Bazar, 22.12.2024, 06:56
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 3
    Qonaq: 3
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » 14 Mesum » İmam Hüseyn (a)

    Tehrif ve ya İmam Hüseyn (a) mektebine xeynaet

    Bağışlayan və mehriban Allahın adı ilə

    Təhrif  və ya İmam Hüseyn məktəbinə xəyanət

    “Sonra onları əhdlərini pozduqları üçün lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar Allahın kəlamlarını təhrif edirdilər və xəbərdar edildikləri şeylərin mühüm bir hissəsini unutdular. Onların az bir qismi müstəsna olmaqla, çoxlarının xəyanətlərinə agah olacaqsan. Bununla belə, onları əf edib günahlarından keç. Həqiqətən Allah yaxşılıq edənləri sevər!(Maidə, ayə 13)

    Şübhəsiz tarixdə Kərbəla faciəsinin nəqlində təhriflər baş vermişdir. Məqaləni yazmaqda məqsədimiz təhriflərin yaranmasının əsas amillərini araşdırmaq və bu təhriflərin müqabilində əhli-beyt məktəbinin mudafiəçilərinin vəzifələrini diqqətə çatdırmaqdır.

    “Təhrif” ərəb dilində bir şeyi əsl istiqamətindən və məcrasından dolandırıb başqa bir səmtə yönəltməyə deyilir. Qurani-kərimdə yəhudiləri əsil “təhrif” qəhrəmanları kimi tanıtdırır. Yaxın və uzaq tarixə nəzər saldıqda yəhudilərin doğrudan da tarixdə  əsl təhrif qəhrəmanları olduqları məlum olur. “Yəhudilərin sizin dininizə iman gətirəcəklərini ümidmi edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri var idi ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər”(Bəqərə, ayə 75)  Yəni onlar bilərəkdən Allahın kəlamını təhrif edirdilər. Əlbəttə təhrifin dərəcələri var. Bəzən adi bir insanın sözlərini təhrif edib çatdırmaq heç də elə mühüm bir fəsada səbəb olmaz. Tanınmış və bəzən də, insanların örnək kimi qəbul etdikləri şəxsiyyətlərin sözlərini və əmməllərini təhrif edib cəmiyyətə çatdırmaq sonra böyük fəsada səbəb olur. Mühüm tarixi bir sənədi təhrif edib cəmiyyətə təhvil verməklə yaranacaq fəsadın nə dərəcədə dəhşətli olacağını təsəvvür etmək elə də çətin deyil. Həmçinin cəmiyyətin əxlaq və qeyrət təfəkkürünün formalaşmasında rolu olmuş tanınmış siyasi və ictimai bir şəxsiyyətin sözlərini təhrif edərək nəql etməyin nəticəsi də fəlakətlidir. Təhrifçilər işlərində adətən qərəz və mərəz güddüklərindən bütün səylərini səfərbər edirlər. Məqalədə məqsədimiz Kərbəla faciəsi ətrafında baş vermiş təhrifləri araşdırmaq olduğundan səy edəcəyik mövzunu imkan daxilində qısa, amma yetkin dəlillərlə oxuculara çatdırmaqdır. Çünki bu cür yalan və iftiraların qabağı vaxtında alınmasa, İmam Hüseyn qiyamının əsil fəlsəfəsi təsirini itirmiş olar.

    Mərhum Muhəddis Nuri “Lö`lö və Mərcan” kitabında yazır: “Şəriətdə haram olunmayan yollarla mərsiyə və novhə oxumaq, İmam Hüseyn və əhli-beyt müsibətini xatırlatmaqla möminləri ağlatmaq bəyənilmiş ibadətlərdəndir. Bu əməl üçün böyük savab və əcr muəyyən olunub. Necə ki, İmam Sadiq (ə) Əbdullah inb Həmmad Bəsriyə dedi: “Mənə xəbər yetişib ki, həmişə Kufə əhlindən və onun ətrafından dəstələr Şəban ayının yarısında Hüseyn ibn Əlinin qəbrinin ətrafına gəlib mərsiyə deyib ağlaşırlar. Onlar Quran oxuyur, baş vermiş faciəni nəql edir, oxşama deyirlər. Əbdullah inb Həmmad dedi: Elədir, canım sənə fəda olsun, bütün söylədiklərini mən orada muşahidə etmişəm. İmam Sadiq (ə) buyurdu: Həmd olsun Allaha ki, camaat arasında bir dəstəni bizi mədh edib bizim üçün mərsiyə deyənlər qərar verdi. Bizim düşmənlərimizi isə, onlara tənə vuranlar qərar verdi”. Muəllif kitabın müqəddiməsində Əhli-beyt imamlarından mötəbər sənədlərlə yeddi səhih hədis nəql edərək sübut edib ki, İmam Hüseyn musibətində mərsiyə, novhə və rovzə oxumaqla möminləri ağlatmaq ən böyük savab əməllərdəndir ki, bu əməlin muqabilində ən kiçik əcr günahların bağışlanmasıdır. Müəllif bütün bu əcrlərin yalnız və yalnız səhih sənədlərə nəql olunmuş musibətlərə şamil olduğunu təkid edir. Mərhum Koleyni İmam Sadiqdən (ə) nəql edib: “Hər kəs hədis öyrənib nəql etməkdə qəsdi dunya malı qazanmaq olsa, onun axirət aləmindən bir payı olmaz. Amma hər kəs hədis öyrənib nəql etməkdə qəsdi axirət dünyasının xeyrini qazanmaq olsa, Allah ona dünya və axirət xeyrini əta edəcək”.  Vay o günə ki, vaiz Ali Muhəmmədin müsibətini özünə sərmayə edə! İmam Muhəmməd Baqir (ə)Əbu Nömana vəsiyyətində buyurdu: “Bizim adımızdan camaatın malını yemə ki, fəqir olarsan” Elm əhli agah olmalıdır ki, nəfsinə uyub ilahi insanların kəlamlarına xəyanət etməsin. Çünki bu cür xəyanətlərin törətdiyi fəsadların nəticəsi də böyük olur. Kərbəla faciəsi iki səhifədən ibarətdir ki, bunun bir üzü İmam Hüseyn və 72 nəfərin faciəli şəkildə qətlə yetirilməsini əks etdirir. Bu səhifədə cavanların qılıncdan keçirilməsi hətta körpələrə belə su vermədən faciəli şəkildə həlak edilməsini oxuyuruq. Bu səhifədə qadınların əsir olunub xırda uşaqların qamçı altında piyada Şama aparılmasını görürük. İlk baxışdan bu faciədə qalib Ömər ibn Sə`d, İbn Ziyad, Şimr, Xuli və başqalarıdır. Tarixin bu qara səhifəsi haqqında yalnız mərsiyə və oxşama demək olar. Yaddan çıxarmaq lazım deyil, bu faciənin ikinci bir səhifəsi də var. O səhifənin qəhrəmanları azadlıq məktəbini yaradanlardırlar. Bu məktəbin sayəsində insaniyyət, nuraniyyət və haqq təcəlli edir. Tarixin bu səhifəsini mutaliə edəndə fəxr edib ondan ilham alırsan, amma tarixin qara səhifəsinə baxanda xəcalət çəkib zülm və sitəmi özünə peşə seçənlərin işlərinə nifrət edirsən. Mələklər insanların məhz qara səhifələrini görüb Allahdan bu sualı etdilər: “Sənin Pərvərdigarın mələklərə dedikdə: Mən istəyirəm yer üzündə xəlifə yaradım. Mələklər dedilər: İlahi sən istəyirsən yer üzündə qan töküb fəsad törədən yaradasan? Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda(Bəqərə, ayə 30). Kərbəla musibətinin yalnız qara səhifəsini mutaliə etdikdə görürük ki, insaniyyət özünün ən rəzil xislətini göstərib.

    Allah-təala ikinci bir səhifənin varlığını onlara xatırlatdı: Allah onlara buyurdu: “ Mən bildiyim şeyi siz bilmirsiniz!”” Bu səhifə ilə bəşəriyyət iftixar edir.

    Bəni Uməyyə İmam Hüseyni şəhid etməklə güman edirdi ki, rahat nəfəs ala bilərlər. Bu əməlin qara səhifəsində onların zülm və sitəmi əksini tapdı, amma o əməlin ikinci səhifəsində bəşəriyyət üçün azadlığa və zülmə qarşı mübarizliyin təcallası əks olundiu. Bəni Üməyyə İmam Hüseyni (ə) şəhid edəndən sonra başa düşdülər ki, bu şəhadətdən yaranan yeni məktəb daha təhlükəlidir. Yəni İmam Hüseynin (ə) şəhadətilə yaratdığı azadlıq və insaniyyət məktəbi qəflətdə olanlara təkan verdi. Bəli zülmü və sitəmi əks etdirən mərsiyə və növhə məclisləri olmalıdır. Çünki Peyğəmbər və məsum imamlar belə məclisləri qurmağı tövsiyə ediblər. Şiənin qələbəsi bu məclislərin bərəkətinin nəticəsidir. Amma ilk növbədə camaatı İmam Hüseynin (ə) amalından xəbərdar etmək lazımdır.  Məclislərdə İmam Hüseyni köməksiz və susuz halda  şəhid olmuş yazıq bir fərd kimi tanıtdırmaq əslən imama xəyanətdir. Gərək məclislər və mərsiyələr elə bir şəkildə olsun ki, insanlarda qəhrəmanlıq hissini hərəkətə gətirsin. İslam dini tarixi hadisələrə bir fərdin timsalında baş vermiş hadisə kimi yanaşmır. İctimai baxımdan da onu mutaliə etməyi tövsiyə edir. Aşura faciəsinə ictimai baxımdan yanaşanda bu hadisəni törədənlərin ictimai keyfiyyətlərinin nə dərəcədə süqut edib rəzillik dərəcəsinə endiklərini görürük. İmam Hüseynin səhabələrinin Kərbəlada həzrəti Haqqa görə və haqqı tələb etdikləri zaman göstərdikləri şücaətləri nəzərdən keçirəndə onların hansı ruhiyyəyə malik olduqları bizə məlum olur. Yaxşı olar ki, onların təriflərini İmamın dilindən eşidək. “Mən yer üzündə sizdən yaxşı yavər tanımıram”. Yəni İmam demək istəyir ki, siz Bədr müharibəsində iştirak etmiş Peyğəmbər səhabələrindən də əfzəlsiniz. Deməli bu gün bizim vəzifəmiz həmin qəhrəmanların yaratdıqları tarixi qəhrəmanlıqların səbəblərini araşdırıb həyatımızda icra etməliyik. Aşura məclislərini yalnız mərsiyə deyib rövzə oxumağa həsr etməyək. Zəhmət çəkib İmam Hüseynin əza məclislərinə yığışan əzizlərə sinə vurmaqla yanaşı bu məktəbin fəlsəfəsini aşılayaq. İnsanlara başa salmaq lazımdır ki, əgər Hüseyn şəxsi ambisiyasına görə qiyam etmiş olsaydı müəyyən bir zaman keçdikdən sonra o da tarixin səhifələrində itib yaddan çıxardı. Xəndək muharibəsində Əmr ibn Əbduvəd Əlinin (ə) üzünə tüpürdü. Əli (ə) qeyzindən Əmrin sinəsindən durub meydanda bir dövrə vurub yenidən qayıtdı. Əmrin birinci dəfə Əlidən onu niyə öldürmədiyini soruşanda Əli (ə) dedi: Çünki o zaman mən səni şəxsi qəzəbimə görə öldürmüş olardım. Bu comərdlik Əlinin (ə) adını tarixə həkk edib.  

     İmamın çağırışı  Quranın çağırışı idi: Ey Peyğmbər onlara de: “Ey kitab əhli, sizinlə bizim aramızda olan vahid bir kəlməyə tərəf gəlin! “Yalnız Allaha ibadət edək. Ona heç bir şeyi şərik qoşmayaq. Allahın əvəzinə özümüzdən olan fərdləri Rəbb kimi qəbul etməyək!” Əgər bunu deyəndən sonra yenə də onlar üz döndərsələr, onlara deyin: “İndi şahid olun ki, biz, həqiqətən müsəlmanlarıq!” (Ali İmran, ayə 64)

    İmam Hüseynin (ə) insanları istismara və istibdada qarşı çağırır. Müsəlmanlar üçün İmam Hüseyn məktəbinin qələbə çalıb əsrlər boyu dillər əzbəri olmasının sirrini açmaq lazımdır. Çoxlu mal dövlətə sahib olmaq bir millətin şərafətli olmasına dəlalət etmir. Hətta elm də təklikdə bir millətin canlı və əziz olması üçün kifayət etmir. Millətin dünya səhnəsində millət kimi tanınması üçün onun özündə şəxsiyyət olduğunu hiss etməsidir. Bəzən dünyada cahil millətlər özlərində şəxsiyyət hiss etdikləri üçün dünyanın ən güclü dövlətlərinin istismarına tabe olmaqdan imtina edib, onlarla mübarizə aparmaqdan imtina etməyiblər. İraq və Əfqanstanı buna misal çəkmək olar. Özünün iqtisadi və hərbi qüdrəti ilə dünyada jandarm rolunu oynayan Amerika bu millətlərin müqabilində aciz olduğunu etiraf edir. Bəziləri güman edirlər ki, bu ölkələrdə insanlar nahaq yerə həlak olurlar, amma yadda saxlamaq lazımdır ki, heç vaxt azadlığı müft qaytarmırlar. Bunun üçün mübarizə aparmaq lazımdır.

    “Möminlərdən elələri də vardır ki, Allah ilə etdikləri əhdə sadiqdirlər. Onlardan bəziləri Vəfat etmişdir (şəhid olub), bəziləri də intizardadır (şəhid olmasınıgözləyir) və əsla fikirlərini dəyişməzlər” (Əhzab, ayə 23) Kərbəlada İmam Hüseynin ətrafında olanlar vəzifələrinə əməl edib Allah ilə etdikləri əhdə sadiq olduqlarını göstərdilər. İnsaniyyət və kamal yolnu axıra qədər getdilər. Bizim vəzifəmiz onların getdikləri yolu və amalları yaşatmaqdır. Amma elələri də tapıldı ki, Aşuraya az qalmış əbədi səadətə yetişmək şansını əldən verib əhdlərindən döndülər.

    İmam Hüseyn məktəbinə xəyanət

    İmam Hüseyn (ə) qiyamı ilə yeni bir məktəb (islamın əməl məktəbini) yaratdı. Zaman keçdikcə xainlər İmam Hüseyn (ə) məktəbinə xəyanət edib təhriflər yaratmağa başladılar. Nəticədə bu məktəbin əsas amalını pərdə arxasına çəkib Hüseyni (ə) yazıq və zülmə məruz qalmış bir fərd kimi tanıtdırmağa başladılar. Çünki təhrifin ziyanı fövqəladə dərəcədə böyükdür. Təhrif edənlər bilirlər ki, Hüseynin (ə) qiyamı məktəblikdən çıxarılandan sonra daha ona tabe olmağına luzum qalmayacaq. Yəni nəticədə Kərbəla hadisəsindən istifadə etmək mümkün olmaz. Əhli-beyt məktəbinə bundan böyük xəyanət təsəvvür olunmaz. Bəs nəyə görə Əhli-beyt imamları təkid ediblər ki, İmam Hüseyn əzası daim davam etdirilsin? Hər il bu əzanı təzələməkdən hədəfləri həzrət Zəhraya (ə.s) təsəlli verməkmi olub?

    Hüseyn (ə) müsəlman ümmətinə şəxsiyyət verdi. Bir millətə şəxsiyyət vermək, yəni azadlıq eşqini onun sinəsində alovlandırmaqdır. Müsəlman ümmətinə öyrətdi ki, başqalarına muti olmayan millət şəxsiyyətə sahib ola bilər. Azadlıq və şəxsiyyəti müstəqil olmaq hissi İmam Hüseyni bu xətərli qiyama sövq etdi və Rəsulullahın vəfatından əlli il sonra İslamın həqiqi çöhrəsi munafiqlər tərəfindən ləkələndiyi bir zamanda ümməti ayıltmaq üçün meydana girdi.

    Məsihilər mötəqiddirlər ki, İsa (ə) çarmıxa çəkilməyi qəbul etməklə özünü ümmətinin günahlarına fəda etdi. Bununla da onlar günahlarının paklanmasını İsanın boynuna atırlar. İslam ümməti arasında da bu cür təfəkkür edənlər mövcuddur. Digər bir dəstə deyirlər ki, Hüseyn (ə) Kərbəlada təqsirsiz bir dəstə əşrar və sitəmkarların əli ilə qətlə yetirildi. Dünyada gündə minlərlə insan günahsız sitəmkarların əli ilə öldürülür, bununla belə heç kim illərlə oturub onların zülm və sitəmlə öldürülməsindən bəhs edib təəssüflənmir. Onların qanlarının hədər axıdılmasını etiraf edirlər və illər keçəndən sonra heç kəs onları xatırlamır. Kim indiyə qədər Hüseyn ibn Əlinin qanının hədər getdiyini deyib. Əksinə Hüseyn ibn Əlinin hər damla qanı tarixin yeni bir səhifəsini yazdı və həmişə də qeyrət məktəbində xariqələr yaradır. Hüseyn şəhadəti ilə əbədi olaraq sitəmkarların səltənətlərini lərzəyə gətirdi. Hüseyn (ə) əzasının daim yeniləşməsinə təkid edənlər məhz bu məktəbin hədəfini insanlara çatdırmaq istəyiblər. Onu yazıq və biçarə kimi tanıtdırmaq üçün yox. Əgər indi məhərrəm ayında və məxsusən Aşura günündə bəzi xoşa gəlməz əməllər və bəzən də xurafat görəndə bilməliyik ki, bu məsələdə birinci növbədə ruhanilər muqəssirdirlər. Söhbətimiz İmam Hüseyn məktəbində yaranmış təhrif haqqında olduğu üçün öncə biz bu təhrifin yaranmasına kömək edən əsas səbəbləri araşdırmalıyıq. Araşdırmalardan belə məlum olur ki, bu təhrifdə iki amil əsas rol oynayır.

    Birinci amil: İmam Hüseyn üçün məclis quranlar çalışırlar ki, qurduqları məclis  məntəqədə səs salsın və hər yerdə həmin məclsdən danışsınlar. İstər yas məclisləri və istərsə muhərrəmliklə əlaqədar qurulmuş təkyələr bu ideyanı əhatə edir. Məhz belə məclislərə dəvət olunmuş rövzəxan məclisin daha gur keçib məclis sahibinin onu yaxşıca mukafatlandırması üçün əlindən gələni əsirgəmir. Nəticədə rövzəxan oxşama deməyə başı qarışdığından oxuduğu rövzəni yalanlarla bəzəməkdən həya etmir. Etiraf etmək lazımdır ki, cəmiyyətin xurafatda qalması məscidlərdə fəaliyət göstərənlərin dəyirmanına su töküb onun daha sürətlə işləməsinə kömək edir. Şivən qoparıb camaatı İmam Hüseyn ideyasına yox özünə məftun edənlər islam məarifindən heç bir məlumat vermirlər. Haradan məlumat versinlər ki, bir halda özlərinin məlumatları yoxdur. Onların məqsədləri İmam Hüseyn adından istifadə edib camaatı özlərinə tərəf cəzb etməkdir. Avam camaat da onları yaxşı oxşama dediklərinə görə zəmanənin bilicisi kimi qəbul edirlər. Camaat məclisin sonunda onu bəh-bəh deyə tərifləyəndə bu təriflər onları gələn məclislər üçün yeni yalanlar qondarmağa vadar edir.

    İkinci amil: Əksər məscidlərdə fəaliyət göstərən mollaların məscidləri gədaxanaya (nəzir yığılan yer) çevirmələridir. Məscidlər insanların ilahi maarifdən faydalanmalarına xidmət göstərən bir mərkəz olmalıdır. Təəssüflər olsun ki, əksər məscidlər nəzir qutularının yerləşdirilməsi üçün mərkəzə çevrilib.  Təkcə Bakı şəhərində tanınmış məscidlərin birində adi günlərdə yeddi nəzir qutusu fəaliyət göstərir. Bunu da qeyd etmək lazımdır ki, həmin nəzir qutuları gözə gəlimli yerlərdə yerləşdirilir ki, məscidə daxil olan birinci onu ziyarət etsin. Aşura günündə bu qutuların sayı iki bərabər artır. Bundan əlavə qara bez parçaların təbərrük kimi satılmasını demirik! Məlum olur ki, İmam Hüseyn məktəbindən “səmərəli istifadə” edənlər var. Çünki camaatın əksəriyyəti avamdır və onların avam olaraq qalmaları bir dəstənin ən böyük arzusudur. Haqqında danışdığımız məscidin minbərinin texniki layihəsi də bu ideyanın təzahurüdür. Çünki minbərin altı boşdur. Məscidə gələn avamlar (onların əksəriyyəti qadınlar, və məxsusən cavan qızlardırlar)  içəri daxil olanda orada onlara yol göstərənlər onu yeddi dəfə təvaf etmək üçün minbərin altına tərəf hidayət edirlər. Həmin avamlar minbərin bu tərəfindən girib o tərəfindən çıxanda Molla Cəbinin sözü yada düşür. “Heyvanuva şükür Pərvərdigara!” Rəsulullah (s) buyurub: “Bidətlər aşikar olduğu zaman alimə vacibdir ki, elmini aşikar etsin. Əks halda Allahın lə`nəti olsun ona!” İslama aid olmayan bir əməli islama nisbət vermək bidət adlanır. Bidəti icad edənlər əslində bu əməl vasitəsilə islamı ləkələmək məqsədi güdürlər. Bunun qabağını almaq üçün alim gərək vəzifəsini yerinə yetirib elmini zahir etsin. Digər bir hədisdə Rəsulullah (s) buyurub: “Əgər Mənim ümmətimdən iki sinif saleh olsa onda ümmət də saleh olar. Əgər bu iki sinif xarab olsa, onda ümmətim də xarab olarlar. Səhabələr soruşdular ki, o iki sinif kimlərdirlər ya Rəsuləllah? Buyurdu: Alimlər və əmirlər.” (Tohəful uqul)

    Alimlərin vəzifələri həqiqəti bəyan edib yalanla mübarizə etməkdir. Alimlər qeybət məsələsində icazə veriblər ki, Peyğəmbər və imam adından yalan danışıb bidət yaratmağa cürət edənin fitnəsini aşikar edib onu rüsvay edin. Çünki alimlər Peyğəmbər və imamlardan sonra onların vəzifələrini yerinə yetirməkdə məsuldurlar.  

     

    Bakı şəhəri, Elman İbadov. 055-752-27-40.  kerrar@mail.ru
    Media-islam.Com


    Другие материалы по теме
    Категория: İmam Hüseyn (a) | Добавил: iravani (05.06.2008)
    Просмотров: 2382 | Рейтинг: 4.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər