Ötən ay Şimali Kipr Türk Cümhuriyyətində Yaxın Doğu Universitetinin təşkilatçılığı ilə "Füzulinin Türk Kültür ve Sanat Dünyasındakı Yeri" adlı Simpozium keçirilib. Dünyanın müxtəlif yerlərindən tədbirə dəvətlilər arasında Azərbaycan nümayəndə heyəti də yer alıb. Tədbirdə professor Kamil Vəli Nərimanoğlu, AMEA Füzuli adına Əlyazmalar İnstitutunun fars dili şöbəsinin müdiri, filologiya elmləri doktoru Mövsüm Nağısoylu, AMEA Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya elmləri namizədi Nəsib Göyüşov, BDU-nun professoru, filologiya elmləri doktoru Rəsul Əsgərov, İncəsənət Universitetinin müəllimi, profesor Aydın Abıyev və AMEA Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat elmləri namizədi Nailə Süleymanova iştirak ediblər. Bu barədə "Nəbz"ə məlumat verən Nailə xanımın sözlərinə görə, tədbirdə çıxış edən 30 məruzəçinin hər biri Füzuli yaradıcılığı ilə bağlı yeni mövzulara toxunublar. Azərbaycan alimlərindən M.Nağısoylu ""Hədiqətüs-Sühəda"-Füzulinin ədəbi nəsrinin zirvəsi", Nəsib Göyüşov "Füzuli dünyasını Yunus İmrə və Mövlana ilə qovuşduran ortaq dəyərlər", A.Abıyev "Füzuli və Türkiyənin satirik şairləri", A.Rəsulov "Belgesel Düzyazı və Füzulinin "Şikayətnaməsi"", N.Süleymanova isə "Füzulinin şeirlərində insan gözəlliyinin tərənnümü" mövzuları əsasında çıxış ediblər. Simpoziumda dahi şairin yaradıcılığına həsr olunan bütün mövzuların dinləyicilər tərəfindən maraqla qarşılandığını, eyni zamanda müzakirələrə səbəb olduğunu söyləyən Nailə xanım qısaca olsa da, özünün yazdığı mövzudan söz açdı: "Dininə bağlı olan şair insanı Allahın yaratdığı gözəl bir biçimdə tərənnüm edib. Allah-Təala ayələrin birində insanlara xitabən buyurur: "Mən sizi gözəl yaratdım". Füzuli də məhz bu ayəni əsas götürərək, şeirlərində bəşər övladının həm daxili, həm də zahiri gözəlliyinin məziyyətlərindən yazıb. Bu dahi şəxsiyyət əsərlərində qeyd edir ki, gəncliyin gözəlliyi ilk öncə dini, daha sonra dünyəvi təhsil almasındadır. Sevinirəm ki, Füzuli yaradıcılığına həsr etdiyim bu mövzu da dinləyicilər tərəfindən maraqla qarşılandı". Nailə xanım simpoziuma yüzlərlə insanın qatıldığını, onların əksəriyyətinin dinləyicilər, Yaxın Doğu Universitetinin ədəbiyyat fakültəsinin tələbələrinin olduğunu bildirdi. İstirahət saatlarında Şimali Kiprin təbiəti ilə yaxından tanış olduqlarından söz açan müsahibim Şəhidlər Xiyabanında keçirdiyi hissləri də bizimlə bölüşdü. "Şəhid məzarlarını ziyarət edərkən, sanki şəhid bacı və qardaşlarımızın ruhunu yad edirmiş kimi bir duyğu qəlbimi bürüdü", - deyə Nailə xanım vurğuladı. N.Süleymanova Şimali Kiprdəki simpoziumdan əvvəl Azərbaycan nümayəndə heyətinin Türkiyədə iki böyük tədbirdə iştirak etdiyi barədə də məlumat verdi. Belə ki, Akşəhirdə Türkiyənin Atatürk Kültür Mərkəzinin "XXI Yüzyılı Nasrettin Hoca İle Anlamak" simpoziumu, Konyada isə Səlcuq Universitetinin təşkil etdiyi "I Beynəlxalq Tıbb Tarixi" konfransı keçirilib. Nailə xanım Akşehirdə keçirilən simpoziuma "Nəsrəddin Xocanın gülmə mədəniyyəti" mövzusu ilə qatıldığını söylədi: "Maraqlısı buydu ki, dünyanın müxtəlif yerlərindən gələn qonaqlar qələmə aldıqları yazılarda öz ölkələrinin Nasrettin Hocalarını (Molla Nəsrəddin-red.) təqdim etdilər. Fərqli adlarda olsa da, amma onlar bütün çalarları, hərəkətləri, sözləri ilə Molla Nəsrəddin idi. Yeri gəlmişkən, Akşehir Nasrettin Hocanın şəhəri sayılır. Şəhər demək olar ki, onun heykəlləri ilə bəzədilib, bir çox meydanlara, mədəniyyət mərkəzlərinə adı verilib". Müsahibim Konyada keçirilən konfransın isə 4 gün davam etdiyini, tədbirə dünyanın əksər ölkələrindən gələn 250-yə yaxın nümayəndənin qatıldığını dedi. Konfransda alimlər tibb tarixinə aid araşdırma mövzularıyla çıxış ediblər. Müsahibimiz Nailə xanım isə Azərbaycanda eqzema müalicəsinin tarixindən, onun üsullarından və əhəmiyyətindən söz açıb. N.Süleymanovanın sözlərinə görə, o, eqzemanın tarixini araşdırarkən məlum olub ki, Azərbaycanda bu müalicə ilə ilk dəfə Bakının Pirşağı qəsəbəsində yaşayan Pirşahin adlı həkim məşğul olub. Pirşahin adı ilə məşhur olan həmin şəxs həm də din, iman sahibi olub. Sovet şərqşünası Paxomov tədqiqat əsərlərinin birində Pirşağının Pirşahin adından götürüldüyü versiyasını irəli sürüb.
|