Yazıçının romanda İslam dinini və peyğəmbəri təhqir etdiyi iddia edilir
Türkiyədə Nedim Gürsel adlı yazıçının bu ilin mart ayında çap edilən və qısa müddətdə 20 min nüsxədə satılan "Allahın Qızları" adlı romanı haqqında Şişli Prokurorluğu istintaqa başlayıb. CNN Türk-ün məlumatına görə, yazıçının romanda İslam dinini və peyğəmbər Həzrəti Məhəmmədi təhqir etdiyi iddia edilir. Qeyd edək ki, Türkiyə Cəza Qanununun 216-cı maddəsinin 3-cü bəndi, "Xalqın bir seqmentinin mənimsədiyi dini dəyərləri alçaldan adamı, hərəkətin cəmiyyətdəki sabit vəziyyəti pozmağa əlverişli olması halında altı aydan bir ilə qədər həbs cəzasını" nəzərdə tutur.
Əsərləri bir çox xarici dilə tərcümə edilən və yazıçılığının qırxıncı ilini 2006-da qeyd edən Nedim Gürsel romanının Türkiyədən sonra Fransa başda olmaqla başqa Avropa ölkələrində də nümayiş olunacağını açıqlayıb. Gürsel, özünə yönəldilən ittihamlara bu mərhələdə cavab verməyəcəyini və xəyalın məhsulu olan bir sənət əsəri üçün Türkiyədə istintaq aparılmasını, üstəlik istintaqın səbəbinin "din tənqidi" mövzusunda oluğunu heyrət və hüznlə qarşıladığını açıqlayıb./ANS PRESS/ |