Ayların sultanı mübarək Ramazan ayının astanasındayıq. İldən-ilə bu mübarək ayın nuraniyyəti Sovet dönəminin allahsızlıq zülmətinin qara pərdədərini yararaq, insanların qəlblərində daha da möhkəm yer tutmaqdadır. Çox böyük bir işıqverici və təmizləyici mahiyyəti var bu ayın. İslami kimliyə, islamın gerçək mahiyyətinə bilavasitə aid olan bir prosesdir bu. İnsanlar öz Rəbbləri ilə razu-niyaz edir, əhd-peymanlarını təzələyirlər. Usa Allahdan hər birimizin bu nuraniyyət çeşməsindən bəhrələnməmizi müvəffəq etməsini diləyirik!
SƏYAHƏT OVQATI
Bu ilimizdə mübarək ay yayın isti mövsümünə təsadüf edir. Və insanların adətən dincəldiyi, ümumiyyətlə, ilin dincəlməklə bağlı hissəsi kimi qəbul olunan bir mövsümdür. Və bu əlaqədə bir maraqlı cəhət sezilir. Səyahətlərin təşkili, istirahətlərin təşkili ilə məşğul olan şirkətlər bütün il boyuna nisbətən bu mövsümdə daha fəal olurlar. Öz təbliğatlarını aparır, reklamlarını yerləşdirir, işlərini təşkil edirlər. O cümlədən, potensial istifadəçilərin ünvanlarına reklam xarakterli məktublar göndərirlər. Və bunlarda səyahət təklifləri haqqında necə və haraya getməyi məsləhət görmələri haqqında geniş və müfəssəl məlumatlar təqdim edirlər. Maraqlı cəhətdir ki, səyahətlə əlaqədar olan qurumlar bu prosesə yayın daxil olmasından öncə başlayırlar. İnsanların diqqətini təmərküzləşdirməyə çalışır, dərinə getdikdə, bir növ proqramlaşdırırlar insanları. Belə etsəniz, yaxşıdır, indidən hazırlığınızı görün, filan yer bu il dəbdədir kimi altdan-altdan müəyyənedici impulslar ötürürlər potensial müştərilərinə. Yay ərzində bu proses müxtəlif amplitudla baş verir. İndi son fürsətlərdə bu iş yeni nəfəs almış kimi bir mərhələyə qədəm qoyur. Bu prosesi bir qədər tədqiq etdikdə, maraqlı nəticələr çıxır. Səfərə hazırlıqla bağlı yalnız bir dildə məlumat axtarışı verdikdə, internetdə minlərlə nəticə üzə çıxır. Sorğunu bir qədər dəyişdirdikdə, səyahətçi nəyi bilməlidir sualına internetdə onminlərlə cavab çıxır. Maraqlısı budur ki, bu bilgilər öz növbəsində 2 xarakterlidir. Bəziləri ümumi kateqoriyaları əhatə edir, digərləri konkret məkan və zamana aid məsələləri işıqlandırır, xüsusi tövsiyələr verir. Bundan əlavə, bu və ya digər məkana səfərlə bağlı, bu və ya digər turoperatorlarla bağlı, konkret mehmanxana, kurortla bağlı təəssüratlar, şərhlər də geniş surətdə təqdim olunub. Bunlar hamısı nəyə dəlalət edir? Bu yüksək maraq və geniş, dərin araşdırma nəyin göstəricisidir? İnsanlar getdikləri yer barədə tam və dolğun məlumata malik olmaq istəyirlər ki, istirahət vaxtlarınıdan maksimal effktliliklə istifadə etsinlər və məyusluq hissi keçirməsinlər.
İLAHİ ZİYAFƏTƏ HAZIRLIQ
Bu bəhsə toxunmaqda məqsəd odur ki, hal-hazırda böyük bir mənəvi səfərin astanasındayıq. İlahi ziyafətə hazırlıq astanasındayıq. Bir aya qədəm qoyuruq ki, bu ayın içində bütün nemətlər bəşər övladı üçün Uca Rəbb tərəfindən hazır edilmişdir. Və hər bir kəsin bəhrələnməsi, onun bu səfərə necə hazırlaşmasından asılı olacaq. Bəli, onu da qeyd etmək lazımdır ki, insanlar səyahətlərinə, istirahətlərinə getdikləri zaman topladıqları məlumatları, böyük səylə apardıqları araşdırmaları bu böyük mənəvi səfərdən öncə o qədər də tətbiq etmirlər. Araşdırma aparmırlar ki, bəs bu nə aydır, bu ayın hansı xüsusiyyətləri var, bu aya hansı azuqə ilə getmək lazımdır, bu səfərdən əliboş qayıtmamaq üçün nələri götürmək lazımdır, nələrdən isə imtina etmək gərəkdir. Dini mühitdə az-çox məlumat mübadiləsinə, əlbəttə ki, rast gəlinir. Amma geniş insan toplumunda bir təbil çalınması, «ey insanlar, xəbəriniz var, böyük bir səfərin astanasındayıq. Bu mənəvi səfərə hazır olmaq üçün indidən gərək işlər görək» deyə ayıldıcı xəbərdarlıqlar eşidilmir…
HƏZRƏT PEYĞƏMBƏRİN (s) RAMAZAN AYI ÖNCƏSİ MÜRACİƏTİ
Əziz Peyğəmbərimiz (s) bir neçə gün öncədən müsəlmanlara xitabən xüsusi çağırışlarını edərdi. Həzrət Salman buyurur: «Şaban ayının sonuncu günündə Peyğəmbər (s) bizim üçün Ramazan ayının fəziləti haqqında bir xütbə söylədi. Özünün bu xitabında buyurdu: «Ey camaat! Həqiqətən sizin üzərinizə əzəmətl və mübarək bir ay kölgə salıb. bir ay ki, onda 1000 aydan üstün gecə var. (Bir ay ki,) onda Allah Təala orucunu vacib qərar vermişdir. Və gecələrini ibadətlərdə keçirməyi bəyənilmiş və müstəhəb qərar vermişdir». Xütbənin sonunda Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bu bir aydır ki, bərabərlik ayıdır. Bir aydır ki, möminin ruzusu bu ayda artar. Bir aydır ki, əvvəli rəhmət, ortası məğfirət və bağışlanma, və axırı - cəhənnəm atəşindən azadlıqdır. Və bu ay mömin üçün bəhrə və fayda ayıdır, və münafiq üçün - zərər ayıdır»». Yəni, artıq səfərə çıxacağıq. Artıq yol başlayır. Bəyan edilir ki, bunda 1000 aydan artıq bir gecə var. Yenə də səyahət və səfərlə analogiya aparaq. İnsan bir yerə səyahət edəndə, o, mütləq həmin yerin ən görkəmli, ən diqqətəlayiq məkanını ziyarət edir. Bu Çindirsə - Böyük Çin Səddini, Moskvadırsa - Kremli və Qızıl meydanı, Hindistandırsa - Tac-Mahalı, Misirdirsə - ehramları, Bakıdırsa - Qız qalasını, Parisdirsə - Eyfel qülləsini, Londodursa - Vesminsteri, kurort zonasında - hansısa bulağı, zirvəni və s. İndi bu mənəvi səfərdə vurğulanır ki, ən mühüm bir gecə var bu ayda. Rəsuli-Əkrəmin (s) dilindən çatdırılır ki, bu ayda 1000 aydan üstün bir gecə var.
BƏRABƏRLİK AYI
Daha sonra Həzrət (s) bu ayla tanışlığı orucun vacibliyinin üzərinə gətirir. Digər zamanlarda oruc tutmaq müstəhəb, bəyənilən əməldirsə, mübarək Ramazan ayının isə şərtlərindəndir, müəyyənedi amillərindəndir oruc. Bu ayın gecələrini başdan-ayağa yuxuda keçirmək məsləhət görülmür. Beləcə böyük fürsətləri əldən vermək olar. Çoxmu elə insan tanıyırsınız ki, hansısa maraqlı bir yerə gedib və orada gününü oteldə yatmaqla keçirir? Belələrinə adda-budda rast gəlinirsə də, ətrafdakılar bunlara çox qəribə baxır və qınayırlar. Mübarək ayın gecələrində, xüsusilə əhya gecələrində oyaq qalıb ibadət etmək fürsəti də eləcədir. Bu gecələrdə o qədər fəzilət və bərəkət var ki, bunları yuxuda keçirən insan özünü misilsiz nemətlərdən məhrum etmiş olur. Həzrət Peyğəmbər (s) bu ayın böyük fəlsəfəsinə də diqqət çəkir. Qeyd olunur ki, bu - bərabərlik ayıdır. Varlı və ya kasıb, nazir və ya fəhlə, alim və ya azsavadlı olmasından asılı olmayaraq, insanlar gündüzlərini ac və susuz keçirir bu ayda. Qidanı, ləziz xörəkləri görür, amma yemirlər. Varlılar ehtiyaclılığın nə olduğunu dada bilirlər bu ayda. İradəsi zəif insanlar öz iradələrini tərbiyə edirlər bu ayda. Qəlbi bərk insanlar kövrək və riqqətli olmağı öyrənirlər bu ayda. Bu ayda ruzunun artması ilə də müjdələyir möminləri Allah Elçisi (s). Bəhrələnmə ayıdır mübarək Ramazan ayı. Və bu ayın digər xüsusatlarından o qeyd olunur ki, bu bəhrələnmə mömin üçündü. Üzdə imanlı kimi özünü göstərən, qəlbi imansızlıq və riya ilə dolu olan ünsürlər üçünsə bu ay - zərər vaxtıdır. Özlərini zahirdə oruc tutan kimi göstərməli, müəyyən digər narahatlıqları keçirməli olurlar bunlar. İşləri-gücləri gərginlikdə olmaqdır Ramazan ayında münafiqlərin. Mömin üçünsə bu - bəhrə ayıdır. O qədər qazanmalıdır ki, mömin bu ayda, bir il xərcləməyə bəs etsin. Elə bir mənəvi-ruhi təminatla ayrılmalıdır bu aydan ki, gələn Ramazan ayınadək bu haləti itirməsin.
HƏR GÜNÜ FÜRSƏT
Bu ayın digər cəhətləri olaraq, bu ayın əvvəlinin, ortasının və axırının müəyyən məqamları qeyd olunur. İnsan bir yerə gedəndə, oranın giriş-çıxışları ilə maraqlanması təbiidir. Mübarək İlahi ziyafətə gələn insan da bilməlidir ki, bu aya hansı vəziyyətdə girmək və bu aydan hansı durumda çıxmaq olur. Bu aya daxil olmaq - rəhmətlədir. Hər kim bu səfərə çıxırsa, Allah Təalanın rəhməti ona müşayiətçi olur. Ortasında məğfirət və bağışlanma insanın dadına yetir. Bütün səhv və xətalarını, mənfiliklərini tökür qəlbindən və təmizlənmiş bir durumla daxil olur ayın ortasına. Və məntiqi nəticə olaraq, bu durumu saxladığı təqdirdə, cəhənnəm atəşindən sığortalayır bəndə özünü. Onun cisminə haram olur cəhənnəm odu. Yaxınlaşa bilmir ona. Yəni, hər bir mərhələdə insan öz daxilində bir tarazlıq yaratmalı, bir uyğunlaşma bərqərar etməlidir. Başlanğıcında - İlahi rəhməti qəlbinə hopdurmaq iqtidarında olmaq. Ortasında Ramazan ayının tövbə və istiğfarının cavablandırılması üçün vücudunu təmərküzləşdirmək. İradəsini məğfirət əldə etməyə doğru yönəltmək. Sona yaxın bilməlidir ki, artıq cəhənnəm atəşindən qurtulmaq vaxtıdır. Mömin və möminələri toplayıb Rəsuli-Əkrəm (s), bu həqiqətləri onlara çatdırarmış şaban ayının axırıncı günündə…
İNSANA TƏRƏF ÜZ TUTAN AY
Digər hədislərdə Ramazan ayına bir neçə gün qalmışdan bəri olan hazırlıqlar barədə nəql olunur. İmam Muhəmməd Baqirdən (ə) nəql edirlər: «Şaban ayının sonuna 3 gün qalmış Allahın Rəsulu (s) Həzrət Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplaşanda Allahın Rəsulu (s) minbərə qalxar, Allaha həmd-səna söyləyəndən sonra buyurardı: «Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu - bütün ayların ağasıdır. Onda bir gecə vardır ki, 1000 aydan üstündür. Bu ayda cəhənnəmin qapıları bağlanar, cənnətin qapıları açılar. Kim bu ayda yaşasa və bağışlanmasa, Allah Təala onu Öz rəhmətindən uzaqlaşdırar»». Burada artıq görürük ki, bu ayın insanlara tərəf üz tutmasından danışılır. Allah Təalanın rəhməti o qədər böyükdür ki, insanın mübarək aya tərəf getməsi tələb olunmur, bu ay bütün rəhmət və fəzilətləri ilə özü insana tərəf gəlir... Bir var insan getsin fürsətləri axtarıb tapsın. Bir də var bu fürsətlər özü gəlib insanı tapsın. Bəhrələnib-bəhrələnməmək isə insanın özündən asılıdır. Sonra bu ay tanıtdırılır - bütün ayların sultanı olmağı bildirilir. O biri aylarda islah oluna bilinməyən xasiyyətlər bu ayda düzəlir. O biri ayda meydana çıxan çətinliklər, ruhi problemlər bu ayda asanlıqla öz həllini tapır. Ayın əsas xüsusiyyəti kimi 1000 aydan üstün bir gecəyə malik olması bildirilir. Əsas nemət kimi bu çatdırılır. Bu ayda cəhənnəmin qapıları bağlanar və cənnətin qapıları açılar. Sonda ayıldıcı bir mesaj verilir: bu ayı yaşayan, amma bağışlanmayan insan, özünü İlahi mərhəmətdən məhrum edər. O qədər vücudi tənbəl olmalıdır, o qədər süst olmalıdır ki, bacarıqsızlıq göstərməlidir insan ki, bu böyüklükdə rəhmət okeanından bir şey apara bilməsin. Əslində onun əməlləri səbəb olar ona ki, özünü Allah Təalanın rəhmətdən məhrum edər.
QAPIYA GƏLƏN BULAQ
İnsan özünü nə qədər uyğunlaşdıracaq Ramazan ayına - özündən asılı olan bir şeydir. Bu ayın əvvəlində rəhmət situasiyası hazırdır. İnsan gərək öz daxilində bu hazırlığı qəbul etmək durumu yaratsın. Ortasında bağışlanma situasiyası hazırdır. İnsan gərək bu mərhələdə öz daxilində müvafiq uzlaşdırma həyata keçirsin. Sonu da bu ayın hazırdır atəşdən xilas üçün. Növbə - insanındır… Sanki bir bulaqdır. Su da gəlir, sənin qabın da var. Hərə öz qabının tutumuna görə bu bulaqdan faydalana bilir. Özü də ki, su lap qapına gəlir. Sadəcə bu sudan bir qədər götürmək gərək… Ramazan ayının rəhmət yağışı bu kimidir. O qədər mühüm səciyyəli və hazırdır ki, faydalana bilməyən artıq özünü İlahi rəhmətdən qırmış olur. Nəql edirlər ki, Həzrət Əli (ə) Ramazan ayının hilalını görən zaman bu duanı oxumağı buyurardı: «Allahım! Mən həqiqətən Səndən bu ayın xeyir və yaxşılıqlarını istəyirəm. Və (Allahım! Bu ayın) fəthini və qələbəsini (lənətlik şeytan üzərində); və nuraniyyətini, işıqlanmasını; və köməkliyini; və bərəkətini; və təharət və paklığını; və ruzusunu Səndən diləyirəm. (Allahım!) Bu ayda olan xeyir və yaxşılıqları və bu aydan sonra olan (xeyirləri və yaxşılıqları) Səndən diləyirəm. (Allahım!) Sənə pənah aparıram bu ayda olan şərlərdən və pisliklərdən, bu aydan sonra olan (şərlərdən və pisliklərdən). Allahım! Bu ayı bizim üzərimizə əmin-amanlıqla, (Sənə) imanla, (nəfsi) salamlağı ilə, İslam (neməti) ilə, həqiqi bərəkət, təqva və Sənin sevdiklərinə tofiq əldə etmək (səadəti) ilə daxil et!».
İBLİSƏ QƏLƏBƏ ÇALMA FÜRSƏTİ
Sanki bu duada Əmirəlmöminin (ə) bizə öyrədir bu ayın imkanlarını, bu ayın istedadlarını. Bu ayın fəzilətlərinə sahib çıxmağın yolunu göstərir insana. Bəlli edir ki, Ramazan ayında nə qədər xeyir və yaxşılıqlar var ki, saya və təsvirə gəlmir - hamısı istənilə bilər Rəhim Allahdan. Bu ayın şeytan üzərində fəth və qələbə təmin etmək istedadı var. İnsan istəməlidir bunu. İnsan bu ayda lənətlik iblis üzərində qələbə çala bilər. Özünü bir duruma gətirə bilər ki, iblis ona vəs-vəs etmək iqtidarında olmaz. Qələbəni istəməlidir insan. Və olacaq bu qələbə. Nuraniyyət, işıqlandırılma istənilir Uca Allahdan. Bu ayda işıqlandırma qabiliyyəti var və istəyən bəhrələnə bilər bu nuraniyyətdən. Bu ayın içində çoxlu işi var bəndənin. Onların həyata keçirilməsində köməklik istəyir bəndə. Bu ayın saysız-hesabsız nemətlərini istəyir bəndə. Bu ayın fiziki və mənəvi paklığını istəyir bəndə. Bu ayın ruzusunu - istər mənəvi, istər maddi - istəyir Rəbbindən bəndə. Bu ayda olan və bundan sonra olan xeyir və yaxşılıqlar var. Onları istəyir bəndə. Bu ayda insanı pusan şər və xətalardan nicat istəyir, Rəbbinə sığınır bəndə. Hər batildən, hər mənasız şeydən pənah aparır Allahına bəndə. Sanki bir mübarək dalğadır, insanın üstünə gəlir Ramazan ayı. Və bəndə diləyir Rəbbindən ki, bu dalğa ruhi-mənəvi, psixoloji, maddi əmin-amanlıqla, salamatlıqla, imanla, həqiqi müsəlman olmaq nemətilə, bərəkət və təqva ilə, Allahın sevdiklərini sevməklə dolu gəlsin. Qoy bu ayda mən tənzimləyim özümü. Mühit məni tənzimləməsin, deyir bəndə. Qoy mən Sənin sevdiklərini sevim, Allahım... Allah Təala bizi bu səfərə hazır etsin və burada olan nemətlərdən bəhrələnmək tofiqini qismət etsin! AMİN!
Hacı İlqar İbrahimoğlu ilahiyyatçı-filosof İçərişəhər «Cümə» məscidinin imam-camaatı |