Sürücülər DYP və yerli icra strukturlarını hərəkətsizlikdə ittiham edirlər
Bakıya sentyabrın 27-də axşam saatlarından yağmağa başlayan yağış yenə də paytaxtın payıza (eləcə də qışa) hər il olduğu kimi, bu dəfə də hazır olmadığını nümayiş etdirdi. Səhər saatlarından indiyədək ANS PRESSin qaynar xəttinə daxil olan şikayətlərin əksəriyyəti yollarda nəqliyyatın hərəkətinin çətinləşməsi, magistral xətlərdə iri gölməçələrin yaranması, yerli icra strukturları və Dövlət Yol Polisi əməkdaşlarının belə vəziyyətdə heç nə etməməsi barədədir. Sürücülər xəbər verirlər ki, Xətai, Binəqədi, Sabunçu, Əzizbəyov rayonlarının ərazisində vəziyyət daha acınacaqlıdır. Təxminən 50-90 sm dərinliyində olan gölməçələrdə indiyədək onlarla maşın yığılıb qalıb. Onların hamısı suya tab gətirməyərək sönüb. Bu da txaclara səbəb olub.
Bakı şəhər icra hakimiyyətilə əlaqə saxladıq. Növbətçi hissədən bildirdilər ki, hazırda bu strukturda iş günü deyil, amma «onlarda olan məlumata görə, yerli icra hakimiyyətlərinə göstəriş verilib ki, yollarda yığılan suyu xüsusi maşınlar vasitəsilə nasosla sovursunlar». Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən isə ANS PRESSə dedilər ki, «imkan daxilində vəziyyətdən çıxmağa çalışırıq». /ANS PRESS/ |