| 
				
			                                         İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?Bildiyiniz kimi İslam dininə görə İmamət mərtəbəsi olduqca məsuliyyətli
 və əhəmiyyətli bir vəzifədir. Belə ki, Uca Yaradanın Peyğəmbərimizin (s)
 vasitəsilə bəşəriyyətə ərməğan etdiyi həqiqi dinin saflığı və
 təhriflərdən, xurafatlardan qorunub, saxlanması məhz İmamın öhdəsinə
 düşür.
 Peyğəmbərimizin (s) tam hüquqlu canişini sayılan İmam, dinimizdə hələ də
 xalqa tam, şərhli formada bəlli olmayan mühüm məsələləri, insanlara olduğu
 kimi, lazımı formada izah verib, açıqlayır.
 İmam, həmçinin, dinə qarşı irəli sürülən yanlış iddiaları, dinimizlə
 fikri mübarizə aparan yadların müxtəlif şübhələrini mükəmməl şəkildə
 cavablandırır.
 İmam Peyğəmbərimizdən (s) sonra müsəlmanların rəhbərliyini öhdəsinə
 alaraq, ən ali hökmə və həlledici qərarlara sahibdir.
 İmam həm də, nümunəvi bəndə, kamil bir insan olaraq ilahi höccəti və
 Allahın yer üzərindəki ən əzəmətli feyz, mərhəmət vasitəsidir.
 Sözsüz ki, belə ağır, ciddi və dəyərli vəzifənin öhdəsindən gələn
 şəxs olduqca ali mə`nəvi keyfiyyətlərə malik olub, hər bir günahdan,
 xətadan uzaqdır. Yə`ni məsum insandır. Elə bunun üçün də, bu məqama
 seçilən şəxslər birbaşa Allah-taala tərəfindən tə`yin olunur.
 İmam Hüseyn (ə) də digər imamlar (ə) kimi mə`sumdur. Bundan əlavə o,
 ilahi kamilliyin tam zirvəsində durur. Deməli biz nə qədər onun gözəl,
 qiymətli xüsusiyyətlərindən danışsaq, yenə azdır. Bu haqqda onlarla kitab
 yazılsa belə onun mənəvi üstünlüklərini vəsf edib qurtara bilməz. Elə
 buna görə də, bu barədə ətraflı bəhs etmir və İmamın (ə) bə`zi
 əxlaqi keyfiyyətlərinə işarə etməklə kifayətlənirik:
 1-İbadəti
 وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ
 مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاء
 وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا
 الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ
 «Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək,
 batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat
 versinlər. Doğru-düzgün din budur!»
 Tarixçilərin yazdıqlarına və mə`sumlardan bizə gəlib çatmış
 hədislərə əsasən İmam Hüseyn (ə) Allaha olan ibadətinə ciddi şəkildə
 əhəmiyyət verir, gün ərzində vaxtının çox hissəsini yüzlərlə rükət
 namaz qılaraq, ibadətlə keçirirdi.  Keçən bəhslərimizdə işarə etdiyimiz
 kimi O, iyirmi beş dəfə piyada həcc ziyarətinə getmişdi.
 İbn Əbdül Birr deyir: «Həzrət Hüseyn (ə) çox fəzilətli və Allahşünas
 bir şəxs idi. O, çoxlu namaz, oruc və həcc yerinə yetirirdi.»
 İmam Hüseynin (ə) şəhadət xəbəri Abdullah ibn Zübeyrə yetişdikdə dedi:
 «Allaha and olsun elə şəxsi öldürdülər ki, gecələr uzun-uzadı ibadət
 edir, gündüzlər də oruc tuturdu.»
 Zərəndi Hənəfi deyir: «Hüseyn ibn Əli (ə) namaz, oruc, həcc və sonsuz
 ibadət əhli idi. Səxavətli və kəramətli idi.»
 Məhəmməd Əbduh da yazır: «Həzrət Hüseyn ibn Əli (ə) təvazökar və abid
 bir şəxs idi. Gecələr oyaq qalıb, ibadətlə məşğul olardı...»
 2-Güzəşt və mərhəməti
 وَجَزَاءُ سَيِّئَةٍ سَيِّئَةٌ مِّثْلُهَا
 فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى
 اللَّه
 «Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə
 hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı
 Allaha aiddir.»
 Mərhəmət və şəfqət imamı olan Həzrət Hüseyn (ə) ən qüdrətli olduğu
 zamanda belə onu təhqir edən, ədəbsizlik göstərən şəxslərlə təmkinlə
 davranmışdır, O, nəinki, səbirsizlik göstərərək onları cəzalandırmamış
 hətta dini nəciblik nümayiş etdirərək öz gözəl əxlaqı, tərbiyəvi
 nəsihətləri ilə qarşı tərəfi sakitləşdirməyə çalışmışdır. Ona
 qarşı edilən ədəbsizliyin nə qədər böyük olmasına baxmayaraq, əməlinin
 qəbahətini anlayan və peşmançılıq hissi keçirən insanları bağışlamış,
 təqsirinə göz yummuşdur. İmamın (ə) saymaqla qurtarmayan belə alicənab
 hərəkətlərindən bir neçəsinə işarə edirik:
 a) Şam (Dəmeşq) əhli olan İsam ibn Müstələq belə deyir: «Mədinə
 şəhərinə gəldim. Şəhərdə gəzərkən gözüm Hüseyn ibn Əlinin (ə)
 vüqarlı, gözəl simasına sataşdı. Onun pak, əzəmətli və möhtəşəm
 görünüşünə paxıllıq etdim. Elə bu vaxt onsuz da əvvəllər atası Həzrət
 Əliyə (ə) qarşı olan düşmənçilik hissim indi daha da alovlanmağa
 başladı. Qəlbimdəki kin məni yandırıb yaxırdı. Hisslərimi cilovlaya
 bilməyərək Həzrət Hüseynin (ə) yanına getdim. Əvvəlcə istehza ilə «ey
 Əbu Turabın oğlu»-deyə, ona müraciət etdim. Sonra isə ona bacardığım
 qədər söyüş, təhqiramiz kəlmələr yağdırmağa başladım. Amma o, üzünü
 mənə tutaraq mehribancasına söylədi: «Şam (Dəmeşq) əhlisənmi?»
 Dedim: «Hə, nə olub ki?»
 Buyurdu: «Bilirəm Şamlılar belədir. Lənətlənmiş şeytanın şərrindən
 Allaha pənah aparıram. Mehriban və bağışlayan Allahın adı ilə sözümə
 başlayıram. Necə ki, Allah-taala buyurur: «Bağışla, yaxşı əməllərə
 doğru sövq et və cahil şəxslərdən üz çevir.» Bu ayə Allahın elçisi
 Həzrət Məhəmmədin (s) ən gözəl əxlaqı barəsindədir. Qardaşım,
 mənimlə sakit, aram söhbət et ki, həm öz işini və həm də, mənim işimi
 çətinləşdirməyəsən. Allaha tövbə et və bağışlanmağını dilə. Əgər
 məndən kömək istəsən, sənə kömək edərəm. Hər nə lazım olsa, nəyə
 ehtiyacın varsa sənə verərəm. Həmçinin doğru yola yönəlməyə ehtiyac
 duysan, səni haqq yoluna irşad edərəm.»
 Mən Peyğəmbərin (s) evində tərbiyə almış Hüseynin (ə) səmimiyyət,
 mərhəmət dolu sözlərinin qarşısında utandım və ona dediyim ləyaqətsiz
 sözlərə görə xəcalət çəkib, peşman oldum.
 İmam Hüseyn (ə) mənim peşman olduğumu duyaraq, Yusif peyğəmbərin (ə) öz
 günahkar qardaşlarına söylədiyi bu ayəni oxudu: «Bu gün sizə qarşı heç
 bir danlaq və məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mərhəmətlilərin
 ən mərhəmətlisidir.»
 Allaha and olsun, onun bu mülayim və ədəbli davranışı mənə o qədər təsir
 etdi ki, utandığımdan öz-özümə dedim: «Kaş yer yarılaydı, yerə
 girəydim. Amma Hüseynə (ə) belə ədəbsizcəsinə davranmyaydım.»
 b) İmam Hüseyn (ə) qonaqları ilə birlikdə yemək yeyirdi. Elə bu vaxt qaynar
 xörəklə dolu qazanı süfrəyə gətirən qul ehtiyatsız davranaraq, isti
 xörəyin hamısını İmamın (ə) üstünə dağıtdı. Cəzalandırılacağından
 qorxan qul üzünü İmama (ə) tutaraq bu ayəni oxudu: «Qəzəblərinə hakim
 olarlar.»
 İmam (ə) xidmətçilərə buyurdu: «Onu buraxın.»
 Qul başqa ayəni oxudu: «Camaatın günahlarını bağışlayarlar. »
 İmam (ə) buyurdu: «Səni bağışladım.»
 Qul yenə bir ayə oxudu: «Allah gözəl əməl sahiblərini sevir.»
 İmam (ə) buyurdu: «Səni Allah yolunda azad etdim.» Sonra isə qula cürbə-cür
 qiymətli hədiyyələr verərək onu azad etdi.»
 v) Şəhidlər rəhbəri Hüseyn (ə) buyurur: «Əgər kimsə mənə sağ
 qulağımın yanında təhqiramiz söz deyə və sol qulağımın kənarına keçib
 peşman olduğunu söyləyərək üzr istəyə, mən onu bağışlayaram. Çünki,
 Həzrət Əmirəl-möminin Əli (ə) buyurur: «Allahın Rəsulundan (s) eşitdim:
 «Üzr istənildikdə qəbul etməyən kəs, Kövsər hovuzuna gələ bilməyəcək.
 İstər haqlı olsun, istərsə də haqsız.»
 3-Səxavəti
 وَالَّذِينَ صَبَرُواْ ابْتِغَاءَ وَجْهِ
 رَبِّهِمْ وَأَقَامُواْ الصَّلوةَ
 وَأَنفَقُواْ مِمَّا رَزَقْنَاهُمْ سِرًّا
 وَعَلاَنِيَةً وَيَدْرَؤُون بِالْحَسَنَةِ
 السَّيِّئَةَ أُوْلَئِك لَهُمْ عُقْبَى
 الدَّار
 «Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün
 əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara
 verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir
 və pisliyin qarşısını yaxşılıq etməklə alırlar (gözəl) axirət yurdu
 məhz onlarındır.»
 İmam Hüseyn (ə) böyük kəramət və səxavət sahibi idi. O, maddi imkani az
 olan şəxslərə, ehtiyaclı insanlara əl tutur və daim onların köməyinə
 çatırdı. Bəzi nümunələr:
 a) İbn Şəhri Aşub özünün «Mənaqib» adlı ktabında Şüeyb ibn
 Əbdürrəhman Xəzaidən belə nəql edir ki; «İmam Hüseyn (ə) şəhid
 edildikdən sonra, onun kürəyində qabar bağlamış yaralar göründü.
 Oradakılar bu yaraların döyüş zərbələrinin əlamətləri olmadığını
 görüb, İmam Səccadı (ə) yaxına çağırdılar. Ona bunun nə olduğunu
 soruşdular. Həzrət Səccad (ə) buyurdu: «Atam gecələr (niqabla üzünü
 örtüb) çörək və yeməklə dolu kisələri kürəyinə atıb, yetimlərin,
 kimsəsiz insanların yanına aparır onlara paylayırdı. Gördüyünüz yaralar
 söylədiyim kisələrin izləridir. »
 Bəli, elə buna görə də, Həzrət İmam Məhəmməd Baqir (ə), Şəhidlər
 ağası Hüseyni  (ə) «yetimlərin baharı və sevinci» adlandırmışdır.
 b) İbn Əsakir «Tarixi-kəbir» adlı kitabında Əbu Haşim Qənnaddan nəql edir
 ki; «Bəsrə şəhərindən Həzrət Hüseynə (ə) nəfis hədiyyələrlə dolu
 karvan gəldi. Bu vaxt İmam (ə) bir ağacın kölgəsində əyləşmişdi. O,
 bütün hədiyyələri zavallı, yoxsul insanlara paylayıb qurtarmayınca öz
 yerindən qalxmadı.»
 v) «Mədinə müsəlmanlarından bir nəfər Həzrət Hüseynin (ə) hüzuruna
 gəldi və ona məktub verdi. Məktubda yazılmışdı: «Ey Əba Abdullah (ə)!
 Beş yüz dinar borcum var. Borclu olduğum şəxslər məni incidir. Onlar
 səbirsizliklə pulu ödəməyimə israr edirlər. Mənim isə heç nəyim yoxdur.
 Get, onlarla danış, pul sahiblərini qane et ki, mən pul toplayana qədər
 gözləsinlər.»
 İmam (ə) məktubu oxuduqdan sonra borclu kişini evinə də`vət etdi. Ona min
 dinar pul verərək belə buyurdu: «Bu pulun beş yüz dinarı ilə borcunu ödə.
 Yerdə qalan beş yüz dinarla isə öz həyatını yenidən qur ki, heç kimə
 möhtac olmayasan.»
 q) Əmr ibn Dinar rəvayət edir ki, İmam Hüseyn (ə) yataqda xəstə yatan Usamə
 ibn Zeydin yanına onu yoxlamağa getdi. Xəstənin gözü İmama (ə) sataşdıqda
 kədərli halda dərindən ah çəkdi. İmam (ə) buyurdu: «Qardaşım, nə üçün
 qəmlisən?» Usamə ibn Zeyd dedi: «Olduqca böyük məbləğdə, min dinar
 miqdarında bəzi şəxslərə borcum var.»
 Həzrət İmam (ə) buyurdu: «Mən borcunu ödəyərəm.»
 Usamə dedi: «Qorxuram ki, borclu halda öləm.»
 İmam (ə) buyurdu: «Arxayın ol. Sən nə qədər ki sağsan, mən sənin borcunun
 hamısını ödəyərəm.»Və belə də etdi.»
 q) Yaqut Müstəsəmi, Ənəs ibn Malikdən belə rəvayət edir: «Mən (Ənəs ibn
 Malik) İmam Hüseynlə (ə) birlikdə söhbət edirdim. Elə bu vaxt kənizi
 İmamın (ə) yanına gələrək ona bir ədəd qızıl gül bağışladı. İmam
 (ə) buyurdu: «Allah yolunda səni azad etdim.»
 Mən ona dedim: «Bir qızıl gülün nə dəyəri var ki, siz bunun üçün kənizi
 azad etdiniz?»
 İmam (ə) buyurdu: «Allah-taala bizi belə tərbiyə etmişdir: «Sizə
 xeyirxahlıq etdikdə siz də, ondan daha yaxşı xeyirxahlıq və daha üstün
 hədiyyə edin.»
 d) İmam Hüseyn (ə) evində namaz qılırdı. Elə bu vaxt yoxsul bir ərəb onun
 evinə gələrək, kömək istədi. İmam (ə) namazı qurtarıb Qənbər adlı
 xidmətçisinə buyurdu: «Hicazdan evimizin ehtiyaclarını ödəmək üçün
 gələn puldan bir şey qalıbmı?»
 Qənbər dedi: «Yalnız dörd min dinar qalıb.»
 İmam Hüseyn (ə) buyurdu: «Pulun hamısını buraya gətir. Bu şəxsin pula
 bizdən daha çox ehtiyacı var.»
 Elə bu zaman kasıb ərəb ağlamağa başlayaraq, belə söylədi: «Əfsuslar
 olsun ki, bu səxavətli əllər sonda torpaqla örtüləcək.»
 e) «İmam Hüseyn (ə) küçə ilə gedirdi. Yol kənarında kimsəsiz itə yemək
 verən, nəvaziş göstərən bir qulu gördü. Ondan nə üçün belə etdiyini
 soruşdu. Qul dedi: «Mən həm qəzəbli və həm də kədərliyəm. Bu çarəsiz
 iti sevindirərkən xoşhal oluram. Mənim sahibim yəhudidir. O, məni incidir.»
 İmam Hüseyn (ə) yəhudinin yanına getdi və qulun pulunu ödəyib, azad etmək
 istədi. Yəhudi Həzrət Hüseyni (ə) tanıdı. O, İmamın (ə) hörmətinə qulu
 pul almadan azad etdi. Belə olduqda İmam (ə) pulu da qula verdi.»
 ə) «Əbdürrəhman Səlami, İmam Hüseynin (ə) övladlarından birinə «Həmd»
 surəsini öyrətdi. Övladının «Həmd» surəsini əzbər oxuduğunu görən
 İmam (ə), Əbdürrəhmana min dinar pul, bir ovuc dürr hədiyyə verdi. Və
 buyurdu: «Bütün bunlar sənin işin müqabilində dəyərli deyildir.»
 j) Yəhya ibn Salim deyir: «İmamla (ə) birgə evə gəldim. Kənizi ona su verdi.
 İmam (ə) mehribanlıqla onun üzünə baxıb bir miqdar pul hədiyyə etdi və
 buyurdu: “Bununla ailənin ehtiyaclarını ödə. »
 z) Əbul Müəyyid, Həsən Bəsridən nəql edir ki, İmam Hüseynin (ə) bol
 bəhrəli bir bağı var idi. Günlərin birində İmam (ə) bağına baş
 çəkməyə getdikdə «Safi» adlı qulunun orada oturub nahar yediyini gördü.
 Qul hər dəfə özü üçün çörək kəsib götürdükdə yanındakı kimsəsiz
 itə də verir, onun da qayğısına qalırdı. Yeməyi qurtardıqda qul dedi:
 «Bütün aləmlərin ruzisini yetirən Uca Allaha şükürlər olsun! Ey mənim
 Allahım, ağamı və məni bağışla...»
 İmam Hüseyn (ə) yaxına gəlib buyurdu: «Sən azadsan və mən bu bağı da
 Allah yolunda sənə hədiyyə edirəm.»
 
 4- Təvazökarlığı
 وَاخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِين
 «Mö’minləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub
 yumşaq davran və onları himayə et)!»
 Diqqət etmək lazımdır ki, İlahi şəxsiyyətlərin ən ali mənəvi
 xüsusiyyətlərindən biri də, onların təvazökarlığıdır. Deməli İmam
 Hüseyn (ə) izzət, iftixar və vüqar imamı olduğu kimi, eyni halda
 təvazökarlıq, ürəyiaçıqlıq və şəfqət imamıdır. O, necə ki, digər
 üstün mənəvi, ruhani xislətləri ilə məşhurdur, öz təvazökarlığı ilə
 də həmişə müsəlman aləminin diqqət mərkəzində olmuşdur. O, heç vaxt
 digər insanlara laqeyd münasibət bəsləməmiş, qullar, yoxsullar və hətta
 uşaqlarla birlikdə əyləşib onlara qonaq olmuşdur.
 Həzrət Hüseyn (ə) nəinki heç vaxt miskin insanlara etinasızlıq,
 hörmətsizlik etməmiş, həqiqətdə həmişə onlara xüsusi ehtiram və
 qayğıyla yanaşmışdır. Bununla da o, öz rəftarı ilə bütün bəşər
 övladına daim təvazökarlıq dərsi vermişdir. Bu barədə bir neçə rəvayət
 sizə təqdim edirik:
 a) «Bir qrup kimsəsiz, yoxsul adamlar bərabər oturaraq əski parçalarının
 üzərinə tökdükləri quru çörək qırıntılarını yeyirdilər. İmam Hüseyn
 (ə) onların yanından keçərkən onu da yeməyə dəvət etdilər. İmam (ə)
 fağırların dəvətini qəbul etdi və onlarla bərabər diz üstə əyləşib
 çörək qırıntılarından yeməyə başlayaraq buyurdu: «Şübhəsiz ki,
 Allah-taala təkəbbürlü (loğva) insanları sevmir.»  Yeyib qurtardıqdan sonra
 isə buyurdu: «Sizi evimə dəvət etsəm qəbul edərsinizmi?»
 Dedilər: «Bəli.» İmam onları evinə apardı və möhtəşəm qonaqlıq verdi.»
 b) Şəhidlərin ağası Hüseyn (ə) bir dəstə yetim, zavallı uşağın yol
 kənarında yığışaraq quru çörək yediyini gördü. Uşaqlar İmamı (ə)
 gördükdə onu da birgə yeməyə çağırdılar. İmam (ə) uşaqların dəvətini
 mehribanlıqla qəbul etdi. Onlara qoşulub çörək yedi. Sonra onları ehtiramla
 evinə aparıb qonaq etdi. O, uşaqlara geyim və ərzaq da verdi. İmam (ə)
 buyurdu: «Bu balacalar çox səxavətlidir, çünki onlar əllərində olan yeganə
 azuqələrini mənimlə palyaşdılar.»
 v) Biyabanda yaşayan köçəri bir ərəb İmam Hüseynə (ə) yaxınlaşaraq
 əsəbi halda dedi: «Sən çox təkəbbürlü görünürsən?»
 İmam Hüseyn (ə) gülümsəyərək buyurdu: «Qardaşım, təkəbbür yalnız tək
 olan Allah-taalaya məxsusdur və Uca Tanrıdan qeyrisinə təkəbbürlü olmaq
 yaraşmaz. Amma o ki, qaldı mənim rəftarıma, məgər eşitməmisən ki, Allah
 buyurur: «İzzət Allaha və Peyğəmbərinə və mömünlərə məxsusdur?»
 (Yəni mən izzət və vüqar sahibiyəm, lakin təkəbbürlü deyiləm.)
 
 5-Allah qorxusu
 إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ
 الْعُلَمَاء
 «Bəndələri içərisində Allahdan ancaq alimlər qorxar.   (Onlar elm sahibləri
 olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı
 başa düşür və Ondan daha çox qorxurlar)»
 Mənəvi üstünlüklərin və İlahi əxlaqın şahı olan İmam Hüseynin (ə)
 olduqca dəyərli və hamımıza nümünə ola biləcək xüsusiyyətlərindən biri
 də, ona daim hakim olan Allah qorxusu idi. O, Böyük Yaradana olan sonsuz imanı
 nəticəsində həmişə Allah qarşısında məsuliyyət hissi daşıyır,
 Qüdrətli Xaliqi hər şeyə nazir görərək öz bəndəliyinə aciz şəkildə
 izhar edirdi.
 a) İbn Səbbağ Maliki «Fusulül-mühimmə» adlı kitabında rəvayət edir ki,
 Həzrət Hüseyn (ə) həmişə namaz qılmaq istərkən qorxusundan rəngi
 saralardı. Bunun səbəbini ondan soruşduqda isə buyurdu: «Heç bilirsinizmi
 mən kimin qarşısında durub ibadət etmək istəyirəm?»
 b) İbn Şəhr Aşub yazır: «İmam Hüseyndən (ə) soruşdular: «Nə üçün
 Allahdan bu qədər qorxursan?»
 İmam (ə) buyurdu: «Yalnız bu dünyada Allahdan qorxan (və əməllərinə
 diqqət edən) insanlar qiyamət gününün (əzabından) əmin-amanlıqda
 olacaqlar.»
 İmamımızın (ə) Allah-taalaya əsl itaətkar qul olmasını özündə
 təcəssüm etdirən çox saylı minacatları da mövcuddur.
 
 6-Allah eşqi
 وَالَّذِينَ آمَنُواْ أَشَدُّ حُبًّا لِّلّهِ
 «Allaha iman gətirənlərin Ona olan məhəbbəti daha da şiddətlidir.»
 İmam Hüseyn (ə) Allah qarşısında məsuliyyət və qorxu hissi ilə bərabər
 Tanrıya olan eşqi, sevgisi ilə də məşhur idi. Necə ki, Qurani-Kərim
 mömünləri vəsf edərək buyurur: “Bizim ayələrimizə iman gətirənlər
 yalnız o şəxslərdir ki, «... öz Allahını qorxu və məhəbbətlə (ümidlə)
 səsləyirlər...»
 Elə buna görədə İmam Hüseyn (ə) belə buyurur: «İlahi, kor olsun o gözlər
 ki, səni özünə hakim bilməyə və həmçinin necə də, bədbəxtdir o bəndə
 ki, sənə eşq məhəbbət bəsləməyə»
 İmam Hüseynin (ə) ibadi minacatları, həqiqətdə Allah hüzurunda izhar etdiyi
 «eşqnamə» ləridir. Məşhur «Ərəfə» duasını oxuyan hər kəs Allah
 müqabilində aciz və eyni halda aşiq bir qulun öz ağası ilə necə də
 raz-niyaz etdiyinin şahidi olur.
 Bu duada, Allahına, «mən sənə müştaq və sənin aşiqinəm» «sən mənim
 arzumsan»-deyə, müraciət edən Hüseyn (ə) həmçinin öz «qəlbində Allahdan
 qeyrisinin eşq-məhəbbəti olmadığına» da təkid edir. O, əsl eşqin, həqiqi
 məhəbbətin Tanrıya məxsus olduğunu dəfələrlə vurğulayaraq buyurur:
 «İlahi, səni tanımayan şəxs nəyi tapmış olur, səni tapan insan isə nəyi
 itirmiş olur? Ey Allah, səndən başqasına razılaşan şəxs, hər bir şeydən
 məhrumdur!»
 Bütün vücudunu Allah eşqi saran Həzrət Hüseyn (ə) sanki hər ləhzə onun
 varlığını daha da hiss edir və hər an ilahi gözəlliyini yaxından seyr
 edərək, öz sevgisini izhar edir: «Ey Böyük Allah bütün varlığı sənə
 bağlı olan bir şey sənin varlığına necə dəlil ola bilər? Sən nə vaxt
 gizli olmusan ki, insanları sənə doğru hidayət edən bir sübuta ehtiyac
 duyulsun? Nə vaxt uzaqlaşmısan ki, nişanə və əlamətlərin səni insanlara
 tanıtdırsın? Məndən ayrılmamısan ki, sənin hüzurunu istəyim? Gizli
 qalmamısan ki, səni aşkara çıxardım? Kor olsun səni görməyən gözlər! Bir
 halda ki, sən həqiqətən də, onun yanındasan və ondan muğayatsan!»
 Əziz oxucu, bir sözlə doğrudan da, imam Hüseyn (ə) bir «ilahi eşq»
 məktəbidir.
 7-Ədəb və nəzakəti
 وَقُل لِّعِبَادِي يَقُولُواْ الَّتِي هِيَ
 أَحْسَنُ...
 «(Ya Rəsulum!) Bəndələrimə de ki, «ən gözəl sözləri söyləsinlər»...»
 Sözsüz ki, Əhli-beyt (ə) öz gözəl xüsusiyyətləri ilə daim ən kamil insan
 nümunəsi olmuşdur. Həzrət Əbu Abdullah Hüseyn (ə) də alicənablığı,
 ədəb və nəzakətinə görə İslam dünyasında böyük rəğbətlə mədh
 edilir. Belə ki, onun hələ uşaqkən özündə əks etdirdiyi bu nəcib
 xüsusiyyətinə həmişə müsəlmanlar tərəfindən sitayiş edilmişdir.
 İmamın (ə) bu gözəl, dəyərli xasiyyətinə bir neçə nümunə gətiririk:
 a) İmam Hüseyn (ə) hələ kiçik yaşlarında öz qardaşı ilə çay
 kənarından keçirdi. Onlar səhv şəkildə dəstəmaz alan bir kişi ilə
 rastlaşdılar. Kişi utandırmamaqla bərabər ona düzgün formada dəstəmaz
 almadığını anlatmaq məqsədi ilə olduqca nəzakətli bir yol seçdilər.
 Qardaşlar kişinin yanına gəlib, belə söylədilər: «Əmi, bax gör biz
 hansımız yanlış formada dəstəmaz alırıq?»
 Sonra isə hər ikisi düzgün şəkildə dəstəmaz aldılar.
 Uşaqların ağıllı rəftarı nəticəsində səhvini anlayan kişi gülüb dedi:
 «Siz ikinizdə dəstəmaz əməlini doğru şəkildə əncam verdiniz. Mənim
 dəstəmaz almağım isə yanlış idi. Amma indi sizin alicənab hərəkətiniz
 ilə mən düzgün formada dəstəmaz almağı öyrəndim.»
 b) «Kasıb bir Mədinəli müsəlman, Osman ibn Əffanın yanına gəlib ondan
 kömək dilədi. Osman ona beş dirhəm verdi.
 Kasıb dedi: «Ən səxavətli şəxsləri mənə göstər.»
 Osman, İmam Həsən (ə), İmam Hüseyn (ə) və Abdullah ibn Cəfəri
 göstərərək dedi: «Bu cavanlara müraciət et.»
 Kasıb kişi İmam Həsənin yanına gəlib ona əl tutmasını xahiş etdi. İmam
 (ə) kişiyə 50 dinar verdi.
 Kişi sonra İmam Hüseynə (ə) müraciət etdi Həzrət Hüseyn (ə) də ədəbi
 riayət edərək özündən böyük qardaşının ehtiramına görə, ona bir dinar
 az yəni 49 dinar bağışladı.
 Abdullah ibn Cəfər də, Həzrət Hüseyni özünə nümunə seçib kasıb kişiyə
 48 dinar hədiyyə etdi.
 Mədinəli kişi həm onların səxavətinə, həm də ədəb və nəzakətinə
 heyran qalaraq, əhvalatı Osman ibn Əffana danışıdı.
 Osman dedi: «Bəli bunlar kimi alicənab və nəcabətli şəxslər heç yerdə
 tapılmaz. Çünki elm və anlayışı babalarının (Həzrət Məhəmmədin (s) )
 sinəsindən irs apardılar. Və dəyərli hikmətə yetişdilər.»
 d) İmam Hüseynin (ə) sədəqə verərkən gizli verməsi, bəzən qapıya gələn
 dilənçini utandırmamaq üçün gah niqabla, gah da qapı arxasından əta etməsi
 onun necə də, möhtəşəm ədəb sahibi olmasından xəbər verir.
 8-Cəsarət və şücaəti
 وَمَن يُقَاتِلْ فِي سَبِيلِ اللّهِ
 فَيُقْتَلْ أَو يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ
 أَجْرًا عَظِيمًا
 «Allah yolunda vuruşaraq ölən və ya (düşmənə) qalib gələn kəslərə
 böyük mükafat verəcəyik.»
 İmam Hüseyn (ə) hər üç döyüşdə (Cəməl, Siffeyn və Nəhrəvan) Həzrət
 Əlinin (ə) kənarında olmuş, qəhrəmanlıq göstərib, böyük şücaət
 nümayiş etdirmişdir.
 Hicri qəməri tarixi ilə 36-cı ildə baş vermiş Cəməl savaşında qoşunun
 böyük bir hissəsinin rəhbərliyini öhdəsinə alan Həzrət Hüseyn (ə)
 sərkərdə vəzifəsini xüsusi rəşadətlə yerinə yetirmişdir.
 O Siffeyn döyüşündə öz igidliyi ilə dillər əzbəri olmuşdu. Bu döyüşdə
 onun düşməninin zəbt etdiyi su yolunu yenidən fəth etməsi və İmam Əlinin
 (ə) “Bu zəfəri Hüseynin (ə) qəhrəmanlığı sayəsində əldə etdik”
 deyə, buyurması daim İslam tarixində ön plana çəkilir.
 O, Nəhrəvan döyüşündə qoşunun mühüm hissəsinə rəhbərlik edərək, son
 qələbə üçün böyük rol oynadı.
 b) Osmanın özbaşınalıqlarının əleyhinə xalq kütləsinin üsyan etdiyi
 zaman, onun evinə hücum edərək sorğu sualsız öldürmək istəyənlərin
 qarşısına məhz qardaşı imam Həsənlə (ə) birgə həzrət Hüseyn (ə)
 çıxdı. Və gözləri qəzəblə parlayan silahlı insanlardan qorxmayaraq,
 böyük cəsarətlə onların Osmanı evində öldürməsinə mane olmağa
 çalışdı.
 v) Müaviyə ilə bağlanan sülh müqaviləsinə sadiq qalan İmam Hüseyn (ə)
 eyni halda ona qarşı vüqar və cəsarətlə davranırdı. Keçən
 bəhslərimizdə ətraflı şəkildə işarə etdiyimiz kimi, o, Müaviyəyə
 yazdığı məktublarda «Mən sənin bu ümmətə hakim olmağından daha da
 böyük və qorxunc bir fitnə tanımıram.»- deyə yazır, ona aşkarcasına
 tə`nə vurub, qulaqburması verirdi.
 q) «Müaviyə məclislərin birində İmam Hüseynlə (ə) üz-üzə gəldikdə
 dedi: «Ey Əbu Abdullah, heç bilirsənmi ki, mən əshabımla birlikdə atanın
 sadiq dostlarını necə amansızlıqla öldürdüm? Və sonra isə onları necə
 hiyləgərliklə kəfənə büküb, namaz qılıb bastırdım?» (Müaviyə bu
 sözü İmamı (ə) qorxutmaq üçün söylədi).
 Amma Həzrət Hüseyn (ə) qəzəblə dolu baxışlarla Müaviyəyə baxaraq, onun
 qatil, imansız əshabına əl taparsa rəhm etməyəcəyini söylədi. Müaviyə
 özünü itirərək məclisi tərk etdi.»
 ğ) «Müslim ibn Əqilin Mədinədə torpaq sahəsi var idi. Müaviyə Mədinə
 valisinə o sahəni zorla Müslimin əlindən almağa, ona cüzi miqdarda pul verib,
 razılaşmağa məcbur etmək üçün əmr verdi. Vali əmri yerinə yetirdi.
 İmam Hüseyn (ə) bunu bildikdə Müaviyəyə kəskin ifadələrlə dolu məktub
 yazıb buyurdu: «Allaha həmd olsun! Müaviyə, sən hansı cəsarətlə
 Bəni-Haşim tayfasından olan bu cavana zor tətbiq edib, aldadırsan. Pulunu ondan
 geri al və torpağı Müslimə qaytar.» Müaviyə belədə etdi.»
 e) «Müaviyə ömrünün axır illərində avara və əyyaş oğlu Yezidi
 özündən sonra xəlifə etmək üçün var-gücü ilə çalışırdı. O, bilirdi
 ki, əgər oğlu üçün indi İmam Hüseynin (ə) bey`ətini alarsa, İslam
 dünyasının digər öncül şəxsiyyətləri də, ona itaət edib Yezidə beyət
 edəcəklər. Elə buna görə də, o, öz müşavirləri ilə birlikdə Mədinə
 şəhərinə gəldi.
 Mədinədə olduqca təmtəraqlı ziyafət hazırlayan Müaviyə Bəni-Haşim
 tayfasını İmam Hüseyn (ə) də başda olmaqla oraya dəvət etdi. İmama (ə)
 böyük ehtiram və sayğı göstərən Müaviyə xeyli yaltaqlandıqdan sonra
 Yezidi tərifləyərək, əsl niyyətini açıqladı.
 Həzrət Hüseyn (ə) onun sözünü kəsib, öncə Peyğəmbər (s) və
 Əhli-beytin (ə) fəziləti haqqında söhbət etdi. Sonra isə buyurdu: «Yezidə
 beyət etməyimi istəyirsən? Heç vaxt mümkün deyil! Heç bir zaman ola bilməz!
 Ey Müaviyə, sübh olduqda qara kömür rəngi ilə rüsvay olar. Günəş
 parladıqda zəif işıqlar xasiyyətini itirər. Sən özünü və Yezidi
 tərifləməklə həddən ziyadə ifrata vardın. Sən zalım, paxıl və
 təcavüzkar adamsan. Sən heç vaxt haqq sahiblərinin haqqını vermədin, amma
 şeytan səndən öz payını tam olaraq aldı.
 Mən oğlunu tərifləməyindən belə nəticə aldım ki, onu hakimiyyətə
 gətirmək niyyətindəsən. Elə tərifləyirsən ki, sanki biz Yezidi
 tanımırıq. Onu elə ağızdolusu, canfəşanlıqla öyürsən ki, guya oğlunun
 bizim xəbərsiz olduğumuz üstün xüsusiyyətlərini aşkarlayıb,
 bilmədiklərimizi bizə öyrədirsən.
 Guya Yezid heç də öz çirkin əməlləri ilə məşhur deyil və xalq onun
 azğın fikirlərini bilmir.
 Yaxşı, əgər belədirsə de ki; «Yezid təhrik olunmuş itlərlə oynayır,
 quşbazdır. Gecə-gündüz pozğunluqda şöhrət tapmış əxlaqsız qadınlarla
 əylənir, cür-bəcür iyrənclik və haram dolu eyş-işrətə məşğuldur.”
 Bəli o, belə işlərə olduqca həvəsli, «bacarıqlı»dır.
 Müaviyə, bu fikrindən əl çək! Sənin xalqa rəva gördüyün bu qədər
 zorakılıq, əzab əziyyət və işgəncələr bəs etmədimi ki, yeni bir
 zülmün, fəsadın təməlini qoymaq niyyətindəsən?! Qiyamət günü Allaha
 necə cavab verəcəksən?
 And olsun Allaha ki, sən bundan artıq istibdad yolunda irəliləməyə, Allah
 bəndələrinə təcavüz etmək üçün ifrata varmağa nail olmayacaqsan. Çünki
 daha səbir kasamız dolub və səninlə ölüm arasındakı fasilə bir göz
 qırpımı qədərdir...»
 z-Misirli alim Mahmud Əqqad deyir: «Şücaət» kimi ilahi xüsusiyyətləri
 Hüseyn (ə) tək əzəmət sahibində görmək, heç də təəccübləndirici
 deyildir. Hüseyndə (ə) şücaət axtarmaq, qızıl mədənində qızıl axtarmaq
 kimidir.»
 
 Müəlliflər:
 Əfzələddin Rəhimov
 Tofiq Əsədov
 
 Həzrət Məhəmməd (s) imam Hüseyn (ə) barəsində nə buyurmuşdur?
 
 1) İmam Hüseyn (ə) «Səqəleyn»  hədisində
 Bütün şiə və sünni aləminin mötəbər hədis mənbələrində zikr olmuş
 rəvayətə görə, Həzrət Peyğəmbər (s) buyurmuşdur:
 «Mən yaxın zamanda Allahın də`vətini qəbul edib, sizin aranızdan
 gedəcəyəm, (dünyamı dəyişəcəyəm) lakin bununla belə iki qiymətli şeyi
 sizə əmanət qoyuram. Onlardan biri Allahın kitabı (Qur`an), digəri isə
 mənim itrətimdir. Allahın kitabı onun yer üzərinə endirdiyi kəndirdir.
 (Yə`ni, hər kəs Qur`ana əməl etsə, elə bil ki, kəndirdən tutub
 Tanrıya yaxınlaşır.) Mənim itrətim isə, mənim əhli-beytimdir. Mehriban
 Allah, bu iki qiymətli şeyin cənnət hovuzunda mənə qovuşana qədər
 ayrılmayacaqlarını, xəbər vermişdir. Məndən sonra bu iki şeylə necə
 rəftar edəcəyinizə diqqətli olun!»
 Termizi, Cabir ibn Abdulahdan nəql edir:
 «Ərəfə günü Həcc əməllərini yerinə yetirərkən Rəsuləllahı dəvənin
 üstündə xütbə oxuyan halda gördüm. O buyururdu: Ey camaat, mən sizin
 aranızda iki qiymətli şeyi əmanət qoyuram ki, əgər onlardan möhkəm
 yapışsanız heç vaxt yolunuzu azmayacaqsınız. Bu iki şeydən biri Allahın
 kitabı, digəri isə Əhli-beytimdir.»
 Bu hədisə əsasən əziz Peyğəmbərimizin(s) özündən sonra qoyub getdiyi
 əsas əmanətlər, Qurani-kərim və Əhli-beyti (ə) olmuşdur. Bu iki qiymətli
 varlıq heç bir zaman bir-birlərindən ayrılmazlar. Deməli, hər bir yerdə ki,
 Qurani-kərim var, orada Əhli- beytin (ə) hədisi, şərhi və təfsiri
 olmalıdır. Lakin təəssüflər olsun ki, İslam ümməti müqəddəs
 Peyğəmbərimizin (s) əmanət qoyub getdiyi Əhli-beyti (ə) ilə çox pis rəftar
 etdilər. Və bu ümmətin Əhli-beytə (ə) qarşı olan ən çirkin rəftarı
 isə, Kərbəla çölündə əziz Peyğəmbərimizin (s) sevdiyi İmam Hüseyni
 (ə)və onun yaxınlarını şəhadətə yetirərkən baş verdi.
 
 2-İmam Hüseyn (ə), «Səfinə»  hədisində
 Şafeyi nəql edir: «Bir gün Əbuzər Qəffari Kəbə evinin astanasına çıxıb,
 qapısının halqasından tutaraq fəryad çəkdi: Ay camaat! Məni tanıyan
 tanıyıb, tanımayanlar da bilsinlər ki, mən Əbuzərəm! Özüm Peyğəmbərdən
 (s) eşitdim ki, buyururdu: «Mənim Əhli-beytim Nuhun gəmisinə bənzər (hər
 kim o gəmiyə mindi nicat tapdı, gəmiyə minməyənlər isə suda qərq oldular)
 ki, kim Əhli-beytimdən uzaqlaşsa cəhənnəm oduna düşər.
 Yenə də o Həzrətdən eşitdim buyururdu: Mənim Əhli-beytim bir bədəndə baş
 və yaxud bir başda göz kimidir. Şübhəsiz ki, bədən başsız və baş da
 gözsüz öz qüdrətini itirir.»
 Həmşinin bir şox şiə və sünni mənbələrində «Səfinə» hədisi
 müqəddəs Peyğəmbərimizdən (s) belə zikr olunmuşdur: «Mənim Əhli-beytim
 sizin aranızda Huhun gəmisi kimidir. Hər kim o gəmiyə minsə nicat tapar və
 hər kim o gəmidən uzaq düşərsə qərq olar.»
 Gördüyünüz kimi bu hədisə əsasən Əhli-beyt (ə) Müsəlmanların qurtuluş
 gəmisidir. Bu gəmi insanları haqq və mənəviyyət şəhərinə aparır. Hər
 kim bu gəmiyə minməyə müvəffəq olsa, səadət və xoşbəxtliyə şatacaq.
 Gəmiyə minməyənlər isə, günah və şübhələrdə qərq olacaqlar.
 3) Allahın əmri ilə əziz Peyğəmbərimiz (s) onun adını Hüseyn (ə) qoydu
 Əsma binti Umeysdən rəvayət olunur ki; «Hüseyn (ə) dünyaya gəldikdə,
 Həzrət Məhəmməd (s) mənim evimə gəldi. Mən körpəni onun qucağına
 verdim. Elə oradaca Həzrət Cəbrayıl Peyğəmbərə (s) nazil olaraq, «Allahın
 əmri ilə körpənin adını «Hüseyn» qoy»-dedi. Bunu bizə Allahın rəsulu
 (s) xəbər verdi.»
 4) Allahın sevimli elçisi Məhəmməd (s) körpə Hüseynin (ə) qulağına azan
 oxudu
 Əbu Rafe deyir: «Yenicə dünyaya gələn Hüseynin qulağına Həzrət
 Məhəmmədin (s) azan və iqamə oxuduğunu gördüm.»
 5) Peyğəmbər (s) çox sevdiyi Hüseynin (ə) ağlamağına narahat olurdu
 Yezid ibn Əbu Ziyad belə söyləyir: «Ayişənin evindən çıxıb məscidə
 sarı gedən Peyğəmbər (s) yolda Fatimeyi Zəhranın (s) evinin yanından
 keçərkən balaca Hüseynin (ə) ağlamaq səsini eşitdikdə, qızına buyurdu:
 “Qızım, Hüseynin ağlayanda mən narahat oluram.»
 6) Peyğəmbərlə (s) Hüseynin (ə) bağlılığı
 Yə`la ibn Mürrə deyir: «Allahın Rəsulu (s) buyurdu: «Hüseyn (ə)
 məndən və mən də Hüseyndənəm.»
 
 7) Peyğəmbərin (s) sevimli gülü
 Buxari İbn Əbu Nəimdən belə rəvayət edir: «İbn Ömər, Əbu Nəimdən
 soruşdu: «Allahın qətli (döyüşü) haram buyurduğu Məhərrəm ayında
 milçək öldürmək olarmı?»
 İbn Əbu Nəim əsəbləşərək dedi: «İraq əhli milçək öldürməyin
 şəri-hökmü barəsində maraqlanırlar. Bir halda ki, bu ayda Peyğəmbərin (s)
 sevimli övladını şəhid etdilər. Məgər Allahın peyğəmbəri
 buyurmamışdır ki, Həsən (ə) və Hüseyn (ə) mənim dünyadakı sevimli
 güllərimdir.»
 8) Peyğəmbərin (s) Hüseynə (ə) olan ehtiramı
 Ənəs ibn Malik belə söyləyir: «Bəzən Peyğəmbərimiz (s) namazda səcdə
 halında ikən körpə Həsən (ə) və Hüseyn (ə) onun boynuna minirdi. Allahın
 elçisi (s) onları incitməmək üçün səcdəsini uzadırdı. Həzrət
 Peyğəmbərdən (s) bunun səbəbini soruşduqda, o, buyurdu: «Bu iki övladım
 mənim boynuma minmişdilər və istəmədim ki, tez yerə düşsünlər. Onları
 narahat etmək istəmədim.»
 
 9) Peyğəmbər (s) daim Hüseyni (ə) öpüb, əzizləyərdi
 «Allahın Rəsulu (s) həmişə sevimli nəvəsi Hüseyni (ə) dodaqlarından və
 sinəsindən öpüb, oxşayırdı.»
 10) Həzrət Məhəmmədə (s) ən çox bənzəyən şəxs Hüseyndir (ə)
 Çoxsaylı əhli-sünnə və şiə hədislərinə istinadla söyləmək olar ki,
 əziz Peyğəmbərimizə (s) ən çox oxşayan şəxs İmam Hüseyndir (ə).
 11) Həzrət Hüseyn (ə) imam və imamların atasıdır
 Salman Farsi və digər ravilərin nəql etdiyinə görə Əbuzər, Ömər, Fəzl
 ibn Abbas, Zeyd ibn Haris və Abdullah ibn Məsudunun da olduğu bir məclisdə
 İslam peyğəmbəri (s) üzünü Hüseynə (ə) tutub buyurdu: «Sən imamsan və
 imamın oğlusan. Sən digər imamların atasısan. Sənin nəslindən doqquz İmam
 olacaqdır... Onların sonuncusu Məhdidir (ə.c.)»
 12) İmam Hüseyn (ə) hidayət çırağı və nicat gəmisidir
 Məhəmməd peyğəmbər (s) buyurur: «Həqiqətən də, Hüseyn (ə) hidayət
 çırağı və nicat gəmisidir. Hüseyn (ə) xeyirxahlıq və iftixar İmamı,
 izzət rəhbəridir.»
 13) İmam Hüseynin (ə) düşməni bədbəxt, dostu isə xoşbəxtdir
 Şiə və əhli-sünnə alimilərinin təsdiq etdiyi çoxlu hədislərə əsasən
 Allahın rəsulu Həzrət Məhəmməd (s) buyurub: «Həsən (ə) və Hüseyn (ə)
 mənim iki övladımdır. Hər kəs onları sevsə Allah-taalanı sevmişdir.
 Allahı sevən şəxsi isə, O, behiştə daxil edər.
 Hüseyn (ə) ilə düşmənçilik edən şəxs, mənimlə düşmən olmuşdur.
 Mənimlə düşmən olan kəs də, Allah-taala ilə düşmənçilik etmişdir. Uca
 Allaha düşmən olan şəxsi də, O, özü cəhənnəmə daxil edəcəkdir.»
 Zeyd ibn Ərqəm və digər səhabələr belə rəvayət edirlər: «Sevimli
 Peyğəmbərimiz Məhəmməd (s) üzünü Həzrət Əli (ə), Fatimə (ə), Həsən
 (ə) və Hüseynə (ə) tutub buyurdu: «Sizinlə müharibə və mübarizə edən
 hər kəsin əleyhinə mən də müharibə və mübarizə apararam. Və hər kim
 sizinlə sülh və dostluq etsə, mən də onunla sülh və dostluq etmiş olaram.
 Pak, xoşbəxt və səadət sahibləri sizi sevər. Bədzat, qərəzli və bədbəxt
 insanlar isə sizinlə düşmən olar.»
 14) İmam Hüseyn (ə) behişt cavanlarının sərvəridir
 Hər iki məzhəb arasında İmam Hüseyn (ə) haqqında deyilmiş ən mötəbər
 və nüfuzlu hədislərdən biri də, İslam peyğəmbərinin (s) buyurduğu bu
 hədisdir: «Həzrət Həsən (ə) və Hüseyn (ə) behişt cavanlarının
 sərvəridir.»
 15) Həzrət Hüseyn (ə) behişt cavanlarının və ərşin zinətidir
 Əqəbət ibn Amir rəvayət edir ki: «Peyğəmbər (s) Hüseyni (ə) behiştin və
 ərşin zinəti adlandırdı.»
 16) İmam Hüseyn (ə) qiyamət günü Peyğəmbərlə (s) birlikdədir
 Allahın elçisi (s) buyurur: «Ya Əli (ə), mən, sən, Fatimə (ə), Həsən (ə)
 və Hüseyn (ə) qiyamət günü İlahi ərşdə birgə olacağıq.»
 17) İmam Hüseyn (ə) Peyğəmbərlə (s) birlikdə hamıdan əvvəl behiştə
 daxil olacaqdır
 Allahın sevimli rəsulu Məhəmməd (s) buyurur: «Behiştə mənimlə birgə ilk
 daxil olan şəxslər Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyndir (ə).»
 
 18) Həzrət Hüseynin (ə) dostları şəfaət olunacaq
 Peyğəmbər (s) buyurub: «Məni, Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və
 Hüseyni (ə) sevən insanlar qiyamət günü mənimlədir, şəfaət olunacaqdır.
 Onların düşmənləri isə əsla şəfaət olunmayacaqdır.»
 QONAQ YAZARLAR:
                          Tofiq Əsədov    Əfzələddin Rəhimov
 |