Bu gün ermənilərin ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdiyi soyqırımdan 90 il keçir. 1918-ci ilin məhz bu günündə ermənilər Şimali Azərbaycanın, yəni indiki Azərbaycan Respublikasının ayrı-ayrı bölgələrində yaşayan 50 mindən çox azərbaycanlının həyatına vəhşicəsinə son qoyublar. On minlərlə insana maddi ziyan dəyib. Təəssüf ki, indiyə kimi həmin faciə beynəlxalq səviyyədə tanınmayıb. Buna görə heç bir kompensasiya ödənilməyib. Yalnız 10 il bundan əvvəl martın 18-nin azərbaycanlıların soyqırım günü kimi qeyd edilməsinə qərar verilib. Bu münasibətlə bu gün Azərbaycanda və xaricdə bir sıra tədbirlər keçiriləcək, soyqırım qurbanları anılacaq. Cənubi və Qərbi Azərbaycandakı qırğınlar da nəzərə alındıqda, faciə daha böyük olub. Bütövlükdə 1918-ci ildə Urmiya, Xoy, Maku, Salmas, Bakı, İrəvan, Şamaxı, Quba, Şuşa, Gəncə, Lənkəran, Kürdəmir və digər şəhərlərdə, kəndlərdə azğınlaşmış erməni quldur dəstələri dinc əhaliyə divan tutmuş, 100 minlərlə insanı qətlə yetirmişlər. Ermənilər soydaşlarımızı xüsusi qəddarlıqla öldürür, yalnız öldürməklə kifayətlənmir, başlarını, qulaqlarını, burunlarını kəsir, gözlərini çıxarır, başlarının dərisini soyur, qadınların döşlərini kəsir, qarınlarını cırır, uşaqları nizələrlə yerə mıxlayırdılar. /ANS PRESS/ |