
Hicri-qəmərinin 255-ci ili Şaban ayının 15-ində imamət və vilayət asimanının on ikinci ulduzu Samirra şəhərində imam Həsən əskəri (ə)-ın evində dünyaya göz açdı. Doğulduğu zamandan etibarən gizli həyat sürən o həzrət heç bir zaman atasından ayrılmayaraq onun ömrünün sonunadək kənarında yaşadı. Tarixçilərin arasında olan məşhur görüşə əsasən, bu dövran 255-ci ilin Şaban ayının 15-dən başlayaraq 260-ci ilin Rəbiul- əvvəl ayının səkkizində sona çatdi.Atasının şəhadətini yaşayan imam 6 yaşında ikən yeni bir mərhələya qədəm qoydu. Bu “kiçik qeyb” adlanırdı. Bu “kiçik qeyb” dövrü məşhur tarixi nəzərə əsasən, 260-ci ildə atasi imam Həsən əskəri(ə)-ın şəhadəti ilə başlayaraq 329-cu ildə imam zaman (ə)-ın sonuncu xüsusi canişini sayılan Əli ibn Muhəmməd seymərinin dünyadan köçməsinədək davam etdi. Bütövlükdə 69 il sürən bu zaman kecidində o həzrət əsasən iki məntəqədə “İraq” və “Mədinədə” bu gizli dövrü keçirdi.Tarixi qaynaqlarda “kiçik qeyb” dövründə o həzrətə dörd xüsusi canişindən daha yaxın kimsələr qeyd olunmayıb. Bunlar tamamən İraqda ve həmişə imamla rabitədə idilər. Beləki, o həzrət tərəfindən onlara fərmanlar gəlirdi.İnsanlarin fərdi və ictimai suallarını imama çatdirib onların cavabını alan elə bunlar idilər. Bundan sonra imam daha bir yeni mərhələyə qədəm qoymlı oldu. Bu isə “böyük qeyb” dövrü adlanırdı.Bu “böyük qeyb” dövrü imamın sonuncu xüsusi canişinin vəfatı ilə başlayaraq bu günə qədər davam etməkdədir. Bunun sona çatacağı zamanı isə yanlız uca Allah bilir. “Böyük qeyb”dövründə iamamın harada yaşamasını qəti şəkildə müəyyənləşdirmək olmaz. Lakin bununla yanaşı bu haqda rəvayətlərdə bir sıra müxtəlif məntəqələrə işarə olunmuşdur. O cümlədən “Mədinə”, “Zu- tuva” və “səhralıqlara” işarə etmək olar. İmamın yaşadəğı məkanın naməlum olması səbəb olmuşdur ki, bir sıra insanlar süst və əsassiz fikirlərə əl ataraq o həzrət üçün sübutu olduqca problemli olan bir sıra məkanlar müəyyənləşdirsinlər. Buna misal olaraq “Yaşıl ada əfsanəsi” və ya “Bermud üçbucağı”nı göstərə bilərik.
İmam zaman(ə)-ın zahiri görünüşü
İmam zaman(ə)-ın sifət və xüsusiyyətlərini tanimaq əsasən iki başlıca xarakter daşıyır: 1) Özlərini topluma imam zaman kimi tanıtdıran yalançı iddiaçıları tanımaq. 2) Şiələrin qeybdə olan imamla rabitədə olub onunla unsiyyətdə olmaq. Bununla yanaşı insan bu mövzunu araşdırmaqla “yaşayışı vəsf etmək onun yarısıdır” prinsipinin nümunəsini taparaq o həzrətin valehedici cəmalından bəhrələnə bilər. O həzrətin zahiri görünüşünü bəyan edən rəvayətlərə nəzər saldiqda onları əsasən iki dəstəyə bölmək olar: A) O həzrətin zahiri və batini simasını ümumi şəkildə təsvir edib onu insanların peygəmbərə ən oxşari kimi tanıtdıran rəvayətlər. İndi isə gəlin bu haqda olan hədislərin bəzilərini nəzərdən keçirək: 1) Cabir ibn Abdullah ənsaridən nəql olunmuş bir hədisdə əziz islam peygəmbəri(s) belə buyurur: “Mehdi mənim övladlarımdandır. Onun adı mənim adım və onun künyəsi mənim künyəmdir. O yaradılış və əxlaqi keyfiyyətlər baxımından insanların mənə ən oxşarıdır”. 2) Əhməd ibn İshaq ibn Səd qumi belə deyir:Mən imam Həsən əskəri(ə)- dan belə dediyini eşitdim: “Həmd olsun o Allaha ki, canişinimi mənə göstərməyənədək məni bu dünyadan aparmadı. O yaradılış və əxlaq baxımından insanların peygəmbərə ən oxşarıdır”. Yuxarıda qeyd olunan rəvayətləri nəzərə almaqla, Quran və hədislərdə əziz islam peyğəmbərinə nisbət verilmiş sifət və xüsusiyyətləri imam zaman(ə)-a da nisbət vermək olar. Əziz islam peyğəmbərinin zahiri görünüşünün xüsusiyyətlərini təsvir edən rəvayətlər olduqca çoxdur. Burada yanlız bu haqda imam Baqir(ə)-dan nəql olunmuş bir hədisi-şərifin məzmununu qeyd etməklə kifayətlənmək istərdik: 1)Peyğəmbərin üzu qırmızıya çalan ağ rəngdə idi. 2)Gözləri qara və iri idi. 3)Qaşları bir-birinə yapışmış idi. 4)Əl və ayağının içi elə bir formada ətli və böyük idi ki, sanki barmaqlarının üzərinə qızıl tökülürdü. 5)Çiyinlərinin sümüyü böyük idi. 6)Çox mehriban olduğundan birinə üznü çevirən zaman bütün bədəni ilə ona sarı dönərdi. 7)Boğaz çuxurundan göbəyinədək bir sıra tük çıxmışdı. Sanki xalis bir gümüş təbəqəsinin arasından bir xətt çəkilmişdi. 8)Boyun və çiyinləri gümüşdən düzıldilmiş bir gülabdana bənzəyirdi. 9)Yol gedən zaman addımlarını sanki yüksək bir yerdən enirmiş kimi möhkəm (geniş) atardı. Hədisi-şərifin sonunda isə imam Baqir(ə) belə bir ifadə işlədir:“Nə peyğəmbərdən qabaq nə də sonra Allahın rəsuluna bənzər biri görsənməyibdir”.
B) İmam zaman(ə)-ın sima və xüsusiyyətlərini təfsilatla bəyan edib o həzrətin xüsusiyyətlərini bir-bir sayan rəvayətlər. Bu zəmində gəlmiş bəzi hədislərin məzmununu siz oxuyuçulara aşağıda sadalamaq istərdik: 1) Musa(ə)-a bənzəyir. 2) Sağ yanağında parıldayan ulduza bənzər bir xal var. 3) Çöhrəsi parıldayan ay kimidir. 4) Açıq alnı var. 5) Bir-birinə yapışmış qaşları var. 6) Üzünün rəngi qırmızıya çalan ağ rəngdədir. 7) Belində iki dənə xal vardir. Beləki biri dərisinin rəngində, biri isi peyğəmbərin xalına bənzəyir. 8) Sinəsi geniş və enlidir. 9) Ortaboydur. 10) Sifəti yumurudur. 11) Olduqca gözəl bir qaməti var. 12) Mübarək çöhrəsi valehedicidir. 13) Olduqca güclü birisidir. Beliki əgər yer üzərində olan ən böyük ağaca əlini uzaltsa, onu yerindən çıxartmaq iqtidarına malikdir. 14) Onu görənlər onu qırx ya daha az yaşlı birisinə bənzədirlər. 15) Zamanın keçməsinə baxmayaraq, əcəli çatmadığı təqdirdə heç bir zaman qocalmaz. 16) Gözəl bir buruna malikdir. Yuxarıda sadaladığımız sifət və xüsusiyyətlərə diqqət yetirdikdə, əziz islam peyğəmbərinin imam zaman(ə)-ın vəsfində dediyi “Mehdi cənnət əhlinin tovuzudur” cümləsi aydınlaşır.
“İntizar”anlayışı
İmam zaman(ə)-ın zühürunu gözləmək İslam dininin təlimlərində olduqca xüsusi əhəmiyyət daşıyır. İntizar mədəniyyətində prinsipcə iki istiqamətdə irəliləmək lazimdır: 1) Nəzəri istiqamət 2) Əməli istiqamət Nəzəri istiqamətdə “intizar”ın bütün yön və cəhətləri nəzəri tanıma şəkilində ortaya qoyulmalı və o həzrətin tarixi yaşayışı öyrənilməlidir. Əməli istiqamətdə isə imam zaman(ə)-la ülfət və mənəvi rabitə yaradaraq o həzrətin göstərişlərinə tabe olub onun dostlarına layiq olan əxlaqi fəzilətlərlə sifətlənmək lazımdır. İntizarın nəzəri istiqamətində intizarın növlərini araşdırmalı və onun gerçək mənasını taparaq onu həm yaşayıb həm də yaşatmalıyıq. Etiraf etmıliyik ki, bəşər öz fitrət və təbiətinin tələbinə əsasən, həmişə “ümumi ədalətin”ardıncadır. O, bununla cəmiyyətin özünün və başqalarının zülmkarlıq, istibdad və məhrumiyyətlərindən xilas olçasını istəyir. Bu ilahi vədin gerçəkləşməsində iki cür “intizar” nəzərə çarpır: A) Dağıdıcı intizar Bəzi insanlar belə düşünürlər ki, gərək əli əlin üzərinə qoyub zülm və istibdadın məhv olması üçün heç bir fəaliyyət görməməli və canı xətərə salmamalıyiq. Çunki cəmiyyəti dəyişdirmək və fəsad törədən insanları həlak etmək imam Medi(ə)-ın vəzifəsidir. Bu kimi insanlar elə düşünürlər ki, qeybi bir qüdrətin gəlib hər şeyi dəyişdirərək ilahi nemətlərdən bəhrələnmək üçün zəmin yaratmayanadək intizar çəkməlidirlər.fəsad hər heri bürüməyənədək o islahatçı qiyam etməyəcəkdir. Bu cür intizar “dağıdıcı bir intizar”dır. Çünki bu cür intizar, cinayətkar və fəsad törədən insanların daha da fəsad törətmələri üçün zəmin yaradır. Hegemonluq və ateizm məktəbləri tarix boyu belə bir intizarın təbliğatçısı olmuşlar. Təəssüflər olsun ki, bəzən bu yanlış tərzi- təfəkkür dini inancların boynuna atılır. İntizar bu mənada təslim amili sayılır. İntizar məfhumundan belə bir anlayışi olan kimsə toplumun islahı uğrunda heç bir zaman addım atmayacaqdır. B) Qurucu və dinamik intizar Həqiqi intizarçılar batil intizarçıların əksinə olaraq “intizar”sözündən düzgün bir anlayışa malikdirlər. Bunlar intizarı “təklifi aradan qaldırma”kimi yox, “təklifi başadüşmə” kimi görərlər. İntizarçı şəxs təklifi başadüşməklə ədaləti düşünüb, hər cür zülm və ədalətsizlikdən qaçar və ədalət üçün zəmin yaratmaq hədəfiylə fərdi və ictimai islahatlara başlamağa çalışar. Bununla da O, gələcək böyük islahçının zühuru üçün zəmin yaratmış olar.Bu əqidə əsasında köklənmiş bir şəxs o həzrəti görmək arzusunda olmasına baxmayaraq, öz boynunda olan məsuliyyətlərdən də agahdır. İntizar bu mənada müqavimətin fəlsəfəsi sayılır. Beləliklə toplumun islahı yolunda çalışmayıb, pisliklərlə mübarizə aparmayan kəslər heç bir zaman gerçək intizarçılar sırasına daxil ola bilməzlər.
İntizarçının vəzifələri
Hədislərdə “zühurun”intizarını çəkmək üçün bir çox savablar qeyd olunmuşdur. Nümunə olaraq əziz oxuyucuların nəzərinə aşağıdakı iki hədisi-şərifi çatdırmaq istərdik: “Bizim zühurumuzun intizarçisi Allah yolunda öz qanına bulaşmış kəs kimidir”. “Bizim şiələrimizin əməllərinin ən üstünü zühurun intizarını çəkməkdir”. Yuxarıda qeyd olunan iki hədis-şərif və onlara bənzər sair hədislərə diqqət yetirdikdə aydın olur ki, Əhli-beyt mədəniyyətində “intizar” təkcə ruhi və psixologi bir hal kimi yox, əməl kimi qələmə verilir. Əgər intizarçılar öz vəzifələri ilə tanış olmayıb onlara əməl etməsələr, onda tarix yenədə təkrarlanacaqdır. İmam Hüseyn (ə)-ın zamanında şiələrin çox olmasına baxmayaraq, onların arasından təkcə 72 nəfər öz vəzifəsinə əməl etdilər.Elə buna görə də İmam Hüseyn(ə) tənha qaldı və baş verməməsi gərəkən şey baş verdi. İçərisində yaşadığımız “Böyük qeyb” dövründə də əgər şiələr öz vəzifələrinə əməl etməsələr, onda imam zaman (ə) da tənha qalacaq və zühuru geriyə düşəcəkdir. Burada “böyük qeyb” dövründə şiələrin boynuna düşən bəzi vəzifələri sadalamaq istərdik: A) Fərdi vəzifələr 1) İmamı tanimaq 2) İmamı sevmək İmama sevgi və məhəbbət göstərməyin bəzi əlamət və göstəriciləri aşağıdakılardan ibarətdir: - O həzrəti xatırlamaq - O həzrətin salamatlığı və zühuru üçün dua etmək - O həzrətin salamatlığı üçün sədəqə vermək - O həzrətin istəyini öz istəyindən irəli salmaq - O həzrətin razılığını qazanmaq uğrunda çalışmaq - O həzrətlə beyəti təzələmək - O həzrəti görməyə can atmaq - O həzrətdən ayrı düşdüyünə görə narahatçılıq bildirmək 3) İmama itaət etmək 4) İmama özünü bənzətmək İnsanın özünü imama bənzətməsi lazım olan bəzi sifətlər aşagidakılardan ibarətdir: - Təqvada - İbadətdə - Allah yolunda çalışqan və mücahid olmada - Zöhddə - Ədalətdə - Səxavət və əliaçıqlıqda - Bidətlər qarşısında mövqe tutmaqda - Nəsihət və xeyrxahlıqda - Səbr və helmdə
B) İctimai vəzifələr
1) O həzrətin hədəfləri uğrunda həyata keçən hərəkatları himayə edib onları müdafiə etmək 2) O həzrətin ad və xatirəsinə aşağıda deyilən yollarla hörmət bəsləmək: - O həzrətin adına vəqflər etmək - O həzrətin adına “mövludlar, nüdbə duası v.s. kimi məclis və yığıncaqlar qurmaq - Bu kimi məclis və yığıncaqlarda iştirak etmək Sonda isə sözümüzü imam Baqir(ə)-dan nəql olunmuş gözəl bir dua ilə tamamlayırıq. “İlahi! Həqiqətən də biz səndən islama və onun əhlinə izzət bəxş edəcəyin, nifaqı və onun əhlini zəlil dəcəyin, bizi orada sənin itaətinə dəvət edib sənin yoluna hidayət edənlərdən qərar verəcəyin və dünya və axirət kəramətini onunla bizə verəcəyin kərim bir dövlətdə yerləşdirməni istəyirik”.
Emin İmanlı
|