Şenbe, 21.12.2024, 19:54
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 51
    Qonaq: 51
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    PEYĞƏMBƏR AĞLAYIBMI?

     

    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

    PEYĞƏMBƏR AĞLAYIBMI?

    Sonuncu imamımız həzrət Sahibəzzamanın (əc.) qeybdə olduğu uzun müddətli qeybəçəkilmə dövrü fitnə-fəsadların, dini etiqad və əməllərə yönəlmiş şübhələrin yayıması və bəşər tarixində indiyədək misli görünməmiş ilahi imtahanlar dövrüdür. Hədislərimizdə dövrünü yaşadığımız axırəzzaman dövrü çox qorxulu xüsusiyyətlərlə bəyan olunmuşdiur. Bəyan edilmişdir ki, bu dövrdə dində sabitqədəm qalanlar çox az olacaq, müsəlmanların əksəriyyəti və etiqadlı-imanlı insanlar öz yollarını azacaqlar.

    İmam Mehdinin (əc.) zühurundən əvvəlki axırəzzaman dövründə müsəlmanların üzləşəcəyi ən böyük fitnələrdən biri etiqdlara yönəlmiş şəkk-şübhələrdir. Bununla da iki qrup-hidayət olmuşlar və yolunu azmışlar şəffaf surətdə bir-birlərindən ayrılacaqlar.

    Buna əsasən, əziz möminlərə tövsiyə olunur ki, qarşılaşdıqları etiqadi və əməli şübhələri münasib yollarla araşdıraraq, öz imanlarını zühura kimi düzgün şəkildə qorusunlar.

    İndi isə, tarixçi alim, Əllamə Əskərinin müəllifi olduğu, çox təbii və insani bir iş olan dünyadan köçənlərə ağlamaq barədə olan məqaləni diqqətinizə çatdırırıq.

    1.Peyğəmbərin (s) Səd ibn Übadənin xəstələnməsinə ağlaması:

    Allahın Rəsulu (s) buyurdu: "Xəttab oğlu! Onlarla işin olmasın, çünki dərdləri təzə, gözləri yaşlı, canları müsibətə düçar olubdur" ("Müsnəd"i-Əhməd, 1/273, 408 və bu məzmuna yaxın, s. 333).

    Müslimin "Səhih" kitabında Əbdüllah ibn Ömərdən nəql olunan rəvayətdə o, deyir: - Səd ibn Übadə xəstələnmişdi, Allahın Rəsulu (s) ona baş çəkmək üçün Əbdürrəhman ibn Övf, Səd ibn Əbi Vəqqas, Əbdullah ibn Məsudla birlikdə onun görüşünə getdilər. Onun yatağına yaxınlaşdıqda bayıldığını gördülər (huşunu itirmişdi). Peyğəmbər (s) buyurdu: -O, dünyasını dəyişibdir? Dedilər: -Xeyr, ey Allahın Rəsulu (s). Peyğəmbər ağladı. Camaat onun bu halını görüb ağlamağa başladı. Buyurdu: -Eşitməyibsiniz ki, Allah ağlar göz sahibinə əzab verməz, həmçinin kədərlənmiş şəxsə də. Lakin buna görə – əli ilə dilinə işarə edib – əzab edəcək və ya bağışlayacaq" ("Səhih" Müslim, Kitabul-cənaiz, 636).

    2. Peyğəmbərin (s) öz övladı İbrahim üçün ağlaması

    "Səhih"-Buxari, "Səhih"-Müslim, "Sünən"i-ibn Davud və "Sünən"i ibn Macədə (bu kitablarda) Ənəs ibn Malikdən nəql olunan rəvayətdə o, deyir: - Allahın Rəsulu (s) ilə evə daxil olduq… İbrahim can verirdi. Peyğəmbərin (s) gözlərindən yaş axmağa başladı. Əbdürrəhman ibn Övf dedi: -Ey Allahın Rəsulu! Siz də…!?

    Peyğəmbər (s) buyurdu: "Ey Övfun oğlu. Bu bir rəhmətdir". Sonra əlavə etdi: "(Düz görürsən). Gözlər giryandır, qəlb də kədərli. Lakin, qətiyyən - Tanrını razı salacaq şeydən savayı bir söz dilimizə gətirmərik. Ey İbrahim, həqiqətən sənin ayrılığın bizi kədərləndirdi" ("Səhih"i Müslim, 4/1808; "Sünən"i-İbn Davud, 3/193; "Sünən"i-İbn Macə, 1/ 507; "Səhih"i-Buxari, 1/158).

    Bu rəvayət "Sünən"i-İbn Macədə belə yazılıb: -Ənəs ibn Malik deyir: - Elə ki, Allahın Rəsulunun (s) oğlu İbrahim canını tapşırdı, Peyğəmbər (s) orada olanlara dedi: "Onu hələ kəfənə bükməyin, qoyun (son dəfə olaraq) onunla görüşüm". Sonra onun balışına yaxınlaşıb, ona tərəf əyilərək ağladı ("Sünən"i ibn Macə, c 1, səh. 473, Cənaiz kitabı).

    "Sünən"i Tirmizidə belə nəql olunur: -Cabir ibn Əbdüllah deyir: -Peyğəmbər (s) Əbdürrəhman ibn Övfun əlindən tutub onunla birlikdə oğlu İbrahimin yastığına yaxınlaşdı. Canvermə halında olan uşağı qucağına alıb dizinin üstünə qoyaraq ağlamağa başladı. Əbdürrəhman ibn Övf dedi: -Siz ağlayırsınız? Məgər siz deyildinizmi bizi ağlamağa qoymayan?! Peyğəmbər (s) buyurdu: "Xeyr, mən iki dəstənin, günahkar axmaqların və səfehlərin ahu-fəğan və fəryad etməsindən çəkindirmişdim sizi. Çünki, onlar müsibət gördükdə, üzlərini və yaxalarını cırır, şeytani nalələr çəkirlər" ("Sünən"i Tirmizi, 4/ 226, "Cənaiz" kitabı).

    3. Peyğəmbərin (s) öz nəvəsi üçün ağlaması

    "Səhih"-Buxari, "Səhih"-Müslim, "Sünən"i-ibn Davud və "Sünən"i-Nisaidə rəvayət edirlər: Peyğəmbərin qızı o cənaba xəbər göndərdi ki, - Bizə gəlsin, oğlum əlimdən gedir. Peyğəmbər durub Səd ibn Übadə və əshabından bir neçə nəfərlə birlikdə onun evinə gəldilər. Tövşüyərək can verən halda olan uşağı o həzrətin yanına gətirdilər. Peyğəmbərin (s) gözlərindən yaş axmağa başladı. Səd dedi: Ey Allahın Rəsulu! Mən nələr görürəm!?

    O Cənab (s) buyurdu: "Bu, (ağlamaq) Allahın bəndələrin qəlbinə qoyduğu bir rəhmət və ütufətdir və Tanrı təkcə öz rəhmli, mehriban bəndələrinə rəhm edib bağışlayacaqdır" ("Səhih"i-Buxari, 4/3 və 191; "Səhih"i-Müslim, Kitabul-cənaiz, 2/ 636, 11-ci hədis; "Sünən"i ibn Davud, Kitabul-Cənaiz, 3/193, 3125-ci hədis; "Sünən"i-Nisai, 4/22; "Müsnəd"i-Əhməd, 5/204, 206 və 207).

    4. Peyğəmbərin (s) əmisi Həmzə üçün ağlaması:

    İbn Sədin "Təbəqat", Vaqidinin "Məğazi", Əhmədin "Müsnəd" və xüləfa məktəbinin digər kitablarında rəvayət olunur: - Allahın Rəsulu (s) Ühüd döyüşündən sonra Ənsara məxsus evlərdən öz şəhidlərinə çəkdikləri ah-nalə səslərini eşitdikdə gözləri yaşla doldu, ağlayaraq buyurdu: "Amma Həmzəyə ağlayan bir kimsə yoxdur!" Səd ibn Məaz bu sözü eşitcək bəni Əbdül-əşhəl qəbiləsi qadınlarının yanına gedib onları (Peyğəmbərin yanına, ona başsağlığı vermək və Həmzəyə ağı demək üçün) dəvət etdi. Peyğəmbər (s) onlara dua edərək yola saldı. Bu hadisədən sonra Ənsar qadınlarından heç biri Həmzəyə göz yaşı tökməmişdən qabaq öz ölülərinə ağlamazdılar ("Təbəqat" İbn Səd, 3/11; "Məğazi" Vaqidi, 1/315-317; "Müsnəd"i- Əhməd", 2/40; "Tarixi-Təbəri", 2/163; "Sireyi-İbn Hişam", 3/50; "Usdul-Ğabə"də İbn Əsir, Həzrət Həmzənin şərhi halında ixtisarla vermişdir).

    5. Peyğəmbərin (s) Mutə döyüşündə şəhid olanlara ağlaması:

    "Səhih"-Buxaridə rəvayət olunur: Peyğəmbər (s), Zeyd, Cəfər və İbn Rəvahənin (necə şəhid olmalarını) hələ onların xəbəri gəlib çatmamışdan öncə, camaata təsvir edərək buyurdu: "Zeyd bayrağı qaldırdı, zərbə alaraq şəhid oldu! Sonra Cəfər bayrağı ələ aldı. O da şəhid oldu! Ondan sonra isə bayrağı İbn Rəvahə götürdü və o da şəhid oldu". Peyğəmbər (s) bu sözləri buyurduğu vaxt gözlərindən yaş axırdı!" ("Səhih"i-Buxari, 2/204; "əl-Bidayətu vən-nihayə", İbn Kəsir, 4/255; "Sunənul-Kubra", Beyhəqi, 4/70; "Ənsabul-Əşraf", 2/43; İbn Əbil-Hədidin "Nəhcül-Bəlağə"yə şərhi, 15/ 73).

    6. Peyğəmbərin (s) Cəfər ibn Əbi Talibə ağlaması:

    "İstiab", "Usdul-Ğabə", "Əsbabə", İbn Əsirin "Tarix"i və Xüləfa məktəbinin digər kitablarında olan bir rəvayətin qısa məzmunu belədir:

    "Cəfər və əshabı şəhadətə çatandan sonra, Allahın Rəsulu (s) onun evinə getdi və onun övladlarını yanına çağırdı, gözlərindən yaş axan halda onları qoxuladı, (nəvaziş göstərdi). Cəfərin zövcəsi Əsma dedi: -Atam-anam sizə fəda olsun, sizi nədir ağladan? Olmaya, Cəfərdən və yoldaşlarından sizə bir xəbər çatıbdır? Peyğəmbər (s) buyurdu: "-Bəli, bu gün şəhid oldular". Əsma deyir: "Mən yerimdən durub nalə çəkdim, qadınları ora yığdım. (Sonra) Fatimənin evinə daxil olanda, gördüm ki, o, ağlayaraq deyir: Vay əmim! Peyğəmbər (s) (bunu gördükdə) buyurdu: "Həqiqətən ağlayanlar gərək Cəfər kimilər misalında olanlara ağlayalar" ("Tarix"i İbn Əsir, 2/90 və yuxarıda deyilən kitablarda Cəfəri Təyyarın şərhi halı).

    7. Peyğəmbərin (s) anası Amənənin qəbri üstə ağlaması:

    "Səhih"-Müslim, "Müsnəd"i-Əhməd, "Sünən"i-Əbi Davud, Nisai və İbn Macədə rəvayət olunur (Bu ibarə Müslimin "Səhih"indən götürülübdür).

    Əbu Hüreyrə deyir: "Peyğəmbəri-Əkrəm (s) anasının qəbrini ziyarət etdi və ağladı, yanındakıların hamısını da ağlatdı" (Müslimin "Səhih" kitabı, 2/671, Kitabul-cənaiz, 108-ci hədis; "Müsnəd"i-Əhməd, 2/441; "Sünən"i-Nisai, 4/ 90; "Sünən"i-İbn Macə, 1/ 501, 1572-ci hədis.).

    PEYĞƏMBƏRİN (s), NƏVƏSİ HÜSEYNƏ (ə) AĞLAMASI

    1. Ümmül-Fəzl hədisi:

    "Müstədrək" Səhiheyndə, İbn Əsakirin "Ta-rix"ində, "Məqtəl"i-Xarəzmidə və xüləfa məktəbinin digər kitablarında belə yazılıbdır: -Harisin qızı Ümmül-Fəzldən rəvayət edirlər ki, o Allah Peyğəmbərinin (s) hüzuruna gedib dedi: -Ey Allahın Rəsulu! Keçən gecə mən, xoşagəlməz bir yuxu gördüm! Buyurdu: "Nə görmüsən?" Dedi: -Çox çətindir! Buyurdu: "Nə idi?" Dedi: -Gördüm ki, elə bil sizin bədəninizdən bir tikə qopur və mənim ətəyimdə qərar tapır! Allahın Rəsulu buyurdu: "Yaxşı bir şey görübsən; Fatimə – inşallah-bir oğlan uşağı dünyaya gətirəcək və sənin qucağına qoyulacaq". (O xanım deyir): Ondan sonra, Peyğəmbərin buyurduğu kimi – Fatimə, Hüseyni dünyaya gətirdi və onu mənim qucağıma qoydular. Bir gün Allahın Rəsulunun (s) yanına getdim, Hüseyni Həzrətin qucağına qoydum. Bir az sonra diqqəti məndən yayındı. Birdə gördüm qəfildən Peyğəmbərin (s) gözündən sel kimi yaş axır! Dedim: -Ey Allahın Nəbisi! Atam-anam fədanız olsun, sizə nə oldu!? Buyurdu: "Cəbrail görüşümə gəldi və mənə xəbər verdi ki, ümmətim tezliklə bu balamı öldürəcəkdir". Dedim: -Bunu!? Buyurdu: "Bəli, o, (hətta) mənim üçün onun qızarmış torpağından da bir qədər gətirmişdi". "Müstədrəki-Səhiheyn" kitabının müəllifi Hakim deyir: "Bu hədis Şeyxeynin (Buxari və Müslim nəzərdə tutulur) şərtlərilə səhih (doğru) hədisdir, lakin onlar bu hədisi öz kitablarında gətirməyiblər ("Müstədrəki Səhiheyn", 3/176, bir qədər ixtisarla, 179-da; İbn Əsakirin "Tarix"ində, 631-ci hədis, "Məcməuz-zəmaid"də, 9/79; "Məqtəli" Xarə-zmidə, 1/159 və 162; İbn Əsirin "Tarix"ində, 6/230; "Əmali"yi Şəcəridə, 188; İbn Səbbağ Malikinin "Füsulul-mühümmə"sində, 145; "Rəvzun-nəzir"də, 1/89; "Səvaiq", "Kənzul-ummal" və s. kitablarda gəlib).

    2. Zeynəb bint Cəhəşin rəvayəti:

    İbn Əsakirin "Tarix"ində, "Məcməuz-zəvaid"də, İbn Kəsirin "Tarix"ində və xüləfa məktəbinin digər kitablarında (Bu təbir İbn Əsakirin "Tarix"indən götürüüb). rəvayət edirlər ki, Zeynəb deyib: -Günlərin birində Allahın Rəsulu (s) mənim evimdə idi, mən də təzə yeriməyə başlayan Hüseyni saxlayırdım. Bir anlığa ondan qafil oldum və o, Allah Rəsulunun (s) yanına getdi. Peyğəmbər buyurdu: "Onu rahat burax". - sonra o qadın dedi: Peyğəmbər (s) namaz qıldı. Həzrətə (s) dedim: -Ey Allahın Rəsulu! Mən bu gün sizdən bir iş müşahidə etdim ki, indiyə qədər görməmişdim?!" Buyurdu: "Cəbrail mənim yanıma gəlib mənə xəbər gətirdi ki, ümmətim bunu (övladımı) öldürəcəkdir". Dedim: "Onda torpağını mənə göstər və o da qırmızı rəngli bir türbət gətirdi"( İbn Əsakirin "Tarix"i, İmam Hüseynin (ə) şərhi halı bölməsi, 629-cu hədis; "Məcməuz-zəvaid", 9/188; "Kənzul-ümmal", 8/199).

    3. Aişənin rəvayəti

    "Tarix"i-ibn Əsakir, "Məqtəl"i-Xarəzmi, "Məcməuz-zəvaid" və məktəbi-xüləfanın digər kitabları Əbi Sələmə bin Əbdürrəhmandan, o isə Aişədən rəvayət edir ki, Aişə deyib (Bu təbir "Məqtəl"i Xarəzmidən götürülüb. Bu barədə başqa rəvayətlər də vardır ki, mələklərin Peyğəmbərə (s) İmam Hüseynin (ə) şəhadəti barədə xəbər verməsini təsdiq edir): "Elə ki, Allahın Rəsulu (s) Hüseyni öz dizi üstə əyləşdirdi, Cəbrail onun yanına gəlib dedi: "Bu sənin övladındır? Buyurdu: "Bəli". Dedi: "Amma ümmətin tezliklə – səndən sonra – onu öldürəcək. Peyğəmbərin gözləri yaşla doldu. Cəbrail dedi: - İstəsən öldürüləcəyi torpağı sənə göstərərəm. Buyurdu: "Bəli, göstər". Cəbrail də, Təf (Kərbəla) vilayətindən bir torpağı o Həzrətə göstərdi".

    Başqa yerdə isə bir qədər fərqli rəvayət olunur: "Cəbrail İraqda Təf deyilən vilayətə tərəf işarə edib oradan qızarmış torpaq götürərək ona (Peyğəmbərə) göstərdi və dedi: "Bu onun qətlgahının torpağıdır" (İbn Sədin "Təbəqat" kitabı 269-cu hədis; İbn Əsakirin "Tarix"ində 627-ci hədis; "Məqtəl"i-Xarəzmi, 1/159; "Məcməuz-zəvaid"; "Kənzul-ümmal"; Süyutinin "Xəsais" və s. kitablar).

    4. Ümmü Sələmənin (bu xanım Peyğəmbərin (s) ən möhtərəm zövcələrindən biridir) rəvayəti.

    Bir şəxs nəql edir:

    Ümmü Sələmə (Allah ondan razı olsun), mənə xəbər verdi ki: -Bir gecə Peyğəmbər (s) yatmaq üçün yatağına uzandı (azca) sonra pərişan halda oyandı, sonra yenidən yatıb yuxuya getdi. Yenidən oyandıqda onu artıq əvvəlki kimi qanıqara görmədim. Sonra yenə yatdı. Oyandıqda əlində olan qırmızı rəngli torpağı öpürdü. Soruşdum ki, ey Allahın Rəsulu (s), bu torpaq nədir? Buyurdu: "Cəbrail mənə xəbər verdi ki, (Hüseyn (ə)) İraq torpağında qətlə yetiriləcək. Cəbrailə dedim ki, öldürüləcəyi yerin torpağını mənə göstər. Məndəki (bu gördüyün) torpaq elə oranın torpağıdır".

    "Müstədrək"in müəllifi Hakim deyir: Bu hədis Şeyxeynin (Buxari və Müslim) şərtləri ilə səhih hədisdir, amma onu öz kitablarında göstərməyiblər ("Müstədrəki Səhiheyn", 4/398; "Mucəmul-Kəbir", Təbərani, 55-ci hədis; "Tarix"i-İbn Əsakir, hədis 629; "Təbəqat"i-İbn Səd; "Tarixul-İslam", Zəhəbi; "Məqtəl"i-Xarəzmi; Zəxairul-Üqba, "Ta-rix"i-İbn Kəsir və s. kitablar).

    5. Ənəs ibn Malikdən hədis

    Ənəs ibn Malik rəvayət edir ki: "Mələklərin içindən "Qətər" adlı bir mələk, öz Pərvərdigarından Peyğəmbərlə (s) görüşə gəlməyə icazə istədi. Tanrı ona izn verdi. O mələk Ümmü Sələmənin növbəsi günündə daxil oldu. Peyğəmbər (s) Ümmü Sələməyə buyurdu: "Muğayat ol ki, bir adam bizim məclisimizə daxil olmasın". O, qapı ağzında olduğu vaxt, qəflətən Hüseyn ibn Əli (ə) ora gəlib qapını açıb içəri daxil oldu. Peyğəmbər (s) onu bağrına basıb çoxlu öpdü. O mələk (Peyğəmbərə (s)) dedi: -Onu sevirsən? Buyurdu: "Bəli". Dedi: "Ümmətin tezliklə onu öldürəcək! İstəyirsənmi onun öldürüləcəyi məkanı sənə göstərim? Buyurdu: "Bəli, istəyirəm". (Ravi) deyir: "O mələk onun qətlə yetiriləcəyi məkandan bir ovuc götürüb o Həzrətə göstərdi. Bir qədər sonra (Peyğəmbər) bir miqdar qırmızı qum ya torpaq gətirdi. Ümmü Sələmə onu götürüb öz paltarının cibinə qoydu. Bu hədisin ravisi olan Sabit deyir: -"biz o vaxt deyirdik – Ora Kərbəladır!" ("Müsnəd"i-Əhməd, 3/242-256; İbn Əsakirin "Tarix"i, 615 və 617-ci hədislər; "Mücəmi-Kəbir"i Təbərani, 47-ci hədis; "Məqtəl"i-Xarəzmi, 1/160-162; "Tarixul-İslam", Zəhəbi; "Zəxairul-üqba" və s. kitablar.

    "Əhli-Beyt" alimlərindən isə Şeyx Tusinin "Əmali" kitabında, 1/221).

    PEYĞƏMBƏRİN (S) AĞLAMAĞI QADAĞAN ETMƏSİ BARƏDƏ OLAN RƏVAYƏTLƏRİN MƏNŞƏYİ

    Müslimin "Səhih"i və "Sünən"i-Nisaidə Əbdüllahdan nəql olunur: Həfsə Ömərin vəziyyətinə) ağladı. Ömər dedi: Sakit ol, qızım! Eşitməyibsənmi ki, Peyğəmbər (s) buyurub: "Qohumları meyyitə ağladığına görə, ona əzab verilir!?" ("Səhih"i-Müslim, 2/639; "Sünən"i-Nisai, 4/18). Başqa bir rəvayətdə belə deyilir: Ömər deyir: Peyğəmbər (s) buyurdu: "Qəbirdə meyyitə- onun üçün oxunan növhə və ahu-zara görə əzab verilər" ("Səhih"i-Müslim, 2/639; "Səhih"i-Tirmizi, 4/222; "Sünən"i-İbn Macə, 1/508).

    Başqa bir rəvayətdə: Əbdüllah ibn Ömər deyir: "Ömər zərbətləndiyi vaxt bihuş oldu. Ona görə də onun üçün ah-şivən qopardılar. Ayılanda dedi: "Allahın Rəsulunun (s) belə buyurduğunu bilmirsinizmi ki: "Meyyitə, dirilər ağladığına görə əzab verilər".

    AİŞƏNİN HƏDİSƏ İSTİDRAKI VƏ ÖMƏRLƏ OĞLUNUN SƏHVİNİ DÜZƏLTMƏSİ

    İbn Abbas deyir: -Elə ki, Mədinəyə çatdıq, gördük ki, Əmirəl-möminin (Ömər) zərbətlənib. Səhib (Süheyb): -Vay qardaşım! Vay yavərim!-fəryadı çəkərək onun yatağına yaxınlaşdı. Ömər dedi: "Bilmirsənmi, eşitməyibsənmi ki, Peyğəmbər (s) buyurub: "Qohumların meyyit üçün bəzi ağlamalarına görə ona əzab verilər!?"

    İbn Abbas deyir: - Mən ayağa durdum və Aişənin yanına getdim, baş verənlərdən onu agah etdim. Aişə dedi: - "Allaha and olsun, elə deyil! Allahın Rəsulu (s) heç vaxt buyurmayıb ki, meyyitə bir kəsin ağlamasına görə əzab verilir. Əksinə belə buyurub: "Allah kafirə, qohumlarının göz yaşı tökməsinə görə əzab verər və Tanrıdır ki, güldürür və ağladır, heç kəs başqasının günah yükünü daşımaz".

    Qasim ibn Məhəmməd deyir: -Elə ki, Ömərlə oğlunun söhbəti Aişənin qulağına çatdı, dedi: "Siz mənə elə kəslərdən xəbər verirsiniz, nə yalançıdırlar, nə də aldadan. Lakin (hər halda) adamın birdən qulağı səhv eşidir" ("Səhih"i-Müslim, 9/22-ci və 23-cü hədis; "Səhih"i-Buxari, 1/155 və 156; "Sünən"i-Nisai, 4/18). Hişam ibn Ürvə öz atasından nəql edərək: - Aişənin yanında deyildi ki, İbn Ömər belə deyib: "Meyyitə, qohumları ona ağladığı üçün əzab verilər". Aişə dedi: - "Allah Əba Əbdürrəhmanı bağışlasın, bir şey eşidib, yaxşı başa düşməyib, (məsələ belə idi ki:) bir yəhudi şəxsin cənazəsini ağlaya-ağlaya Pey-ğəmbərin (s) yanından aparanda buyurdu": "Siz ağlayırsınız, ona isə əzab verilir" ("Səhih"i-Müslim, 9-cu bab, 25-ci hədis; "Səhih"i- Buxari, 1/156, Kitabul-cənaiz; "Səhih"i-Tirmizi, 25-ci bab, 4/226 və 227; "Müvəttə"i-Malik, 1/234, Kitabul-cənaiz).

    İmam Nəvəvi (Hicri 676 ildə vəfat edib) "Səhih"i-Müslimin şərhində Peyğəmbərin (s) ağlamağı qadağan etməsi barədə olan rəvayətləri haqqında deyir: - "Bu rəvayətlər təkcə Ömərdən və oğlu Əbdüllahdan gələn rəvayətdir. Aişə onları inkar edib, bunu ikisinin unutqanlığı və səhvi kimi izah etmiş, bu sözü Peyğəmbərin (s) deməsini inkar etmişdir" ("Səhih"i-Müslimin şərhi; İmam Nəvəvi, 6/228, Kitabul-cənaiz).

    ALLAHIN RƏSULU (S), ÖMƏRİ AĞLAMAĞI QADAĞAN ETMƏKDƏN ÇƏKİNDİRİR

    Sələmət ibn Əzrəq deyir: "Əbu Hüreyrənin belə deməsini eşitdim: –Peyğəmbərin (s) qohumlarından biri dünyasını dəyişdi, qadınlar toplaşıb onunçün ağlamağa başladılar. Ömər qalxıb, onları susdurub və oradan qovmağa başladı. Peyğəmbər (s) buyurdu: "Ömər! Onlarla işin olmasın, çünki gözlər yaşlı, ürəklər müsibətə düçar olmuş və sinə dağları təzədir".

    "Müsnəd"i-Əhməd də Vəhəb ibn Keysan Məhəmməd ibn Əmrdən rəvayət edir: - Sələmət ibn Əzrəq Əbdüllah ibn Ömərlə bazarda əyləşmişdilər. Bu zaman bir dəstə adam əllərində cənazəni ağlaya-ağlaya oradan keçirdilər. Əbdüllah ibn Ömər bu hərəkəti xoşagəlməz hesab edib onları susdurmağa başladı. Sələmət ibni Əzrəq ona dedi: - Belə danışma! Çünki mən özüm şahidəm və Əbu Hüreyrədən də eşitmişəm ki, -Mərvanın qohumu olan bir qadın canını tapşırmışdı, Mərvan isə əmr vermişdi ki, ölənə ağlayan qadınları qovsunlar. Cənazənin yanına gələn Əbu Hüreyrə dedi: - Ey Əba Əbdülməlik! Onlardan əl çək, çünki, (bir vaxt) Peyğəmbərin (s) qarşısından cənazə aparırdılar, mən və Ömər ibn Xəttab da o Həzrətin (s) yanında idik. Ömər ağlayaraq cənazənin yanı ilə gedən qadınları qovmağa başladı. Allahın Rəsulu (s) buyurdu: "Xəttab oğlu! Onlarla işin olmasın, çünki dərdləri təzə, gözləri yaşlı, canları müsibətə düçar olubdur" ("Müsnəd"i-Əhməd, 1/273, 408 və bu məzmuna yaxın s. 333)

    BU RƏVAYƏTLƏRİN MÜQAYİSƏSİ VƏ ALINAN NƏTİCƏ

    Birinci hissəyə aid olan rəvayətlər isbat etdi ki, ağlamaq – istər can verən adam üçün, yaxud vəfat etmiş adam üçün, istərsə də, şəhid, ya qeyri şəhid qəbri üçün olsun – Peyğəmbərin sirəsindən (davranışlarından) hesab edilir.

    İkinci qismə aid rəvayətlər sübut etdi ki, Allahın Rəsulu (s) şəhid övladına (nəvəsi) (Hüseynə (ə)) ağlayıbdır. Bu isbat, o Cənabın (s) Hüseynə (ə) ağlamasını əvvəlki hissəyə bağlayır, beləliklə, ikinci də Peyğəmbərin (s) sirə və sünnəsindən hesab olunur.

    Üçüncü qism rəvayətlər isbat etdi ki, Peyğəmbərin (s) ölülərə ağlamağı qadağan edən rəvayətləri yalnız ikinci xəlifənin özü və oğlu Əbdüllaha aiddir. Aişənin və digər səhabələrin bu sözü təkzib etməsindən bu nəticəni alırıq: -İkinci xəlifə ilə oğlu Əbdüllahın, "Peyğəmbərin (s) meyyitə ağlamamaq barədə qadağası" olan rəvayət səhv və yanlışdır.

    Buna görə də, ölüm ayağında olan, vəfat etmiş şəxs üçün və yaxud da ölünün qəbri üstə ağlamaq Peyğəmbərin (s) sirə və sünnəsindəndir. Deməli, İmam Hüseynə (ə) ağlamaq da Peyğəmbər (s) sünnəsindən hesab olunur.

    Əllamə Mürtəza ƏSKƏRİ
    Tərcümə etdi: Rizvan İSMAYILOV
     
    Категория: Dini meqaleler | Добавил: media-islam (04.08.2008)
    Просмотров: 2462 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər