Cüme axşamı, 07.11.2024, 08:24
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 12
    Qonaq: 12
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    AMAVİ HÖKUMETİNİN TEHLİLİ
    Gördüyünüz kimi, Üməyyə ibni Əbdüş-şəmsin nəvəsi Müaviyə ibni Əbu Süfyan hicrətin 41-ci ilində özünü müsəlmanların xəlifəsi adlandıraraq özündən sonra oğlu Yezidi vəliəhd tə’yin etdi. Yezidin ardınca isə 2-ci Müaviyə çox qısa müddətdə hakim oldu və o, öldükdən sonra Süfyani sülaləsinin xilafəti sona çatdı. Şam camaatı Mərvan ibni Həkəm ibni Əbul A’s ibni Üməyyə ibni Əbdüş-şəmsə bey’ət etdilər. Mərvanın övladları hicrətin 132-ci ilinə qədər xilafətə sahib oldular. Bu sülalənin axırıncı xəlifəsi Himar ləqəbli Mərvan ibni Məhəmməd Abbasilərin qiyamı nəticəsində qətlə yetirildi. Beləliklə Üməyyə sülaləsinin hakimiyyəti sona yetdi.

    Əməvilərin hakimiyyəti dövrü bir neçə cəhətdən təhlil və təhqiq olunmalıdır:

    1.Ölkələri fəth etmələri və bu sülaləyə mənsub hakimlərin siyasi nüfuzlarının yayılması;

    2.Üsuliddin və füru’iddində köklü dəyişikliklərin baş verməsi;

    3.Belə geniş qüdrətə malik olmuş Əməvi hökumətinin 90 ildən artıq davam gətirə bilməsi;

    Xəritədən də mə’lum olduğu kimi, 41-ci ildən 132-ci ilə qədər islam hökumətinin ərziləri kifayət qədər genişlənmişdi. Belə ki, 500 il davam edən Abbasi hökuməti bu əraziyə heç də artıq bir şey əlavə etməmişdilər.

    Bu sülalənin islam dinində gördükləri əsaslı dəyişiliklər qısaca olaraq aşağıdakılardan ibarətdir:

    1.Peyğəmbər (s)-dan sonra camaatın nisbi bey’əti əsasında qurulan islam hökuməti mütləq monarxiya və miras olaraq bir-birinə ötürülən hakimiyyətlə əvəz olundu. Bə’zi qərb şərqşünasları çalışırlar ki, Müaviyənin Yezidi vəliəhd tə’yin etməsini xalqın razılığını əldə etməklə həyata keçirdiyini sübut etsinlər. Və bunun ən bariz nümunəsini bir neçə tanınmış şəxsiyyətlərin ona bey’ət etməsi ilə əlaqələndirirlər. Bu sözlərlə Yezidin xəlifəliyini Raşidi xəlifələrinin seçilməsi kimi tanıtdırmaq istəyirlər. Lakin qeyd olunduğu kimi, Yezidin vəliəhd tə’yin olunması məsələsi pul vermək və güc tətbiq etməklə qabaqcadan hazırlanmış bir plan əsasında olmuşdur. Yezidə bey’ət etməkdən boyun qaçıran o üç nəfərin xalq arasında çox yüksək hörməti var idi. Buna görə də Müaviyə onlara birbaşa zərər yetirə bilmir, həmçinin ölkədəki siyasi vəziyyət buna imkan vermirdi. Bundan əlavə bə’zi mənbələrdə qeyd olunub ki, Müaviyə Yezidə bey’ət almaq üçün Hicaza səfər edən zaman məsciddə o üç nəfərin hər birinin başı üstə nəzarətçi bir mə’mur qoydu və e’tiraz etdikləri zaman onları öldürməyi əmr etdi.

    2.Bu dövrdə islam hökumətinin əsas bünövrələrindən biri hesab olunan bərabərlik aradan getmişdi. Halbuki, Qur’an və Peyğəmbər sünnəsi bütün üstünlükləri ləğv etmişdi və Allah yanında ən uca me’yar təqvalı olmaq sayılırdı. Əməvilər ərəb soy kökünü ən uca millət hesab edir və islam peyğəmbərinin də ərəb olduğunu deyirdilər. Deməli başqa xalqların içərisində ərəblər və onların da arasında Qüreyş hamıdan üstün sayılırdı.

    3.Ölkənin gəliri ümumi işlərə xərc olunmur, müharibədən əldə olunmuş qənimətlər, fəth olunmuş ərazilərdən gələn gəlir cihadda iştirak edən əskərlər arsında bölünmür və hökumət bu gəlirləri özlərinin gözəl və təmtəraqlı həyat sürmələri üçün xərcləyirdilər.

    4.Zindana salmaq, işgəncə, ölüm və bə’zən də kütləvi qırğın çox geniş yayılmışdı.

    5.Raşidi xəlifələrinin hakimiyyəti dövründə adəti üzrə bir mövzu haqda hökm çıxarmaq üçün ilk növbədə Qur’ana və Peyğəmbər sünnəsinə müraciət olunurdu. Orada bir hökm (qəti cavab) tapmadıqda səhabələrdən soruşardılar (mühacir və ənsar) ki, siz bu barədə Peyğəmbərdən bir hədis eşitmisiniz ya yox? Bu axtarışlardan sonra bir sənəd əldə etmədikdə fiqh elmində dərin biliyə və uzaqgörənliyə malik olan alimlər öz ictihadları əsasında hökm çıxarırdılar. Və bunun də şərti bu idi ki, verilən hökm Qur’anın zahirinə və Peyğəmbərin sünnəsinə tam surətdə zidd olmasın. Ancaq Əməvilər dövründə xəlifələrin verdikləri hökmün Qur’an və Peyğəmbər hədisi ilə ziddiyyət təşkil etməsində heç bir mane görmürdülər. Qeyd etdiyimiz kimi, Müaviyə Peyğəmbər hədisinin ziddinə olaraq Ziyadı qanunsuz yolla Əbu Süfyanın oğlu və özünün qardaşı adlandırdı.

    6.Bildiyiniz kimi, islam fiqhində günahkar və müttəhimi cəzalandırmaq üçün “həddlər” (yə’ni hər hansı bir günahkarı və ya səhv iş görəni cəzalandırmaq üçün tətbiq olunan cəza tədbirləri) və “diyələr” (yə’ni hər hansı bir günah müqabilində ödənilən cərimə, qanbahası və s.) termini ilə tanınmış hökmlər mövcuddur. Günahkar bu hökmlərə əsasən cəzalandırılmaladır. Lakin Əməvilər dövründə günahkarlar islam qanunu əsasında cəzalandırılmırdı. Müqəssirin cəzalandırılması hakimin öz şəxsi nəzərindən asılı idi. Bə’zən müqəssiri bağışlayar, bə’zən isə günahsız yerə öldürərdilər. Bə’zən də müqəssirə işlətdiyi günahdan artıq cəza verilərdi.

    7.Müsəlman ərazilərində böyük fəqihlərin yetişməsinə baxmayaraq, demək olar ki, onların sözünə heç kəs qulaq asmayırdı. Əgər bir fəqih hər hansı bir hakimin zərərinə hökm çıxarmış olsaydı onu təhlükə gözləyirdi. İslamın mühüm əsalarından sayılan yaxşı işlərə də’vət və pis işlərdən çəkindirmə (əmr be mə’ruf nəhyəz münkər) bu səbəbə görə yaddan çıxarıldı. Heç kəsin xəlifə və ya onun yerlərdə olan nümayəndəsini pis işlərdən çəkindirməyə cür’əti çatmırdı.

    8.İslam və müsəlmanların müqəddəs saydıqları şeylər təhqir olunurdu. Belə ki, Kə’bə evi və Məscidül-həramı viran edildi, Peyğəmbər məzarı, məscidi və minbəri təhqir olundu. Mədinə əhalisini isə 3 gün kütləvi surətdə qırdılar.

    9.İslam tarixində ilk dəfə olaraq Peyğəmbər övladlarını qətlə yetirib arvad-uşaqlarını, bütövlükdə ailə üzvlərini əsir alaraq şəhərlərdə gəzdirdilər.

    10.Cahiliyyət dövrünün şüarları və Peyğəmbər zamanı yasaq edilən yersiz mədhlər yenidən geniş formada yayılmağa başladı. Əməvi dövrünün şairləri bacardıqca xəlifə və ya hakimi layiq olmadığı xüsusiyyətlərlə tə’rif edir, onlarda olan çatışmamazlıqları isə müsbət keyfiyyət kimi qiymətləndirirdilər.

    11.Hakimlərin razılığını əldə edib Allahı qəzəbləndirən satqın, dünyapərəst alimlər iş başına gəlirdilər. Bunlar Qur’an ayələrini və Peyğəmbər hədislərini öz istədikləri kimi təfsir edir, hakimlərin sözlərini və rəftarlarını onların xeyrinə izah edirdilər.

    12.Geyim, yemək, saray, ev əşyaları və bütövlükdə yaşayış tərzi günbəgün ziynətlənirdi. Rum imperiyası üslubunda saraylar, qış və yay iqamətgahları, hökumət sarayında, hətta ovlaqlar da belə gözəl bəzədilmiş hamamlar tikilirdi.

    13.Sərxoşluq, əyyaşlıq və rəqqasə kənizlərin alınması geniş surətdə yayılmışdı. Belə ki, Əməvi xəlifələrindən bə’zisinin söz-söhbəti ancaq qadın, yemək-içmək və şərab barəsində idi.

    FƏTH OLUNMUŞ ÖLKƏLƏRDƏ DİLİN VƏZİYYƏTİ
    Bildiyimiz kimi, Ərəbistan yarmadasından şimala və şərqə üz tutan ərəb əsgərlərinin dili ərəb dili olmuşdur. Ordu başçıları ilə danışmaq üçün təbii ki, ərəb dilini bilmək lazım gəlirdi, ancaq yerli xalq öz aralarında ana dillərində danışırdılar. Beləliklə ərəb dili hakimiyyətin əhatə dairəsində rəsmi dil e’lan edildi. Əbdülməlikin xilafəti zamanı Həccacın hakim olduğu dövrdə Saleh ibni Əbdürrəhman mühasibat idarəsini pəhləvi dilindən ərəb dilinə çevirdi. Şamda da həmçinin idarələri yunan dilindən ərəb dilinə çevirdilər.

    Suriya, Fələstin və İordaniyadakı xalqlar ərəb köklü arami dilində danışırdılar, ərəb olmayan bu xalqlar islamı qəbul etdikdən sonra ərəb dilini çox tez qavradılar. Ancaq bu dəyişiklik (dilin dəyişilməsi prosesi) Misirdə iki əsrə yaxın müddət ərzində həyata keçdi, deyilənlərə görə hicrətin üçüncü əsrində ərəb dili qibti dilinin yerini tutdu. Bildiyiniz kimi, bu islahatlarda xalq mə’murlar tərəfindən təzyiqlərə məruz qalmamışdır. Şərqdə – Bəsrə, Kufə və Vasitdə məskunlaşmış iranlılar ərəb dilini çox gözəl öyrənib, hökumət idarələrində fəaliyyət göstərmiş və ölkələrin bə’zi alimləri, hətta ərəb dilinin qarmmatikasına dair kitablar da yazmışlar. İraqı çıxmaq şərti ilə heç bir yerdə fars dili öz yerini ərəb dilinə vermədi. Bunun səbəbini başqa bir yerdə ətraflı surətdə yazmışıq. Qısası budur ki, islam dini hələ İrana gəlməmişdən əvvəl fars dili və ədbiyyatı özünün kamillik mərhələsinə çatmış, dolğun və təcrübəli bir mədəniyyətə malik olmuşdur. Fars dili və ədəbiyyatı ərəb dili ilə qarşılaşdıqda ehtiyac duyduğu dini terminləri götürərək müqabilində idari, siyasi, fəlsəfi və ədəbi terminləri ərəb dilinə təqdim etmişdir. İranlı alim və ədəbiyyatçılar nəinki ərəb dili qarammatikasının inkişafında ciddi cəhdlə çalışmışlar, hətta ərəb dili çərçivəsində elmi məhfumları yaratmaqla bu dili daha da zənginləşdirmişlər. Başqa yerdə dediyimiz kimi, belə təsəvvür olmunmasın ki, ərəblər işğal etdikləri ərazilərdə xalqı ərəb dilini qəbul etməyə məcbur edirdilər.

    Yarmadanın iki tərəfindən (şərq və şimal) xaric olub fəth olunmuş ərazilərdə islamı yayan ərəblər iki əsas dəstəyə bölünür: Allaha görə iş görən dəstə, biri də din adı ilə Allah yolunda cihad edən dünyapərəst dəstə. Birinci dəstə yalnız xalqa Qur’anı, namazı və islam hökmlərini öyrətmək istəyirdi, ikinci dəstə isə vergi toplamaq arzusunda idi. Bunlar bir şeydən, hakimiyyət etməyin yollarından biri olan zor gücünə dil və mədəniyyət öyrədilməsindən xəbərsiz idilər. Dövlət idarələrini fars dilindən ərəb dilinə döndərən əsli iranlı olan Saleh ibni Əbdürrəhman olmuşdur. İranlıları tə’rifləyən şairə üzünü tutaraq bu cümləni: “Sənə verilən hədiyyə budur ki, buranı sağ-salamat tərk edəsən – deyən də İranın Taliqan şəhərindən olmuşdur.

    İranlı alimlərin islamın ilk əsrlərində öz kitablarını ərəb dilində yazmaqlarının səbəbi onların bu işə zorla vadar və ya məcbur edilməsi olmamışdır. Bağdadın süqutundan əvvələ qədər ərəb dili başdan-başa müsəlman ölkələrində elmi, siyasi və dini dil olmuşdur. Bu nahiyənin alimləri öz kitablarını ona görə ərəb dilində yazırdılar ki, o dil müsəlman xalqları arasında müştərək ünsiyyət vasitəsi idi. Ancaq onlar öz xalqları üçün kitab yazmaq istədikdə fars dilini seçirdilər. Bunun nümunələrini Salmani və Ğəznəvi hökuməti dövründə yazılmış elmi kitablardan görmək olar.

    MƏZHƏBLƏR VƏ YA ƏQİDƏ MƏSƏLƏLƏRİ ÜZRƏ MÜXTƏLİF FİKİR YÜRÜDƏN FİRQƏLƏR
    Əməvi hakimiyyətinin birinci yüzilliyinin ikinci yarısından başlayaraq bir sıra məzhəblər meydana çıxmışdı ki, onların əsas mərkəzi İraq sayılırdı. Ona görə ki, İraqın bə’zi şəhərləri, o cümlədən Kufə şəhəri əqidələrin, müxtəlif dini və fəlsəfi fikirlərin toqquşduğu bir məkana çevrilmişdi. Deyilənlərə görə ilk mübahisə insanların bir işi görməkdə ixtiyarlı və ya məcbur olmaları barədə düşmüşdür. Hər iki nəzəriyyənin tərəfdarları “qədəriyyə” və “cəbriyyə” adlanırlar. Bu haqda müsəlmanlar arasında ilk mübahisə Süffeyn müharibəsindən sonra baş vermişdir, belə ki, bir nəfər Əli (ə)-dan soruşdu: Biz bu döyüşə öz iradəmizlə gəlmişik, yoxsa buna məcbur idik? Bunun ardınca hər iki dəstə öz əqidəsini müdafiə edərək müqabil dəstəni məzəmmət etmək üçün hədislərə əl atdılar.

    Əməvi hakimiyyəti dövründə “Murciə” adlı başqa bir məktəb də təsis edildi. Əməvilər etdikləri zülmlərə bəraət qazandırmaq üçün bu məktəbdən istifadə edərdilər. Qeyd etdiyimiz kimi, Xəvaricdən olan bir dəstə böyük günah görmüş insanın əbədi olaraq Cəhənnəm odunda qalacağını deyirdilər. Bunun müqabilində isə Murciə “onların işini Allaha tapşırmaq lazımdır” deyirdi. Bəhanələri də bu idi ki, biz onlara (böyük günaha mürtəkib olanlar) qarşı sərt davransaq müsəlman cəmiyyətində təfriqə yarana bilər. Onlar belə bir nəzəriyyələri ilə Müaviyə və digər xəlifələrin gördükləri işləri, o cümlədən təqvalı adamları öldürmələri, Kufə və Bəsrə şəhərini qarət etmələrini təsdiq edirdilər. Murciənin əsas nəzəri Qur’ani-kərimin aşağıdakı ayəsinə əsaslanır:

    (“Bədəvilərdən və Mədinə əhalisindən) döyüşə getməyənlərin bir qisminin də işi Allaha qalıb. Allah ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah (hər şeyi) biləndir və hikmət sahibidir!”

    Cəbri, Qədriyyə və Murciədən fərqli olaraq özünə orta mövqe seçmiş “Mö’təzilə” məktəbi də meydana çıxdı. Deyilənlərə görə bu məktəbin yaranmasına əsas səbəb bu idi ki, Həsən Bəsri böyük günaha mürtəkib olmuş şəxsi kafir sandığı halda şagirdlərindən biri Vasil ibni Əta isə deyirdi: Belə bir şəxs nə mö’mindir, nə də kafir, o şəxs imanla küfr arasındakı mövqedə qərar tutmuşdur. Vasil ibni Əta öz müəllimindən ayrılandan sonra Həsən dedi: (qəd e’təzələ minna)

    O, bizdən uzaqlaşdı. Bu adın, yə’ni “Mö’təzilə” adının onlara verilməsinə dair çox nəzər və rəylər mövcuddur.

    Mö’təzilə məktəbi Abbasi xilafəti zamanı daha da rövnəqlənmiş və bir çox əqidə məsələlərində nəzəriyyə irəli sürmüşdür. Bu firqə barəsində lazımi yerdə ətraflı və geniş izah verəcəyik.

    Ancaq görəsən Əməvi hökuməti nəyə görə belə tez süquta uğradı? Afrikanın (Tunis), həmçinin İspaniyanın, şərqdə isə Amurdərya və Sent dərəsinə qədər uzanan ərazilərin fəthi Əməvilər dövründə baş verdiyini çox gözəl bilirik. Bu sülalənin içərisində təcrübəli, iradəli, zor gücünə və tədbirlə islamın əhatə dairələrini genişləndirən bacarıqlı şəxslər də olmuşdur. Lakin bir belə səy və bacarıqlar həddindən artıq səmərəsiz oldu. Görəsən onlar bu böyük müvəffəqiyyətlərlə yanaşı nəyə görə xalq kütləsinin nifrət və qəzəbinə düçar olmuşdular? Bu hədsiz zülmkarlıqların və ya müqəddəs dini qanunları əldə oyuncağa çevirmələrinin nəticəsi idimi? Əlbəttə bu sualların cavabı hamıya mə’lumdur. Qeyd olunan amillər onların süqutunda yüksək tə’sirə malik idi, amma səhv etməsək bunlardan başqa bir şey də vardır ki, ona xüsusi diqqət yetirmək lazımdır. Bu amil dindarlıq hissi və ilahi mə’nəvi dəyərlərdir ki, səhra ərəbləri onun vasitəsi ilə dünyaya ağalıq edən iki böyük imperiyanı dizi üstə çökürə bildilər. Misilsiz qüvvəyə malik olan bu amil islamın əvvəllərində yüz illər boyu davam etməkdə olan tayfa-qəbilə ixtilaflarına son qoymuş, bir-birlərinə ömürlük düşmən kəsilmiş şimal və cənub ərəbləri arasında islami vəhdət yaratmışdı.

    İlahi gücə malik olan bu tə’sir qüvvəsi Mərvanilər dövründə tədricən zəifləməyə başladı və nəhayət bir müddət sonra öz yerini nəfsani istəklərə və dünyəvi dəyərlərə verərək tamamilə məhv olub aradan getdi. Vaxtilə Ərəbistan yarmadasını, sonradan digər ölkələri fəth edən ilahi dəyərlərin azalıb yoxa çıxması Əməvi səltənətinin dağılmasında hədddən artıq yüksək tə’sirə malik idi.

    Əvvəldə qeyd etdiyimiz kimi, Hicri tarixi ilə 11-ci ildə dindən çıxmışlara və daxili düşmənlərə divan tutulduqdan sonra müsəlmanlar öz aralarında mövcud olan ixtilafları bir kənara qoyub əcnəbilərə qarşı mübarizədə birləşdilər. Bu vəhdət Əməvi xilafətinin ikinci yarısında, “Mərəcür-rahit” vuruşmasında aradan getdi. Məhz bu mübarizədə cənub və şimal ərəbləri əks cəhbələrdə mövqe tutub bir-birinə qarşı müqavimət dəstələri yaratmağa başladılar. Əbdülməlik istisna olmaqla, Müaviyədən sonra iş başına gələn xəlifələrin hamısı bu dəstələrdən öz xeyrinə istifadə etmək üçün həmişə bir tərəfi müdafiə edib yüksək kürsülərdə əyləşdirir, digər tərəfi isə müəyyən təzyiqlərə mə’ruz qoyaraq siyasi-ictimai səhnədən təcrid edirdilər. Xilafətin bütün şəhərlərinə səpələnmiş bu dəstələr daim öz ictimai mövqelərini möhkəmləndirmək üçün münasib şəraitin yaranmasını gözləmiş, yeni müsəlman olmuş xalqlar da öz mənafelərini tə’min etmək üçün bu iki qüvvədən birini dəstəkləmişlər. Əvvəldə qeyd etdiyimiz kimi, Xorasanda iranlılar cənub ərəblərini müdafiə etməklə Qəhtanilərlə birləşib Əməvilərlə mübarizəyə başlamışdılar.

    Bu dəstələrin hansı biri ilə xoş münasibət və həmkarlıq üstündə yaranan daxili ixtilaflar da Əməvilərin zəifləməsində tə’sirsiz olmamışdır. Hətta bə’zi vaxtlarda xəlifə bu məsələyə görə öz qohum-əqrəbalarına belə, rəhm etmirdi. Buna görə də axırıncı yarım əsr ərzində heç bir Əməvi xəlifəsi öz ətrafında vahid bir qoşun və ixtilafsız hökumət aparatı yarada bilməmişdi.

    ƏMƏVİLƏR DÖVRÜNDƏ FƏTH OLUNMUŞ ÖLKƏLƏRDƏ İSLAM DİNİNİN VƏZİYYƏTİ
    Ərəbistanın vəhdətinə dair bəhsimizdə qeyd olundu ki, mürtədlərin çaxnaşması yatırıldıqdan sonra səhra sakinləri (bədəvi ərəblər) və qəbilə başçıları fərdi, ailə və tayfa yaşayış tərzinin sona çatdığını dərk etdilər. Artıq hamı Mədinəyə tabe olmalı və orada əyləşən xəlifəyə itaət etməli idi. Belə bir qüdrətli birliyin təbliğ yolu ilə dini yaymaları labüd idi. Qonşu ölkələrdə dini təbliğ etməyə hazır olan mütəşəkkil dəstələrin hamısı islam dini barədə lazımi həddə birliyə malik deyildilər. Onlar bu dini, Hicazdan qıraq ölkələrə aparıb yaymaqda eyni məqsəd güdmürdülər və bir dəstə adam bir növ vuruşub çoxlu miqdarda qənimət əldə etmək istəyirdilər. Belə bir hadisə ilə müsəlmanlar hələ Peyğəmbər (s)-ın öz sağlığında da üzləşmişdilər. Peyğəmbər (s)-dan nəql olunmuş hədisi Buxari öz kitabının əvvəlində belə dərc edib: Hər bir kəs Allaha və Peyğəmbərə xatir hicrət edərsə, onun mükafatı Allah və Peyğəmbərin yanındadır, hər bir kəs bu hicrətdən dünya malı və gözəl qadın istəyərsə ondan başqa bir şey nəsibi olmayacaqdır. Mə’lumdur ki, fəthlərdə iştirak etməyə hazır olan qüvvələrin bə’zisi birinci dəstənin sırasından sayılmırdılar (yə’ni yalnız bu fəthlərdən dini yaymaq məqsədini güdən dəstə). Ancaq elə ilk günlərdən Peyğəmbər (s)-ın sünnəsinə əsasən qoşunun getdiyi yerə Qur’anı və islam fiqhinin hökmlərini öyrədən dəstə də gedərdi. Bu dəstə bə’zi hökmlərin istədikləri kimi deyil, iman əsasında islamı camaata öyrədirdilər. Onların (dərs verənlərin) əksəriyyətinin sözləri ilə rəftarları üst-üstə düşdüyündən haraya getsəydilər orada əqidəli, dinin hökmlərinə yerli-yerində riayət edən müsəlmanlar yetişdirir və ya tərbiyə edirdilər. Peyğəmbər (s)-dan sonrakı dövrlərdə şəriətə uyğun gəlməyən söz deyən və ya hərəkət edən hakimlərə də irad tutan bu dəstə olmuşdur. Cəza tədbirlərində və hüquqi işlərdə islam fiqhinin tətbiq olnumasının bünövrəsini qoyanlar da bunlar olmuşlar. Qur’anın zahiri ayələrində, Peyğəmbər (s) sünnəsindən istifadə edərək müsəlmanların məişətinə uyğun hökmlər çıxarırdılar ki, bu da Əməvi hökumətinin sonu, Abbasi xilafətinin ilk çağlarında genişlənməyinə, formalaşmasına və günün tələblərinə uyğun olmasına gətirib çıxardı. Əməvilər dövründə islam fəthləri yalnız işğalçılıq xarakteri daşıyırdı. Əsgərlər qənimət əldə etmək, xəlifə isə öz xəzinəsini doldurmaq üçün fəthlərdə iştirak edirdi. Yalnız Ömər ibni Əbdüləziz özünün qısa hakimiyyəti dövründə müharibələri dayandırıb, əsgərlərə sərhədləri qorumaq əmrini verdi.

    HƏMİN DÖVRDƏKİ ELMLƏR
    Ərəbistan yarmadasının cənubuna dair bəhsimizdə qeyd edildi ki, ermızdan yüz illər qabaq bu ərazi nəzərə çarpacaq dərəcədə sivilizasiyaya malik olmuşdur. Ancaq me’marlıq və (kənd təsərrüffatını) əkinçiliyi çıxmaq şərtilə görəsən digər sahələrdə də irəliləyiş əldə etmişdilər, yoxsa yox? Görəsən bu ərazinin alimləri digər elmlərə dair nəzər və ya əməli təhqiq aparmışlarmı? Bu sualın cavabı müsbət deyildir. Hicazda yarmadanın şimal və şərqində yaşayan ərəblərdən bə’zisi İran və Rum imperiyasının işğal etdiyi ərazilərlə qonşu olduqlarına görə onlar burada yayılmış elmlərdən agah idilər. Ancaq bir şey aydındır ki, islamdan qabaq Ərəbistan hər hansı bir elmin meydana gəlməsində və ya işkişafında heç bir rola malik olmamışdır.

    İslamın təzəcə zühur etdiyi anda Candişapurda (İran ərazisində şəhər olub) bə’zi adamlar həkimlik (tibb elmini) öyrənmişlər ki, onların ən bariz nümunəsi Haris ibni Kəldə olmuşdur (hicrətin 23-cü ilində vəfat etmişdir).

    Hicri tarxinin birinci əsrinin yarısından yunan və siryani dilində yazılmış tibb və əczaçılığa dair kitablar ərəb dilinə tərcümə olunmağa başlamışdır. Əməvi xəlifələri arasında Mərvanın oğlu Əbdülməlik astranomiya elminə daha çox diqqət yetirmişdir, belə ki, deyilənlərə görə o, münəccimləri də özü ilə birgə müharibəyə aparardı.

    Kəlam elminə (sxolostika) dair elmi mübahisələr birinci əsrin sonunda başlanmışdır. Tarixi sənədlər sübuta yetirir ki, hələ Əli (ə)-ın xilafəti zamanı “cəbr” və “qədər”ə dair elmi mübahisə dərnəkləri və ya yığıncaqları olmuşdur.

    ƏMƏVİ HAKİMİYYƏTİNİN SONUNA QƏDƏR OLAN ŞE’R VƏ ƏDƏBİYYAT
    İslamdan əvvəlki dövrdə (cahiliyyət dövrü) nəql olunmuş xütbə, şe’r və qısa məzmunlu əsərlərə diqqətlə nəzər salsaq mə’lum olar ki, yarmadanın ədəbiyyatı dövrün özünəməxsus rəngarəngliyinə və gözəlliyinə məxsus olması ilə yanaşı, əhalisi sıx olmayan susuz, dünyanın ayrı ölkələri ilə rabitəsi kəsilmiş bədəvi əhalinin məskunlaşıdığı bir ərazinin ədəbiyyatı dəqiq zehni məfhumlardan, dərin fəlsəfi fikirlərdən və ibrətamiz mə’nalardan uzaq olmuşdur. Cahiliyyət əsrinin ədəbi irsini Ərəbistan səhrası və onun hər cür elmdən-təfəkkürdən uzaq olan əhalisi yaratmışdır. Bir tərəfdən quru və möhkəm, digər tərfdən isə səfa və səmimiyyətlə dolu, xəyalpərəst və vəsvəsə doğuran ərazilərdə meydana çıxan incəlik, əyinti və ucalıqlardan uzaq bir ədəbiyyat. Ancaq bu heç də o demək deyildir ki, cahiliyyət dövrünün ədəbiyyatı şe’rə lazım olan xəyali məfhumlardan, incəlik və gözəllikdən uzaq olmuşdur.

    Bu torpağın şairi sözün əsl mə’nasında şairdir; ancaq onun xəyali surətlərdən bəhrələnməsi bu ərazinin tibbi və qeyri-tibbi amillərinin onun şüuruna qoyduğu tə’sirdən asılıdır. Təbiətdən dərk etdiyi isə zamanın ötməsi, gecə və gündüzün gəlişinin ona öyrətdiyi şeydən ibarətdir. Belə ki, Tərfə ibni Əl-əbd ölümü vəsf etdiyi şe’rində bir məsələyə, bir nəfər öldükdən sonra onun başına nələr gələcəyinə diqqət yetirmir. Görəsən ölüm hər şeyin sonudurmu, yoxsa ölümdən sonra başqa bir dünya da var? O daim başqalarının öldüyünü görmüş və özünün də bir gün bu dünyadan köçəcəyini fikirləşmişdir. Bu səbəbdən ölüm haqqında aşağıdakı ibarətləri söyləyir:

    Ölüm hər bir kəsin qismətinə düşən bir paydır. Bu gün ölürsə, heç də gec deyil, çünki sabah öləcəkdir. Simic adamlarla, əliaçıq səxavətli şəxsin qəbirləri eynidir, üzərinə tökülmüş bir ovuc torpaq və üst-üstə qoyulmuş bir neçə daşdan ibarətdir.

    Şair bu vəsfində hətta bir məsələyə diqqət yetirmir ki, bu iki nəfər (simic və əliaçıq) öldükdən sonra camaat onlar barəsində nə söyləyəcəklər. Əliaçıq şəxsi tə’rif edib, simici məzəmmət edəcəklər ya xeyr. Bu iki beyt incə və tərbiyəvi xarakterə malik olmasına baxmayaraq, şairin gözü önündə baş verən sadə tə’birdən başqa bir şey deyildir.

    Tezliklə zaman sənə bilmədiklərini aşkarlayacaq. Pul verib xəbər ardınca göndərmədiyin bir kəs sənə xəbərlər gətirəcək. Sənə bu xəbərləri mə’lumat əldə etmək üçün axtarış aparmasını istəmədiyin və bu mə’lumatları ondan almaq üçün görüş yeri tə’yin etmədiyin kəs gətirəcəkdir.

    Bildiyiniz kimi, cahiliyyət dövrü şe’rinin əksəriyyəti qövmi qəhrəmanlıq dastanları, qəbilə şöhrətpərəstliyi, yaxın qohumları tərif edib, düşmənləri məzəmmət etmək və ya təbiətin gözəlliyini vəsf etməkdən ibarət olmuşdur.

    İslam Məkkədə üzə çıxdıqdan sonra Qüreyş müşrikləri Peyğəmbər və müsəlmanlara qarşı mübarizədə şe’rdən də istifadə edirdilər. Həzrət Peyğəmbər (s) bu barədə buyurardı: Onlara şe’rlə cavab verin ki, başqa silahlardan daha tə’sirlidir. Bu minvalla peyğəmbər zamanında mənəvi dəyərlər üzərində qurulmuş qəhrəmanlıq şe’r növü yarandı. Bu dövrün tanınmış şairi Hissan ibni Sabit Ənsaridir ki, Peyğəmbər (s) onun barəsində buyurmuşudr: Bizimlə birgə olana qədər müqəddəs Ruhul-qudus (Cəbrayil) səni qorusun!

    Bir dəstə adam elə fikirləşirlər ki, bə’zi Qur’an ayələri və hədislərin zahiri məzmunu şe’ri məzəmmət etmişdir, lakin əsl həqiqətdə bu belə deyildir. İslam şəriəti baxımından şe’r yüksək məqama malikdir, hətta belə buyurulub ki, bə’zi şe’rlər hikmət və ya müdriklikdir.

    Bildiyiniz kimi, Həssan ibni Sabit Ənsari Peyğəməbr (s) qoşununun şairi idi. Ərəb şairləri bə’zi vaxtlar öz şe’rlərini Peyğəmbər (s)-a oxuyar və onlara hörmət qoyulardı. Şəriət və din nəzərində başqalarının hörmət və vüqarını sındıran, günaha sövq edən, heç bir faydası olmayan və ya dünya malına görə hər hansı bir şəxsi yersiz olaraq tərif olunan şe’rlər bəyənilmirdi. Lakin aydındır ki, şe’r daxili hisslər, əqidə və digər ictimai durumların əksül-əməlindən meydana çıxır. Raşidi xəlifələrin dövründə ərəb şe’ri özünün illərdən bəri qalan üslubunu qorumuşdu. Lakin azacıq bir fərqlə ki, bə’zi şairlər ona islam əxlaqını da əlavə etmişdilər.

    Lakin bu əsrdə öz keçmiş adət-ən’ənələrinə sadiq qalaraq mükafat almaqla zamanın tələbinə uyğun yersiz həcv və mədh yazan şairlər də olmuşdur. Zəbərqanla Hətinənin hekayəsi məşhurdur.

    Zəbərqani ibni Bədr öz qövminin başçısı olmaqla yanaşı həm də onlardan alınan vergiləri (zəkatı) toplamaqla məşğul idi. Bəni Ənfun-naqə tayfası isə Zəbərqanla rəqabət aparır və ona nifrət bəsləyirdi. Hətinə Mədinəyə səfər edərkən yolda Zəbərqanla rastlaşır, Zəbərqan isə ona yüksək dərəcədə ehtiram göstərir. Bu iş bəni Ənfun-naqə tayfasının xoşuna gəlmir. Nəhayət onlar Hətinəni öz tərəflərinə çəkib onu Zəbərqanı həcv etməyə məcbur edirlər. Zəbərqani Ömərə şikayət etdi, Ömər şe’ri eştdikdən sonra dedi: Mən bu beytlərdə heç bir həcv görmürəm. Zəbərqan bu işə hakimlik etmək üçün Həssanı də’vət etməsini xahiş etdi. Ömər bu xahişi qəbul edib Həssandan soruşdu: Hətinə bu şe’rdən Zəbərqanı həcv etmişdirmi? Həssan cavab verdi: Onu nəinki həcv etmiş, hətta başdan ayağa təhqir edib pis sözlər söyləmişdir. Və Ömər Hətinəni zindana saldı.

    Peyğəmbər (s) və Raşidi xəlifələri zamanı qəbilə şöhrətpərəstliyi üzərində qurulmuş qəhrəmanlıq şe’rləri öz keçmiş rövnəq və rəngarəngliyini itirmişdi. Çünki bir tərəfdən islam dininin göstərişləri Ərəbistanda köklü dəyişikliklər əmələ gətirmiş, digər tərəfdən müxtəlif qəbilələr islam qardaşlığı bayrağı altında birlik əldə etmiş və ən başlıcası isə yarmadanın kənar ölkələrini fəth etməyə başları qarışmışdı. Ancaq hicrətin 35-ci ilindən başlayan Cəməl döyüşü və ardınca Süffeyn və Nəhrəvan döyüşlərindən sonra Muzərilərlə Qəhtanilər və digər qəbilələr arasındakı ixtilaf yenidən baş qaldırdı. Süffeyn və Nəhrəvan müharibələrində bə’zi şair və döyüşçülərin rəcəzlərində öz qəbilələrini tərifləyib müqabil tərəfi məzəmmət etdiklərinin şahidi oluruq. Lakin bir məsələyə diqqət yetirilməlidir ki, onlar din uğrunda və müsəlmanların imamının əmri ilə döyüşə gəliblər.
    Ziyad Əli (ə)-ın nümayəndəsi kimi Bəsrəyə gedəndə Əzd tayfası ona köməklik göstərdilər və Təmim tafası isə məğlub oldu. Əzd tayfasından olan bir şair bu hadisəni elə bir tərzdə vəsf edir ki, elə bil o, islamdan əvvəlki ərəb günlərini tərif edir. O, şe’rində zamanın xəlifəsinə tabe olduq demək əvəzinə belə deyir: Biz saziş və əhd-peyman bağladığımız şəxsi öz evinə qaytardıq, Təmim tayfasının həmpeymanı isə yanıb kül oldu.
    Əli (ə)-ın şəhadətindən, Müaviyənin iş başına gəlişi ilə Şamın İraq üzərindəki qələbəsindən sonra mədh və həcv məzmunlu şe’rlər yenidən rövnəq tapdı. Əməvi hakimiyyəti dövründə bir sıra şairlər Şamdakı sarayla sıx rabitə yaradıb bu sülaləni tərif etmək və müxaliflərini məzəmmət etmək üçün istədikləri şe’ri yazırdılar. Bu dəstəyə daxil olan şairlərin ən bariz nümunəsi Kə’b ibni Cueyl, Mütəvvəkil Lisi, Abdullah ibn Humam Səluli, Əbul-Abbas Ə’ma, Miskin Darəmi, Əxtəl, Ədi ibni Riqa’ və başqalarıdır. Məsələn Kə’b ibni Cueyl belə yazır:
    Şamlıların İraqlılardan xoşu gəlmir
    İraqlıların da Şamlıları xoşlamadığının şahidiyik.
    İraqlılar dedilər ki, Əli (ə) bizim imamımızdır.
    Biz isə dedik: Biz Hindin oğluna da razıyıq (yə’ni Müaviyə)
    Bu şe’ri yazan Əli (ə)-ın qoşunu ilə Müaviyə arasında toqquşma baş verən zamanda yaşamış bir şairdir. Belə ki, onun şe’rində iraqlılarla şamlılar arasındakı rəqabətin yenidən baş qaldırdığının şahidi oluruq, elə bil o, islamdan 100 ilə əvvəlki Ğəssanilərlə Ləxmilər arasındakı münaqişəni nəzmə çəkmişdir
    Yezid ibni Müfərrəğ isə Mərvan ibni Həkəmi belə tərif edir:
    Siz mədhin bazarını qiymətləndirdiniz
    Halbuki, bundan əvvəl öz rövnəqini itirmişdi.
    Deyəsən Allah-təala canların alınmasını
    Və ruzilərin bir hissəsini sizin öhdənizə tapşırıb.
    Görünür bu saray şairləri öz sənətlərinin adət-ən’ənəsinə uyğun olaraq söylədiklərin şe’rin müqabilində külli miqdarda ən’am alırdılar.
    Əməvi xəlifələri arasında yalnız Ömər ibni Əbdüləziz olmuşdur ki, heç bir tə’rif qəbul etməmiş, tərifləməyi özlərinə vərdiş edən şairləri mükafatlandırmamış və əgər vermiş olsaydı da çox az bir miqdarda ən’am verərmiş.
    Əməvi şairlərinin müqabilində şiə şairləri də var idi ki, onlar Əbu Süfyan ailəsinin zülmünü və ali-Haşimin məzlumluğunu görərək heç bir şey ummadan onları öz şe’rlərində tə’rif və mədh etmişlər. Bə’zi hallarda belə şe’rlərə görə işgəncə altına, ya da zindana düşməli olurdular. Ouf ibni Abudllah ibni Əhmər Əzdi Kərbəla hadisəsi haqda belə söyləyir:
    Hər dəfə günəş doğduqda və hər dəfə qaranlıq
    Hər yeri bürüdükdə ağlayar hər ağlayan kəs
    Gərək Hüseyn (ə)-a ağlasın! Ey kaş
    Onunla birgə olub ləyaqətsiz düşmənləri
    Ondan uzaqlaşdıra biləydim!
    Gücüm yetən ana qədər onun yolunda
    Ox atıb qılınc çalardım.
    Abdullah ibni Kəsir Səhmi deyir:
    Bu günlər Peyğəmbəri (s) və Əli (ə) övladlarına məhəbbət bəsləmək günah hesab olunur. Əgər onlara məhəbbət bəsləyib sevsəm günah etmiş olarammı? Xeyr! Bəlkə onları sevmək günahları pak edər.

    Fərəzdəqin qəsidəsi isə bir ayrı üslubda yazılmışdır. Əbdürrəhman Cami onu fars dilinə tərcümə edərək özünün “Silsilətüz-zəhəb” adlı əsərində dərc etmişdir. Tərcümə olunmuş şe’r aşağıdakı beytlə başlanır:

    Hərəmdə idi Əbdülməlikin oğlu Hişam.
    Onunla birgə idi cümlə əhli Şam.
    Bildiyiniz kimi Hişam Məscidülhəramda camaatın Əli ibni Hüseyn (ə)-a qoyduğu ehtiramı gördükdə özünü bilməməzliyə vuraraq soruşdu: Bu kimdir belə camaat onun üçün yol açır ki, Həcərül-əsvədə (qara daş) yaxınlaşsın? Fərəzdəq ona cavab olaraq bu qəsidəni yazmışdır. Belə bir mədihələrin yazılıb dillərə düşməsi təhlükəli və qorxulu sayılırdı. Lakin şair Əhli-beyti sevdiyindən, həmçinin Əməvi xəlifəsini olan nifrətin dərinliyindən bu şe’ri yazmış və müqabilində isə hər bir təhlükəni öz üzərinə götürməyə razı olmuşdur.

    Bu şairlərin ən görkəmli nümyəndəsi Əbul Müstəhil Kumeyt ibni Zeyd Əl-Əsədidir ki, (60-126-cı hicri ilində yaşamış) Bəni-haşim haqqında yazmış olduğu qəsidələr “Haşimiyyat” adı ilə məşhurdur. Bu qəsidələr bir sıra xarici dillərə tərcümə edilib çap olunmuşdur. Kumeyt Əli (ə)-a dair, Ğədir-xum hadisəsinə dair, Kərbəla faciəsi haqqında, həmçinin ali-Məhəmmədin məzlumluqları haqqında uzun-uzadı ürək yandırıcı qəsidələr yazmışdır. Kumeyt Mədinəyə gələndə imam Cə’fər ibni Məhəmməd Sadiq (ə)-ın yanına gedərək Kərbəla şəhidlərinin müsibəti haqda yazdığı qəsidəni ona oxudu. İmam Sadiq (ə) buyurdu: Kumeyt əgər əlimdə imkanım olsaydı sənə ən’am verərdim. Ancaq sənə Peyğəmbər (s)-ın Həssana buyurduğunu verirəm: Biz Əhli-beyti müdafiə etdiyinə xörə Ruhul-qüdus (Cəbrayıl) yardımçın olsun. Sonra isə o, Abdullah ibni Həsən ibni Əlinin yanına gedib öz şe’rini ona oxudu. Abdullah isə dedi: Mənim dörd min dinar dəyərində olan əkin sahəm var, bu mülkün sənədini şahidlərin iştirakı ilə sənə təqdim edirəm. Kumeyt belə cavab verdi: Atam-anam sənə qurban olsun! Mən başqalarını tə’rif edərkən əna’m almışam. And olsun Allaha, sizin haqqınızda söylədiyim şe’rləri Allaha xatir yazmışam. Abdullah mülkün sənədini zorla ona verdi. Bir neçə gündən sonra Kumeyt onun yanına gedib dedi:

    Ey Peyğəmbər övladı, mənim səndən bir diləyim var! Mənim istəyimi yerinə yetirərsənmi?

    İstəyin nə olsa yerinə yetirərəm!

    Mənə verdiyin sənədi gətirmişəm ki, onu məndən geri götürəsən. Bununla da o, sənədi geri qaytardı. Sonra Abdullah ibni Müaviyə ibni Abdullah Cə’fər bir dəri götürdü və dörd nəfər qulluqçusuna tapşırdı ki, hər biri dərinin bir ucundan yapışıb Bəni-haşimin evlərini gəzməyə başlasınlar. Abdullah dedi: Ey Bəni haşim! Sizi tə’rif və mədh edən Kumeyt olmuşdur. Başqaları susanda o, sizləri tə’rif etmişdir. Bu işi yerinə yetirərkən özünü bəni Üməyyə müqabilində təhlükəyə atmışdır. Hər kəs gücü çatan şeydən onun içinə qoyurdu, hətta qadınlar öz bəzək əşyalarını çıxarıb dərinin içinə atırdılar. Yüz min dirhəm dəyərində əşya toplandıqdan sonra Kumeytin yanına gedib dedi: Bu azacıq mükafatı sənin üçün gətirmişəm. Bilirsən ki, hakimiyyət düşmənlərimiz əlindədir, bizim də əlimimzdə bir şey yoxdur. Kumeyt isə belə cavab verdi: Atam-anam sənə qurban olsun! Siz mənə bundan da artığını vermisiniz, mən sizi tə’rif və ya mədh etməkdə ancaq Allahın və onun Peyğəmbərinin razılığını istəyirəm. Abdullah nə qədər çalışdısa Kumeyt o maldan bir şey belə götürmədi.

    Öz əhd-peymanına sadiq qalan şairlərdən əlavə olaraq, bu dövrdə təbiətin və insanın (əksər halda qadınların) füsunkar gözəlliklərini vəsf edən və qəzəl yazmağı özünə peşə seçən bir dəstə şairlər də meydana çıxmışdı.

    Mədinə əhalisindən və Ous qəbiləsindən olan Ömər ibni Əbi Rəbiə Məxzumi Əqvəs (33-93 h.q) Osmanın nəvəsi Abdullah ibni Ömər ibni Əmr və Bəşşar ibni Bord Təxarəstani bu dəstə şairlərdən hesab olunurlar. Bəşşar Əməvilərin son dövründə şöhrət tapmışdır.

    Ömər ibni Əbi Rəbiənin və Bəşşar ibni Bordun şe’rlərini Əməvi əsrinin ictimai pozğunluğunun in’ikası kimi qəbul etmək olar.

    İbni Əbi Ətiq demişdir: Heç bir şe’rdə Ömər ibni Əbi-Rəbiənin şe’rindəki qədər Allaha qarşı üsyan edilməmişdir. Səvvar ibni Abdullah və Malik Dinar demişlər: Bu korun (Bəşşar) şe’ri qədər heç bir kəsin şe’ri Mədinə əhalisini əxlaq pozğunluğuna sürükləməmişdir. Vasiq ibni Əta isə belə demişdir: Şeytanın insanı düz yoldan azdıran ən aldadıcı yollarından biri də bu dinsiz korun şe’rləridir.

    Bu əsərdə bə’zən şairlər arasında öz qövminin və ya yaxın adamının təəssübünü çəkmək, bir-birini tə’rifləmək və ya təqhir etmək hallarına da rast gəlmək olur. Cərir (şair) ilə (28-110 h.q) Fərəzdəqin (vəfat 114 h.q) bir-birlərini həcv etməsi məşhurdur.

    ƏRƏB NƏSRİ
    Raşidi xəlifələri və Əməvilər dövründə ərəb nəsri özünəməxsus inkişafa malik olub, yavaş-yavaş kamilləşməyə doğru üz qoymuşdur. Buna səbəb bir tərəfdən Qur’ani-kərim və Peyğəmbər (s)-ın hədisləri, digər tərəfdən isə cümə namazında və camaatla birgə qılınan namazlardakı xütbənin zəruri olmasıdır ki, hər bir xəlifə və ya hakim onu yerinə yetirməyə məcbur idi.
    Ərəb nəsrinin inkişafına tə’sir edən amillərdən biri də Əməvi hakimiyyəti dövründə fars dilinin ərəb dilinə qarışması, digər tərəfdən isə ərəb yazarlarının (dövlət sarayında işləyən katiblərin) iranlı katiblərdən təqlid etmələri olmuşdur. Əsliyyətcə iranlı olan Həccac ibni Yusif Səqəfinin katibi Saleh ibni Nəsr dəftərxananı (məktub divanxanası) fars dilindən ərəb dilinə çevirdi. Ərəb nəsrinin inkişafında olduqca mühüm rol oynamış şəxslərdən Saleh və iranlı yazıçı Əbdülhəmidin adını çəkmək olar. Katib Əbdülhəmidi Əməvi əsrində yazıçıların ən üstünü, həmçinin ərəb nəsrində gətirdiyi yeniliklərinə görə çox böyük şəxsiyyət hesab olunur.
    ME’MARLIQ VƏ DİGƏR SƏNƏTLƏR
    Vəlid ibni Əbdülməlikin xilafətinə dair bəhsimizdə onun dövründəki me’marlığın inkişafı haqqında qısa da olsa söhbət açdıq. İslam me’marlığındakı dəyişkənlik Müaviyənin hakimiyyəti dövrü Şamda başlamışdır. “Xəzra” sarayının tikilməsinə Əbuzərin irad tutması məsələsi tarixdə məşhur hadisələrdən biri sayılır. Bu gün bu saraydan heç bir əsər-əlamət qalmamışdır. Ona görə də hicrətin birinci əsrinin birinci yarsında incəsənətin nə dərəcədə işkişaf etdiyinə və bu sarayın tikilməsində hansı me’marlıq üslubundan istifadə olunmasına dair mühakimə yürütmək mümkün deyildir. Lakin Suriya və İordaniyanın ayrı-ayrı yerlərində Mərvanilər dövründə tikilmiş yay və qış sarayları, həmçinin hamamlar hal-hazırda durmaqdadır. Şərqi Rum imperiyasının bu ərazilərdə miras qoyub getdikləri binalar bu tikililərdən müqayisə olunmaz dərəcədə fərqlənsə də, hər halda bunları tikdirənlərin, me’marların bütövlükdə me’marlıq sənətinin bu dövrdə inkişaf etdiyini çatdırır. Qeyd etdiyimiz kimi, Əməvi məscidi (Dəməşq məscidi yanğın vasitəsilə ilk gözəlliyini əldən verməsinə baxmayaraq) me’marlıq sənətinin ən gözəl və füsunkar nümunəsidir.

    Əməvilər dövründə Hicazda ifrat dərəcədə pozğunluğa səbəb olan sənətlərdən biri də müğənnilik və rəqqasəlik olmuşdur. Tarixə diqqətlə nəzər saldıqda görürük ki, Mədinə və Məkkənin dindar fəqihləri, səhabələr və tabein ardıcıl olaraq bu sənəti pisləmiş və məzəmmət etmişlər. Ancaq birinci əsrin ikinci yarısı sona yetməmiş Mədinə şəhəri belə şəxslərin yetişməsi üçün ən əsas mərkəzə çevrildi.

    Ömər ibni Əbdüləzizi çıxmaq şərtilə, bütövlükdə Əməvi xəlifələri musiqiyə qulaq asıb eyş-işrətlə məşğul olmuşlar, ancaq görəsən nəyə görə belə işlərin mərkəzi Dəməşq olmamışdır? Şövqi Zeyf yazır: Çünki fəth olunmuş ölkələrin var-dövləti Mədinəyə axışırdı. Kənizlər, qullar hər tərəfdən bu şəhərə yollanıb orada məskunlaşırdılar və bunların arasında müğənni və rəqqasələr də var idi. Bu sənət Mədinədə o dərəcədə inkişaf etdi ki, hətta bə’zi fəqihlər və zahidlər də bu müğənnilərin evinə gedirdilər. Ancaq bu səbəbdən əlavə Mədinə əhalisinin Müslim ibni Uqbənin əli ilə kütləvi surətdə qırılması, həmçinin 10 il ondan sonra Həccacın belə bir hadisəni törətməsi demək olar ki, bütövlükdə camaatı bir növ məs’uliyyət hissi daşımaqdan və ehtiyat etməkdən məhrum etmişdi. Bu şəhərin hakimləri, əlbəttə onların böyük bir əksəriyyəti fasiq, dinə e’tinasız yanaşan Əməvi qəbiləsinin zadəganlarından ibart idi. Onların qətiyyətsiz rəftar və münasibətləri nəticəsində xalq arasında Allaha iman, islam fiqhinə bağlılıq və ona riayət olunması daha da zəiflədi. Buna görə də xalq musiqiyə və şəraba üz tutmaqla daxili əzablardan yaxa qurtarmaq istəyirdilər. Bu sənət üçün münasib şərait yarandıqdan sonra, xəlifələr, yerlərdəki hakimlər və bir çox eyş-işrət sahibləri ondan istifadə edirdilər.
    Категория: Dini meqaleler | Добавил: media-islam (15.02.2008) | Автор: ilkin E W
    Просмотров: 2020 | Рейтинг: 1.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər