Rəis Rəsulzadə: «Məhəmməd Əmin Rəsulzadənin müxtəlif ölkələrdəki arxivləri tam araşdırılmayıb» “Mən bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Azərbaycanın bu günü, cümhuriyyətimizin 90 illiyinin qeyd edilməsi çox sevindiricidir. Amma unutmamalıyıq ki, Azərbaycan davası bu gün də davam edir. Bu gün də torpağımızın bütövlüyünə qarşı olanlar, ərazimizə göz dikənlər var. Biz azadlığımızı göz bəbəyimiz kimi qorumalı, təkrar yüksələn və dalğalanan bayrağımızı bir daha enməyə qoymamalıyıq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın əməkdar rəssamı, dosent, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyib. O bildirib ki, M.Ə.Rəsulzadənin müxtəlif arxivlərdəki irsi bütünlüklə Azərbaycana gətirilməyib:"Onun yaşadığı ölkələrin arxivlərində Məhəmməd Əmin Rəsulzadənin əlyazmaları, çıxışları, müxtəlif sənədləri qalmaqdadır. Fransada, Polşada, Almaniyada, Türkiyədə, Rusiyada olan bu arxiv sənədləri hələ bütünlüklə araşdırılmayıb. Bu baxımdan onun nəşr edilən kitabları, irsi tam mükəmməl deyil".
AZADLIQ RADiOSU |