Bazar, 22.12.2024, 06:55
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 3
    Qonaq: 3
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » 14 Mesum » İmam Askeri (a)

    İMAM HƏSƏN ƏSKƏRİ (Ə) HAQQINDA BİR NEÇƏ SÖZ

    İMAM HƏSƏN ƏSKƏRİ (Ə) HAQQINDA BİR NEÇƏ SÖZ

    Bu gecə bayram axşamıdır, yə`ni 11-ci imam həzrət Həsən Əskərinin (ə) mövlududur. Bu gecə həzrət Sahibəz-zamanın (ə.c.) müqəddəs vücudunu təbrik etməliyik. Əlbəttə, xatirəsini əziz saymağımız vacibdir. Başqa imamlar kimi, imam Həsən Əskəri əleyhissəlam da dövri hakimiyyətin təzyiqlərinə mə`ruz qalmışdı. Həzrət Sahibəz-zamanın dövrünə yaxınlaşdıqca imamların həyatı çətinləşmişdir. Onlar Samirədə idilər. Samirə o zaman xilafət mərkəzi idi. Abbasi xəlifəsi Mö`təsimin zamanından e`tibarən, xilafət mərkəzi Bağdaddan Samirəyə köçmüşdü. Bir neçə müddət orada qaldıqdan sonra yenə də Bağdad mərkəz oldu. Səbəbi də Mö`təsim ordusunun əhaliyə etdikləri zülmlər və xalqın onlardan şikayət etməsi idi. Mö`təsim əvvəlcə bu şikayətlərə qulaq asmırdı, amma nəhayət ordunu xalqdan uzaqlaşdırmaq üçün mərkəzi Samirəyə köçürməyə razılaşdı.

    İmam Həsən Əskəri (ə) və İmam Hadi (ə) məcburi halda Samirədə qalırdılar. Orada qaldıqları yerin adı «əl-Əskər» ya «əl-Əskəri» imiş. Yə`ni, onların yaşadığı məntəqə hərbi mərkəz idi və onlar orada nəzarət altında idilər. O, iyirmi səkkiz yaşında ikən dünyaya göz yumdu. (O həzrətin atası İmam Hadi (ə) təxminən 42 yaşında dünyadan köçmüşdü. Onun imamlıq dövrü yalnız 6 il olmuşdur). Tarixi məlumatlara əsasən, o həzrət altı il imamlıq dövründə, ya həbsə alınmış, azad olduğu halda da heç kimlə görüşmək imkanına malik olmamışdı. Onlarla görüşüb söhbət etmək azad deyildi. Evlərinə olan get-gəl, yaxud o həzrətlə olan bəzi görüşlər də hakimiyyətin nəzarəti altında həyata keçirilirdi. Qəribə bir vəziyyət hökm sürürdü. Bilirsiniz ki, hər bir imamda müəyyən bir xüsusiyyət daha qabarıq şəkildə müşahidə olunurdu. Xacə Nəsirəddin Tusi öz şe`rlərinin birində hər bir imamı müəyyən bir xüsusiyyətlə vəsf etmişdir. İmam Həsən Əskəri (ə) də cəlal (böyüklük) və heybət (vüqar) kimi gözəl sifətlərlə başqalarından seçilmişdi. Yə`ni, onun simasındakı cəlal, əzəmət və vüqar o qədər tə`sirli idi ki, o həzrətlə görüşən hər bir şəxs heç bir söz danışmadan onun gözəl simasına tamaşa edirdi. O, hikmət və mə`rifət dəryası idi; dilə gəlib danışarkən başqaları qeyri-ixtiyari olaraq, susub qulaq asardılar. Bir çox rəvayət və əhvalatlarda bu vəziyyət tamamilə açıqlanmışdı. Hətta düşmənlər də Həzrəti həbsə alıb müxtəlif işgəncələr verməklərinə baxmayaraq, onunla üzbəüz olduqda sakitləşir və onun qarşısında tə`zim edirdilər. Bu haqda (Mühəddis Qumi) «Əl-ənvarül-bəhiyyə» kitabında əl-Mö`təmid Ələllahın oğlu Əhməd ibni Übeydullah ibni Xaqandan, o isə atasından bir əhvalat nəql etmişdir. Çox qəribə bir əhvalatdır, amma onu burada söyləməyə vaxt yoxdur.
     

    İmamı bu qədər ciddi nəzarət altında saxlamağın əsas səbəbi İmam Zaman Həzrət Məhdinin onun nəslindən olması xəbərinin xalq arasında yayılması idi. Onlar bilirdilər ki, ümmətin Məhdisi İmam Həsən Əskərinin oğlu olmalıdır. Fir`onun Bəni-israilə qarşı gördüyü tədbirlər də bu cür idi. Eşitmişdi ki, Bəni-israildən doğulacaq bir uşaq Fir`on və fir`onilərin arxasını yerə vuracaqdır. Ona görə də Bəni-israilin oğlanlarını öldürtdürüb, qızlarını diri saxlayırdı. Onların qadınlarını yoxlayıb, hamilə olanlarını nəzarət altında saxlamaq üçün bə`zi qadınları evlərə göndərirdilər. Bu işi İmam Həsən Əskəri əleyhissəlam ilə də edirmişlər [onun həyat yoldaşını da müntəzəm olaraq yoxlayırmışlar]. Mövləvi necə də yaxşı demişdir:

    Məzmunu:

    Qeybdəki kişilərin yolunu bağlamaq üçün,

    Onlara qarşı yürüşə başlayırsanmı?!

    Onlar düşünmürdülər ki, bu söz doğrudursa, Allahın iradəsinin qarşısını almaq olarmı?! Hərdən bir Həzrətin evində axtarış aparmaq üçün adamlar göndərilirdi. Xüsusilə, İmam dünyadan köçdükdən sonra axtarışlar şiddətlənmişdi; (çünki, bə`zən həzrət Məhdinin doğulması haqda xəbərlər eşidilməkdə idi). Yə`qin ki, həzrəti İmam Zamanın (ə) təvəllüdü haqda məşhur olan əhvalatı eşitmisiniz.

    Allah-taala bu müqəddəs varlığın viladətini gizli saxlamışdı və onun doğulduğunu çox az adamlar bilirdilər. Atası dünyadan getdiyi zaman o həzrətin altı yaşı var idi. Uşaqlıq dövründə yalnız əsil şiələr onu görə bilmişdilər və bu barədə çox az adamlar məlumatlı idi. İmam Həsən ibni Əli Əskərinin (ə) bir oğlu olması və onu hamıdan gizli saxlaması müəyyən mənada hökumətə də məlum idi. Ona görə də bə`zən bu uşağı tapıb öldürmək üçün o həzrətin evinə xəfiyyələr göndərirdilər. Amma bəndələr Allahın istədiyinin əksinə əməl edə bilərlərmi?! Yə`ni, Allah-taalanın qəti şəkildə müqəddər etdiyi bir məsələ heç bir bəşər əli ilə dəyişilməz. Həzrətin vəfatından sonra mə`murlar imamın evini axtarmaq üçün oraya töküldülər. Hamilə qadın tapmaq üçün oraya qadın casuslar göndərirdilər. Kənizlərin birinin hamilə olmasından şübhələndilər. Onu aparıb bir il saxladılar və hamilə olmadığını bildikdən sonra buraxdılar.

    İmam Əskəri (ə)-ın Hüdəys adlı bir nənəsi var idi. Həzrət İmam Zamanın (ə.c.) nənəsi olduğu üçün ona cəddə (böyük nənə, ata və ya ananın anası) deyirmişlər. Tarixdə nəvələrinin adı ilə məşhur olan və cəddə deyə, çağrılan bə`zi başqa qadınlar da vardır. Məsələn şah Abbasın nənəsi ki, İsfahanda onun adı ilə bağlı olan cəddə adında iki məktəb vardır. Nəvəsinin adı ilə məşhur olan qadına cəddə deyirlər. Bu ulu qadın da cəddə ləqəbi ilə məşhur olmuşdur. Amma məşhurluğunun təkcə səbəbi cəddə olmaq deyildi. O, yüksək məqam və mənəviyyat sahibi idi. Mərhum Mühəddis Qumi (r.ə.) «Əl-ənvarül-bəhiyyə» kitabında yazır ki, İmam Əskəridən (ə) sonra, bu böyük qadın «məfzəüş-şiə» (yə`ni, şiənin böyük himayəçisi, qayğıkeşi) sayılırdı. Yə`qin ki, o vaxt (hesab üzrə İmam Həsən Əskəri (ə) iyirmi səkkiz yaşında vəfat etdiyi zaman) bu qadın əlli-altmış yaşında imiş. Hüdəys o qədər kamallı və cəlallı bir qadın imiş ki, şiəliyə aid hər hansı bir problem qarşıya çıxdıqda, bu qadından soruşarmışlar.

    Bir nəfər deyir: «İmam Əskərinin (ə) bibisi İmam Cavadın (ə) qızı Həkimə Xatunun yanına getdim. İmamət məsələsi haqqında onunla danışdım. Bu barədə öz fikirlərini söyləyib imamlar haqda bir-bir danışdı, söz İmam Əskəriyə (ə) çatdıqda dedi: «İndi mənim imamım onun oğludur, hərçənd ki, o, hal-hazırda qeybdədir.» Dedim: «O, aşkar olmadığı halda çətinliklə rastlaşdığımız vaxt kimi görməliyik?» Dedi: «Cəddəni görün.» Dedim: «Qəribədir! İmam dünyadan gedən zaman bu qadına vəsiyyət etdimi?» Buyurdu: «İmam Əskərinin (ə) etdiyi bu iş Hüseyn ibni Əlinin (ə) üslubu kimidir. Həzrət İmam Hüseynin (ə) həqiqi vəsisi Əli ibni Hüseyn idi. Ancaq, o həzrət bir çox vəsiyyətlərini bacısı Zeynəbə (ə) etməmişdimi? İmam Həsən Əskəri (ə) da həmin işi görmüşdür. Onun həqiqi vəsisi qeybdə olan oğludur. Ancaq, şəraitin ağır olması onu tanıtdırmağa imkan vermədi. Ona görə də zahirdə bu böyük qadını öz vəsiyyətçisi tə’yin etmişdir».

    İlahi! Bizi İslam və Qur’anın qayğıkeşlərindən, Peyğəmbərin və onun pak Əhli-beytinin (ə) həqiqi ardıcıllarından qərar ver! Öz mə’rifət və məhəbbət nurunu bizim qəlbimizə daxil et! Peyğəmbər və onun övladlarının məhəbbət və mə’rifət nurunu bizim ürəyimizdə yerləşdir! Ölənlərimizi öz rəhmətinlə bağışıla və qalanlarımızı haqq yola hidayət et! Amin!»

    Категория: İmam Askeri (a) | Добавил: al-shia (14.07.2008) | Автор: USTAD ŞƏHİD MÜRTƏZA MÜTƏHHƏRİ
    Просмотров: 1893 | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər