalanmayacaq;

    2. Həzrət Әli (ə) və şiələri söyülməyəcəklər;

    3. Müaviyə Allahın kitabı və Peyğəmbərin sünnəsinə əsasən əməl edəcək;

    4. Imamın əshabı və dostları, harada olurlarsa-olsunlar, Müaviyə və adamlarının şərindən amanda qalacaqlar;

    5. Imam (ə) Müaviyəni «əmirəl-mö᾽minin» olaraq tanımayacaq və xütbələrdə onun adını əsla çəkməyəcək;

    6. Müaviyə xəlifəliyi özündən sonra başqa bir nəfərə tapşırmayacaq.

      MÜAVIYӘNIN MÜQAVILӘNI POZMASI

    Müqavilənin imzalanmasından sonra Kufə Müaviyənin diqqət mərkəzinə çevrildi. O, bir cümə günü Nüxəylədə cümə namazı əsnasında belə dedi: Ey camaat! Mən sizin namaz qılmağınız, ya da oruc tutmağınız üçün müharibə etmədim. Sizlər istəməsəniz belə, sizin hökmdarınız olmaq üçün müharibə etdim. Mən, Həsən ibni Әli ilə imzaladığım müqavilənin maddələrini ayağım altına qoyub əzirəm.

    Lakin Müaviyənin bir sıra rəftarları onun, imamın nüfuzundan çox qorxduğunu aydın göstərirdi. Buna görə də müqavilənin bə᾽zi maddələrini həyata keçirmək məcburiyyətində qaldı. Misal üçün Kufənin valisi Ziyad imamın əshabından birisini tutdurmaq istəyəndə, imam (ə) əhvalatı Müaviyəyə yazdı. Müaviyə də dərhal Ziyadı bu işi üçün məzəmmət edib danladı.

    Nəhayət Müaviyə özündən sonra oğlu Yezidi xəlifə tə᾽yin etmək qərarına gəldi. Amma həzrət Həsən əleyhissalam ilə imzaladığı müqavilə ona mane olurdu. Buna görə də xalqdan zorla bey᾽ət almaq və oğluna bu iş üçün yol açmaq məqsədi ilə imamı zəhərlətmək istəyirdi. Bu məqsəd istiqamətində də imamın arvadı Cü᾽dəni aldadaraq ona bir qabda zəhər göndərdi və və᾽d etdi ki, əgər ərini zəhərləsə, ona yüz min dirhəm verib oğlu Yezidə arvad edəcək.

      XAIN ӘL IMAMIN QABINA ZӘHӘR TÖKDÜ

    Şeytani vəsvəsələr, pul və şöhrət imamın arvadının gözünü tutub qəlbini kor etdi və səbəb oldu ki, tarixin heç bir zaman unutmayacağı bir xəyanəti həyata keçirib Müaviyənin bu murdar təklifini qəbul etsin. Imam Həsən (ə) dəfələrlə öz arvadının əli ilə şəhid olacağını söyləmişdi. Ona «indi ki, belədir onu boşa və evindən qov» demişdilər, amma o həzrət (ə) belə buyurmuşdu: «O, hələlik bir günah etməyib, buna görə də əgər onu qovsam, yaxşı iş görməmiş olaram. Çünki o, bu işi bəhanə edərək «məni günahsız olduğum halda evdən qovdu» - deyəcək və bununla da xəyanətini gizlədib öz gördüyü işin doğru olduğunu iddia edəcək. Bunu bilin ki, Müaviyə öz xəyanətli əməllərindən əl çəkməyəcək və mən arvadımı boşasam da, məndən əl götürməyib özünü məzlum göstərərək planını həyata keçirməyə cəhd göstərəcəkdir».

    Nəhayət Cü᾽də hicri 50-ci ilin Səfər ayının 28-də, havanın çox isti və imamın oruc olduğu bir gündə, onun süd içdiyi qaba zəhər töküb, iftar üçün hüzuruna gətirdi.

    Imam (ə) zəhərli süddən bir az içdikdən sonra arvadına tərəf dönüb buyurdu: «Ey Allahın və Peyğəmbərin düşməni, məni öldürdün, Allah səni öldürsün. Allaha and olsun ki, sən və Müaviyə zəlil olacaqsınız.» O həzrətin dediyi kimi də oldu. Çox keçmədən Cü᾽də Müaviyənin sarayından qovulub öldü. Müaviyə də ağır bir xəstəliyə tutulub öldü.

    Həzrət imam Həsən (ə) vəfat etdikdən sonra Mədinədəki Bəqi qəbristanlığında torpağa tapşırıldı. Allahın və Peyğəmbərin salam və rəhməti onun pak və təmiz ruhuna olsun.
     
    Категория: İmam Hasan (a) | Добавил: media-islam (27.05.2008) | Автор: ilkin E W
    Просмотров: 7619 | Рейтинг: 4.4/13
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər