Cüme axşamı, 26.12.2024, 17:23
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Cümə söhbətləri:HACI iLQAR

         Ölümə hazır olmaq nə deməkdir?

        Bugünkü bəhsimiz insan yaşayışının qaçılmaz sonluğu olan ölüm barədə olacaqdır. Bəşər övladı bir gün bu dünyaya gəldiyi kimi, bir gün də bu dünyanı tərk edəcəkdir.
      
     LƏNƏTLƏ GEDƏN

        Son zamanların 2 ölümü bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bunlardan biri çox zəlil, digəri isə çox şərəfli bir ölümdür. Və bu ölümlər 2 daban-dabana zidd halın inikası rolunda çıxış edir. Danimarkada 2 il öncə Əziz Peyğəmbərimizə (s) yönəli təhqiramiz rəsmləri dərc edənlər, son dövrlərdə bu mövzunu yenidən qızışdırmağa, gündəmə gətirməyə çalışırlar. Əslində isə, öz tərbiyəsizliklərini, alçaq nəfslərini, rəzil komplekslərini büruzə verməyə çalışırlar. Və mövzumuz məhz müsəlmanların heysiyyatı ilə, inancı ilə oynamaq istəyən ünsürlərdən biri ilə bağlıdır. Belə ki, bu iyrənc rəsmləri dərc edən qəzetlərdən birinin baş redaktoru, qəzetin çıxan günü, günortayadək öz mövqeyində israr edərək müvafiq müsahibələr vermiş, ağız dolusu öz durumundan müştəbehliyini təzahür etmişdir. Günortadan sonra isə redaksiyanın iclası olmalı idi. Gözləyirlər, bu ünsür gəlib çıxmır. Gedirlər axtarmağa, görürlər elə öz kabinetindəcə ölmüşdür.

        Kifayət qədər ibrətamiz bir məsələdir bu. Əlbəttə, bu dünya mükafat və caza məkanı deyil, Mütəal Allah tərəfindən insanların əməllərinin müqabilini əbədi dünya olar axirətdə veriləcəyi barədə dinimizin xəbərdarlıqları vardır. Lakin, Rəhman Allah digər insanların ibrət götürməsi üçün elə dünyadaca cəza və mükafatın bir qismini bəlli edir.

        Sözügedən bu ünsür, son anınadək insanların inancına, müqəddəs hisslərinə qarşı həqarətində israrlı və ardıcıl olmuşdur. Heç fikirləşməyib ki, bəs bəlkə mənə öz əməllərimin nəticəsini görmək belə qismət olmayacaq. Heç fikirləşməyib ki, bəlkə dünyadan gedəcəm, nə hisslər oyadıram insanlarda, kimlərin xətrinə dəymişəm, ruhiyyəsini sarsıtmışam və s. Heç deməyib ki, bu zəlil halda hara gedirəm. Heç onu da fikirləşməyib ki, imkanım olacaqmı bir düşünüm, fikirləşim, götür-qoy edim öz durumum barədə, etdiklərim və etmədiklərim barədə.

        Dünya bir şok yaşayır bu məsələ ətrafında. Məlumdur ki, qeyri-adi təəssürat bağışlayan, düşünməyə vadar edən olay və mövzular bütün insanlarda dərin iz buraxır. Az və ya çox, hər bir şəxs belə məsələlər ətrafında daxili narahatlıq keçirir. Alçaqlıq etmək istəyən, haqq basmaq istəyən hər bir kəs də öz aqibəti barədə bir müddət düşüncəyə dalır. Özü də məsələni xüsusilə maraqlı edən cəhət odur ki, həkimlərin etirafına görə, bu ünsürün sağlamlıqla bağlı şikayəti yoxmuş. Xülasə, bu insan belə getdi – milyarddan artıq insanın müqəddəs hisslərini təhqir edib, insanların və Yaradanın lənətini qazınmış bir halda dünyanı tərk etdi.

        ŞƏRƏFLƏ GEDƏN

        Hamı üçün ibrətli mövzudur bu. İnsan nə bilir ki, onun ölüm vaxtı nə zaman gələcək. Əqlin tələbi bu baxımdan budur ki, insan ölümə hər an hazır olsun. Özünü əbədi bilməsin insan. Düşünsün ki, bir gün bu dünyadan gedəcək. Nə ilə gedəcək, necə gedəcək? Bu suallar üzərində bütün insanlar düşünməlidir, hamımız düşünməliyik.

        Birinci halda lənətlə gedəndən tam fərqli olaraq, ikinci bəhs edəcəyimiz nümunə şərafətli ölüm haqqında olacaq. Şəhid ölümü haqqında. Vətənini azad görmək, bəşəriyyəti işıqlı görmək istəyən bir insanın haqqında. İstər Qarabağda, istər Fələstində, istər Livanda və yaxud dünyanın digər bölgəsində belə şəhadətlər olur. Hər gün olur.

        Bəşəriyyətin tarixi boyu təcavüzkarlar olub və vətəni müdafiə edənlər olub. Vətən uğrunda həlak olanlar əbədiyyətə qovuşmuş, rəhmət aparmışlar. Onların qatilləri isə qara sözlərlə lənətləniblər. Bə, həmişə olub və olacaq. Və düşmənlər və onların quyruqbulayanları azadxahlara müxtəlif damğalar vurmağa çalışmış, öz miskin mahiyyətləri ilə onları aşağılamağa çalışmışlar.

        Günümüzün şəhidi də neçə illərdir islami kimlik dərdilə  yaşamış, mübarizə aparmışdır. Onillərlə sionist rejiminin təcavüzünə qarşı savaşmışdır. Bütün ömrünü vətənini azad görmək məsləkinə həsr etmişdir. Və ölümü də yaşayışı kimi olmuşdur – düşmən terrorunun qurbanı olaraq. Şərəfli həyat, şərəfli ölümlə sonuclanmışdır. Və öz ölümü ilə yüzlərlə, minlərlə insana örnək olur şəhid. Yenilməz bayrağa, azadəlik və hürrlüyün yenilməz rəmzinə çevrilir şəhid. Bu itkinin yeri yeni-yeni mübarizlər hesabına dolur. Mübariz insanlar bir yana, qəflətdə olanlar da şəhidin nümunəsində mübarizənin fəlsəfəsinə və mahiyyətinə varırlar. Topluma dinamika verir, süstlükdən çıxarır şəhid.

        Hər bir cəmiyyətdə simvollar var. Və diqqət yetirsək, bu simvolların əksəriyyəti məhz amallar uğrunda həyatını qurban verən qəhrəmanlardır. «Şəhid – toplumun oksigenidir» - demişdir Ustad Şəhid Mütəhhəri. Şəhid verməyən toplum mənəvi tənəzzülə məhkumdur. Şəhidin qanı isə vətən torpağına dirilik verir, həyat verir. Ölməyə qoymur qəlbləri şəhid. Böyük işlər nəsib olar, ülvi duyğular hakim kəsilər şəhid verən toplumlara.

        Bir məqam da var ki, şəhidin ölümü kimin haqq, kiminsə nahaqq olmasını açıq-aydın göstərir. Şəhid öz ölümü ilə düşmənin maskasını yırtır, onun həqiqi durumunu ifşa edir. Dinc insanlara «terrorçu» damğasını vurub, özünə fövqəladə hüquqlar götürən zalımların mahiyyətini üzə çıxarır.

        KİM NƏ DURUMDA DİRİLƏR

        Gördüyümüz kimi, 2 fərqli ölüm baş verir. Bir tərəfdə – insanları oyadan, ruhiyyəni artıran, yaşam fəlsəfəsini açıqlayan, digər tərəfdə isə zəlalət və haqqbasmanın apofeozu, zirvə nöqtəsi olan ölüm. Bir hərəkətilə Yaradanın da haqqına, bəşərin beşdə birinin də haqqına təcavüz edən bir lazımsız ünsürün ölümü. Amma hər iki ölüm insana: «Düşün, öz durumun barədə təfəkkür et» mesajını verir. Məgər islamofob redaktor bilirdimi belə qəfil öləcəyini? O, uzunmüddətli şöhrətə hazırlaşmışdı, geniş müsahibələr verməyə, «dözümlülük» barədə demoqogiya aparmağa start götürmüşdü. Bu yolda olan hər bir insan anlamalıdır ki, ölüm onun qapısını döyəndə, möhlət-filan verməyəcəkdir. İşlərini yoluna qoymağa, basdığı haqları bərpa etməyə macal tapmayacaqdır.

        İkinci ölümün ibrəti isə kökündən fərqlidir. «Toplumlar qəhrəmanların hesabına, bayraqları yüksəldənlər hesabına inkişaf edir» - fikrini insana çatdırır bu ölüm. Qarabağı, Qüdsü unudulmağa qoymayan, insani kimliyi daima yada salan məhz bu həyatlar və bu ölümlərdir. Və ümmətin dərlərinə, ümumbəşər dərdlərinə şəriklik də bu müstəvidədir.

        İslam Peyğəmbərinin (s) çox mübarək bir buyuruşu var: «Kim nə ilə (əməl və sifətlə) ölərsə, Allah da onu həmin şeylə dirildər».

        Yəni, kim hansı əməllə, hansı sifətlə bu dünyadan gedərsə, Allah da onu həmin durumda dirildər. Kimsə təqvalı durumda gedəcəksə, xoş halına. Amma rəzil, zəlil halda bu dünyadan gedən – elə bu durumda diriləcək.

        İmam Səccad (ə) «Ölüm nədir?» sualına cavab olaraq bildirmişdir: «(Ölüm) – mömin üçün çirkin, bit-birəli paltarlarını bədənindən çıxararaq, ağır zəncir və halqaları çıxararaq, onları ən qiymətli, xoş ətirli paltarlarla, ən rahat yol gedən miniklərlə və ən əmin-aman mənzillə dəyişməkdir.

        Kafir üçünsə, bədənindən qiymətli paltarı qoparıb atmaq, təhlükəsiz mənzillərdən köçmək və onları ən çirkli, ən cod paltarlarla, ən qorxunc mənzillər və ən böyük əzabla əvəz etməkdir».

        Ölüm – mömin üçün rahatlıqdır, qurtuluşdur. Bu dünyanın çətinlik və əzablarından, nahaqlıqlarından qurtulmaqdır. Kafir üçün isə əksinə – əzabların başlanğıcı, törətdiyi zülmlərin müqabilinin alınması məqamının astanasıdır. Çox da ki, zalım özünü təhlükəsizlikdə hiss edir. Dinimiz bəlli edir ki, dünyadan köçərkən onun bu illüzor «təhlükəsizliyi» aradan gedəcək.

        ÖLÜMƏ HAZIR OLMAQ NƏ DEMƏKDİR?

        Ölüm nədir? Zahirdə – bir fizioloji prosesdir ki, insan həyatının dayanması ilə səciyyələnir. Və bu bir fenomendir ki, onun olacağını hamı qəbul edir. Hamı qəbul edir ki, bir gün gedəcək. Amma gedəndə nə vəziyyətdə gedəcək? Əbədi həyata nə sifətdə daxil olacaq?

        İslam Peyğəmbərindən (s) nəql edirlər: «Ölüm – möminin xoş ətirli gül çələngidir».

        Digər hədisdə Rəsuli-Əkrəmdən (s) nəql edirlər: «Ölüm – möminin hədiyyəsidir».

        İmam Cəfər Sadiq (ə) «Yunis» surəsinin 64-cü ayəsi haqqında buyurmuşdur: «Ölüm vaxtı Həzrət Muhəmməd (s) və Həzrət Əli (ə) ona (möminə) cənnət müjdəsi verərlər».

        Dediyimiz kimi, ölümün olacağını hamı bilir. Bəs əqlani yanaşma bu baxımdan nəyi tələb edir? Təbii ki, bu mərhələyə düzgün hazırlığı. İslam Peyğəmbəri (s) buyurmuşdur: «Gözü ölümün yolunu çəkən – yaxşı əməllər görməyə çalışar».

        Ölümün qaçılmazlığını bilən və ölümlə həyatın əslində bitmədiyinin, əksinə, yeni bir həyat mərhələsinin başlanmasının fərqinə varan və bu yeni həyatın necəliyinin məhz əməllərə görə sorğu-sualdan asılı olduğunu anlayan insan, buna müvafiq hərəkətlər edər. Yaxşı əməllər etməyə çalışar. Əlbəttə ki, özünü aldatmaq istəyən insanlar başqa. Belələri ölüm barədə fikirləşmək istəmir, belə xəyalları özlərindən qovurlar. Çünki, bu barədə olan düşüncələr, insanı keyfiyyətcə başqa əməllər yerinə yetirməyə vadar edər. Həzrət Əli (ə) buyurur: «Hər gün ömrünün və canının azaldığını görən və bununla belə ölümlə ölümə hazırlaşmayan kimsəyə heyrət edirəm».

        Dinimiz insanı mənasız ömür sürməkdən çəkindirir. Mənasız həyatın mənasız ölümlə sonuclanması barədə xəbər verir. Şərəfli həyatın isə ən gözəl sonu – şərəfli olaraq həyatla vidalaşma gözləyir insanı. Və ən şərəfli ölüm – İmam Hüseyn (ə) tək İlahi amallar yolunda canını qurban verməkdir. Rəsuli-Əkrəm (ə) buyurur: «Ən şərəfli ölüm – şəhadətdir».

        Digər hədisdə İslam Peytğəmbəri (s), Allah yolunda canını verməyin şərəfliliyini vurğulayaraq, buyurur: «İstəyirəm Allah yolunda vuruşum-çarpışım və öldürülüm, yenə vuruşum-çarpışım və öldürülüm və yenə də vuruşum-çarpışım və öldürülüm».

        Çarpışmaq, vuruşmaq təkcə cəng meydanında deyil ki. Elm, bilik, inkişaf, tərbiyə, mədəniyyət – hər nə insanın və insanlığını tərəqqisinə xidmət edirsə, hamısının yolunda səy etmək gözəldir. İstər fərdi, istər ailə, istərsə də ictimai müstəvidə nə qədər gözəl işlər görə bilər insan, və nəqədərini görür?! Hər bir kəs özünə bu sualı ünvanlamalıdır. Bəxtəvərdir o insan ki, Allaha bəndəliyin nə olduğunu anlayır və bunu edir.

        Nədir burada önəmli nöqtə? İnsan üzərinə düşən bütün vəzifələri yerinə yetirir və bunun ixlasla bu işi yerinə yetirməyindən narahat olanlar onu öldürürlər. Şərəfli bir ölümdür – insanın öz borcunu yerinə yetirməsi o qədər narahatedicidir ki, onun həyatına qəsd edirlər. Bu elm meydanında da ola bilər, yaradıcılıq meydanında ola bilər, jurnalistika meydanında da ola bilər, müharibə meydanında da ola bilər, digər meydanlarda da ola bilər. Şərəfli məqamı nə qədər yüksəkdədir və nə qədər əhəmiyyətlidir ki, insanın həqiqi dəyərlər yolunda sadəcə mövcudiyyətinə belə, mənfi yolun yolçuları dözə bilmir.

        Beləliklə, dinimizin nəzərində ölümə hazırlaşmaq – nəcib həyat sürmək, ətrafa nur yaymaq, insanlara yaxşılıq etmək - Qiyamət sorğusunun asanlığını dünyadaykən təmin etmək deməkdir.

        YATMAQ ÜÇÜNMÜ XƏLQ EDİLMİŞ İNSAN?

        Ümumiyyətlə, ölüm mövzusuna toxunarkən onu qeyd etmək lazımdır ki, insan ömrü ilə bağlı rəqəmlərə nəzər saldıqda ömürün müvəqqətliliyi və getdikcə azalması barədə birmənalı qənaətə gəlinir. Və düşünən insan mənalı yaşamağa, həyatını gözəl işlərə  sərf etməyə dəvət edilir.

        Rəqəmlərə baxaq. İnsanın həyat və məişətinin ayrı-ayrı hisslərəini xırdaladıqda, özünü dünya həyatına həsr etməyin, əbədi həyata hazırlaşmamağın mənasızlığı çox qabarıq surətdə görünür. Tədqiqatlar göstərir ki, insan onsuz da çox da uzun olmayan ömrünün təqribən 25 ilini yatır. Məgər insan bu qədər yatmaq üçün, ömrünün üçdə birini yuxuda keçirmək üçün yaranıbmı? İnsan öz ömrü ərzində 40 ton zibil atır. Məgər insan zibil atmaq üçünmü yaranıb? Ortabab insan ömrü boyu 5000 yumurta, 500 kq duz, 7 ton çörək yeyir, 35 ton su içir. Məgər yalnız bunlar üçünmü xəlq edilmiş yaranmışın əşrəfi?

        İnsan orqanizminin fövqəl gərgin fəaliyyətinə baxaq. İnsan ürəyi ömür ərzində 3 milyard dəfə döyünür, 125 milyon litr qan nəql edir. Heç bir, hətta ən kamil mühərrik belə təmirsiz-istirahətsiz bu qədər işləyə bilməz. Məgər Allah bunun üçünmü bu misilsiz imkanları verib insana ki, yalnız yeyib, içib, yatsın?!

        150 min kilometr yol qət edir ömrü boyu insan. Amma əsası odur ki, bu yol onu hara aparır? 400 milyon addım atır insan ömrü ərzində. Amma bu addımlar onu səadətəmi yaxınlaşdırır, yoxsa əzabamı? 70 litr göz yaşı tökür insan öz ömrü ərzində. Və öz seçimidir – riqqətdən və qəlbi həssaslıqdan tökülür bu göz yaşı, yoxsa çirkin əməllərinin əvəzindən…

        400 ağac sərf edir bir insanın ömrü boyu – kağıza və s. Nələr yazır bu kağızlarda insan, nələri qeyd edir? Haraya aparır onu bu yazılar?

        373 min dəfə gülür insan ömrü boyu. Nəyə gülür? Durumunamı gülür, etdiyi günahlaramı gülür, yoxsa xoş işlərə gülür?

        İnsan ömrü boyu 312 milyon dəfə gözünü qırpır. Və növbəti dəfələrdən birində qırpanda, daha açmır… Hər göz qırpımı sonuncu ola bilər insan üçün. Bunu unutmayan və ömrünü nəcib əməllərə xidmətdə keçirən insanın xoş halına! Və bunu unudub özünü əbədi əzaba düçar edənin vay halına…

        İnsan bilməlidir ki, hər nə verilib ona – vasitədir. Bu vasitəni hədəfə çevirən insan uduzur. Bunun vasitə olduğunu dərk edərək, həqiqi hədəfə – İlahi razılıq olan işlərə qol qoyan insan isə İlahi rəhmətə qovuşur. Allah Təala hər bir insana dünya və axirət səadəti qismət etsin!.

        Allahım! Bizləri həqiqi dəyərlərə sadiq olanlardan, şərəflə yaşayan və şərəflə bu dünyadan köçənlərdən qərar ver! Cəmi iman əhlini dinamik olanlardan və inkişafa can atanlardan, vücudi tərəqqi yolunda olanlardan  Həzrət Peyğəmbər (s) və Əhli-beytinin (ə) yolunu gedənlərdən olmasını nəsib et! Qəsb olunmuş torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulmasını, 12-ci İmam – Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! AMİN!

        Hacı İlqar İbrahimoğlu
        ilahiyyatçı-filosof,
        İçərişəhər «Cümə» məscidinin imam-camaatı

    Категория: Dini meqaleler | Добавил: media-islam (27.02.2008) | Автор: Filosof HACI iLQAR iBRAHiMOGLU E W
    Просмотров: 2500 | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər