SİONİZMİN İSLAMA QARŞI FİTNƏKARLIĞI(foto)
Nardaranda İslam düşmənlərinə qarşı mitinq keçirilib
Hələ xeyli əvvəl İslam müqəddəslərinə qarşı təhqirlərə yol verən Avropa mətbuatı bir ara sakitləşəndən sonra insanlığa zidd olan çirkin əməllərini yenidən davam etdirməyə başlayıblar. Məlum olduğu kimi əlaqədar son olay Danimarkada baş verib. Buna etiraz olaraq dünyanın hər yerində müsəlmanlar küçələrə çıxaraq etiraz səslərini ucaldırlar. Belə aksiyalardan biri də Nardaran kəndində keçirildi. Məhəmməd Peyğəmbər (s) haqda təhqiramiz hərəkətlərdən hiddətlənən çoxsaylı kənd sakinləri buna son qoyulmasını tələb etdilər.
Mitinqin aparıcısı, kənd sakini Hacı Əli məsələ ilə bağlı fikirlərini bildirərək qeyd etdi ki, bu təhqirlərin arxasında sionist rejim, Amerika və digərləri, ümumiyyətlə İslamın düşmənləri durur: «Müxtəlif zamanlarda müxtəlif kabuslar olur. İndiki zamanın kabusları Amerika və sionizmdir. Onlar Avropanın müsəlmançılığı qəbul etməsindən qorxuya düşüblər». Aparıcı bir müsəlman kimi Azərbaycan xalqının passivliyindən də gileyləndi: «Bu gün günün nəbzini tutan Hizbullah ruhaniyyətimiz var. Ancaq təəssüflər olsun ki, əksəriyyət düşmən bəyənən mövqedədir. Yəni passivdir. Bu səbəbdən də öz vəzifələrini yerinə yetirə bilmirlər».
Digər kənd sakini Hacı Hikmət isə hamını Peyğəmbərin (s) təhqirinə münasibət bildirməyə səslədi: «Bütün bunlar səbəbsiz deyil, bunun arxasında yəhudilər, mason təşkilatları durur. Onların məqsədi də aydındır. Çalışırlar ki, müsəlmanları qarşı-qarşıya qoysunlar. Bunun üçün müxtəlif adamları müxtəlif vasitələrlə ələ alırlar. Əfsuslar olsun ki, adını müsəlman qoyan bəziləri də bu təxribata gedirlər. Allah belələrinə lənət eləsin».
Hacı Hikmət İsrail hökumətinin işğalçı hərəkətlərini pisləyərək, bu dövlətin Azərbaycana qarşı heç vaxt səmimi olmadığını söylədi: «Bəziləri deyirlər ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əlbəttə, bu yanlış fikirdir. İşğalçı dövlətin bu cür bəyanatları heç vaxt səmimi ola bilməz. Digər tərəfdən bir həqiqəti qəbul etmək lazımdır ki, Qarabağ torpaqlarının işğal edilməsində Amerika və sionist İsrail dövlətinin böyük rolu olub. Bu təcavüzkarlar Əfqanıstanda, İraqda, Fələstində dinc insanları kütləvi şəkildə qətlə yetirirlər. Fələstinli uşaqların televiziya kanallarında yayımlanan ölüm səhnəsinə ürək ağrısız baxmaq olmur. Əgər Azərbaycan xalqı Peyğəmbərin karikaturasının çəkilməsinə kütləvi etiraz etmirsə, onda onun müsəlmançılığına şübhə edirəm. Nəyə lazımdır belə müsəlmançılıq? Ölkənin telekanallarında əxlaqsızlıq, mənəviyyatsızlıq baş alıb gedir. Milli-mənəvi, İslami dəyərlərimizi təbliğ etmək, onu qorumaq əvəzinə, dinsizliklə məşğuldurlar».
Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov isə öz çıxışında bu gün bəşəriyyətə heç vaxt olmadığı qədər zülm edildiyini xatırlatdı: «İnsanlara işgəncələr verilir, məzlum xalqlar əzilir, torpaqları işğal olunur. Belə ölkələrdən biri də Azərbaycandır. Dağlıq Qarabağda baş verən hadisələr, Xocalı faciəsi xalqımızın ən ağrılı yeridir. Amma təəssüflər olsun ki, dünya bu faciənin üstündən sükutla keçir. Dünyanı bir qütbdən idarə etmək istəyən Amerika, eləcə də sionizm və Qərb dövlətləri Dağlıq Qarabağa müstəqillik vermək arzusundadırlar».
AİP sədri müsəlmanlara qarşı yürüşün bununla məhdudlaşmadığını, onun miqyasının daha geniş olduğunu nəzərə çatdırdı: «Əlbəttə, müsəlman dünyası daha böyük faciələrlə üz-üzədir. İslam ölkələrinə çox-çox əvvəllər başlanan təcavüzlər bu gün də davam edir. Bunun aşkar nişanəsini Fələstində görmək olar. 60 il bundan əvvəl başlanan təcavüz nəticəsində 5 milyonluq Fələstin xalqı öz torpaqlarından qovulub, işgəncələrə, məhrumiyyətlərə məruz qalıb. Hazırda isə bir milyondan artıq fələstinli mühasirəyə alınaraq ac-susuz saxlanılır, başlarına bomba yağdırılır. Bəşəriyyət isə yenə də susmaqda davam edir. Əksinə, özlərini insan haqlarının müdafiəçisi kimi təqdim edən Amerika və Qərb dövlətləri bu vəhşiliyə haqq qazandırmağa çalışır. İslam Peyğəmbərinin təhqirinə cəhdlər də müsəlmanlara qarşı yürüşün tərkib hissəsidir. Onlar bununla müsəlmanları təxribata çəkərək, öz məqsədlərinə nail olmaq istəyirlər. Çox məkrli düşmənlərlə üz-üzə dayanmışıq. Bunun qarşısını ancaq İslam dünyasının birgə mübarizəsi ala bilər».
Nardaran kənd sakini Hacı Mehman bununla müsəlmanların namusuna, qeyrətinə təcavüz edildiyini vurğuladı. Və dedi ki, Peyğəmbərin (s) təhqir edilməsi bütün müsəlmanların heysiyyatına toxunur: «Ola bilsin ki, belələri başlarının üstündə Allahı görmür, dini, imanı yoxdur. Amma onlardan fərqli olaraq bizim Allahımız da, Peyğəmbərimiz (s) də, imanımız, dinimiz də var. Heç bir müsəlman razı olmaz ki, Allahın rəsulu haqda təhqiramiz sözlər işlətsinlər. Əgər beləsi varsa, o, müsəlman deyil. Bir müsəlmanın ki, Peyğəmbərini təhqir edənlər və o da öz etiraz səsini ucaltmaya, onda onun yaşamağa haqqı yoxdur. Hamı etiraz səsini ucaltmalı, mübarizəyə qalxmalıdır. Belə olarsa heç kəs torpaqlarımıza təcavüz edə bilməz, Allah yardımçımız olar».
Hacı Mehman İsrailin Livana hücumuna da toxundu: «İsrailin təcavüzü bu ölkəni çox qısa müddətdə darmadağın etmək məqsədi daşıyırdı. Amma hər şey əksinə oldu. Livan Hizbullahı, Livan xalqı ən müasir silahlarla təpədən dırnağa qədər silahlanmış İsrail ordusunu 33 günün içərisində məhv etdi. Bu da təbii ki, onların Allaha etiqadı nəticəsində baş tutdu. Allah-Təala onlara öz lütfünü göstərdi.
Kənd sakini Azərbaycanın əksər rayonlarında camaatın etiraz səsini ucaltdığını bildirdi: «Ola bilsin ki, bəziləri ümumi şəkildə nə baş verməsindən xəbərdardır, amma hər şeyi təfsilatı ilə bilmir. Ona görə də bunu hamıya çatdırmaq lazımdır. Bir-iki nəfəri çıxmaq şərtilə Azərbaycanda elə bir adam tapılmaz ki, Peyğəmbərə (s) hörmətsizlikdən təsirlənməsin».
Birlik Partiyasının sədri Hacı Xudu Xudiyev də şər qüvvələrin İslama, İslam dünyasına qarşı həmişə mübarizə apardıqlarını və bu mübarizəni indi də davam etdirdiklərini vurğuladı: «Bu mübarizə ən müxtəlif vasitələrlə aparılır. Onlardan biri də İslam müqəddəslərinin, xüsusilə də Həzrət Mühəmməd Peyğəmbərin (s) karikaturasının çəkilməsidir. Şübhəsiz ki, burda şeytani məqsəd var. Bununla müsəlman dünyasının reaksiyasını yoxlamağa çalışırlar. Mən şübhə etmirəm ki, onlar hazırda bu etiraz aksiyasını da diqqətlə izləyirlər. Nəticəsinə görə yeni bir addım atacaqlar. Buna hazır olmaq lazımdır. Nə qədər ki, müsəlmanlar zəifləyir, onlar öz işlərini gücləndirirlər. Ona görə də hamımız iman sahibi olmalıyıq. Həzrət Əlidən (ə) soruşurlar ki, məzlumları incidən zalımların cəzaları nədən ibarət olacaq. Həzrət buyurur ki, məzlumların cəzası zalımlarınkından ikiqat artıq olacaqdır. Səbəbini soruşanda isə deyir ki, həmin zalımları öz haqlarını müdafiə etməyən məzlumlar yetişdirib. Bu mənada zalımlara qarşı həmişə mübarizə aparmalı, hüquqlarımızı müdafiə etməyi bacarmalıyıq».
Hacı Xudu çıxışının sonunda milləti, müsəlman Azərbaycan xalqını ayıq-sayıq olmağa çağırdı. Və müsəlmanlara qarşı bu cür hərəkt edənlərə Allahdan cəza verməsini dilədi.
Aksiyanın sonunda Amerika və İsrailin dövlət bayraqlarına, eləcə də ABŞ prezidenti Corc Buşun maketinə od vuruldu. Bununla da mitinq heç bir insident qeydə alınmadan başa çatdı.
Nəriman