DEVAMM-ın sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı İlqar İbrahimoğlu bununla əlaqədar bəyanatla çıxış etmişdir.
Heyert Vilders evində Quran tapılan insanı həbs etməyi tələb edir
İlqar İbrahimoğlu: «İslamofobiya artıq bir ideologiyaya çevrilməkdədir – «ikiləşmə kompleksi» ilə müasir cəmiyyəti bürüyərək onu daxildən gəmirən bir islamofobizmə»
Bu günlərdə, bədnam hollandiyalı sağ radikal Heyert Vilders növbəti dəfə ifrat islamofob ifadələrə yol vermişdir. DEVAMM-ın sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı İlqar İbrahimoğlu bununla əlaqədar bəyanatla çıxış etmişdir.
Bəyanatda o cümlədən deyilir: «Danimarkada yer almış bədnam karikatura qalmaqalının yaratdığı sarsıntıdan sonra dünya hələ indi-indi özünə gəlməyə başlamışdır. Və bu məqamda, sanki çoxdan fürsət axtarırmış kimi, üzdəniraq holland islamofobu Heyert Vilders, öz növbəti sərsəm «kəşfi»ni ortalığa atmışdır. Əlamətdar məqam odur ki, bu ünsür artıq «mübahisəli mövzular» yönümündə özünü çox «yormamış» və birbaşa Müqəddəs Kitaba dil uzatmağa cürət etmişdir.
Belə görünür ki, indi müsəlmanların «tolerantlıq testi» ilə yoxlanılması prosedurları, artıq kəmfürsət «müqayisələr» və «assosiasiyalar»dan istifadə edilərək onların inancının aşağılanması və təhqiri ilə məhdudlaşmır. Artıq, bu «prosedurlar» – insanlığa, bəşəriyyətə nifrətlə səciyyələnən bir iblisanə forma əldə etməkdədir.
Sözügedən islamofobun son hoqqaları, artıq təhrikçinin niyyətlərində şəkk-şübhə üçün heç bir yerin qalmamasından xəbər verir. Zira, təhqirin birbaşa və birmənalı obyekti kimi Müqəddəs Quranın özü seçilmişdir. Və bu təhqir, hansısa işarə və eyhamların, habelə «tənqidvari» pərdələnmələr formasının kənara atılması ilə səciyyələnir. Hazırki vandallıq aktı, müxtəlif interpretasiyalar üçün kiçik bəhanə belə qoymayan bir variantda həyata keçirilmişdir.
Fəlakət baş vermişdir. Dünya dinlərindən birinin müqəddəs kitabı, 1,2 milyard insanın and yeri olan Qurani-Kərim faşist təlimi (!) ilə müqayisə edilmişdir. Həqiqətdə, bəşərin bütün aydınlarının İslama nifrətin bu cür dərəcəsindən dəhşətə, lərzəyə gəlməsi məqamıdır».
Bəyanatın davamında deyilir: «Bu mənfur islamofobun Quran barədə olan bəzi «düşüncələrinə» diqqət edək: «Quran – hər səhifəsində zorakılığa səsləyən bir faşist kitabçasıdır(!)». O, həmçinin, müsəlmanların Müqəddəs Kitabını Hitlerin «Mayn kampf» əsəri ilə də müqayisə etmişdir. Bundan başqa, xəbər verildiyinə görə, Vilders bir film çəkir və Müqəddəs Kitabın «dözümsüzlüyün, qətllərin və terrorun ilhamverici mənbəyi olduğunu göstərmək üçün» çəkilən filmdə Quran tikə-tikə ediləcəkdir!!!
Ən önəmli məqam odur ki, bu sərsəm insan, özünün etirafına görə, Qurani-Kərimi nəinki özünü və ya tərcüməsini oxuyub, heç Müqəddəs Kitabı əlinə belə almayıbdır! Vəziyyət nə qədər absurd həddə çatmışdır ki, bir təlimlə tanış belə olmayan ünsür, öz xəstə təxəyyüllərinə uyğun olaraq, ağlına gələni danışa bilir.
Lakin, Vildersin İslama kin-küdurətlə yanan ürəyi bu dedikləri ilə soyumamışdır. Nifrətdən köpüklənən bir durumda bu şəxs görək daha nə deyir: «Quranın saxlanması qadağan olunmalıdır və onu evdə və ya məsciddə saxlayan insan cəzalandırılmalıdır(!)»».
DEVAMM-ın sədri baş verənlərin sistemli xarakter daşımasına diqqət çəkir: «Artıq bu – yalnız anlaşılmazlıq və yaxud da ki, bir təsadüf deyildir. Bütün bunlar – daha çox sistemli bir böhran təəssüratını bağışlayır. Bəli, dünya birdən-birə dəhşətli bir böhranla üzləşmişdir. Və bu böhranı əslində doqmasekulyarizmin eybəcər bir məhsulu kimi qiymətləndirmək lazım gəlir. Bir doqmasekulyarizmin ki, öz dağıdıcı mahiyyətinə görə, heç də terrorizm və ekstremizmdən bir qarış belə geridə qalmır. Və onun məhvedici təzahürləri bu gün hamının gözü qarşısındadır: islamofobiya artıq bir ideologiyaya çevrilməkdədir – «ikiləşmə kompleksi» ilə müasir cəmiyyəti bürüyərək onu daxildən gəmirən bir islamofobizmə».
Hacı İlqar baş verən olayların qlobal mənəvi böhranın tərkib hissəsi olmasına diqqət çəkdi: «Sözsüz ki, bütün bunlar – bir tərbiyə məsələsidir. Ancaq hamı bilməlidir ki, inanca belə aşağılayıcı münasibətin normaya çevrildiyi heç bir cəmiyyətin perspektivi yoxdur. Və məsələnin kökü – hisslərin, etikanın, əxlaqın tərbiyəsi mövzusuna qayıdır. Başqasının dərdinə şəriklik hissinin, başqasının dünyagörüşünə hörmətin, daxili mədəniyyətin, elementar ailə tərbiyəsinin məhv edildiyi yerdə, biganəliyin və bivecliyin ayaq açdığı yerdə mənəvi böhranın yaranması və inkişaf edərək hər şeyi özünə tabe etdirməsi – qaçılmazdır. Və bu vəziyyət ən çoxu elə Qərb cəmiyyətinin özünü narahat etməlidir. Çünki, bütün bunlar bir bumeranq effekti ilə Qərb toplumunun özünə qayıdacaqdır. Burada söhbət yalnız özünü yəqin ki, mütləq təzahür etdirəcək fiziki reaksiyadan getmir. Söhbət məhz deqradasiyadan, mənəvi aşınmadan və ruhi dayaqların itirilməsindən gedir. Bir dayaqların ki, onlarsız heç bir cəmiyyət mövcud ola bilmir və bunları itirdikdə özünü həlakətə məhkum etmiş olur».
«Dünyamız növbəti özünüdağıtmanın astanasındadır. Və özünə qarşı aparılan bu döyüşdə istifadə olunan sursatlar – atom bombaları deyil. Amma mənəvi dağıntı baxımından bunlar atom bombasından az təsirli deyil – bütün ruhi, mənəvi, pak və ali dəyərləri sarsıdan, dağıdan, aradan aparan bir ziddi-mənəvi «bombalar»dan istifadə edilir bu döyüşdə», - deyə İbrahimoğlu vurğulamışdır.
Bəyanatın yekununda dünya ictimaiyyətinin bu məsələlərə sərt reaksiya verməsinə ümid bildirilir: «Lakin, vəziyyətin bu cür ağırlığına baxmayaraq, biz ümid edirik ki, dini etiqadlarından asılı olmayaraq bütün dünyada olan ləyaqətli insanlar, belə meyllərin və tendesiyaların bütün məhvediciliyini və dağıdıcılığını daxilən başa düşəcək və bütün qüvvələrini toparlayaraq, bu böhrandan şərəflə çıxmağı bacaracaqlar».
Mətbuat xidməti
|