Cüme axşamı, 21.11.2024, 17:47
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 5
    Qonaq: 5
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 5 » MƏHƏMMƏD ƏLİNİN HEYRƏTİ
    18:37
    MƏHƏMMƏD ƏLİNİN HEYRƏTİ
     
     
     
     
     
     
    və ya «çar Pyotrun şöhrəti» görəsən kimə rahatlıq vermir?

       Bütün müsəlman dünyasında müqəddəs Ramazan ayı öncəsi olan iki ay – rəcəb və şaban ayları müqəddəs Ramazan ayında olan İlahi ziyafətə hazırlıq üçün olan bir dövr kimi qeyd olunur. Şaban ayının bu gözəl son günlərinin birində Məhəmməd Əli adlı bir inanclı insan işdən öz evinə qayıdırdı. Məhəmməd Əli öz ailəsini və valideynlərini dolandırmaq üçün səhərdən axşama kimi çalışırdı. Bəli, məhz şaban ayının son günlərindən birində, bu ayda məsləhət görülən oruc tutmuş Məhəmməd Əli, ağır, lakin halal iş günündən sonra evinə qayıdırdı. Lakin, bu zaman bir olayla üzləşir ki, onun süjeti tragikomediya janrında olan filmlər nominasiyasında mükafata iddialı ola bilərdi. Əgər belə kədərli leytmotiv əsasında olmasaydı…

        Qayıdaq Məhəmməd Əlinin yanına və onun başına gələnlərə. Demək, yol gedən Məhəmməd Əliyə hüquq-mühafizə orqanlarının nümayəndələri yaxınlaşırlar və sən deyən bir o qədər də çox izah etmədən ona maşına minib polis şöbəsinə getməyi «təklif edirlər». Beləliklə, Məhəmməd Əli heç bir izah-filan verilmədən polisə gətirilir. Bütün yol boyu, ağır iş günündən sonra kifayət qədər yorulmuş və iftarını açmaq üçün evinə tələsən Məhəmməd Əli heyrətlə hüquq-mühafizə orqanlarının nümayəndələrinə baxır. Və nəhayət, polis şöbəsinə çata-çatda soruşmaq qərarına gəlir:

        - Nə olub? Məni niyə saxlamısınız? Nə günah sahibiyəm?

        Bunun cavabı olaraq ona deyirlər ki, onun günahı – …onun xarici görünüşündədir, daha doğrusu onun saqqalının olmasındadır. Bu cavabdan daha da heyrətlənən Məhəmməd Əli təəccüblə soruşur:

        - Nədir? Bunda bir qadağa var məgər?

        Hüquq-mühafizə orqanlarının nümayəndələri isə, görünür bu subyektin, belə “yersiz” suallar verməklə özünü heç nədən xəbəri olmamış kimi göstərməyə çalışdığı qənaətinə gəlib, ona çox “sadə şəkildə” cavab verirlər:

        - Sən bəyəm Bakıda yaşamırsan? Sənin bəs xəbərin yoxdur ki, məscidi partladıblar? Nə özünü bilməməzliyə vurmusan?

        Məhəmməd Əli isə daha da heyrətlənərək, əlbəttə ki, bu məsələdən xəbərdar olduğunu bildirdi. Lakin, bunun ona nə aidiyyatı?

        Polislər isə az qala «Gün kimi aydın olan həqiqəti» ona «sadə sözlərlə» izah edirlər:

        - Sən inanclısan, deyilmi? Və sənin saqqalın var. Deməli sən «onlardansan»…

        - Hansılardan «onlardan»? Bəli, inanclıyam. Bəli, saqqalım da var. Çünki mən islamın buyuruşlarına əməl edirəm. Axı bəs nə olub?

        Artıq səbirsiz tərzdə ona deyirlər:

        - Sən “onlardansan” da… Necə deyirlər “onlara”?…Sən «Əbu-Bəkir»ə getmirsən bəyəm?

        Bu yerdə məsələni anlamış Məhəmməd Əli artıq bir qədər toxtamış və əmin bir şəkildə izah etməyə başlayır.

        - Hə-ə, indi bildim məsələ nə yerdədir… Axı mən o məscidə gedənlərdən deyiləm… Bəs görmürsünüz ki, mənim saqqalım da çox qısa və səliqəlidir? Hələ şalvarım da qısa deyil. Onlara heç bir aidiyyatım yoxdur.

        Bütün bunları deyə-deyə, Məhəmməd Əli düşünürdü ki, bəla deyəsən sovuşdu… Onun heç bir günahı yoxdur axı… Yəqin ki, səhv salıblar…

        Lakin, sən saydığını say… Hüquq-mühafizə orqanlarının əməkdaşları isə bir-birilərinin üzünə baxdılar və deyəsən məsələni çox əydiklərini hiss etdilər. Lakin bunu büruzə vermədən və artıq daha yumşaq şəkildə dedilər:

        - Qardaş! Hər şey yaxşı olacaq. Bura bax, sən sadəcə olaraq, balaca, heç bir şey həll etməyən bir proseduru keçəcəksən. Bax, sənin qısa saqqalın var, o bir az da qısa olacaq. Qurtardı getdi… Özü də ki, sənə bir dost kimi məsləhət görürük ki, müqavimət-zad göstərmə. Onsuz da bunun heç bir əhəmiyyəti olmayacaq. Polisə müqavimət göstərmək olmaz axı…

        Məhəmməd Əli ağıllı adam idi. Bir sağına baxdı, bir də soluna. Gördü ki, 2 çıxış yolu var: ya müqavimət göstərəcək və saqqalını güclə qırxacaqlar və ya da müqavimət göstərməcək və yenə də sqqalını qırxacaqlar. Gördüyünüz kimi, seçim elə də bol deyildi.

        … Və sonradan, artıq «minimal saqqal» ilə polis şöbəsindən çıxmış Məhəmməd Əli danışırdı ki, «müqavimət göstərənlərdən» birinin ibrət üçün nəinki saqqalını, həm də başını da qırxdılar.

        … Başına gələnləri Məhəmməd Əli təkrar-təkrar danışırdı. Əvvəlcə evdə, sonra dostlarına, daha sonra DEVAMM insan haqlarının müdafiə mərkəzində… Və ən çox da onu heyrətləndirən bir şey var idi – axı o «onlardan» deyildi (Guya ki, «onlara» qarşı bu cür «çar Pyotrun islahatları» tətbiq etmək olarmış?!)… Bəs nə oldu? Bu nə məsələdir?

        Məhəmməd Əlinin gözlərindəki o heyrətlənmiş ifadəni yaddan çıxara bilmirəm. Bu gözlərin içindən mənə vicdanlı bir vətəndaş, ağır zəhmət hesabına çalışdığı halal işindən öz ailəsinə qayıdan bir adam, gün ərzində oruc tutub indi isə iftarinı açmağa tələsən bir insan baxırdı…

        Və onun «Mən axı nə etmişəm?», «Mən axı nəyi düzgün etməmişəm?» suallarına mən də bir sözlə cavab tapmağa çətinlik çəkirdim.

        Lakin bir onu bilirəm ki, avqustun bu qızmar son günlərində baş vermiş hadisənin necə və nəyə görə baş verməsindən asılı olmayaraq, bir şey aydındır: qanunçuluq, insan haqları, vicdan azadlığı – bütün bunlar bizim gerçəklikdə əlçatmaz bir zirvə olaraq qalmaqdadır. Və Məhəmməd Əlinin başına gələnlər isə hər bir vətəndaşın başına gələ bilər…

        Bu günümüz üçün isə bizim artıq bir neçə mənfi nəticəmiz vardır. Əvvəla, Məhəmməd Əlinin ovqatı. Bu Vətəninin vətəndaşı olan Məhəmməd Əli özünün sabahında və təhlükəsizliyində əmin deyildir. Əlbəttə, tutalım qəbul etmək olar ki, «islahatlar qurban tələb edir» və bu yolda «cəmi bir-iki nəfər günahsız şəkildə əziyyət çəkib», amma əvəzində «onlara» dərs olacaqdır. Lakin… Lakin, çox çətin ki, bu elə olsun. Axı, əgər «onların» arasında radikalları var idisə də, bundan sonra belələri daha da qəzəbli olacaqlar.

        İkincisi isə mötədillərlə radikalların arasında olanların məsələsidir. Belə ki, məsələnin bu cür «orijinal» həll yolunun tapılması ilə məmurlar sizin və bizim təhlükəsizliyimizə necə deyərlər «ayı xidməti» göstərmişlər. Çünki, indi öz üzərlərində ədalətsizliyi və qanunsuzluğu hiss edən bu ortada olanlar, cəmiyyətdən və qanunçuluqdan bir qədər də aralı düşdülər və müxtəlif səpkili radikalların manipulyasiyaları üçün potensial olaraq çox gözəl obyektə çevrildilər.

        Məhəmməd Əli və ölkənin digər vicdanlı insanları isə hələ çox uzun zaman bu acını xatırlayacaqlar…

        Bəli, bəzən «qaş düzəltmək yerinə, gözün vurulub çıxarılmasını» görəndə insana çox ağır gəlir… Ah, səni çar Pyotr! Axı sən nə üçün boyarların saqqalını qırxmaq dəbini qoyub getmisən. Nə üçün qanunun qılınc-qalxanının dəllək qayçısına çevrilməsinə rəvac vermisən…

        Hacı İlqar İbrahimoğlu,

        hüquq müdafiəçisi,

        DEVAMM-ın sədri




    Просмотров: 1271 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər