Çirkin bir cahiliyyət adəti ilə mübarizə
«Bəqərə» surəsinin, 226-227-ci ayələrinin təfsiri («Təfsiri-nümunə»dən tərcümə)
Bəqərə surəsi, ayə 226:
لِلَّذِينَ يُؤْلُونَ مِنْ نِسَائِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ فَإِنْ فَاءُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ «Öz arvadlarına yaxınlaşmamağı and içən şəxslər üçün dörd ay gözləmə müddəti vardır, əgər bu müddət ərzində andlarından dönsələr, Allah (onları kəffarə vermək şərtilə) bağışlayan və mehribandır». Ayə 227:
وَإِنْ عَزَمُوا الطَّلاقَ فَإِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ «Əgər talaq vermək (boşamaq) istəsələr, şübhəsiz ki, Allah (onların niyyətlərini) eşidən və biləndir». Ayələrin təfsiri: Cahiliyyət dövründə ərəb cəmiyyətində qadının heç bir dəyər və məqamı olmadığından qadından ayrılmaq, yaxud da onu təzyiq altında saxlamaq üçün bir sıra çirkin yollara əl atılırdı. Onlardan biri də «ایلا» – ailə münasibətlərini tərk etməyə and içmək idi. Belə ki, kişi öz qadınına nifrət etdikdə, bir daha onunla bir yastığa baş qoymayacağına and içirdi. Nəticədə, bu qeyri-insani addımıyla həyat yoldaşını şiddətli sıxıntıya salmış olurdu: yəni onu nə rəsmən boşayırdı ki, azadcasına ərə getsin, nə də bu anddan sonra qadınına yaxınlaşırdı. Aydındır ki, kişilər bir neçə arvada malik olduqlarından heç bir çətinliyə düşmürdülər. Bu ayələr belə səhv adətlərlə mübarizə aparmış və bu andı pozmağın yolunu açıqlayaraq buyurmuşdur: «Öz arvadlarına yaxınlaşmamağı and içən şəxslər, 4 ay gözləyə bilərlər». Bu dörd aylıq möhlət qadınla olan münasibətlərini aydınlaşdırmaq və qadınları bu qeyri-münasib, çətin vəziyyətdən qurtarmaq üçündür. Ardınca əlavə edir: «Əgər bu vaxt ərzində andlarından dönsələr, Allah bağışlayan və mehribandır». Lakin Allah bu işdə onun keçmişini və andını sındırmasını bağışlasa da, sonradan qeyd edəcəyimiz kimi, etdiyi əməlin kəffarəsi də qüvvədə qalır. Sonrakı ayədə buyurulur: «Əgər talaq vermək istəsələr, şübhəsiz ki, Allah eşidən və biləndir». Əgər kişi bu iki yoldan birini qəbul etməsə, yəni nə sağlam ailə münasibətlərini, nə də talağı (boşanmağı) seçməsə, şəriət hakimi bu işə müdaxilə edə bilər. Belə ki, şəriət hakimi kişini zindana salıb dörd aydan sonra onu bu iki yoldan birini seçməyə məcbur etməklə, qadını bu çətin vəziyyətdən qurtara bilər. İslam dini «ایلا»nın hökmünü tamamən batil etməsə də, onun pis təsirlərini aradan qaldırmışdır. Çünki İslam heç kimə icazə vermir ki, bu yolla həyat yoldaşını çıxılmaz vəziyyətə salsın. İslam bu dörd ayı («zərbul-əcəl», yəni – dini əda etmək və ya hər hansı bir işi yerinə yetirmək üçün müəyyən vaxt təyin etmək kimi) təyin edibsə də, bu yolla ailə münasibətlərinin bir hissəsini batil etmək yox, bəlkə cinsi münasibətlərin dörd aydan bir şəri baxımdan vacib bir əməl olduğunu göstərmək istəmişdir. (Əlbəttə, qadın bu uzun müddət ərzində günaha düşməməlidir. Günaha düşmək qorxusu olan gənc qadınlar üçün isə bu fasilə qısadır). İncəliklər: 1) «ایلا» istisna bir hökmdür Hər bir bəyənilməz iş üçün olan and batil və mənasızdır, onu sındırmağın da heç bir eybi (günahı) yoxdur. Bu hökmə əsasən, cinsi münasibətləri tərk etməyə and içmək qətiyyən düzgün bir iş olmadığından təsirsizdir. İslamın bu cür and içənlərə cəza növü olaraq kəffarə təyin etməsi, inadkar kişiləri qadın hüququnu pozan bu qeyri-insani əməldən çəkindirmək üçündür. 2) İslam hökmü ilə qərb dünyasının müqayisəsi Qərbin cahil adətlərində də, «ایلا»ya bənzər «cismi ayrılıq» adlanan bir qanun vardır. Belə ki, məsihilərdə talaq (boşanmaq) olmadığı üçün, Böyük Fransa inqilabından sonra, artıq bir yerdə yaşaya bilməyən qadın və kişinin ayrılması üçün bir qanun təsis edildi. Bu qanuna əsasən, kişi və qadın müvəqqəti olaraq, bir-birindən ayrılaraq müxtəlif evlərdə yaşayırdılar. Bu zaman ailə münasibətləri saxlansa da, qadın və kişinin boynundan bir-birinə aid olan haqları götürülürdü. Belə vəziyyətdə nə kişi evlənə, nə də qadın ərə gedə bilərdi. Bu hal üç ilədək davam edə bilərdi, müddət bitdikdən sonra isə onlar bir yerdə yaşamağa məcbur idilər. Qərb dünyası bu ayrılığa üç il icazə verdiyi halda, İslam bunun dörd aydan artıq davam etməsinə icazə vermir, kişi bu müddət ərzində münasibətlərə aydınlıq gətirməzsə və ya aydınlıq gətirməkdən boyun qaçırarsa, İslam höküməti onu bu məsələni bir dəfəlik həll etməyə məcbur edə bilər. 3) Hər ayənin sonundakı İlahi vəsfin işlənməsi Diqqətə layiq məsələlərdən biri də Quranın bir çox ayələrində mövzunun (ayənin məzmunu ilə birbaşa əlaqəsi olan) İlahi vəsflə sona çatmasıdır. O cümlədən bəhs etdiyimiz ayələrdə də, «ایلا» və bu batil andı sındırmaqdan danışılarkən ayə «غفور رحیم» «(Allah) bağışlayan və mehribandır» cümləsi ilə bitir. Bu ona işarədir ki, belə bir batil andı içən şəxs andından dönsə, Allah onu bağışlayar. Talağdan danışarkən «سمیع علیم» «eşidən və biləndir» vəsflərinin işlənməsi isə o deməkdir ki,hər bir şeyi eşidən və bilən Allah, sizin niyyətinizdən də xəbərdardır və sizi buna görə cəzalandırar.
|