Fil uzanıb yatan kimi yuxusuna Hindistan girir. Ancaq uzunqulaq nə qədər yatsa da yuxusuna Hindistan girmir. Çünki o, Hindistan qəribi deyil. Cəlaləddin Rumi Bunlar da nə qədər yatsalar, düşünsələr, təfəkkür etsələr, nə yuxularına, nə də ki, əqillərinə əxlaq, ədəb və mərifət kimi mənəvi dəyərlər girmir. Çünki bu dəyərlərin qəribi deyillər. İqtisadiyyatda böhranla bağlı Hollandiya sindromu deyilən anlayış var. Qısaca məğzi bundan ibarətdir ki, büdcə neftin, qazın və sairin satışı hesabına formalaşır, istehsal, sənaye, kənd təsərrüfatı sahələri inkişaf etdirilmir və ölkənin taleyi dünya bazarında bu təbii sərvətlərə tələbatın səviyyəsindən asılı olur. Onların qiyməti artanda gəlir çoxalsa da xaricdən idxal edilən məhsullar bahalaşır, qiyməti azalanda isə iqtisadi fəlakət yaranır. İlk dəfə Hollandiyada yaranmış bu iqtisadi-maliyyə böhranı bütün dünyada holland sindromu kimi məşhurdur. Milli dövlətçilik quruculuğunu yaşayan, xüsusilə də yeni müstəqillik əldə etmiş və təbii sərvətlərlə zəngin ölkələr belə böhrana məruz qalmamaq üçün iqtisadiyyatın bütün sahələrini inkişaf etdirməyə çalışırlar. Təəssüf ki, Hollandiya sindromu iqtisadiyyatla məhdudlaşmadı. Bu dövlət Danimarka ilə birlikdə artıq mənəviyyatda böhran anlayışını gündəmə gətiriblər. Lakin iqtisadiyyatda Hollandiya sindromundan fərqli olaraq, mənəviyyatda Holandiya və Danimarka sindromu bir dövlətin deyil, bütün dünyanın təhlükəsizliyini təhdid edən böhran anlayışıdır. Bu gün Qərb və Avropa məfhumu coğrafi mənadan daha çox özünəməxsus dünyagörüşü, düşüncə və əxlaq tərzi mənasındadır. Azərbaycanda da səslənən Qərb standartları, Avropa əxlaqı və meyarı, sivil dünyaya inteqrasiya kimi fikirlər və artıq bu istiqamətdə atılan addımlar təəssüf ki, iqtisadi baxımdan inkişaf etmiş bir coğrafi məkanla qarşılıqlı əlaqələrin qurulması kimi deyil, məhz əsasən Qərbin və Avropanın bütövlükdə düşüncə və əxlaq tərzinə qovuşmaq niyyəti ilə edilir. Qərb və Avropa günah anlayışının itdiyi bir məkandır. Bu ərazidə hakim kəsilən dini-fəlsəfi dünyagörüşü və düşüncə tərzi çox rahatlıqla imkan verir ki, hətta ruhanilər belə kilsələrin müəyyən icarə haqqı müqabilində diskotekaya və digər əxlaqsız əyləncə mərkəzlərinə çevrilməsinə razı olsunlar. Hollandiya və Danimarkada kilsə xadimləri bu yolla əldə etdikləri pulun bir hissəsinin həmin ibadətgahların təmirinə, öz şəxsi ehtiyaclarının ödənilməsinə və yerdə qalanını da xeyriyyə işinə sərf etdikləri haqqında fəxrlə danışır və bu yolla getdikcə maliyyə imkanlarının qaydaya düşəcəyinə inandıqlarını bildirirlər. Bu cəmiyyətdə günahsızlığın və əxlaqsızlığın qanuniliyini səlahiyyət, hüquq və ixtiyar kimi anlayışlarla rəsmiləşdirirlər. İqtisadiyyatdan fərqli olaraq mənəviyyatda Hollandiya və Danimarka sindromunun yaranması heç də təsadüfi və səhvin nəticəsi olmaması və bütövlükdə dünyanın bu problemə qarşı münasibətdə birmənalı məhkumedici mövqe tutmaması gələcəkdə həmin böhranla rastlaşacaq dövlətlərin sayının artacağı ehtimalını gücləndirir. Bədnam sindromun simptomları zaman-zaman ölkəmizdə də özünü açıq şəkildə büruzə verir. Əgər bir az diqqət etsək görərik ki, dövlət daxilində iqtisadiyyatın Hollandiya sindromuna məruz qalmaması üçün mütəxəssislərdən tutmuş hakimiyyətə qədər hamı əvvəlcədən xəbərdaredici fikirlər söyləyir. Çıxış yolları göstərir və ən əsası isə hakimiyyət səviyyəsində bu istiqamətdə qabaqlayıcı bir çox tədbirlərə əl atılır. Və təbii ki, uğurlar da əldə edilir. Bəs mənəviyyatda Hollandiya və Danimarka sindromuna qarşı münasibət ölkə daxilində hansı səviyyədədir? Bu xoşagəlməz müqayisə ölkəmizdə artıq mənəvi dəyərlərin qorunmasına biganəliyin təhlükəli həddə olmasına sübut deyilmi? Deyəsən hələ də başa düşülmür ki, mənəviyyatda Hollandiya və Danimarka sindromunun bir xəstəlik kimi keçicilik və yayılma imkanları çox olduğu qədər, fəlakət miqyası da cəmiyyət və dövlət üçün iqtisadi böhran anlamından qat-qat böyük və təhlükəlidir. Çox maraqlıdır, Azərbaycan hakimiyyəti mənəvi dəyərlərimizin qorunmasında və bu dəyərləri təhqir edənlərə qarşı münasibətdə öz məsuliyyətinin səviyyəsini dərk və etiraz edirmi? Fikrimcə, nə qədər acınacaqlı olsa da hakimiyyətdə təmsil olunan bəzi dairələrin mənəvi dəyərlərimizə olan ikili münasibəti səbəbindən, Azərbaycanın İslam dünyasının Danimarkası kimi tanınmasına çox gözəl zəmin yaranıb. Sonda Azərbaycan Fəzilət Partiyası adından mənəviyyatımıza, ərazi bütövlüyümüzə, təbii sərvətlərimizə və ümumilikdə dövlətimizə qarşı təhlükə mənbəyi olan sindromlarla mübarizə aparan agah və vətənpərvər insanlarla və təşkilatlarla həmrəy olduğumuzu bəyan edir və bu istiqamətdə əməkdaşlıq etməyə həmişə hazır olduğumuzu bildirirəm. |