Füruud-din
Ikinci bölümün izahina başlamazdan öncə qeyd etmək lazımdır ki, İslamın etiqadi prinsipləri insanın təfəkkür və düşüncələri ilə bağlıdır. Buna görə də ona inam ictihad şəklində olmalıdır. Lakin füruud-din isə çox geniş, hətta insan həyatının bütün xırdalıqlarını əhatə edəcək qədər əhatəlidir. Yəni bu məsələ fərdi-ictimai, yaxşı-pis, bir sözlə insanın doğum günündən başlayaraq ölüm gününə qədər olan böyük bir zaman kəsiyini əhatə edir. Bir çox hallarda hər insan bütün bu məsələlərdə ictihad iqtidarında olmur. Ona görə də ələm müctehiddən təqlid etməlidir. İslamda füruud-din coxşaxəli olmasına baxmayaraq, biz onun mühüm və hər an bizə lazım ola biləcək həyati hissələrinə nəzər salacağıq. Sonda yeri gəldikcə bəzilərinin qısa şərhini verəcəyik. Füruud-din aşağıdakılardır: Namaz, oruc, xüms, zəkat, həcc, cihad, əl-əmru bil-məruf, ən-nəhyu ənil-munkər, təvəlla (Allahın dostları ilə dost olmaq), təbərra (Allahın düşmənləri ilə düşmən olmaq). Qeyd etmək lazımdır ki, füruud-dinin yuxarıda qeyd olunan on bölümü və alqı-satqı, nikah, talaq, qisas, qanbahası və s. bir çox başqa məsələlər, “Tovzihil-məsail” kitablarında ətraflı bəhs edilmişdir. Amma cəmiyyət və İslam hakimiyyəti (üsuli-idarəsi), siyasət, iqtisadiyyat, ordu, hərbi qanunlar, qəzavət (hüquq, ədalət mühakiməsi), dövlət idarəçiliyi, azadlıq, mədəniyyət, tibb və s. bəzi məsələlər “Tovzihil-məsail” kitablarında bəhs edilmədiyi üçün burada ixtisarla izah edirik.
Cəmiyyət və İslam üsuli-idarəsi. Şübhəsiz ki, İslam dini ictimai həyatın ideallığı və cəmiyyətin səadəti üçün elmi, əxlaqi-mənəvi dəyərlərə əsaslanan xüsusi proqramlar nəzərdə tutmuşdur. Yarım əsr öncəyə qədər İslamın təklif etdiyi üsuli-idarə bir çox İslam ölkələrinin ictimai həyatında böyük rol oynayır və İslam sivilizasiyası lazımi şəkildə öz əksini tapırdı. İslam cəmiyyətin problemlərinin həllini öz üzərinə götürür və bu çətinlikləri aradan qaldırmağa zamin durur. Əgər bu və ya digər dövlət dəqiq şəkildə İslamın təklif etdiyi üsuli-idarə ilə idarə olunarsa, bu zaman dünya cənnətə dönər. Buradan belə bir sual meydana çıxır. Bu din nədir? Dünya ölkələrinin xoşbəxtliyini hansı şəkildə təmin edir? Bəşərin atom texnologiyasına yiyələndiyi, elmin yer kürəsindən xaric olduğu, raket və kosmik gəmilərin fəzaya göndərildiyi bir zamanda İslam cəmiyyəti idarə etmək qüdrətinə malikdirmi? İqtidarda olduğu təqdirdə dünyaya nə kimi faydalar verə biləcəkdir? Bütün bu suallara sonrakı səhifələrdə cavab veriləcəkdir.
Siyasət İslam, azadlıq, müştərək mənafelərin qorunması, ictimai ədalət, əmniyyət və həyatın başlıca məqsədlərini nəzərə almaqla yanaşı, ölkələr arasında dostluq, qardaşlıq, bütün millətlərin bərabər hüquqlara malik olma prinsiplərinə əsaslanan siyasi platforma təklif edir. Allah-taala Quranda buyurmuşdur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”(Maidə, 2). Digər bir ayədə isə tayfa və irgçiliyə əsaslanan nasionalist təlimləri rədd edərək üstünlüyün yalnız təqva əhlinə məxsus olmasını önə çəkir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır” (Hücurat, 13). Məsum İslam öndərləri öz dövlət sturukturlarını yüksək siyasi metodlara müvafiq şəkildə quraraq cəmiyyətdə ayrı-seçkiliyi, yoxsulluq, savadsızliq kimi problemləri aradan qaldırmış, ictimai asayiş, rifah və ilahi təqvanı onlara ərməğan gətirmişlər. İslam ictimai hüquqların qorunası naminə hər bir fərdin digərləri qarşısında məsuliyyət daşıdığını bildirmiş və: “Siz öz rəiyyətiniz qarşısında məsuliyyət daşıyırsınız” və ya “Müsəlman ölkəsində digərlərinin işlərinə əhəmiyyət verməyən və onların qarşısında məsuliyyət daşıdığına sübhə ilə yanaşan kimsə müsəlman deyildir” – deyə buyurmuşdur. Deməli, İslam cəmiyyətə qarşı biganəliyin əleyhinə çıxaraq “mənə nə”, “mən nə etməliyəm” fikirlərini qətiyyətlə rədd etmişdir.
İslam, diktatorluğa qarşı İslam dini, zülmün qarşısını almaq məqsədilə irsi hakimiyyəti, monarxiyanı, mütləqiyyəti və təkpartiyalı dövlət tipini rədd edərək İslam dövlətinin müqəddəratını (qeyri-məsumlara nisbətdə) çoxluğun rəyinə həvalə edir. Məsum imamlardan (ə) sonra dini baxımdan yeganə legitim rəhbərlik olan fəqihlər şurasının seçilməsində hər bir vətəndaş səs vermək hüququna malikdir və seçilmiş hər bir fəqih lazımi şərtlər mövcud olduğu zamana qədər həmin şurada təmsil olunur. Əks təqdirdə lazımi şərtlərə malik digər bir fəqihin seçilməsi ilə əvəz olunur. Bundan başqa, hər bir vətəndaş parlament seçkilərində iştirak etməkdə azaddır. Parlament İslam qanunları çərçivəsində fəaliyyət göstərməlidir. Bu qanunları, ədalətli və bilici fəqihlər İslamın ilkin qaynaqlarına (Quran, məsumlarım sünnəsi, ağıl və icma) müvafiq şəkildə işləyib hazırlamalıdırlar. Parlament bu qanunları real nümunələrinə tətbiq edir və qanunun əlavə çıxarışlarını icraedici orqanlara, İslam dövlətinin məsul şəxslərinə çatdırır. Onlar da öz növbələrində cəmiyyətdə ədalətin, əmniyyətin, rifahın qorunması namınə o qaninların icrası ilə məşğul olurlar. Başqa sözlə desək, parlament (dini məsələlərdə) heç bir şəkildə qanunverici hüquqa malik deyil. Cünki Məhəmmədin (s) halal etdikləri qiyamətə qədər halal, haram etdikləri isə qiyamətə qədər haramdır. İslam dövlətində parlamentin vəzifəsi yalnız qanunların icra edilməsinin ən yaxşı üsulunu arayıb tapmaqdır. Məsələn, İslam ticarətin sərbəst olduğunu buyurduğu bir halda parlament xalqı bu haqdan məhrum edə bilməz. Bəli şəriətin müəyyənləşdirmədiyi məsələlərdə - məsələn, nəqliyyat vasitələrinin yolun sağı və ya solu ilə getməsində - parlament, nəqliyyat vasitələrinin ən yaxşı hərəkət yolunu seçmək hüququna malikdir. Bu növ qanunlar parlamentdə hazırlanaraq qəbul edildikdən sonra İslam dövləti onların həyata keçirilməsi üçün dini baxımdan düzgün hesab edilən bütün mümkün yollardan istifadə etməli və əhalinin mədəni səviyyəsinin, rifahının yüksəlməsi üçün əlindən gələni etməlidir.
İslam və ictimai soğorta İslamın ictimai soğortası insanların qəlbində kök salan arzulardandır. Belə ki, İslam bütün insani, əxlaqi cəhətləri nəzərə alaraq bu məsələyə aydınlıq gətirmişdir. İstər İslamdan öncə, istərərsə də İslamdan sonra meydana gələn siyasi cərəyanlar elmi-hüquqi inkişaf prosesini keçməmələrinə baxmayaraq, İslam dininin qarşıya qoyduğu sığorta sistemi kimi geniş və kamil soğorta sistemi təklif edə bilməmişdir.
İslam ictimai soğortasından nümunələr. I nümunə İslamda - Peyğəmbər (s) və məsum imamların (ə) sünnəsində (buyuruqlarına, həyat tərzlərinə və təsdiqedici davranışlarına) ictimai soğorta qanunları diqiq şəkildə əks olunmuşdur. 1- Əgər bir şəxs dünyadan köçüb özündən sonra var-dövlət irs qoyarsa, bu irsin hamısı müəyyən şərtlərlə onun varisinə çatır. Varis ona çatdığı irs üçün heç bir orqana vergi ödəmir. Bir halda ki, həm cahiliyyət dövründə və həm də müasir dünyamızda irsə vergi təyin edilmişdir. 2- Borclu olan bir şəxs dünyadan köçdükdə və ya ailəsində yoxsul və aztəminatlı şəxslər olduqda, İslam dövləti onun borcunu ödəyir və ailənin təminatını öz öhdəsinə alır. Bu qanun da dünyanın heç bir yerində tətbiq edilmir. 3- Yuxarıda qeyd edilən hər iki hal ümumi budcədən (beytul-mal), kimsəsizlərin tələbatını ödənilməsi üçün ayrılmış pulla təyin edilir.
II nümunə Əli ibn İbrahim Qumi öz təfsir əsərində Peyğəmbərin (s) belə buyurduğunu qeyd edir: “Borc sahibi borclunu (borcunu qaytara bilmədikdə) İslam dövləti hakiminin yanına aparmalıdır”. İmam Sadiq (ə) bu hədisi Peyğəmbərdən (s) nəql etdikdən sonra əlavə edərək buyurur: “Əksər yəhudilərin müsəlmanşılığı qəbul etməsinə səbəb İslam peyğəmbərinin (s) bu hədisi idi”.
III nümunə Şeyx Müfid “Məcalis” kitabında öz sənədi ilə İmam Sadiqdən (ə) belə nəql edir: “Əgər bir şəxs digərinə borc verərsə, borclu olan şəxs bu borcu qaytara bilmirsə və onu haram yolda xərcləməyibsə, borc sahibi borclu olan şəxsə onun imkan tapacağına qədər möhlət verməlidir. Bu baş tutmadıqda adil imam onun borcunu ödəməlidir”. Bu, Peyğəmbərin (s) buyurduğu digər hədisə əsaslanınr: “Borc sahibi borclunu (borcunu qaytara bilmədikdə) İslam dövləti hakiminin yanına aparmalıdır”. Bu zaman İmam Sadiq (ə) əlavə edərək buyurdu: “Peyğəmbərin (s) üzərində olan öhdəliklər eynilə müsəlmanların imamına da aiddir”.
IV nümunə Şeyx Hürr Amili “Vəsailüş- şiə” kitabında belə nəql edir: “Bir gün Əmirəlmöminin Əli (ə) Kufə küçələrində yol gedərkən gözü bir dilənçiyə sataşdı. Həzrət (ə) gördüyü səhnədən çox narahat olub ətrafda olan şəxslərə buyurdu: Bu nə vəziyyətdir? (Bu sözü, İslam dövlətində yoxsul, dilənçi şəxslərə kömək edilmədiyi üçün buyururdu). Ətrafdakılar: “O, məsihidir. Artıq qocalmış, əmək qabiliyyətini itirmiş və aztəminatlı olduğu üçün dilənçiliyə başlamışdır – deyə cavab verdilər. Bunu eşidən İmam (ə) narahat olaraq buyurdu: “O, cavan olduğu zaman onun əmək qabiliyyətindən istifadə etdilər. Lakin qocalıb gücdən düşdüyü zaman onu himayəsiz qoyurlar?” Sonra o həzrət beytül-maldan bir miqdar pul ayıraraq onun ömrünün sonuna qədər izzətlə yaşaması üçün imkan yaratdı”. Bu hədisdə bir neçə məqam tam aydınlığı ilə özünü göstərməkdədir: 1-İslam dövlətində yoxsul olmamalıdır. Əgər belə olmasaydı Əmirəlmöminin (ə) bir dilənçi gördükdə təəccüblənməzdi. 2-Həzrət Əlinin (ə) həyat tərzindən məlum olduğu kimi İslam dövləti ölkədə yoxsulluqla mübarizə aparmalı və onun aradan qaldırılması istiqamətində müəyyən addımlar atmalıdır. 3- İslam təqaüd məsələsinin ən gözəl variantını təklif etmiş və onu ictimai sığortanın bir hissəsi kimi qiymətləndirmişdir. Lakin diqqət etmək lazımdır ki, bu təqaüd ehtiyaclı şəxslərə verilir.
V nümunə Şeyx Küleyni “Üsuli-kafi” kitabında öz sənədi ilə belə nəql edir: Cəməl döyüşündə Təlhə və Zübeyr məğlub olub geri qayıtdıqda bir hamilə qadın onları görüb qorxusundan bətnindəki uşağı saldı. Ana bətnindən düşmüş uşaq çabalayıb can tapşırdı. Çox keçmədi ki, uşağın anası da dünyasını dəyişdi. Səhabələri ilə birgə yoldan ötən Əmirəlmöminin (ə) cənazələri gördükdə ayaq saxladı. O həzrət (ə) qadın və uşaq haqqında, burada nə baş verdiyini ətrafdakılardan soruşdu. Orada olanlar bu qadının Cəməl döyüşçülərini görüb qorxudan can tapşırmasını bildirdilər. Həzrət (ə) soruşdu: Onların hansı dünyasını tez dəyişdi? Ətrafdakılar əvvəl uşağın sonra isə ananın öldüyünü bildirdilər. Həzrət Əli (ə) o qadının ərini çağırtdırıb ona övladının qan bahasının üçdə ikisini verdi və üçdə birini isə anası üçün nəzərdə tutdu. Sonra ananın payına düşən hissəni iki yerə bölüb bir hissəsini ərinə, ikinci hissəni isə onun varisinə verdi (Bu uşağın irsi idi. Hansı ki, o həzrət onun varisləri arasında böldü). Sonra o həzrət qadının qanbahasının yarısı olan 2500 dirhəm məbləğində pulu onun ərinə irs kimi təqdim etdi. Qanbahasının ikinci yarısı olan 2500 dirhəm məbləğində pulu qadının digər varislərinə verdi. Həzrət irsi bu şəkildə bölməsinə səbəb qadının başqa uşağı olmaması idi. Hədisi nəql edən rəvayətçi bu hadisəni qeyd etdikdən sonra deyir: İmam Əli (ə) bütün bu qanbahasını Bəsrə beytül-malından ödədi. Müsəlmanların beytül-malında olan pullar aztəminatlı şəxslərin problemlərinin həlli və hüquqlarının ödənilməsi yolunda sərf edilir. Bu, İslam dininin insan hüquqlarının tapdalanmasının qarşısını alması ilə əlaqədardır.
İqtisad İslamın iqtisadi sistemi, İslam qanunlarının azad şəkildə qurulması, ictimai və fərdi ədalət, cəmiyyətdə təbəqələşmə probleminin həlli, etiqadi prinsiplərə əsaslanan iqtisadi əlaqələr və etik normalara müvafiq şəkildə tənzimlənmişdir. İdeal iqtisadi konsepsiyanı dünyaya təklif edən İslam, kapitalizmə hakim olan hər növ (haram yolla) varlanmanı, sosializimin pozduğu fərdi azadlığı və insanların iqtisadi hüquqlarının tapdanmasını məhkum edir. İslam, fiziki və hüquqi şəxslərə hörmətlə yanaşır, halal və qanuni yolla əldə edilən mülkiyyəti dini vergiləri ödəmək şərti ilə qəbul edir. Buna görə də İslamın iqtisadi konsepsiyasının etiqadi prinsiplərə və etik normalara müvafiq şəkildə tənzimlənməsi üçün, hər kəs öz dini vergilər proqramını özü qurmalı və həmin vergiləri İslam hakimi və ya onun nümayəndələrinə çatdırmalıdır. İslamda nəzərdə tutulmuş vergilərə qısa nəzər salaq:
Dörd İslam vergisi 1- Xüms: Müsəlman olan şəxs ailəsinin illik xərclərini ödədikdən sonra yerdə qalan qazancının 20%-ni İslam hakiminə verir. Bundan başqa insan mədən, sudan əldə edilən cəvahirat, xəzinə, harama qarışmış halal mal, müharibə qənimətləri və fiqh kitablarında qeyd edilən bəzi şeylərin də 20% -ni “xüms” olaraq verməlidir. 2- Zəkat: 9 şeyin zəkatı vacib olur: 1) Buğda; 2) arpa; 3) xurma; 4) kişmiş; 5) qızıl; 6) gümüş; 7) dəvə; 8) inək; 9) qoyun. Əgər buğda, arpa, kişmiş, təqribən 847 kq-a çatsa, qoyulmuş sərmayə götürüldükdən sonra yerdə qalan məhsul, əgər çay və yağış suyu ilə sulanıbdırsa, 10%-i, əl ilə suvarıldıqda, 5%-i, yox əgər hər ikisindən istifadə edilibsə, 7,5%-i zəkat olaraq ödənilməlidir. Qızıl sikkənin çəkisi 15 misqal, gümüş 105 misqal olduqda 2,5%-i zəkat verməlidir. Dəvə, inək, qoyun, müəyyən edilmiş həddə çatdıqda onların zəkatını vermək vacib olur. 3- Xərac: Müsəlmanların döyüş zamanı kafirlərdən aldıqları torpaqlarda təsərrüfat məhsullarının ya özu, ya da qiyməti məbləğində, - əkinçilərlə razılaşma yolu ilə - vergi alınır. 4- Cizyə: İslam ölkəsində əmniyyəti dövlət tərəfindən təmin olunan dini azlıqların xüms və zəkat əvəzinə ödədikləri vergi. Qeyd etmək lazımdır ki, İslam dövlətinin bu dörd vergidən başqa heç bir vergi tətbiq etmək hüququ yoxdur.
İslamda beytül-mal İslam dinində aztəminatlı ailələri himayə etmək məqsədi ilə, “Beytül-mal” adlanan bir büdcə təsis edilmişdir. Cəmiyyətdə yaşayan əmək qabiliyyətini itirmiş, xəstə, əlil, başsız, yetim və s. şəxslər bu budcədən təmin edilir. Bundan başqa, “Beytül-mal”, ölkədə abadlıq işlərinin aparılması və cəmiyyətin inkişafına səbəb olacaq hər hansı bir şəraitin yaradılması istiqamətində sərf edilir. Bu yolla təsərrüfat və sənayinin inkişafı üçün fabrik və zavodlar tikilir, vətandaşların mədəni səviyyəsinin yüksəlməsi, İslam maarifinin geniş təbliği, ölkədaxili səhiyyədə ciddi addımların atılması və səhiyyə avadanlıqlarının hazırlanması, iqtisadi problemlərin həlli, nikah, ticarət etmək üçün sərmayə, iş yerləinin yaradılması, mənzil, dərman, səfər etmə imkanlarının yaradılması, yolda qalmış qərib şəxsləri vətəninə çatdırmaq, təhsil almağa kömək və yüzlərlə digər məsələlər “Beytül-mal”ın öhdəsinə düşür və aztəminatlı fərd, yaxud ailələr birbaşa bu orqanda fəaliyyət göstərən məsul işçilərə müraciət edərək öz problemlərini həll edirlər. “Beytül-mal” və digər İslam dövləti budcəsi yuxarıda qeyd etdiyimiz vergilər vasitəsi ilə təmin edilir. Irad edilə bilər ki, yuxarıda qeyd edilən vergilər İslam dövlətinin bütün bu adı çəkilənlərin icrası üçün kifayət deyil. Buna cavab olaraq İmam Sadiqin (ə) bir hədisini xatırlatmaq yerinə düşərdi: “Əgər İslam vergilərinin bu miqdarı kifayət qədər olmasaydı Allah bundan artığını təyin edərdi”. Digər tərəfdən, İslam dövlətində lazımınca işçi qüvvəsi işə götürülür, heç bir faydası olmayan idarələr bağlanır və dövlətin əksər işlərin xalq azad şəkildə özəl sərmayə qoyuluşu yolu ilə həyata keçirir. Nəticədə İslam dövlətinin xərcləri azalır, dövlətin ümumi gəliri çoxalaraq İslam qanunlarına müvafiq şəkildə fəaliyyət göstərən özəl və dövlət bankları da idarə edilir, iqtisadi mexanizm işə düşür. İslam dövlətində, banklarda heç bir şəkildə sələm olmur, lakin əvəzsiz olaraq kredit verilir. Bankların büdcəsi yalnız qanuni gəlirlərlə, məsələn, bankların ticarətçi, əkinçi və sənətkarlarla formal deyil həqiqi “müzaribəsi”, qəbzlərin alışı və ödənişi, “rəhn”, mövcud sərmayə ilə ticarət, sənəd və müddətli çeklərin alqısı və s. təmin edilir və işçi heyətinin məvacibi ödənilir. Bəzən qarşıya çıxan problemlər “Beytül-mal” vasitəsi ilə həll edilir.
Ordu və hərbi qanunlar İslam dinində ordu və hərbi qanunlara böyük yer verilmişdir. İslam dinində əsgəri xidmət icbari deyil. Əksinə, bu, fərdin öz ixtiyarına qoyulur. Lakin bəzi hallarda fəqih və müctehidlərin fətvası ilə müstəsna hal ala bilər. Buna görə də, İslam dövlətinin müvafiq orqanları şəhər ətrafında hərbi hissələr təsis edərək müxtəlif müasir silahlarla təchiz etməli və istirahət günlərində - məsələn bazar günü - heç bir güc tətbiq edilmədən xalqı hərbi təlim görməyə dəvət etməli, döyüş sirlərini asan yolla öyrətməlidir. Belə olduqda orduya sərf olunan ağır büdcə dövlətin öhdəsindən götürülür və digər tərəfdən camaat səmimi ailə mühitindən ayrılmır, qazanc, təhsil və s. ictimai fəaliyyətlərə şərait yaranır. İslam düşmən hücumlarından müdafiə olunmaq üçün döyüş təchizatlarının hazırlanmasını zəruri hesab edir. Qurani-kərim bu haqda buyurur: “(Ey mö’minlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!” (Ənfal, 60). Əlbəttə, İslam sülh və qardaşlıq dinidir, buna görə də yersiz qan tökülməsinə qarşı çıxır. Qurani-kərim bu haqda buyurur: “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin aşkar düşməninizdir!” (Bəqərə, 208). İslam heç bir halda təcavüzkarlığı dəstəkləmir. İstər ölkə daxilində, istərsə də ölkə xaricində sülhü himayə edir. Onunla dostluq, sülh müqavilələri imzalamaq istəyən dövləti səmimi qəbul edir. Belə ki, Qurani-kərimdə buyurulur: “Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!” (Ənfal, 61).
İctimai pozğunluqlar. İslam, ictimai asayişin qorunması və insanların xoşbəxt gələcəyi haqqında əsaslı tədbir görmüşdür. Cəmiyyətin fəsad və cinayətlərdən uzaqlaşması və bu problemlərin yaranmasına səbəb olan yoxsulluq, aclıq, savadsızlıq, mədəniyyətsizlik, cinsi pozğunluqlar və s. kimi faktlara qarşı mübarizəyə qalxır və ölkədə iş yerlərinin açılışı və işsiz kütlənin işə cəlb edib səadətə qovuşmasına şərait yaradır. Dinimiz ölkədə spirtli içkilərin alqı-satqısını qadağan etmək, idman, əyləncə və sağlamlıq kompleksləri təsis etmək, cavanların narkotik maddələrə qurşanmasının və tüfeyliliyin qarşısını almaq kimi addımlar atır. Bundan başqa, cavanların – oğlan və qızların - normal tərbiyə ilə böyüməsi, xüsusilə qadınların iffətli olub, hicaba riayət etmələri, cəmiyyətə müsbət təsir göstərmək üçun dini-əxlaqi kursların təşkil olunması gənclərin xoşbəxt həyat sürüb səadətə qovuşmalarına təkan verir. Bu, şəraitin yaradılması bir çox ruhi iztirabların qarşısını almaqla yanaşı etik normaların süqutunun qarşısını alır, kin, bədbinlik, düşmənçilik və intiqam hissnin kökünü kəsir, əvəzində isə “əfv” (bağışlamaq) adlı bir dəyər hədiyyə edir. Dinimiz, iqtisadi və ictimai problemləri “Beytül-mal” vasitəsi ilə həll edir. Əlbəttə, tarix dediklərimizin canlı şahididir. Dünyanın yarısını əhatə edən İslam dövlətinin dörd əsr davam etməsinə baxmayaraq altı nəfərdən cox adam oğurluq ittihamı ilə cəzalandırılmadı İslam qanunlarının daha bir üstün cəhəti isə cəzanın tez və qısa bir zamanda icra edilməsidir. Buna görə də İslam dövlətində insanı əmək fəaliyyətdən uzaqlaşdıran qanunlara heç bir şəkildə yer verilmir. Müasir dövrdə cinayət hesab edilən bir çox əməllərə İslam dininə görə heç bir cəza tətbiq edilmir. Deməli, bu gün İslam dünyasında mövcud olan çoxsaylı islah əmək müəssisələrinə ehtiyac duyulmur. Bu proses yalnız fiqhdə nəzərdə tutulan cəzaların icra edilməsi və tez bir zamanda sona yetməsi ilə yekunlaşır. Əlbəttə, İslam dinində – borcunu ödəyə bilməyən şəxsin borc sahibinə verdiyi sözə əməl etməməsi və s. - bəzi cinayətlər vardır ki, onlar üçün həbs qəti imkan tədbiri nəzərdə tutulmuşdur.
Qəzavət (hüquqi mühakimə) və ədalətsevərlik Ən kamil məhəkəmə sistemi müsəlmanların ixtiyarındadır. Belə ki, heç bir cinayət işi açılmadan cinayətçi hakimə muraciət edir və tez bir zamanda hökm çıxarılır. Buna görə də hakim, kişi, adalətli, hüquqşünas olmalı, yersiz xərclərə yol vermədən irəli sürülmüş iddialar üzərində tədqiqat aparmalı və ədalətlə hökm çıxarmalıdır. İslam hakimiyyəti dönəmində, ən böyük şəhərlərin məhkəmə sistemini yalnız bir hakim idarə edir və bu gün dünya məhkəmə sisteminin qarşılaşdığı heç bir problemlə üzləşmirdi.
Azadlıq İslam dini insanlara azadlığın ən gözəl variantını bəxş etmişdir. Belə ki, bu gün zahirdə sivilizasiya və demokratiyadan dəm vuran ölkələr onu təsəvvürünə belə gətirə bilməmişdir. Xalqı köləlik və xurafatdan uzaqlaşdıran İslam dini onlara əqidə, təfəkkür və söz azadlığı bəxş etdi. Lakin unutmaq lazım deyil ki, bu əqidə və fikirlər cəmiyyətə mənfi təsir göstərəcək şəkildə olmamalıdır. İslam dininin himayə etdiyi azadlıqlara qısaca nəzər salaq:
Ticarət sərbəstliyi Hər bir şəxs istədiyi ticarət işini sərbəst şəkildə seçıb və onu həyata keçirə bilər, yaxud hec bir gömruk məhdudiyyəti olmadan lazımi malların idxal və ixracı ilə məşğul ola bilər. İslam yalnız şəri baxımdan haram malların alqı-satqısını, idxal və ixracını qadağan etmişdir. Haram olan alverlər sırasına spirtli içkilərin alqı-satqısı, qumar alətlərinin istehsal və satışı və s. daxildir. Bundan başqa, İslam dini sələmçiliyi və qara bazar yaratmağı də qadağan etmişdir. Çünki sələmçilik, qarşı tərəfin qazancını əlindən alır, onu müflisləşdirir, qara bazar yaratmaq isə cəmiyyətə lazım olan malların anbarlarda qalmasına və qıtlığın, bahalığın yaranmasına gətirib çıxarır.
Təsərrüfat sərbəstliyi Hər bir şəxs yaşadıığı ölkədə, təsərrüfat işləri üçün su, hava və torpaqdan lazımi qədər istifadə edə bilər. “Hər kəs yararsız torpağı abadlaşdırsa, onun sahibi olur”. Əlbəttə, torpağı abadlaşdırmaq məsələsi digərlərinin hüquqlarının tapdanmasına və ya orada tütün və s. narkotik bitkilər əkilməsi şəklində olmamalıdır. Buna görə də İslam dinində bu gün Şərqdə və Qərbdə müzakirə edilən “torpaq islahatı” adlı heç bir proqram yoxdur.
Abadlaşdırma sərbəstliyi İslam dinində hər hansı bir şəxs digərlərinin hüquqlarını tapdamadan istədiyi şəkildə torpağı abadlaşdırıb orada ev, mağaza, zavod, məscid, hüseyniyyə, məktəb, xəstəxana və s. tikə bilər. Bundan başqa, İslam dövlətində istifadə edilən yer və tikilən binalar üçün heç bir vergi ödənilmir
Əmək və istehsal sərbəstliyi Hər bir şəxs, haram malları çıxmaq şərti ilə, heç bir vergi ödəmədən istədiyi sənaye mallarını istehsal edə bilər. Bundan başqa, hər bir müsəlman ovçuluq, balıqçılıq, mədən qazıntısı və digər halal işlərlə məşğul olmaqda azaddır və İslam dövlətinin heç bir şəkildə bunun qarşısını almaq hüququ yoxdur.
Məskunlaşma və səfər səbrbəstliyi. Hər hansı bir ölkəyə gediş-gəliş, vətən, məskən seçimi vətandaşların şəxsi istəyindən asılıdır. Dil, irq məsələsinə əhəmiyyət verməyən İslam, pasport, viza və digər şəxsiyyət vərəqələrinin mövcudluğunu yersiz hesab edir. Hal-hazırda Avropa ölkələrində də bu problemin aradan qaldırılması üçün bəzi addımlar atılmışdır.
Ictimai-siyasi sərbəstlik. Din hökmləri çərçivəsində hər növ siyasi-ictimai fəaliyyət azad hesab edilir. Yalnız hər hansı bir zümrəyə məxsus olmayan bu sərbəstlikdən hər bir vətəndaş yararlana bilər və heç bir orqan bu növ fəaliyyətlərə mane olmaq hüququna malik deyil. Buna görə də İslam ölkəsində heç bir kəşfiyyat, təhlükəsizlik idarələrinə ehtiyac duyulmur. Əlbəttə, İslam düşmənlərinin hücumlarından amanda qalmaq üçün ölkə xaricində kəşfiyyat orqanlarının olması zəruridir. Belə ki, İslam dini ictimai-siyasi fəaliyyətin sərbəstliyinə, söz, fikir, qələm azadlığına, siyasi partiyaların yaranmasına, ianələrin toplanmasına, qəzet, jurnal, radio, televiziya və s. kimi informasiya vasitələrinin iş prosesinə imkan yaradır. Bundan başqa, ölülərin basdırılmasında, bir şəhərdən digər şəhərə köçməkdə sərbəst olmaqla yanaşı və dövlət tərəfindən hansısa sənədin təqdim edilməsinə heç bir ehtiyac yoxdur. Belə olduğu halda xalq, dövlət bu tipli idarələrin sənədləşdirmələrindən amanda qalacaq və onlara xərclənən yersiz xərclər ölkənin mədəniyyət və rifahinin yaxşılaşmasına böyük təkan verəcəkdir.
Mədəniyyət İslam dövlətinin vəzifələrindən biri də ölkədə mədəniyyətin inkişaf etdirilməsidir. İslam hər bir müsəlman fərdin elm öyrənməyini vacib hesab etmiş və İslam dövlətini insanların maariflənməsi üçün lazimi şəraitin yaranmasına sövq etmişdir. Sual oluna bilər ki, İslamın savadsızlığa qarşı apardığı mübarizə və elm öyrənməyə, maarifləşməyə verdiyi hədsiz əhəmiyyətə baxmayaraq, nə üçün müsəlmanlar bu məsələdə geri qalmış və inkişaf etməmişlər? Tarixə nəzər saldıqda, müsəlmanların geridə qalmasınının səbəbinin əsl İslam qanunlarına əməl etməmələri olduğunun şahidi oluruq. Belə ki, onlar maddi ləzzətlərə qərq olaraq elm baxımından tənəzzülə uğramış və öz mədəniyyətlərini unutmağa başlamışlar. Lakin qeyd etdiyimiz bu tənəzzüldən öncəki dövrlərdə tarixçilərin və qərb tədqiqatçılarının etirafına görə İslam mədəniyyəti hər yerə hakim kəsilmişdi. O zamankı şəraitlə hazırki inkişafı müqayisə etsək görərik ki, o zaman İslam dövlətlərində təsis edilən məktəblər, kitabxanalar, böyük elmi nailiyyətlər əldə edən elm xadimləri indikilərə nisbətdə qat-qat üstün olmuşlar. Əgər müsəlmanlar yenə də əsl İslam mədəniyyətinə diqqət yetirsələr, keçmiş əzəmətlərini yenidən əldə edə bilərlər. Bəli, bu gün də universitet və məktəblərin təsis edilməsi, kütləvi informasiya vasitələrinin geniş fəaliyyəti, kino, teatr və eləcə də müasir rabitə vasitələri, o cümlədən internet və s. kimi yeniliklərdən geniş istifadə ümumi kütlənin mədəni səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.
Səhiyyə Sağlamlıq, səhiyyə və ətraf mühitin qorunması İslam dininin ciddi şəkildə diqqət yetirdiyi məsələlərdəndır. İslam öz səhiyyə sistemini üç yolla reallaşdırmışdır: 1. Spirtli içkilər, zina, ləvat, musiqi və qumar alətlərinin qarşısının alınması yolu ilə. Belə ki, sözügedən vasitələr həm insanların müxtəlif xəstəliklərə yoluxmasına, həm də bütövlükdə cəmiyyətin sağlamlığına ciddi zərbə vurur. İslam, yuxarıda qeyd olunanların hamısını haram etmış və cəmiyyətin tibbi sağlamlığı üçün müsbət təkliflər irəli sürmüşdür. Buna misal olaraq fərdi və ictimai təmizlik, hamama getmək, həcamət etdirmək, yağla masaj etdirmək, sürmə çəkmək, dişləri fırçalamaq, bədənin artıq tüklərinin (vaxtlı-vaxtında) təmizləmək, ailə qurmaq, oruc tutmaq, bir sıra tibbi göstərişlər, yemək-içmək qaydaları və s. göstərmək olar. 2. Insanların yoluxduğu xəstəliklərdən yaxa qurtarmaq üçün dərmanların asanlıqla əldə edilməsi. Belə ki, “Tibbun-Nəbi”, “Tibbus-Sadiq”, “Tibbur-Rza” və “Tibbul-əimmə” kitablarında əksər xəstəliklərin müalicə üsulları qeyd edilmişdir. Bundan başqa, İslam tibbin düzgün şəkildə inkişafını praktiki olaraq dəstəkləyir. 3. Din və qanuna görə, həkim xəstələrə verdiyi dərmanlara zamindir. Yəni həkimin hər hansı bir səhvi onun məsuliyyətə cəlb edilməsinə gətirib çıxarır. Həkim ona görə “təbib” adlandırır ki, xəstənin xəstəliyini kiçik və xətərsiz olduğunu təlqin etməklə onun rühiyyəsini yüksəltsin. Buna görə də həkimlər xoşəxlaq və şirindil olmalıdırlar. İslam, cəmiyyətdə ümumi səhiyyənin təmin olunmasına bu şəkildə çalışmışdır. Lakin, təəssüflər olsun ki, günümüzdə tibb texnologiyasının sürətlə inkişaf etməsinə baxmayaraq cəmiyyətin ümumi səhiyyəsinin təmin edilməsində acizdir. Belə ki, hər gün ailələrdə müxtəlif xəstəliklərə yoluxmuş şəxsləri müşahidə edirik. Əgər klassik İslam tibbi ilə bü gün inkişaf etmiş səhiyyəni cəmiyyətdə tətbiq etsək, demək olar ki, bütün xəstəliklərin qarşısı tez bir zamanda alınar.
Ailə İslam kişi və qadınların təbii tələbatları olan izdivac məsələsini diqqət mərkəzində saxlayaraq buyurur: “İslam dinində izdivac qədər sevimli bir şey yoxdur”. O, bu ictimai aktın həyata keçməsi üçün bir çox tədbirlər görmüş, hətta ailə qurmağın dinin yarısının qorunmasında böyük rol oynadığını bildirmişdir: “Ailə qurmaq dinin yarısıdır”. İnsanlar cinsi tələbatlarının baş qaldırdığı ilkin çağlardan başlayaraq evlənmə hüququna malikdirlər. Belə ki, qızlar doqquz yaşları, oğlanlar isə on beş yaşları tamam olduqda ailə qura bilərlər. Əlbəttə, İslam hər iki tərəfin bir-birinə tay olması məsələsini də nəzərdən qaçırmamışdır. Ailə qurmaqla hər bir müsəlman kişi və qadın cinsi tələbatını təmin edir və pozğunluq fırtınasaından amanda qalır. İslam, qadın və kişilərin bir-birlərinə qarışmamaları üçün hicab məsələsini təklif etmişdir. Təbii ki, bu vasitə ilə ictimai pozğunluqlar azalacaq, ailə möhkəmlənəcək və ər-arvad arasında səmimiyyət, məhəbbət yaranacaqdır. Hər iki tərəf, istər ailə daxilində, istərsə də ailə xaricində etiqadi və etik normalara müvafiq şəkildə davranmalıdırlar. Belə ki, qadın ailənin daxili işləri ilə, kişi isə evdən xaricdə, gündəlik iqtisadi tələbatla məşğul olur. Ailəyə hakim kəsilən belə bir sağlam mühit gələcək nəslin sağlam tərbiyə olunmasına kömək edir. Əlbəttə, İslam dini qadının iffət və müqəddəs analıq maqamına zərbə endirməyən heç bir əmək fəaliyyəti ilə müxalif deyil. Bundan başqa, İslam qadınların elm öyrənmələrini də zəruri hesab edir. Xatıtlatmaq lazımdır ki, Qərb sosioloq və psixoloqları ailənin sağlam şəkildə idarə edilməsi, məhəbbətin, səmimiyətin qorunması və övladların sağlam tərbiyə edilməsinin ən yaxşı yolunu İslamın təklif etdiyi prinsiplərdə görmüşlər.
İslam və beynəlxalq aləmin idarəsi. Öncə qeyd etdiyimiz kimi, İslam dininin qarşıya qoyduğu, həyatın bütün sahələrini əhatə edən konsepsiyalar cəmiyətin idarəsi üçün ən doğru variantdır. Böyük keyfiyyətlərə malik olan İslam dini, bügünkü dövlət tipləri ilə müqayisə olunmayacaq dərəcədə kamildir. İslamın qarşıya qoyduğu konsepsiyalar Allaha etiqadla yanaşı, cəmiyyətdə bütün sahələrdə ekvivalentliyi qorumuş və insanların mövcud şəraitdən eyni dərəcədə istifadə etməyə şərait yaratmışdır. Belə bir əhatəli konsepsiyanı dünyaya təqdim etmək üçün insan zəkası çox acizdir. İslamın qarşıya qoyduğu konsepsiyada mənəviyyat və insanlıq şuası bütün sahələri əhatə edir və bununla da planetimizin əsaslı problemlərindən olan ruhi iztirablar, narahatlıqlar öz həllini tapır. İslam cəmiyyətində özünə inam, məhəbbət, dostluq sayəsində insan həyatının bütün mənəvi və maddi yönləri öz əksini tapır. Tamamilə azad bir şəraitdə abadlıq işləri aparılaraq, sənaye, təsərrüfat, texnologiya, ticarət və iqtisadiyyat inkişaf edir. Əgər müsəlmanlar qəflət yuxusundan ayılıb gələcəkləri haqqında az da olsa düşünsələr, arzu etdikləri sağlam, ideal cəmiyyətə qovuşacaqlar. Bunun üçün sadəcə Qurani-kərimin, İslam peyğəmbərinin (s) və məsum imamların (ə) dövləti idarə etmə metodları həyata keçməlidir. Müsəlman ümmətinin hər bir üzvünün, ümumdünya, qlobal İslam dövlətinin yaranması üçün çalışması vacibdir. |