Hacı Seyid Həsənağa Həsənov: "Çox təəssüf ki, əhalisinin 95 faizi müsəlman olan Azərbaycanda Ramazan ayının həqiqi mənada ab-havası hiss edilmir" İslam dinində buyurulan bütün vacib ibadətlərlə birgə orucluq da ümumi hədəfə - bəşəriyyətin kamilləşməsinə xidmət edir. Bu baxımdan demək olar ki, oruc tutmaq müəyyən bir müddət ərzində ac və susuz qalmaqdan ibarət olmayıb, özündə geniş anlamlar ehtiva edir. Ramazan ayının məziyyətləri, cəmiyyətin islah olunmasında onun rolu barədə fikirlərini bölüşmək üçün Azərbaycan İslam Partiyası sədrinin dini məsələlər üzrə müşaviri, ilahiyyatçı Hacı Seyid Həsənağa Həsənovla söhbətləşdik. - Hacı, artıq mübarək Ramazan ayının müəyyən hissəsi arxada qalıb. Bir müsəlman ölkəsi olaraq Azərbaycanda bu müqəddəs ayın ab-havası hiss olunurmu? - Bismillahir Rəhmanir Rəhim. Bildiyiniz kimi, Allah-Təala oruc tutmağı bütün insanlara, o cümlədən müsəlman ümmətinə də vacib buyurub. Hazırda biz həmin mübarək günlərin - Ramazan ayının fəzilət və bərəkət dolu günlərini yaşayırıq. Lakin çox təəssüflər olsun ki, Ramazan ayı, onun fəziləti, ümumiyyətlə orucluğun mənəvi, ictimai faydaları barədə cəmiyyətdə dolğun məlumat yoxdur. Əlbəttə, bu istiqamətdə televiziya kanalları, mətbuat böyük rol oynaya bilər. Verilişlər, müsahibələr hazırlana, din alimləri, mütəxəssislər, ilahiyyatçılar Ramazan ayının, oruc tutmağın mahiyyəti barədə cəmiyyətə geniş bilgilər verə bilərlər. Amma nə yazıq ki, həmin şəxslərə nə telekanallarda, nə də mətbu orqanlarda yer verilmir. Televiziya kanalları daha geniş tamaşaçı kütləsinə, daha geniş təbliğat imkanlarına malikdir. Əgər orda hər il Ramazan ayının fəzilətlərindən, oruc saxlamağın faydalarından, onun əməl və qaydalarından bəhs edilsə, bu, müsbət təsirini mütləq göstərəcək. Biz hər gün küçə və meydanlara nəzər yetirəndə əksəriyyətin yemək yediyinin, papiros çəkdiyinin, restoran və barların, yeməkxanaların fəaliyyətinin şahidi oluruq. Yəni heç kim ətrafında olan digər hər hansı bir şəxsin oruc tutub-tutmamasının fərqinə varmır. Bir sözlə, kənardan nəzər yetirəndə Azərbaycanda sözün həqiqi mənasında Ramazan ayının ab-havası hiss olunmur. Əslində bu elə bir aydır ki, insanlar Allah qonaqlığına dəvətlidirlər, Uca Yaradanın kəramətinə çatırlar, əməlləri qəbul, duaları müstəcəb olur. Belə bir fürsətdən istifadə etmək əhalisinin 95 faizi müsəlman olan Azərbaycan xalqı üçün daha önəmlidir. Çünki bir tərəfdən torpaqlarımız, digər tərəfdən isə mənəviyyatımız işğal altındadır. Odur ki, əməllərin, duaların qəbul olunduğu Ramazan ayında oruc tutmalı, əllərimizi hər gün Allahın dərgahına uzadıb torpaqlarımızı, mənəviyyatımızı işğaldan azad etmək, qorumaq üçün güc-təpər diləməliyik. - Bu ayda oruc tutanlar Allah-Təalanın təltifatına layiq görülürlər. Mümkünsə, həmin İlahi mükafat barədə fikirlərinizi bildirərdiniz. - Ramazan ayı Allahın bərəkət, rəhmət ayıdır. Bu ayda oruc tutan insanın nəfəsi, yuxusu onun əməl dəftərinə savab kimi yazılır, ruhu paklanır. Allah-Təala tərəfindən Ramazan ayında oruc tutan şəxsin digər aylarda etdiyi günahlarının bağışlanması da mümkündür. Hətta mümkündür ki, Uca Yaradan bu ayda oruc tutan şəxsin bütün günahlarını da bağışlasın. Budur Ramazan ayında insanın qazandığı ən böyük mükafat. Allahın oruc tutan bəndəsi bu ayda yeni bir ruh tapa, ən böyük mənəviyyat sahibi də ola bilər. Hər bir insan pəhrizkarlığı ilə gələn ilin ruzisini qazanır. Bütövlükdə Ramazan ayında oruc tutub, onun ibadi əməllərini həyata keçirən bəndəyə Allah-Təalanın mükafatları çoxdur. Bu mükafatları qazanmaq, əməl dəftərində savabların sayını artırmaq, Cənnəti qazanmaq üçün Mehriban və Bağışlayan Allah öz bəndələrinə Ramazan ayında xüsusi fürsət yaradıb. Sadəcə, insanın bunu dərk edib, əməl etməsi gərəkdir. İmam Sadiq (ə) buyurur ki, bir şəxs səfərə çıxıb-çıxmaması ilə bağlı istixarə etdirdi. İstixarə onun səfərə çıxmamasını tövsiyə etsə də, həmin şəxs buna əməl etmir və o, getdiyi yerdə gözlədiyindən də artıq pul qazanır. Qayıdandan sonra İmamın yanına yollanır və O, Həzrətə müraciət edərək deyir: "Ey Peyğəmbər (s) övladı, buyurdunuz ki, səfərə çıxmaq sizə xeyir gətirməz. Amma mən həmişəkindən daha çox qazanc əldə etdim". İmam Sadiq (ə) isə həmin şəxsə xatırlayaraq buyurur: "Səfər etdiyin yerdə başın dünya malına qarışdı, gecələri yorğun yatdın və bir gün bu səbəbdən sübh namazın qəzaya getdi. Bütün qazandıqların həmin sübh namazında qazana biləcəklərindən qat-qat azdır və sən onu Allahdan heç vaxt əldə edə bilməzsən". Yəni Allahın vacib buyurduğu bütün əməllərin arxasında dərya qədər mənfəət var. Ramazan ayında oruc tutmağın mənfəəti də bu qəbildəndir. Məhəmməd Peyğəmbərin (s) Ramazan xütbəsində buyurduğu kimi: "Allah yanında bu ay başqa aylardan daha üstündür. Günlərin ən üstünü, gecələrin ən yaxşısı, saatların ən əfzəli bu aydadır". - Bəs cəmiyyətin islah olunmasında oruc tutub ibadət etməyin nə kimi rolu və əhəmiyyəti var? - Əvvəla, cəmiyyət özü fərdlərdən təşkil olunub. Fərdlərin islah olunması isə bütövlükdə cəmiyyətin islahına gətirib çıxarır. Bu baxımdan oruc tutmaq, Allaha ibadət etmək insanları əxlaq, mərifət, dözüm, səbir dolu yola istiqamətləndirir. Ən başlıcası isə oruc tutmaqda məqsəd ac qalmaq yox, islah və tərbiyə olunmaqdır. Sözün həqiqi mənasında oruc bunun üçün gözəl bir vasitədir. Ətrafdakılarımıza diqqət etsək görərik ki, bir insan namaz qılmasa da, oruc tutur. Digər aylardan fərqli olaraq Ramazan ayında günah işlərdən, Allahın haram buyurduğu təamlardan uzaq olmağa çalışır. Amma ildən ilə tutduğu oruc onu nəticədə islah edib, dinə-imana gətirir, namaz əhli qərar verir, nəfsi paklaşır, həyata baxışı dəyişir. Bütün bunlar islah olmaq deməkdir. Bir ay ərzində insan bacardıqca öz nəfsini cilovlasa, növbəti aylarda da bu, adət halına çevriləcək. - Deyirlər ki, oruc saxlamaq insanda mərhəmət hissi yaradır, onu səxavətli olmağa meylləndirir. Yəni dövlətli kasıbın vəziyyətini dərk etməyə başlayır. Sizcə bu kəlam ölkəmizdə özünü hansı səviyyədə doğruldur? - Mübarək Ramazan ayında Yaradan bəndələrini ac saxlamaqla aclıq çəkənlərdən imkanlıları, toxları xəbərdar edir. Onlara ac qalmağın necə də çətin olduğunu bildirir, imkansızların vəziyyətini tanıtdırır. Oruc tutmaq bəlkə də aclıq və susuzluqdan heç vaxt əziyyət çəkməyən zəngin, var-dövlət sahiblərinə yoxsulların hansı hislər keçirdiyini yaşadır. Məhz bu səbəbdən orucluğun ən böyük ictimai faydası onun varlılarla yoxsullar arasında həmrəylik yaratmasındadır. Həzrət Peyğəmbərimiz (s) Ramazan xütbəsində buyurur: "...Ramazanda ac və susuz qalmaqla, Qiyamət gününün aclığını və susuzluğunu yada salın. Kasıbların əlindən tutun, qocalara ehtiram göstərin, uşaqları əzizləyin, qohumlarınızla mehriban olun. Dilinizi nalayiq söhbətlərdən, gözünüzü harama baxmaqdan, qulağınızı sizə yaraşmayan sözləri eşitməkdən çəkindirin! Başqalarının yetimlərilə mehriban rəftar edin ki, sizin yetimlərinizə qarşı da mehriban olsunlar..." Təəssüf hissi ilə qeyd etmək olar ki, bəzən ibadət əhli olan imkanlı şəxslər də loru dildə desək, kasıba əl tutmur. Elələri var ki, aylarla, illərlə böyük bir saray tikdirir, ona min cür bər-bəzək vururlar. Halbuki, onlar var-dövlətinin 10-20 faizini xərcləməklə firavan, təmtaraqlı yaşaya bilərlər. Bugünkü cəmiyyətimizdə bir qism insanlar var-dövləti alın təri ilə qazansalar da, əksəriyyəti digərilərinin haqqı üzərində firavan həyat qurublar. Onların ürəyində nə Ramazan ayında, nə də digər aylarda mərhəmət hissi oyanmır. Lakin onlar bilmirlər ki, bu əməllərilə Cəhənnəmin ən dəhşətli cəzasını qazanırlar. Düzdür, xeyirxahlıq, kimsəsizlərə, kasıblara yardım etmək məcburi deyil. Amma ruzini Allah-Təala yetirirsə və sərvətini günü-gündən artırırsa, sən də Yaradanı daim xatırlamalı, Onun buyurduqlarına uyğun səxavətli, mərhəmətli davranmalısan. Ramazan ayı bunun üçün də, yəni Allaha səxavətli, mərhəmtli, yardımsevər olduğunu göstərmək üçün böyük fürsət yaradır. Fikrimcə, bunu düşünməyən insanlar qəflətdədirlər.
|