İsrailin iki il bundan əvvəl Livanla apardığı 33 günlük müharibədən biabırçı şəkildə məğlub çıxması bu ölkənin hərbi qüdrəti ilə bağlı yaranmış mifi darmadağın etdi. Amma İsrailə vurulan zərbə təkcə bununla bitmədi. Həmin hadisədən sonra indiyə qədər ona ciddi dəstək verən ölkələrin də dayağından demək olar ki, məhrum oldu. Bununla belə İngiltərənin baş naziri Qordon Braun İsraili İranın hücumundan müdafiə edəcəyi haqda bəyanat verib. Bu isə müxtəlif dairələrdə müxtəlif cür şərh olunur. Məsələ ilə bağlı fikirlərini bildirən Azərbaycan İslam Partiyasının funksioneri Elmar Səmədov İngiltərənin, İraqda və Əfqanıstanda antiterror adı altında aparılan əməliyyatla bağlı koalisiyanın ən fəal üzvlərindən biri olduğunu xatırlatdı. Və dedi ki, Amerikadan sonra həmin koalisiyanın tərkibində ən çox qoşun da məhz İngiltərəyə məxsusdur: "Doğrudur, son vaxtlar bu ölkənin öz qoşunlarını Əfqanıstandan və İraqdan çıxarmaq, ən azı canlı qüvvənin sayını tədricən azaltmaq meylləri hiss olunur. Bu da səbəbsiz deyil. Yəni İngiltərə artıq başa düşür ki, Amerika onu mənasız müharibəyə sürəkləyərək bataqlığa salıb. Belə bir zamanda baş nazir Q.Braunun "Əgər hansısa dövlət, o cümlədən İran da İsraillə müharibəyə başlasa İngiltərə ordusunu öz qarşısında görəcək" kimi ifadə işlətməsi, boğazdan yuxarı deyilmiş sözlərdir, siyasi şoudur. Və mənə elə gəlir ki, qısa müddətdən sonra İngiltərə hökuməti öz fikrini dəyişəcək. Ən azı ona görə ki, Əfqanıstan və İraq məsələsi rəsmi London üçün böyük bir dərs olub. Əgər koalisiya üzvləri müharibə apardıqları bu ölkələrdə heç nəyə nail ola bilməyiblərsə, deməli, hərbi cəhətdən qüdrətli dövlət olan İrana qarşı savaşda qələbə çalması fikri absurddur. Son zamanlar İsrail tərəfinin İrana hücum edəcəyi ilə bağlı verdiyi bəyanatlar da şübhəsiz ki, quru sözçülükdən, uzağı diplomatik hədə-qorxudan başqa bir şey deyil. Və heç bir real əsası da yoxdur. Əksinə, yalnız bir nümunə kimi reallıq ondan ibarətdir ki, əgər 2006-cı ildə Livanla müharibə zamanı İsrail tərəfi 50 minlik qoşunla təşkilatın cəmi 5 minlik qoşununa məğlub oldusa, onda təsəvvür edin, İran kimi güclü dövlətə hücum nə ilə nəticələnə bilər". Son vaxtlar ABŞ hökumətinin də İsrailin İrana hücumunu dəstəkləmədiyini vurğulayan E.Səmədov dedi ki, İsrail bu və digər məsələlərdə bir növ təklənib. AİP funksioneri bu ölkənin baş nazirinin bir qədər əvvəl bəyanat verərək "Biz İrana hücum etsək də, etməsək də məhv olacağıq" deməsini də xatırlatdı: "Yəni İsrail hökuməti çıxılmaz vəziyyətdə qalıb. Livan məsələsindən sonra bu dövlətdə siyasi böhran yaranıb. Düşünürəm ki, həmin hadisələrin acısı hələ uzun zaman İsrailin, necə deyərlər, canından çıxmayacaq. Bu və digər səbəblərdən İsrail tərəfi çalışır ki, məsələn, Fransa və İngiltərə kimi dövlətlərdən dəstək alsın. Ancaq mənim fikrimcə, dünyada siyasi mənzərənin dəyişdiyi indiki zamanda İsrailin Avropadan dəstək alması inandırıcı deyil. Çünki beynəlxalq aləmdə nüfuzu xeyli aşağı düşüb. Artıq Qərbdə onu təcavüzkar dövlət kimi qəbul edirlər. Bu ölkənin dövlət rəsmilərinin Avropaya səfərləri zamanı etiraz tədbirlərinin keçirilməsi də buna sübutdur". E.Səmədov Qərbin bundan sonra İsraili ciddi dəstəkləməsinin inandırıcı olmadığının başqa bir səbəbini enerji məsələsi ilə izah etdi: "Avropanın İsrailə münasibətinin dəyişməsində əsas səbəblərdən biri də enerji təhlükəsizliyi ilə bağlıdır. Yəni söhbət ondan gedir ki, mütəxəssislərin hesablamalarına görə, əgər İrana hücum başlasa dünya bazarında neftin qiyməti hətta 500 dollara qədər bahalaşa bilər. Bu isə Avropa dövlətlərinin iqtisadiyyatına böyük zərbə vurardı. Başqa bir tərəfdən də Rusiya ya neft və qazın ixracını azaldır, ya da onu bahalaşdırır. Ona görə də İran qazı və neftinə də tələbat yüksəlir. Həmçinin İran Avropaya daşınan neft yolunun üstündə yerləşir və istənilən vaxt təzyiq göstərə bilər. Yəni hansısa dövlət İsrailə görə özünün enerji təzlükəsizliyini nəzərə almaya bilməz. Əks halda neft krizisi ilə üzləşməsi mümkündür. Ona görə də İngiltərənin, yaxud başqa bir Avropa ölkəsinin İsraildən ötrü İranı hədələməsini ciddiyə almaq lazım deyil. Sadəcə ola bilsin ki, rəsmi London İsrail tərəfinin xahişi ilə dəstək görüntüsü yaratmaq istəyir".
|