Ermənistanla Azərbaycan arasında dəhliz olan Laçının işğal edilməməsi üçün tədbirlər 1989-cu ildən görülməyə başlamışdı
Laçın şəhəri Həkəri çayının sol sahilində, Yevlax-Naxçıvan yolunda, Ağdam dəmiryol stansiyasından 77 km cənub-qərbdə yerləşir. 1923-cü ilə qədər rayon Abdallar adlanıb. Əhalisinin sayı 58 229 nəfər (1992-ci il), ərazisi 1883 kv.km-dir. Mineral mənbələri və xromit mədənləri var.
Ermənistanla Azərbaycan arasında dəhliz olan Laçının işğal edilməməsi üçün tədbirlər 1989-cu ildən görülməyə başlamışdı. O vaxt artıq ermənilər Laçında bir neçə mülki şəxsi qətlə yetirmişdilər. Məhz buna görə, Laçın Rayon Polis Şöbəsinin nəzdində ilk Xüsusi Təyinatlı Milis Rotası yaradılır. O vaxt rotanın komandiri kapitan Rövşən Cavadov Laçın rayonunun Ermənistanla sərhəd kəndlərində azərbaycanlıları ermənilərin ehtimal edilən hücumundan qorumağa cavabdeh idi. Azərbaycanın daxili işlər naziri general Əsədov həm Azərbaycan, həm də Ermənistan üçün bütün Dağlıq Qarabağda ən strateji rayon sayılan Laçının tam təhlükəsizliyini təmin etməkdən ötrü Laçınla Şuşanın arasında yerləşən Qaladərəsi, Onverst, Göytala, Kirov kəndlərindən ermənilərin çıxması üçün plan hazırlayır. 1990-1991-ci illərdə Xüsusi Təyinatlı Milis Dəstəsi (komandir Əbil Rzayev), Şuşa milis şöbəsi və Daxili Qoşunların iştirakı ilə keçirilən əməliyyat nəticəsində həmin kəndlərdə yaşayan erməni separatçıları tutulur, mülki şəxslər isə oradan çıxarılır. Beləliklə, Laçın-Şuşa yolunun üstündə yerləşən erməni kəndlərindən hücum ehtimalı, demək olar ki, sıfıra endirilir.
Laçının Ermənistanla 122 kilometrlik sərhədini artıq həmin vaxt Milli Ordunun Laçın alayı (komandir Arif Paşayev) qoruyurdu. Lakin 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə 1257 nəfərlik alay ləğv edilir. Amma silahları təhvil alınmayan alay öz müdafiə xəttində qalır. Aprelin 30-da həm də Müdafiə Nazirliyinin 0153 saylı qərarı ilə podpolkovnik Elbrus Orucov Şuşa, Laçın, Qubadlı və Zəngilan rayonlarının hərbi komendantı və 4-cü briqadanın komandiri təyin edilir - Şuşanı müdafiə edə bilməyən Orucova Laçını qorumaq həvalə olunur?!
Dağlıq Qarabağın ətraf ərazilərini və Şuşanı işğal etdikdən sonra Ermənistan silahlı qüvvələri, ermənilərin blokadasını götürmək və normal həyatlarını təmin etmək üçün vacib olan Şuşa-Laçın-Zabux yolunu açmaq barədə tapşırıq alır.
Azərbaycan Silahlı Qüvvələrindən qalan az sayda bölmələr Şuşanın Zarıslı kəndində mövqe tutmuşdu. Şuşa ilə Laçın arasındakı 44 kilometrlik məsafə və coğrafi ərazi hücum üçün o qədər də çətin deyildi. Mayın 9-dan Laçın şəhərinin mərkəzi Şuşadan və Ermənistan ərazisindən - Tex və Xnatsax kəndlərindən vurulmağa başlayır. Helikopterlər də hücuma keçərək, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bombardman edir.
Şuşanı tərk edən döyüşçülərin mənəvi-psixoloji vəziyyətləri yaxşı deyildi, texnikanın sayı az idi. Həmin vaxt Elbrus Orucov mayın 13-dən 14-nə keçən gecə saat 03:45-də şəhərə Ermənistandan 4 istiqamətdən hücum olacağı barədə məlumat alır. Buna görə də o, yerli qüvvələri Ermənistanla sərhəddə saxlayır. Bu məlumat aldadıcı olur. Əsas hücum Şuşa istiqamətindən başlanır. Mayın 15-i günorta saat 15:00-da podpolkovnik Elbrus Orcuovun əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əks-hücuma keçərək Zarıslıya, oradan da Şuşaya daxil olmalıydılar. Hərbi ekspertlər açıq asfalt yolla Zarıslıya girməyi ən azı kəmsavadlıq adlandırırlar. Bu hücumda bir neçə tank və BMP vurulur, 20-dək Azərbaycan əsgəri həlak olur. Turşsudakı mərmi anbarı partladılır. Məhz bu döyüşlərdən sonra Silahlı Qüvvələr arasında çaşqınlıq yaranır. Və mayın 15-dən 16-a keçən gecə Silahlı Qüvvələrin bir neçə bölməsi Turşsu və Sarıbaba dağını tərk edərək üzü Qubadlıya çəkilir. Həmin mövqeləri Şuşadan gələn Ermənistan silahlı qüvvələrinin mövqeləri ələ keçirir.
Artıq Laçın şəhərinin mərkəzi Turşsu və Gorus, Tex və Xnatsax istiqamətindən QRAD və toplarla vurulurdu. Güləbirdli Vaqif kişi kəndi dörd oğluyla birgə qoruyurdu. Podpolkovnik Arif Paşayevin alayı yenə də Ermənistanla sərhəddə təlim silahları və toplarından biri işləməyən 3 tank və 28 BTR-lə durmuşdu. Digər mövqeləri isə Milli Ordunun Laçında qalan bölmələri, 777-ci hərbi hissə, Laçın polisi və Xüsusi Təyinatlı Polis Dəstəsinin 50-dək əməkdaşı - cəmi üç min nəfərlik qoşun müdafiə edirdi. Həmin müddət ərzində podpolkovnik Elbrus Orucov bir neçə dəfə komandirlərə müraciət edərək “Güllələyin məni, heç kim mənə tabe olmur”, - deyir.
O vaxt Bakıda - Ali Sovetin binası qarşısında prezidentə istefa tələbi ilə mitinqlər davam edirdi. Prezident Ayaz Mütəllibov, Azərbaycan Xalq Cəbhəsi və Heydər Əliyevin tərəfdarları ayrı-ayrılıqda ölkəni yalnız həmin şəxslərin qurtaracağını iddia edirdilər. Ölkə rəhbərliyini və ictimaiyyətini nəinki Qarabağ, heç bütün Azərbaycanda baş verənlər maraqlandırmırdı. Ermənistan rəhbərliyi isə bütün qüvvəsini cəbhəyə cəmləşdirirdi.
Mayın 16-sı və 17-si Laçında qalan digər hərbçilər də ərazini tərk etməyə başlayırlar. Yerli qüvvələr şəhərin işğal ediləcəyini anlayaraq öz ailələrini şəhərdən çıxarır, Müdafiə Nazirliyinin bölmələri isə bölünərək şimala - Kəlbəcər və cənuba - Qubadlı istiqamətinə - Tikanlı Zəmiyə çəkilirlər.
Bir səhnə hamımızın yadındadır. Telereportyor Çingiz Mustafayev həmin vaxt Laçında ezamiyyətdə idi. Zirehli maşın və canlı qüvvə karvanının Laçını tərk etdiyini görən reportyor, başıpozuq şəkildə şəhəri tərk edən qüvvələrin qarşısını almağa çalışırdı: «Siz kişi deyilsiz. Arvadsuz! Qorxaqsuz!» - deyə qışqıran Çingizin səsi ölənədək qulaqlarımdan getməyəcək.
Mayın 17-dən 18-ə keçən gecə saat 23:45-də Laçın ətrafında 4 nəfər - ləğv olunmuş alayın komandiri Arif Paşayev və onun 2 döyüşçüsü, traktorçu Ədalət, Laçının özündə isə 300-dən çox şəhid, 125 kənd, 1 şəhər və 1 qəsəbə, 101 ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti, 200-dən çox IX-XV əsrlərə aid tarixi abidə qalır. Mayın 17-dən 18-ə keçən gecə saat 23:45-də Ermənistan silahlı qüvvələri Laçına soxulur. Artıq mayın 20-də Gorus-Xankəndi yolu ilə Laçın dəhlizindən ermənilərə yüz minlərlə ton humanitar yardım gətirilir.
Laçın işğal ediləndən sonra, cənubdan 25-ə yaxın kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi - düz, 92-ci il iyulun axırınadək. Həmin vaxt 811-ci Laçın alayının komandiri təyin olunan mayor Tahir Süleymanov ərazini tərk edib, 701-ci briqadanın komandiri Əzizağa Qənizadə ilə birgə Kəlbəcər istiqamətinə gedir. Və 1992-ci ilin oktyabrında həmin ərazidən hücuma keçib Laçının şimala doğru bir neçə kəndini azad edir. Lakin bu kəndlər az sonra ermənilər tərəfindən yenidən tutulur - bütün qüvvələr Kəlbəcər istiqamətinə köməyə getdiyi üçün Laçın kəndləri ikinci dəfə işğal edilir.
Ermənistan rəhbərliyi və Dağlıq Qarabağ separatçı rejiminin təşəbbüsü ilə 1993-cü ilin dekabrından Laçın şəhəri yenidən salınmağa başlayır. Bu gün bütün Dağlıq Qarabağ üzrə ermənilərin ən sıx məskunlaşması Laçın ərazisindədir - burada 12 min erməni yerləşdirilib, 2 xəstəxana, 50-dən çox məktəb, 100 yaşayış məntəqəsi tikilib. Laçının adı dəyişdirilərək “Berdzor”, məşhur Minkənd “Xak”, Zeyvə “Tsitsernavank”, Sonasar “Dziasar”, Alıqulular “Alqumişen”, Sadınlar “Stunis”, Sultankənd “Kaşatax” adlandırılıb.
Hələ yarandığı tarixdən 1993-cü ilə qədər ərazisində bir dənə də kilsə olmayan Laçında 3 kilsə tikilib. Ermənilərin internet saytlarının birində olan bu yazı hər bir azərbaycanlı üçün xəbərdarlıq olmalıdır: «Əgər erməni haradasa kilsə tikirsə, deməli o, həmin yeri tərk etmək niyyətində deyil».
Amma yəqin, lap yaxınlarda Azərbaycanın Ali Baş Komandanı Ermənistanla ədalətli müharibəyə başlamaq barədə əmr verəcək. Yəqin, əli silah tutan hər bir kişi anasının, bacısının, arvadının, qızının namusunu qorumaq üçün müharibəyə gedəcək. Bunu söz xatirinə yazmıram. Çünki belə başa düşürəm ki, namus hər şeydən ucadır və bunun üçün cismani fədakarlıq o qədər də böyük qurban sayılmamalıdır!
Sevda Həsənova ANS PRESS |