AZAN SƏDALARI və UŞAQ ÜMİDİ
Namaza bir neçə dəqiqə vaxt qalmışdı… Artıq bir neçə dəqiqəyə minarələrdən ucalan azan səsi insanların özünəqayıdışına yönələn vücudi çağırışları ilə Bakı səmasını bürüyəcəkdi... İnsanlar namaza tələsəcək... Qurtuluşa tələsəcək, nicata tələsəcək, bütün əməllərin ən xeyirlisi olan namaza üz tutacaq...
Elə bu anlarda Bakının digər bir güşəsində xəstəxanada tamam başqa vücudi səhnə yaşanırdı. Valideynlərinin gözünün ağı-qarası olan bir övlad, həyat uğrunda mübarizədəydi. Və qan xəstəliyinə düçar olmuş bu körpənin valideynlərinin gözləri qapıda idi. Onlar gözləyirdi… artıq 27 gün idi ki, bu qapıdan hər gün bir neçə nəfər daxil olurdu və öz qanlarını onların körpəsinə hədiyyə edirdi. Onlar gözləyirlər... Gözləyirlər ki, görəsən bu gün də onların bu böhranlı durumuna bir kömək əli uzadan olacaqmı...
Artıq azan sədaları ucalır... Namaz başlayır... Namazdan sonra ənənəvi qısa söhbət... Və budur, nəhayət söhbətin sonunda hamının səbirsizliklə gözlədiyi bir mövzu ilə bağlı isti xəbər – Rövşən, qan xəstəliyindən əziyyət çəkən, yara aldığına görə hər gün donor qanına ehtiyacı olan bu körpə sağdır, onun həyatı uğrunda mübarizə gedir. «Sizlərin qanları artıq onu 1 aya yaxındır ki, yaşadır. Həyatının davamlılığının təmini üçün zəruri olan bu qanı hədiyyə və ehsan etməyin sayəsində, Allahın xususi şəfası ilə Rövşən yaşamaqdadır…
Lakin onun hələ də qana gündəlik ehtiyacı var...»
Görəsən bu gün də məsçid əhli yaranmış böhranlı vəziyyətdə öz töhvəsini təqdim edə biləcəkmi? Yox, söhbət əslən ondan getmir ki, inanclı kəsim bu böhranı anlayır və ya anlamır. Xeyr. Artıq 27 gündür ki, hər gün bir neçə nəfər özünün malik olduğu "+1" qrupuna aid olan qanını bu körpə uşağa hədiyyə və ehsan edir. Sadəcə, axı hamının qanı «+1» deyil və hamı da qan verə bilmir… ƏBƏS YAŞANMAYAN GÜN
Əslində, bu birinci dəfə deyil idi ki, inanclılar xəstə körpələrə qan verirdilər. Artıq neçə il idi ki, iman əhlı öz müqəddəs Hüseyn (ə) eşqindən qaynaqlanan duyğularını əməli nümayiş etdirərək, Allah dərgahında öz insani vəzifələrini yerini yetirirdilər.
İlk vaxtlar məhərrəm-səfər aylarında qanvermə keçirilirdi. Sonradan isə bu mübarək təşəbbüsü ilboyu keçirilməsinə nail olmuşdular inanclılar.
Beləcə "Əsmaül-Hüsna" proqramı meydana çıxmışdır – «Allahın gözəl adları» proqramı. Allahın gözəl adından ilham alanların gözəl ehsanı. Sanki bu mübarək adı proqramın ünvanı götürərək Allaha sığınmış inanclılar, yalnız Ona sığınaraq belə bir ağır və məsuliyyətli yükün altına girmişlər. Bircə kərə qan xəstəsi olan körpəninin ümid dolu gözlərini görən bilir bu nə ağır məsuliyyətdir… O körpə balaların günbəgün, aybaay, ilbəil sıraya düzülərək öz qan növbəsini gözləməsini görmək necə də ağrılıdır… Su üçün yox, çörək üçün yox, qan üçün düzülən növbə… Tayları karusellərə növbəyə duran zaman, bu zavallı tifillər qan üçün növbəyə dururdu… Və hər dəfə onlara qan verən insan İlahi dərgahda insanlıq vəzifəsini yerinə yetirdiyi anlamı ilə bu günü əbəs yerə yaşamadığını düşünür…
«TƏVƏSSÜL» DUASINDAN XƏSTƏXANAYA GEDƏN YOL
Amma bu dəfə bir başqa situasiya idi: bu körpəyə yaşaması üçün hər gün, özü də "+1" qrupuna aid olan, özü də bəzən eyni gündə bir neçə nəfərin qanı lazım idi.
İlk günlər düşünərək ki, bu bir həftənin, 10 günün məsələsidir – məsələnin «bismillah»ı edilmişdi. Amma artıq günlər həftələrə qovuşdu, həftələr birləşib aya yaxınlaşdı. Möminlərin dualarında Rövşənin şəfası möhkəm yer tutmuşdu. Zatən hər gündəlik namazdan sonrakı söhbətin mövzusu olaraq da yaşandı bu bir körpənin həyat manifesti. Bir neçə cümə gününün xutbəsinin, «Təvəssül» və «Kumeyl» dualarının adsız qəhrəmanlarına çevrildilər – bu sadə, inanclı, heç bir iddiası olmayan, Allah bəndəliyinə can atan adi Hüseyn Aşiqləri. Hər gün təvazökarlıq ilə, İlahi dərgahda xidmət etmək, Əhli-beytə (ə) olan eşqlərindən riqqətə gələn qəlblərində bir kömək, yardım həvəsi ilə xəstəxanaya tələsən, adlarının çəkilməməsini istəyən, yalnız Allahın və qeydiyyat aparan insanın onların adının bilməsinə razı olan, ixlaslı əməli ilə İNSANlığını təsdiq edən sadə və səmimi insanlar… Duanın sözlərini dillərində zikr edən, duanın həyatverici mahiyyətini qəlblərinə hopduran bəndələr…
QƏLƏM ƏHLİNİN DƏSTƏYİ
Bir müddətdən sonra o körpə artıq sağlamlığını nisbətən bərpa etdi. Gündəlik qana ehtiyacı olmadı. Amma onun, o məsum körpə baxışlarında, nurani məmnunluq təbəssümü ilə dolu baxışlarında bir təbəssüm həkk olmuşdu. Sanki, qanla onun damarlarına ötürülən İmam Hüseyn (ə) eşqinin hərarəti, İlahi məhəbbətin istisi körpənin çöhrəsinə çökmüşdü.
Amma möminlər gündəlik nicat cığırına düzlənmək vərdişindən uzun müddət yadırğaya bilmirdilər. 4 aydan bir qan verməyin mümkün olduğunu bilənlər, müddət tamam olar-olmaz – «qan lazım deyilmi?» deyə növbətçiyə müraciət edirdilər. Vaxtilə müsbət bir qrupunun kəsirli olduğu bir dönəmin xəyalıyla yaşayan möminlər, bir neçə müddət axtarıb tapmağın, uyğunluğu yoxlamağın artıq gündəlik lazım olmaması öyrəşə bilmirdilər...
Bu xatirəni göz önünə gətirərkən, əslində yaxın keçmişimizə baş vurarkən bir "Əsmaül-Husna" məktəbinin verdiyi vətəndaşlıq nümunələrindən danışmaq lazım bilindi. Bu nümunələr müxtəlif idi: istər öz qanlarını hədiyyə edən, heç bir təmənna güdməyən "Əsmaul-Husna" proqramının "qan bacı və qardaşları" (artıq onları elə çağırırdılar) olan mömin və möminələr, istər öz qələmi ilə bu qəhrəmanlıq eposunu işıqlandıran "Zerkalo"dan – Kamal Əlilər, "Yeni Müsavat"dan Sevinc Telmanqızılar və Süheylə Yaşarqızılar, "Azadlıq"dan Gültəkin Knyazqızılar... İstərsə də onlarla digər vicdanlı və namuslu azərbaycanlılar – qələmilə, sözüylə, mənəvi dəstəyilə körpələrə həyan olan eloğulları və elqızları... Heç kəs bu fədakar insanların dəstəyinin dərəcəsini ölçməyib və çətin ki, bu ölçüyə gələn bir şeydir. Amma indi artıq bütün ölkə boyu vüsət almış təşəbbüsə o zaman tək-tük dəstək verənlər, neçə-neçə körpənin həyat nemətinə öz töhfələrini verdilər. İxlasla verdilər…
QANINI HƏDİYYƏ EDƏNLƏRİ BİRLƏŞDİRƏN GÜN 14 iyun – Ümumdünya Qanvermə - Donor Günü ərəfəsindəyik…
2005-ci ildən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsis olunan bir gün, bu problemin həllində umumbəşəri səyləri birləşdirmə zərurətindən meydana çıxmışdır. Həmin gün 1868-ci ildə avstriyalı həkim, immunoloq, 1930-cu ildə qan qruplarının kəşfinə görə Nobel mükafatının laureatı olan Karl Landşteyner dünyaya gəlmişdir.
Donor – latıncadan «donare» - «bağışlamaq, hədiyyə etmək» deməkdir. Əslində 14 iyun - öz qanını digərinin həyatını təmini üçün hədiyyə etmək mədəniyyətinin formalaşdığı günlərdəndir. 14 iyun – fədakarlığın təntənəsinin qeyd olunma günüdür. Dünya üzrə təmənnasız qanını hədiyyə edən şərəfli vətəndaşların ümumi bir birləşdirici günüdür. Tanımadığı, hər hansı qohumluğu olmayan bir insanın digər bir insanla ən qiymətli əmanəti ilə bölüşməsini qeyd edən bir gündür bu gün. Bəlkə də toplumların keyfiyyətini bildirən göstəricilərdən biridir donorluq mədəniyyəti – ən qiymətli olan bir ilahi neməti təmənnasız hədiyyə edə bilmək mədəniyyəti.
Bu il – 2008-ci ildə Ümumdünya Qan Donoru Günü "Davamlı qan verək" şüarı altında keçiriləcək. Əslində bununla qana ehtiyacın birdəfəlik deyil, davamlı xarakter daşıması göstərilir. "Bir dəfə kifayət deyil…" olan bu günün devizlərindən, əslində bu mübarək əməlin ani və birdəfəlik əməldən – davamlı bir mədəniyyətə çevrilməısinə bir çağırışdır.
Bu şüarları artırmaq da olar – mahiyyətində olan zənginlikləri daha da açıqlamaq üçün.
"Davamlı qan vericisi – sağlam qanvericidir"- tezisi də dərin mənaya malikdir. Yəni davamlı donor, həm də sağlam insandır.
"Donorluq – bir dəyərdir" tezisi isə sözsüz ki, bu qan hədiyyə etmə kimi bir nəcib işin mahiyyətini açmaqdadır.
"Donorluq – aşağıdan yuxarı bir təşəbbüsdür". Səmimi bir işdir. Kampaniyalılıq xatirinə deyil, fəqət bəşər övladına həyan olmağa xidmət edən bir iş.
Qan hədiyyə etmək elə bir gözəl əməllərdəndir ki, verirsən, amma itirmirsən. İnsan orqanizmi tez bir zamanda bu nəcib hədiyyəni bədəndə bərpa edir. Üstəlik orqanizmin endokrin və immun sistemi öz fəaliyəti üçün xüsusi qüvvətli stimul almış olur.
Mütəxəssislərin yekdil rəyinə görə, davamlı qan verən insanlar, daha az sətəlcəm olur, daha gec ürək-damar və onkoloji xəstəliklərə tutulurlar. Donorluq insan psixikasına da əvəzsiz müsbət təsirini qoyur.
Bəzi ölkələrdə qan donoru olmayan insana bir qədər təəccüblə baxırlar.
Bəzən bü nəcib işdən çəkinmək yalnız qanvermə prosedurlarından qorxmaqla kifayətlənmir, əslində bunun kökündə digərinin dərdinə şərik olmaq, gözəl işlər görmək, fədakarlıq etmək kimi yüksək insani vərdişlərin toplumda unudulması kimi cəhətlər də az rol oynamır. DONORLUQ TARİXİN GÜZGÜSÜNDƏ
1628-cı ildə ingilis həkim Uilyam Qarvey insan orqanizmində qan dövranı ilə bağlı kəşfini edir. Bundan demək olar ki, dərhal sonra ilk qanköçürtmə cəhdi edilmişdir.
1665-ci ildə ilk rəsmi qanköçürtmələr qeydə alınmışdır: ingilis həkimi Riçard Louer xəstə heyvanların həyatını onlara digər heyvanların qanını köçürtmə vasitəsilə xilas edir.
1667-ci ildə fransalı həkim Jan-Batist Deni və ingilis Riçard Louer bir-birindən ayrı şəkildə insana qoyundan ilk uğurlu qanköçürmələr haqqında yazılarını edirlər. Lakin sonraki illərdə bu, verdiyi ağır mənfi reaksiyalara görə, qanunla qadağan edilir.
1795-ci ildə amerikalı həkim Filipp Sinq Fizik ilk insandan insana qanköçürməsini edir, lakin bu haqda məlumatı rəsmi heç yerdə çap etdirmir.
1818-ci ildə britaniyalı Ceyms Blandell ilk uğurlu qanköçürməsini həyata keçirdir. Sonradan o ilk dəfə olaraq qan götürmə və köçürmə üçün rahat alətləri də ixtira edir.
1840-ci ildə ingilis Samuel Armstronq Leyn Blandellin rəhbərliyi altında hemofoliyanın müalicəsində ilk uğurlu qanköçürməni edir.
1900-cü ildə avstriyalı həkim Karl Landşteyner qan qruplarını kəşf edir və 1930-cu ildə bu münasibətlə Nobel mükafatının sahibi olur.
1907-ci ildə amerikalı Ruben Ottenberqqan qruplarının "Mendel prinsipi" ilə irsən ötürülməsini və "+1" qan qrupunun universal tətbiqini kəşf edir.
1916-cı ildə Frensis Rus və D.R. Turner ilk dəfə olaraq natrium sitratı ilə qlükozanın məhlulunu istifadə edərək, qanı bir neçə gün saxlamaq imkanı əldə edir. Sonradan birinci dünya müharibəsi dönəmində britaniyalı Osvald Robertson ilk mobil qanköçürmə stansiyalarını istifadəyə verəcək. FƏDAKARLIQ ZAMANI YETİŞMƏDİMİ?...
"(İnsanlarla) Rəbbinin nemətlərindən söhbət aç" («Züha» surəsi, ayə 11).
Allaha əta etdiyi nemətlərə görə şükür etməni əmələn etmə vaxtı deyilmi?
"Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz...".(«İsra» surəsi, ayə 7)
"Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun onqat savabı vardır..." («Ənam» surəsi, ayə 160).
"Yaxşılıq və pəhrizkarlıqda əlbir olun..." («Maidə» surəsi, ayə 2)
Qan hədiyyə edib özumuzə yaxşılıq etməyəkmi? Və bu işi görənlərlə səylərimizi birləşdirməyəkmi?
İmam Əli (ə) buyurmuşdur: «Fədakarlıq ən ali insani sifətdir».
Yenə də İmam Əlidən (ə): «Fədakarlıq yaxşı əməl sahiblərinin xislətidir».
Başqa bir yerdə İmam Əli (ə) buyurur: «Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür».
İmam Əli (s): «Səxavətliliyin ən üstünü fədakarlıqdır».
Fədakarlıq zamanı yetişmədimi?...
Allahın Peyğəmbəri (s) buyurub: «Allahın (bəzi) bəndələri var ki, nemətləri onlara məxsus edib. Bu bəndələr nemətləri camaata bağışlayıb payladıqları vaxta qədər, onları (nemətləri) həmin bəndələrin əlində saxlayır. Əsirgəyib verməyəndə isə Allah nemətləri onlardan başqalarına keçirir».
Əlimizdə olan sağlamlıq nemətindən qana ehtiyclı körpələrlə paylaşmayaqmı?
İmam Cəfər Sadiqdən (ə) nəql edilir: "Allah Təaala buyurmuşdur: «Camaat mənim ailəmdir. Onlardan Mənim yanımda ən sevimlisi camaatla daha mehriban olanları və onların ehtiyaclarının ödənilməsi naminə daha çox çalışanlarıdır"».
Allahın ən sevimlisi olmaq üçün nə münasib fürsət...
İmam Səccad (ə): «Hər kəs öz ehtiyac əlini mənə tərəf uzadan zaman, onun ehtiyacını və çətinliyini aradan götürməyə tələsirəm. Çünki qorxuram iş-işdən keçə və mənim köməyimin artıq ona heç bir faydası olmaz».
Bəlkə gecikməyək...Qana ehtiyaclı körpələrə hədiyyəmizi etməkdə tələsək...
Sonda təbərrük üçün İmam Hüseyndən (ə) buyrulan bir catdırışla bitirmək istərdim: "Bilin ki, insanların sizə olan ehtiyacları Allahın sizə verdiyi nemətlərdən biridir. Allahın nemətlərindən üz döndərməyin, yoxsa sonra o nemətlər sizin üçün peşmançılığa çevrilər".
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof,
İçərişəhər «Cümə» məscidinin imam-camaatı
|