Şenbe, 21.12.2024, 20:07
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 45
    Qonaq: 45
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 26 » QƏMLƏR ŞƏHƏRİNİN QƏMLİ HEKAYƏSİ
    22:17
    QƏMLƏR ŞƏHƏRİNİN QƏMLİ HEKAYƏSİ
     
     
     
     
     
     
    Qüds...
    Qəlblərdə göynəyən, sağalmaq bilməyən bir dərdli yara...

    Qüds...
    Dinlərin qovuşduğu, yolların ayrıldığı qəmlər şəhəri.
    Qüdsdə gündüzlər iztirablarla qaralar - gecələrə dönər.
    Qüdsdə gecələr dözülməz zülmətlərə bürünər. Bürüyər bu zülmət öz vəhşəti ilə hər küçəni, döngəni, məhəlləni.
    Ağlayar qəmlər şəhəri taleyinə, ağlar nəmli gözləri ilə. Gündüzlər bəsləyər göz yaşlarını, gecələrdəki hıcqırıqları çevrilər qulaq batırıcı hayqırtılara.
    Yanaqlarından süzülən damlalar bir qəmli leysan olar. İslanar ruhu bu qəm yağışının altında. Titrəyər, üşüyər vücudu. Göz yaşı yükünün altında əzilər, incinər qəmlər şəhəri. İnləyər, sızlayar, ucalar göylərə çəkdiyi nalələr. Doymazmı səmalar bunca ahdan?! Əzablar içərisində keçirdiyi gecənin ardından, sökər dan yerini öz islaq kiprikləri ilə.
    Üzülər tənhalığına, yalnızlığına qəmlər şəhəri.
    Bir qərib ömrü yaşar öz vətənidə - qəlbində Xorasandakı “Qərib”in sevgisi ilə...
    Bir məhbus ömrü sürər öz vətənində - ürəyində Kazımeyndəki “Məhbus”un məhəbbəti ilə...
    Buxovlu qolları, sarınmış əlləri ilə yaşadığı zindan həyatına üsyanı gündüzlərdəki pıçıltıları, gecələrdəki hayqırtılarıdır.
    Yanar, qovrular həsrət atəşi ilə qəmlər şəhəri.
    Bir merac gecəsində Məscidül-Həramdan Məscidül-Əqsaya qədəm atan mübarək qədəmlərin həsrətidir çəkdiyi həsrət. Dodaqlarında hicran nəğməsinin zümzüməsi ilə Mədineyi-Münəvvəriyyənin gül qoxulu ətrinin həsrətidir çəkdiyi həsrət.
    Çiyinlərində həsrət yorğunluğu ilə Zülfüqarın şücaətli cingiltisini eşitmək həsrətidir çəkdiyi həsrət.
    Dağlayar ürəyini Kərbəladan Şama yol tutan dərdli karvanın atdığı hər dərdli addım.
    Közləyər ürəyini “bəlalı” səhranın qaynar qumsalı.  
    Sızladar ürəyini zavallı Bəqinin pünhan saxladığı sirr.
    Haqsızlıqlar, vəfasızlıqlar usandırar onu, küsdürər kövrək qəlbini həqarətlər, ədalətsizliklər.
    Küskündür o, Taifin daşına, kəsəyinə. Mübarək üzə, mübarək vücuda tuşlandıqlarına görə.
    Küskündür o, Fərata. Dodaqların, ciyərlərin susuzluqdn alışıb köz olduğu gündə məcrasını dəyişmədiyinə görə.
    Küskündür o, bəşərə, küskündür. İntizarında olduğu “Kəsin” qeybdə olmasına bəşərin səbəbkar olduğuna görə.
    Hicranın atəşi qəlbini yandırıb qovurarkən, bir ümid yaşadar içində. Göz yaşları ilə suvarar bu ümid fidanını. Sonsuz bir ümidlə “Rəbbim” deyə nida edər göylərə, nidasıyla qucaqlayar sonsuz rəhməti. Xaliqinin “Dua edin, icabət edim” çağırışına səs verərək bir aramlıq gətirər narahat qəlbinə, və yenə qərq olar göz yaşı yağmurlarına. Göz yaşları içində sevgilisinə münacatı ilə təsəlli verər qəm məskəni olan sınıq könlünə.
    Susdurmayın onun ağlayan gözlərini, əngəl olmayın onun göz yaşlarına. Qoy qarışsın göz yaşlarımız onun yaşlarına. Qoy ərisin bu yaşların hərarətindən qəlbimizin buzları. Qoy dava olsun bu göz yaşları yaralı ruhlarımıza. Göz yaşları ilə sulansın bizim də qəlbimizin qönçələri. Qoy göz yaşlarımızla çevrilsin könüllərimiz gülüstana. Qoy birləşsin əllərimiz, qoy birləşsin qəlblərimiz. Bir vəhdət himni bəstələyib duyuraq dünyaya, Təkbir nidaları ucalsın göylərə. Silək lüğətlərdən vəfasızlıq, ədalətsizlik, zülm kimi kəlmələri. Qoy bitsin bu həsrət, bu hicran, bu intizar.

    Aygün Kərim
    İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
    «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


    "Deyerler" AİN

    Категория: Dünyada | Просмотров: 1295 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər