Bu gün vəzifəli, rütbəli adamlar zəhmətsevməz, nadürüst, narkoman, qumarbaz, əyyaş və əxlaqsız övladları üçün milyonlarla insanın gündəlik dolanışığını ağırlaşdırmaq hesabına dəbdəbəli mülklər, marketlər, ofislər, əyləncəli yerlər inşa etdirir, banklarda adlarına böyük məbləğlərlə hesablar yatırırlar. Övladlarının və doğmalarının etdikləri cinayətlər və xətalar müqabilində onlara nəinki irad tutmur, əksinə, bu hərəkətlərinə bəraət qazandırmaq üçün xətaları başqalarının boynuna qoymaqdan belə çəkinmirlər. Şikayət edənlərə: - "Mən özüm də ondan çəkinirəm. O, heç kəsə tabe olmur" - deyə məmnuniyyət ifadə etməkdən, təbəssümlü poza almaqdan belə çəkinmirlər. Halbuki, İslam əxlaqı ilə tərbiyə tapan müsəlman babalarımız belə məqamlarda nökər-naiblərinə buyuruq verərək: - "Varın, gətirin, öldürəyim, belə oğul bizə gərəkməz" - demişlər. Çünki bilmişlər ki, belə xəbər dağlar aşıb daha böyük səlahiyyət sahiblərinə çatsa, diri qalmaqdan ölmələri yey olacaq, hakimiyyətin qınağı, elin nifrəti cəmiyyətdəki nüfuzlarının itirilməsinə gətirib çıxaracaqdır. Allah-Təala övladın və var-dövlətin sınaq məqsədilə verildiyini, qəlbi övlad sevgisi ilə doldurmağın zərər gətirəcəyini, özləri ilə qəlbləri arasında məkan tutan Yaradanlarını sevəcəkləri təqdirdə ölü ruhlarının diriləcəyini bəyan etmişdir. Qəlbin lövhəsi digər məhəbbətlərə deyil, Allaha (c.c.) açıq olmalıdır. ...Hakimiyyətdən, səlahiyyətdən imtina etmiş, həcc yolu tutmuş Bəlx hakimi İbrahim Ədhəm (r.ə) Məkkədə zəvvarlar arasında oğlunu gördükdə uzun ayların həsrəti ilə onu qucaqlamış, göz yaşları içində oğluna sarılıb bir anlığa Allahı unudaraq dünya sevincini yaşamışdı. Nida gəldi ki, "ey İbrahim Ədhəm, - bir qına iki qılınc, bir qəlbə iki məhəbbət sığmaz. Ya oğlun, ya Mən!" İbrahim Ədhəmin qərarı ani oldu: "Allahım, təqsirimdən keç! Sənin məhəbbətinlə dolmuş könlümdə oğluma yer yoxdur!" Dərhal oğlunun cəsədi qolları arasına düşən İbrahim Ədhəmin bu vaxta qədər qəlbi hakimiyyət, var-dövlət sevgisindən xali olmuşdu, ancaq oğul-uşaq sevgisi xatirində qalmışdı. Burada onun ürəyi bu sevgidən də xali ola, bütün səmimiyyət və şiddəti ilə Allahına bağlana bilmişdi. Bu örnək əslində oğul-uşağı Allahın qoyduğu hədd-hüdud daxilində sevməyin, Allaha aid olan qəlbi digər şeylərə olan sevgi ilə, o cümlədən oğul-uşaq sevgisi ilə doldurmağın zərərlərini göstərməyə xidmət edir. ...Dəlili-cəhldir eşq əhlinə surətpərst olmaq Ki, aqil iftiraqı mümkün ib ittisal etməz. Könüldə dust təmkin bulsa, olmaz gözdə cövlanı Məhəbbət sabit olsa, öz yerindən intiqal etməz , Səvadi-masivadən lövhi-dil xali gərək daim, Müvəhhid səfheyi-idrakə nəqşi-xəttü xal etməz. (Eşq əhlinin surətpərəstliyi cahilliyin dəlilidir. Ağıl sahibi ayrılığı mümkün olana bağlanmaz. Dost, könüldə möhkəm qərar tutsa, gözün onu görməsinə ehtiyac qalmaz. Məhəbbət sabit olsa, öz yerindən başqasına nəql olunmaz. Ürək lövhəsi Allahdan başqa hər şeydən daim xali olmalıdır. Allahın vahidliyini qəbul edənlər idrak səhifəsində xətt və xala yer verməz). Sevilməyə daimi olanı haqqı vardır. Nicat da daimi olanı sevməkdədir: Mötəbərlikdir qürur əsli, mən andan fariğəm Etibarə çün deyil qabil mühəqqər heyətim. (Qürurun əsli mötəbərlikdir, mən ondan uzağam, çünki çürüyüb torpaq olacaq və ayaqlar altında qalaraq təhqir ediləcək bədən üzvlərim etibarlı deyildir). Daimi olan Allahı sevmək müvəqqəti olanı sevməkdən, ona bağlanmaqdan insanı azad etdiyi üçün dünya qayğılarından da xilas edib narahatlığı ondan götürür və onu əmniyyətə, qəlb rahatlığına, səkənəyə qovuşdurur: Bu aləm kim, könül, qeydin çəkərsən möhnətü ğəmdir, Fəna sərmənzilin seyr eylə kim, bir xoşca aləmdir. Anıb tənhalığı qəbr içrə nifrət qılma ölməkdən Təriqi-üns tut kim, hər ovuc tomaq bir adəmdir. Deyil möhkəm cahan mülkündə hər bünyad kim, qilsan, Bəqa mülkündə tut mənzil kim, ol bünyad möhkəmdir. (Könül, əsiri olduğun bu aləm çətinliklər və qəm mülküdür, yoxluq sarayını seyr eylə ki, bir gözəl aləmdir. Qəbirdə tənhalığı xatırlayıb ölümə nifrət etmə, ünsiyyət yolu tut ki, hər ovuc torpaq bir adamdır. Dünya mülkündə hansı binanı tiksən, bünövrəsi möhkəm olmayacaqdır. Əbədiyyət mülkündə mənzil tut ki, onun bünövrəsi möhkəmdir). İbrahim Ədhəmin rastlaşdığı hadisə çox əvvəllər zəmanə zalımı Nəmrudun cəzasından qorxmadan Allahın böyüklüyü və təkliyi barədə həqiqəti söyləyən, bunun üçün mancanaqla tonqala atılan və Yaradıcının şəfqəti və mərhəməti ilə oddan nicat tapan, ixlası və içdən xaliqinə sığmdığı üçün "Xəlilullah" (Allahın dostu) ləqəbini qazanan İbrahim əleyhissəlamın başına gəlmişdi. Yar istəməz ki, aşiqi əğyara yar ola, Hər ləhzə bir tərəddüd ilə biqərar ola. İstər ki, lövhi sadə olub nəqşi-ğeyrdən, Peyvəstə kəndü nəqşinə ayinədar ola. ("Lövh" ürəyi, "nəqşi-ğeyr" isə digər sevgiləri anladır. Allah aşiqini hər an gah bu, gah digər sevgi ilə qərarsız, tərəddüd içində olmasını istəməz. İstəyər ki, aşiq ürəyinin lövhəsi digər sevgilərdən xali olsun, həmişə gerçək və daimi olan Məşuqüh-sevgisinə ayinədar olsun...) Bəşər ağlının indiki kamal səviyyəsi bu həqiqəti asan dərk etməyə imkan verdiyi halda, görünür, Allah rəsulu Xəlilullah İbrahimin və övliyalardan olan İbrahim Ədhəmin vaxtında bu gerçəyi anlamaq çətin olmuşdur. Bu gerçəyi anlatmaq üçün Allah-təala rəsullarının və övliyalarının timsalında insanlara örnəklər təqdim etmişdir. Bu həqiqətlərdən və örnəklərdən xəbərsiz olan və ya eşitdiklərinin mahiyyətini anlamayan, ibrət götürə bilməyən adamlar öz həyatlarını məhv etdikləri kimi övladlarının da həyatını məhv etməkdən cahilcəsinə həzz alırlar. Məhz bu həzzi məhdudlaşdırmaq üçün Allah-təala hədd qoymuş və övlada olan sevgidə bu həddi gözləməyin bir xilas yolu olacağını nişan vermişdir. Ədiblər müxtəlif dillərdə bu həqiqəti bədii şəkildə insanlara çatdırmışlar: Ey xacə, gər qulundan oğulluq murad isə, Şəfqət gözü ilə bax ona daim oğul kimi. Vər oğlun dilərsən ola sahibi-ədəb, Əlbəttə, eylə zillətə mötad qul kimi. Mövcud cəmiyyətin rəhbər strukturlarında olanların əksəriyyəti övladlarını özlərinə ağa, tabeliyində olanları isə onlara miras qalmış qul hesab edir. Ona görə də zəhmətə alışmayan, zəhməti ar bilən, haramla pərvəriş tapan, avtoşluq edən, günlərini barlarda, əyləncələrdə keçirən, əxlaqını itirmiş elitar gəncliyin bu günü faciəvi olduğu kimi, sabahı da xəsarətdən sığortalanmamışdır. Bunlar cəmiyyətin boynunda ağır bir yükdür və fürsət düşən kimi cəmiyyət bu yükü boynundan atmağa məhkumdur. Allahın ayeyi-kəriməsində buyurduğu və tərbiyə işinin istiqaməti kimi qəbul edilməli olan övlada münasibət məsələsi həllini tapmayınca, cəmiyyətin qütbləşməyə meylli bu iki zümrəsi arasında münasibətlərin sağlam təməllər üzərində qurulması mümkün olmayacaqdır. Tarix sağlam olmayan münasibətlərin ağır nəticələri barədə çoxlu ibrətlər sərgiləyir. Hətta Allahın peyğəmbərlərindən bəziləri bu məsələnin ideala yaxın həllində çətinlik çəkmişlər. Məsələn, Həzrət-Yəqub oğlu Yusifi digər övladlarından çox sevməklə qardaşlar arasında ədavətə bais olmuşdu. Öz övladlarını hədsiz sevmək, Allahı arada görməmək, başqalarının balasını sevməsini xorlamaq, kiçik görmək insan təfəkkürünün naqisliyi və küfrə meylliliyi ilə bağlıdır. Çünki Allah (c.c.) insanı təbiət etibarilə kafir xəlq etmişdir. Yalnız Allahı tanıyan iman sahibləri bu küfrdən uzaqlaşmış olurlar. Valideynin öz məsuliyyətini unudub (Atalıq borcu eyni tərbiyənin əksi deyil), yalnız övladının maddi ehtiyacları qayğısına qalması, etdiklərinin fərqində olmaması, "əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir" hikmətini unutmaqdan irəli gəlir. Çünki imanı olmayanlara etdikləri çirkin hərəkətlər gözəl göstərilmişdir. Bu çirkin və yanlış istəklər yeni nəslin zəmanəyə uyğun hazırlanmasına mane olur. Fitrətən zəif yaradılmış insanın çətinliklərlə dolu olan gündəlik həyata, diriliyə uyğunlaşması üçün tərbiyələndirilməsi çox vacibdir. Məşəqqət içində yaşamağa məhkum edilmiş insanın həyatda var ola bilməsi üçün müəyyən bilik və bacarıqlara yiyələnməsinə ehtiyac vardır. Bu sahədə bilik və bacarıqların qazanılması isə mərhələlər üzrə ardıcıl tərbiyə işinin aparılmasmı tələb edir. Övladı zəhmətə alışdırmaq asan olmadığı kimi, maneəsiz də deyildir. Bu maneə çox vaxt anaların uşaqlarını əzizləməsi, "sənə gələn mənə gəlsin" yanlışlığı ilə onların yerinə çalışması, ağır, zəhmət tələb edən işlərdən onları qoruması, gənclərin uzun-uzun yuxulara dalmasını əsl istirahət və həzz kimi başa düşmələri şəklində ortaya çıxır. Düşüncə sahibləri bir bədiədə (pritçada) bunu belə ümumiləşdirmişlər: İman sahibi olan ata yeniyetmə övladını zəhmətə alışdırmaq məqsədilə onu qazanc dalınca göndərir və qazancını gətirib ona verməsini istəyir. ...Ana oğlunun əziyyətinə razı olmayaraq ona müəyyən məbləğ verib atasına "bunu qazanmışam" deməsini tapşırır. Vəziyyəti irəlicədən fəhm edən ata, pulu alan kimi ocağa atır. Oğlunda bir dəyişiklik görməyən ata, bu vəziyyətin bir neçə dəfə təkrarlanmasına dözür. Axırda oğul qeyrətə gəlib çətinliklə az bir məbləğ qazanıb atasına təqdim edir. Ata bu dəfə də aldığını ocağa atmaq istədikdə oğul əlini ocağa tərəf aparıb qazandıqlarını xilas etməyə çalışır. Ata artıq oğlunun zəhmətə qatlandığını, ona görə qazandığının qədrini bildiyini anlayır. Zatən tərbiyə etmək, həyata hazırlamaq belə düşünülmüş üsul və vasitələrlə mümkündür. Aradakı maneələrin aparılması üçün səbr və ardıcıllıq tələb olunur. Sübh vaxtı şirin yuxudan oyanıb şüurlu fəaliyyətə alışmayan adamların ruzi bolluğundan məhrum olacağını bəyan edən Peyğəmbərin (s) fikrini ədiblər müxtəlif dillərdə insanlara çatdırmışlar: Sübhdür fatehi - xəzaneyi - rizq, Rağibi - xabi-sübhdür məzmum. Sübh vaxtı xabə rağıb olan Rüfəti-rizqdən olar məhrum. Yəni övlada sevgi instiktiv, heyvani yox, şüurlu olmalı, onun mənəviyyatını İslami dəyərlər zəminində cəmiyyətə və özünə faydalı şəkildə hazırlanmasmda təzahur etməlidir. (davamı var) Vahid Xələfov Gəncə Dövlət Universiteti Azərbaycan dili kafedrasının dosenti
|