Bakıda fəaliyyət göstərən bütün muzeylərdə tamaşaçılara ödənişsiz mədəni xidmət göstəriləcək
27 sentyabr - Ümumdünya Turizm Günü paytaxtımızın qonaqları və sakinləri üçün Bakı şəhərində fəaliyyət göstərən bütün muzeylərdə “Açıq Qapı” günü elan ediləcək və tamaşaçılara ödənişsiz mədəni xidmət göstəriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu ildən etibarən hər il sentyabrın 27-si Bakı muzeylərində “Açıq Qapı” ənənəsi davam edəcək.
Xatırladaq ki, bir müddət əvvəl mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin sərəncamına əsasən Bakının beş aparıcı muzeyi –Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Tətbiqi Sənəti Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan İstiqlal Muzeylərinin ekspozisiyaları və kütləvi şöbələrinin iş vaxtı 2008-ci il 1 noyabr tarixinədək saat 10.00-dan 19.00-dək, istirahət və bayram günləri isə saat 10-dan 20-dək uzadılıb.
Bundan başqa sentyabr 26-da saat 15.00-da respublikanın ali təhsil ocaqlarında (BDU, AD Neft Akademiyası, AD İqtisad Universiteti və s.) təhsil alan I kurs tələbələri üçün təşkil edilən ekskursiyanın ilk ünvanı Hökumət Evi olacaq. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış “siti-tur” avtobusları iki saat ərzində paytaxta gələn qonaqları və bundan sonra burda hələ daha bir neçə il yaşayacaq tələbələri qədim, amma gündən-günə yeniləşən Bakı ilə tanışlığa aparacaq. Ümumdünya Turizm Gününə həsr olunmuş konfrans sentyabrın 27-də isə Ümumdünya Turizm Günü ilə bağlı konfrans keçiriləcək. Konfransda Ümumdünya Turizm Təşkilatından dəvət olunmuş şəxslərin, yerli və beynəlxalq turizm şirkətlərinin nümayəndələrinin, media mənsublarının və başqa qonaqların iştirakı gözlənilir. Konfransın gedişində beynəlxalq turizmlə, Azərbaycanda turizmin inkişafı ilə bağlı müxtəlif çıxışlar dinlənəcək, tədbir turizmlə bağlı müxtəlif sahələrdə nominasiyaların, mehmanxana və mehmanxana tipli obyektlərə lisenziyaların təqdimatı və mükafatlandırma ilə bitəcək.
Qeyd edək ki, 1925-ci ildən müxtəlif adlar altında Cenevrədə fəaliyyət göstərən Turizm təşkilatı, 1970-ci il sentyabr ayının 27-si Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq miqyaslı bir struktur şəklində formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr- Ümumdünya Turizm Gününü təsis edib. Bu gün artıq dünyanın 150 dən çox ölkəsində əsil turizm bayramı kimi qeyd olunur. 1996-cı ildən bu günədək ÜDTT-yə Fransa vətəndaşı olan Françesko Franciali rəhbərlik edir./ANS PRESS/ |