Çerşenbe axşamı, 03.12.2024, 23:13
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 9 » “AL-QAİDA” ÜZVÜ AZERBAYCANDAKI FEALİYYETİNDEN DANIŞDI
    23:25
    “AL-QAİDA” ÜZVÜ AZERBAYCANDAKI FEALİYYETİNDEN DANIŞDI
    Ötən il MTN tərəfindən həbs edilmiş vəhhabilərin məhkəməsində ilginc faktlar üzə çıxır.

    Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əflatun Qasımovun sədrliyi ilə Səudiyyə Ərəbistanı vətəndaşı, “Əbu Cəfər” təxəllüslü Naif Əbdül Kərim əl-Bədəvi və daha 17 nəfərin işi üzrə qapalı proses keçirilir. Müttəhimlər kürsüsünə çıxarılmış şəxslər qanunda nəzərdə tutulmayan hərbi birləşmələrdə təmsil olunmaqda suçlu bilinir. N.əl-Bədəvinin “əl-Qaidə” və “əl-Cihad” beynəlxalq terror təşkilatları ilə sıx əlaqədə olduğu bildirilir.
    O və qrupun üzvü “Əbdül Malik” təxəllüslü Elçin Əlimirzəyev Cinayət Məcəlləsinin 12.3; 79.1 (qanunsuz silahlı birləşmə və ya qrup yaradılması), 228.3 (silah-sursatın qanunsuz saxlanması, satışı və daşınması), 318.2 (dövlət sərhədini qanunsuz keçmək), 315.2 (hakimiyyət təmsilçisinə müqavimət və güc tətbiq etmək), 206.3 (qaçaqmalçılıq) və 29,120.2.1; 120.2.3; 120.2.4; 120.2.6; 120.2.7 (qəsdən adamöldürməyə cəhd) maddələri ilə suçlanır. Rəfael Rəhimov, Vidadi Kərimov, Asəf Xəzərov, Adil Qaraxanov, Rusiya vətəndaşı Daniyal Abuyev, Vitali Ağammədov, Vüqar Əliyev, Emin Cami, Qabil Məsməliyev, Loğman Muradov, Pərviz Kərimov, Mirzə Babayev, Qadir Hacıyev, Tahir Pirquliyev, Nizami Xudayarov, Elvin Əsgərov isə digər maddələrlə ittiham olunur. N.əl-Bədəvi və digərləri 2007-ci ilin noyabrında Milli Təhlükəsizlik Nazirliyinin xüsusi əməliyyatı nəticəsində həbs edilib.
    N.əl-Bədəvi Səudiyyə Ərəbistanının Sakaka Əlcuf şəhərinin sakinidir. 1993-1994-cü illərdə orta təhsilini başa vurandan sonra Ər-Riyaddakı İmam Muhəmməd bin Said universitetinə daxil olub və oranı “İslamın təbliği və möhkəmləndirilməsi” ixtisası üzrə bitirib. Təyinat verilmədiyinə görə Çeçenistana gedərək orada çeçen mücahidlərinə qoşulmaq və rus qoşunlarına qarşı döyüşlərdə iştirak etmək qərarına gəlib. Bu vaxt həmyerlisi Əbu Tövbə adlı şəxs mücahidlərə kömək etmək üçün Pankisi dərəsinə gedəcəyini deyib və bir müddət sonra ona zəng vuraraq artıq Pankisidə olduğunu söyləyib. N.əl-Bədəvi Əbu Tövbəyə müraciət edərək Pankisiyə hansı yolla gəlməyi soruşub. Onun sözlərindən öyrənib ki, Pankisiyə getmək üçün əvvəlcə İstanbula, oradan isə Bakıya gəlmək və buradan Gürcüstana keçmək lazımdır. 2001-ci ilin ortalarında artıq Pankisidə olan əl-Bədəvi sonrakı 4 ildə Çeçenistanın Vedeno və Dargin rayonlarında çeçenlər tərəfində ruslara qarşı döyüşlərdə iştirak edib. Bu dövrdə müxtəlif vaxtlarda onların əmirləri Xəttab, Xeyrulla, Əbu Hafs və Abdulxamid olub.
    N.əl-Bədəvi 2007-ci ildə Azərbaycana keçməsinin səbəbini Dağıstanda ruslar tərəfindən “Əbu Quteybə” adı ilə axtarılması və tutulacağından ehtiyat etməsi ilə izah edib. Deyib ki, Azərbaycana gəlməsinin bir səbəbi də burada müalicə olunmaq, sonra da “qardaşların” köməyi ilə özünə saxta pasport düzəldib ölkəsinə qayıtmaq olub. Dağıstanda olanda Zakir adlı tanışının bacısı Səidə Abuyeva ilə evlənib. Gizli yolla Bakıya gələndən sonra Süleyman ləqəbli Samir adlı şəxs onları mərkəzdən kənarda yerləşən bir 9 mərtəbəli evə aparıb. 4-5 gün sonra Süleymanın vasitəsilə Vidadi adlı şəxslə görüşüb və onun “İnşaatçılar” metrosunun yaxınlığında kirayə tutduğu mənzilə gəlib. 3-4 gün sonra o, Dağıstana - arvadı S.Abuyevaya zəng vuraraq onu Bakıya çağırıb. Bir müddətdən sonra S.Abuyevanın hazırda həbsdə olan balaca qardaşı Daniyal da Bakıya gəlib və onlarla birgə yaşamağa başlayıb. Bir ay sonra isə “Xətai” metrosunun yaxınlığında başqa ev kirayələyib. Həmin vaxt Süleyman onu Hacı adı ilə tanıdığı, sonradan isə adının Elçin olduğunu bildiyi sumqayıtlı bir oğlanla, sonuncu da əl-Bədəvini Musa kimi tanıdığı diş həkimi ilə tanış edib.
    N.əl-Bədəvinin müstəntiqlərin Azərbaycanda kimin hesabına yaşaması ilə bağlı suallarına cavabları da maraqlıdır. Onun sözlərinə görə, Azərbaycana gələndə 4 min dollara yaxın pulu olub. Burada yaşadığı dövrdə pulu xərcləyib qurtardığından o, “Abdulməcid” kimi tanıdığı şəxs vasitəsilə İstanbulda yaşayan ərəb mənşəli Əbu Rəbiyyəyə məktub göndərib. Az sonra Ramazan adlı şəxs ona Əbu Rəbiyyənin adından zəng vuraraq “28 may” metrosunun yaxınlığında görüşüb və 5 min dollar verib. N.əl-Bədəvi “Xətai” metrosunun yaxınlığında yaşayarkən izləndiyini hiss etdiyindən Vidadinin Bakı kənarındakı qəsəbələrin birində yaşayan Adil adlı dostunun evinə köçüb. Söhbət əsnasında hazırda Çeçenistanda ruslara qarşı döyüşən Telman Abdullayevin Adilin qohumu olduğunu bilib. İstintaq materiallarına görə, “Həmzət” ləqəbli T.Abdullayev 2007-ci ilin sentyabrında Qusarda polis əməkdaşları onu həbs etmək istəyərkən onlara atəş açaraq qaçıb. Adilin evində bir gün qalandan sonra Sumqayıtda bir mənzilə köçüb.
    2007-ci il oktyabrın 10-da Vidadi ilə Daniyal paltar almaq üçün Bakıya gedib, Səidə və Rəfailin arvadı isə Sumqayıt bazarına çıxıb. Lakin aradan xeyli vaxt keçsə də Vidadi ilə Daniyalın geri dönmədiyini görən əl-Bədəvi narahat olmağa başlayıb, onların həbs olunduğunu güman edib. Pəncərədən küçəyə baxarkən isə orada naməlum və şübhəli adamların gəzişdiyini görüb. Buna görə də Rəfaellə həyətə çıxaraq şübhəli adamlar və ya maşınların olub-olmamasını dəqiqləşdirməyi tapşırıb. Az sonra geri dönən Rəfael həyətdə şübhəli adamların gəzişdiyini deyib. Bundan sonra əl-Bədəvi Hacı kimi tanıdığı Elçini evə çağıraraq Vidadi ilə Daniyalın səhər tezdən evdən çıxıb qayıtmadığını və onun başqa evə köçürülməsinə yardım göstərməsini xahiş edib. Əvvəlcə Elçin evdən çıxaraq taksiyə əyləşib. 4-5 dəqiqə sonra isə əl-Bədəvi əlində “Makarov” tapançası, hazır vəziyyətdə olan “F-1" əl qumbarası evdən çıxaraq yolun qırağında dayanmış taksiyə minib. Yolda güdüldüklərini anladığından taksidən düşəndən sonra əl-Bədəvi Elçinin evinə getməyib izi itirmək üçün avtobusla dəniz kənarına getməyi təklif edib. Lakin istədiklərinə nail olmadıqlarını gördükdə binaların arasına giriblər. Bu vaxt onlara yaxınlaşan maşından 4 nəfər düşüb. N.əl-Bədəvi hiss edib ki, idmançı bədən quruluşlu bu şəxslərin məqsədi onu və Elçini tutmaqdır. Buna görə də geri çevrilərək əlindəki tapançadan onlara iki dəfə atəş açıb. Bundan sonra əl-Bədəvi bir, Elçin isə başqa tərəfə qaçıb. Əynində ağ rəngli yun köynək olduğundan və rənginə görə qaranlıqda onu tuta biləcəklərindən ehtiyatlanaraq köynəyi çıxarıb atıb. Bir neçə daş hasarı aşaraq uzaqlaşıb, sonra Elçinə zəng vurub. Elçinin telefonuna başqa şəxs cavab verdiyindən bilib ki, onu artıq həbs ediblər.
    N.əl-Bədəvi qərara gəlib ki, Elçin vasitəsilə tanış olduğu Niyazi adlı diş həkiminin iş yerini müəyyən edib onunla görüşsün. Bu məqsədlə də yaxınlıqdakı binaya girərək tanımadığı mənzilin qapısını döyüb. Qapını açan oğlandan rus dilində həkim Niyazini tanıyıb-tanımadığını soruşub. Lakin rus dilini bilməyən oğlan qapını bağlamaq istəyəndə o, ayağını qapının arasına qoyub. Buna görə də mənzil sahibi hay-küy salmağa başlayıb. O, blokdan çıxıb qaçarkən həmin oğlan arxadan ona hücum edib və sifətinə güclü zərbələr vurub. Oğlanın əlindən güclə çıxandan sonra başqa bir binanın blokunda sakitlik olduğunu görüb orada gecələyib. Səhərisi Niyazinin iş yerini taparaq onunla görüşüb. Sonuncunun özünü itirməsindən bilib ki, MTN əməkdaşlarına atəş açıb hadisə yerindən qaçmasından məlumatlıdır. Niyazi isə onu Rəşid adlı oğlanla tanış edərək Elçinin dostu olduğunu deyib. Rəşidlə birgə “Yəhya” kimi tanıdığı Vüqarın qaldığı mənzilə gedib. Sonra Rəşid oranı tərk edib. Sumqayıtda bir neçə gün müxtəlif ünvanlarda yaşayandan sonra əl-Bədəvi Vüqarla birgə Bakı kəndlərindən birinə gedib. Onları Abdulqahar adlı şəxs qarşılayıb. Sumqayıtdakı atışmadan 20-22 gün sonra Vüqar onu Qusara yola salacağını bildirib. Buna görə də Bakıya gedib. Abdulqaharla birlikdə geyinib Vüqarın gəlişini yaxud telefon zəngini gözlədikləri vaxt giriş qapısı döyülüb. N.əl-Bədəvi qapının gözlüyündən baxanda Vüqarı görüb və qapını açıb. Bu vaxt MTN əməkdaşları mənzilə girib. N.əl-Bədəvi mətbəxə qaçaraq cibindəki əl qumbarasını çıxarıb və onu partladacağını bildirib. Danışıqlar zamanı əl-Bədəvinin əsas tələbi ruslara təhvil verilməməsi olub. 10-15 dəqiqəlik danışıqdan sonra isə təslim olub.
    Sonda onu da deyək ki, əl-Bədəvi ilə birgə tutulan 17 Azərbaycan vətəndaşının yaxınları və vəkilləri irəli sürülən ittihamla razılaşmır. Onlar deyir ki, həbs olunanlar heç biri qanunsuz hərbi birləşmənin üzvü olmayıb, məhkəmənin qapalı keçirilməsi isə istintaqın gəldiyi yanlış nəticələrin ört-basdır edilməsinə xidmət göstərir.


    Yeni Müsavat


    Прикрепления: Şekil 1
    Категория: Dünyada | Просмотров: 1503 | Добавил: admin | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər