Stereotiplər və reallıqlar
Bəşəriyyət tarixi dövlətlərin və xalqların müstəqilliyi ilə əlaqədar olan çoxlu sayda dastanlar və əfsanələr bilir. Bu əfsanələrin bəziləri kütləvi, xalq mədəniyyətinin tərkib hissəsinə çevrilmiş və əksəriyyət tərəfindən mütləq həqiqət kimi qəbul edilməkdədir. (Washington ProFile).
Vilhelm Tell
Vilhelm Tell İsveçrənin simvollarından birinə çevrilmişdir. O, bu ölkənin cəsarətini, qüvvətini və azadlığa doğru can atmasını təcəssüm edir. Vilhelm Tellin hekayəsi belədir:
1307-ci ildə gələcək İsveçrənin böyük hissəsində Habsburqlar sülaləsindən olan monarxlar hakimlik edirdilər. Bu sülalənin paytaxtı isə Vyana şəhəri idi. Beləliklə, Habsburqların canişinlərindən biri şəhərin meydanlarından birində Avstriya hersoqunun şlyapasını asdı. Daha sonra o, əmr verdi ki, bu meydandan keçən hər bir adam şlyapaya baş əyməlidir. Vilhelm Tell isə şlyapaya baş əyməkdən imtina etdi və buna görə də elə həmin andaca həbs edildi. Lakin, ona bildirildi ki, əgər arbaletdən açdığı atəşlə öz oğlunun başına qoyulmuş almanı vurub yerə sala bilsə, onda onu azadlığa buraxacaqlar. Vilhelm sərrast atıcı olduğu üçün bu şərtlə razılaşdı və nəticə olaraq azadlığa çıxdı. Lakin o, elə azadlığa çıxan kimi bir avstriyalı ilə mübahisə edərək ona bildirdi ki, əgər açdığı atəş oğluna dəysə idi, onda növbəti atəşlə hersoqun canişinini öldürəcəkdi. Bu sözlərə görə Vilhelm Telli yenidən həbs etdilər və zindana göndərdilər. Lakin, həbsxanaya gedən yolda o, gözətçilərin əlindən qaçmağa müvəffəq olur. V.Tellin həbsdən qaçması üsyanın başlanmasına bir bəhanə olur. Liderlərindən biri elə Vilhelm Tellin özünün olduğu bu üsyan uğurla nəticələnir. 1315-ci ildə avstriyalıların orduları darmadağın olurlar və Avropanın siyasi xəritəsində yeni bir dövlət – İsveçrə Konfederasiyası meydana gəlir.
Və qəddar canişini arbaletdən açdığı atəşlə qətlə yetirmiş Vilhelm Tell isə 1354-cü ildə suda batan uşağı xilas etmək istərkən qəhrəmancasına həlak oldu. Sonradan Vilhelm Tell ədəbi əsərlərin qəhrəmanına çevrildi. Bu əsərlərin müəllifləri Fridrix Şiller və Maks Freş kimi Avropa ədəbiyyatının azmanları olmuşlar. O, həmçinin, F.Şillerin pyesi əsasında Coakino Rossininin yazdığı operaya süjet və ad vermişdir.
Lakin, çox böyük ehtimalla bu – yalnızca əsl həqiqəti gözəl illüstrasiya edən, bəzəyən bir əfsanədir. Belə ki, qəhrəman isveçrəli barədə ilk yazılı işarə Vilhelm Tellin tarixi hadisələrin avans səhnəsində peyda olmasından yalnız 150 il sonra meydana gəlmişdir. Və bu işarələr də ziddiyətlərlə zəngindir. Bu sırada yalnız «alma hadisəsi» təqribən eyni şəkildə təsvir edilmişdir.
Məsələn, Frits Matis və Jan-Fransua Berje kimi müasir tarixçilər isə belə hesab edirlər ki, bu hekayətin əsasında qədim german saqaları (əfsanələri, dastanları) durmuşdur. Bu saqaların personajlarının adları dəyişdirilmiş və onlar orta əsrlərin isveçrəlisi üçün daha münasib olan şəraitə salınaraq nağıllara çevrilmişlər. Vilhelm Tell haqqında hekayətlərin müəllifləri çox güman ki, qədim əsatirlərlə yeni reallıqları çox müvəffəqiyyətlə bir araya gətirə bilmişlər. Məsələn, Vilhelm Tell heç bir halda arbalet atıcısı ola bilməzdi. Çünki, bu silah növü ilk dəfə İsveçrədə təsvir olunan hadisələrdən yalnız yüz il sonra meydana gəlmişdir. Səciyyəvidir ki, isveçrəlilər heç bir zaman mahir atıcı kimi tanınmamışlar. İsveçrə piyada qoşunları bir zamanlar Avropada ən yaxşı sayılırdılar. Lakin, onlar oxçuların və arbaletçilərin fəaliyyəti hesabına yox, çox gözəl şəkildə təlim keçmiş alebardçıların (alebarda – (italyanların «alabarda» sözündən götürülmüş almanca – «Helmbarte» - hərfən - qarmaqla olan balta) uzun dəstəkli deşici-kəsici silah. Bu dəstəyin başına nizənin ucluğunu xatırladan balta və yaxud sekira bərkidilir. XIV-XVI əsrlərdə bir sıra Avropa ölkəlrinin piyada qoşunlarının hərbi ləvazimatı olmuşdur – Dəyərlər) dəqiq manevrlərinin hesabına qalib gəlirdilər.
Dövrümüzə qədər gəlib çıxmış və müstəqillik uğrunda mübarizənin bütün keşməkeşlərini təsvir edən tarixi xronikalar da həmçinin Vilhelm Tell haqqında heç bir şey bildirmirlər. Bu mənbələr üsyanın tamamilə başqa səbəblərini göstərir və bu üşyanın tamamilə başqa rəhbərlərinin adlarını çəkirlər.
Mahatma Qandi
Mohandas Qandi Hindistanda Britaniya müstəmləkəçiliyinə qarşı aparılan qeyri-zorakı müqavimət hərəkatının ideoloqu olmuşdur. Bu qeyri-zorakı müqavimət hərəkatı isə nəticədə, yəni 1947-ci ildə, Hindistanın Britaniya İmperiyasının müstəmləkəçiliyindən azad olmağına gətirib çıxarmışdır.
Mahatma Qandi müasir pasifizmin müqəddəs simalarından birinə çevrilmişdir. Belə ki, onu Romen Rollan, Albert Eynşteyn (Albert Einstein), Martin Lüter Kinq (Martin Luther King), Nelson Mandela (Nelson Mandela), Con Lennon (John Lennon) və digərləri kimi tanınmış simalar özlərinə bir təqlid nümunəsi kimi seçmişlər. Qandinin anadan olduğu günü – oktyabr ayının 2-ni isə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Beynəlxalq Qeyri-zorakılıq Günü elan etmişdir.
Bundan da başqa, Mahatma Qandi hind dövlətçiliyinin simvollarından biri sayılır. Və bu da təsadüfi deyildir. Belə ki, çox uzun müddət ərzində bu ölkəni Qandinin qohumları və nəslinin nümayəndələri idarə etmişlər, onun portreti hind pul əskinasları bəzəyir, Qandinin anadan olduğu gün Hindistanın milli bayramıdır və ölkədə Qandi adına dövlət mükafatı da vardır.
Lakin, real Mahatma Qandi özünün stereotip obrazından bir qədər fərqlənir. Məsələn, «Qandi və Hindistan» («Gandhi and India: A Century in Focus») adlı kitabın müəllifi Canni Sofri (Gianni Sofri) kimi bəzi tarixçilər iddia edirlər ki, əgər Qandi olmasaydı, Hindistan öz müstəqilliyini çox-çox əvvəl əldə edə bilərdi. Məxsusən, məsələ burasındadır ki, Mahatma ölkənin müstəqilliyi ugrunda mübarizə hərəkatının yaradıcısı deyildi – o, yalnız bu hərəkatın liderlərindən biri idi. Səciyyəvidir ki, onun partiyası olan Hindistan Milli Konqresi 1885-ci ildə, yəni onun gələcək liderinin cəmi 16 yaşı olanda yaradılmışdı. Qandinin ardıcılları isə daha möhtəşəm və fəal hərəkatın yalnız o qədər də böyük olmayan bir hissəsini təşkil edirdilər. Hindistanda Mahatma Qandinin nüfuzu çox uzun müddət ərzində şübhələrə məruz qalmışdır. Belə ki, bir sıra hallarda Qandi çoxdan müəyyən edilmiş etiraz aksiyalarını keçirməkdən imtina edirdi. Belə ki, onun fikrincə belə tədbirlər müstəmləkəçi hakimiyyətlə qarşıdurmanı artıra bilərdi. Və yaxud, Qandi Günəş altında olan bütün dinlərin bərabərliyini bəyan edirdi, lakin buna baxmayaraq, açıq-aşkar şəkildə müsəlmanlara etibar etmirdi. Bu isə müstəqillik uğrunda hərəkatı zəiflətmiş və gələcəkdə yaşanacaq bir çox problemlərə gətirib çıxarmışdı.
Bütün bunlardan da başqa, Qandinin həmişə və ardıcıl şəkildə müharibələrə və zorakılığa qarşı çıxış etməsi barədə olan təsəvvürlər də həmçinin həqiqətə uyğun deyildir. Məsələn, «Zorakılıqla fəth: Qandinin anlayışında münaqişənin fəlsəfəsi» («Conquest of Violence: The Gandhian Philosophy of Conflict») kitabında Coan Bonduran (Joan Bondurant) aşağıdakı faktları göstərmişdir. Məsələn, Mahatma Qandi 1899-cu ildə burlarla (müasir Cənubi Afrika Respublikasının (CAR) ağdərili sakinləri. Burlar XIX əsrin sonlarında öz respublikalarını yaratmışdılar) müharibəyə başlamış Britaniya İmperiyasını qınamamışdı. Bu o zaman baş vermişdi ki, Britaniyanın apardığı bu müharibəni dünyanın demək olar ki, bütün humanistləri və bir çox dövlətləri pisləyirdilər. Lakin, Qandi nəinki sadəcə olaraq bu mühəribəyə dəstək vermişdi, o eyni zamanda Britaniya qoşunlarına aktiv şəkildə kömək etmişdi (belə ki, Mahatma Britaniya qoşunlarının sanitar dəstəsinin yaradılmasında iştirak etmişdi). 1914-cü ildə, Birinci Dünya Müharibəsi başlandıqdan sonra, Mahatma Qandi müvəqqəti olaraq etiraz aksiyalarının keçirilməsindən imtina etmişdi və öz pasifizminə baxmayaraq, Böyük Britaniyanın hərbi cəhdlərini dəstəkləməyə çağırmışdı. Elə 1939-cu ildə də, yəni İkinci Dünya Müharibəsi başlananda da Qandi hindistanlıları Britaniya ordusunda xidmət etməyə çağıraraq analoji şəkildə hərəkət etmişdi.
Əlbəttə ki, bütün bu göstərilənlər Qandinin və digər azadxahların xidmətlərini qətiyyən azaltmır və bəşəriyyət tarixində müsbət izini inkar etmir. Əslində onları bütləşdirməyə çalışan, onları bir məfkurə sahibi və lider kimi deyil, tapınma ünvanı kimi görməyə üstünlük verənlərin yaratdığı emosional fonu, normal tədqiqat və öyrənmə müstəvisilə əvəz etməyə doğru bir addımdır.
|