HACI iLQAR iBRAHiMOĞLU: - 18 Июля 2008 - ....::İslam::....
Cüme, 09.12.2016, 09:43
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6768
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » İyul » 18 » HACI iLQAR iBRAHiMOĞLU:
    14:48
    HACI iLQAR iBRAHiMOĞLU:
     
     
     
     
    Mübarək Rəcəb ayının gözəl günləri bir ruhi-mənəvi imkanlarla  yaşanmaqdadır.
    Mübarək «üçaylıq» - xüsusi bərəkət və nurla dolu rəcəb, şaban, ramazan ayları barədə məlumatı olan insanlar dünyanın harasında olmalarından asılı olmayaraq, ilin bu vücudi mövsümünü dolğun və mənalı yaşamağa çalışırlar. Uca Allahdan diləyimiz budur ki, bu mübarək mövsümü tanımaq ləyaqətini və onun bərəkətlərinə sahib çıxmaq tofiqini qismət etsin, inşəallah!
     


    HƏZRƏT ƏLİ (ə) MÖVLUDU

        Mübarək rəcəb ayının ən böyük fəzilətlərindən biri odur ki, bu ayda Əmirəlmöminin Həzrət Əli (ə) dünyaya gəlmişdir. Besətdən 10 il öncə, rəcəb ayının 13-də Möminlərin Əmiri (ə) öz mübarək mövludu ilə bəşəriyyəti nurlandırmışdır. Bəşəriyyətə nicat üçün gələn Həzrət Rəsuli-Əkrəmin (s) mübarək davamçısının mövlududur bu.

        Amma bu mövludlar yalnızca təqvimdə qeyd olunmaq üçün deyil. Bu mövludların hər biri əslində müsəlman üçün bir hesabat günü olmalıdır. Peyğəmbər (s) yolunu, Əhli-beyt (ə) yolunu getməyə səy edən insan üçün, Əli (ə) gözəlliyini, Əli (ə) zirvəsini tanımağa, müəyyən dərəcədə dərk etməyə iddialı olan insan üçün bu mövlud öz-özünü hesabata çəkmək günüdür. Müsəlman gərək özünün hesabatını aparsın, görsün nə dərəcədə Peyğəmbər (s) yoluna, Əli (ə) yoluna yaxındır? Nə qədər Əmirəlmömininin (ə) mübarək vücuduna uyğun həyat tərzi keçirir? Nə qədər o Həzrətin (ə) ardıcılı olmağa layiq həyat tərzi yaşayır? İstər fərdi həyatında, istər ailə həyatında, istər ictimai həyatda bu insanın yaşayışı nə dərəcədə Əlivaridir? Bu sualı özünə verməlidir hər bir Rəsulullah (s) yolçusu, Əli (ə) yolçusu…

    ƏLİ (ə) ZİRVƏSİNİ ANLAMAQ

        Əmirəlmöminin (ə) bir hərtərəfli şəxsiyyət idi. Və onun yolunun yolçusu olmağa iddiası olan insan, gərək hərtərəfli şəxsiyyət olsun. Həyatın hər bir səhnəsində şücaət, mərdlik, ağıl, dürüstlük nümunəsi olmağa can atsın Əli (ə) ardıcılı.

        Bütün mənəvi fəzilətlərə, yüksəkliklərə sahib olan, həyatın bütün müsbətlik adına nə varsa, hamısının zirvəsinə yetişən bir kamil insan idi Həzrət Əli (ə). Bununla yanaşı, Həzrət Əli (ə)ən sadə yaşamağın, ən mötədil həyat tərzinin nümunəsini təqdim edir. Və Əli (ə) yolçuluğuna iddialı insan gərək bu mətləblərin fərqinə varsın, əhəmiyyətini dərk etsin...

        Həzrət Əlinin (ə) mübarək varlığını tam dərk etmək – çox böyük bir məsələdir. Nəhəng tədqiqatlar aparılmış, böyük elmi araşdırmalar həyata keçirilmişdir, amma yenə də «Əli kimdir?» sualına dolğun cavab vermək, Əli (ə) zirvəsini axıradək anlamaq mümkünsüz olaraq qalır. Bizlərə o böyük insanın haqqında deyilənləri təkrarlıyıb, Allahın lütfü, inayəti ilə o gözəlliklərdən bir qədər bəhrə aparmaq – hərənin öz imkanı dərəcəsində – neməti müyəssər ola bilər…

        Həzrət Əlinin (ə) varlıq aləmində yeri o qədər yüksəkdir ki, İslam Peyğəmbəri (s) bu əlaqədə buyurur: «Ey Əli! Səni heç kim tanımadı: Allahdan və məndən başqa».

        Əmirəlmömininin (ə) yeri, vücudi dərəcəsi o qədər yüksəkdir ki, yalnız Yaradan və Rəbb olan Allah, və o Həzrətə (ə) tərbiyə verən Rəsuli-Əkrəm (s) onu tanıyır. Mümkünəl-vücud aləmindən, yaranmışlar dünyasından yalnız Həzrət Rəsulun (ə) özünün bəslədiyi, kamil insan olaraq yetişdirdiyi Əlini (ə) tanımaq imkanı var. Görürük ki, başqa bir yerdə Əziz İslam Peyğəmbəri (s) buyurur: «Ey Əli! Əgər sən olmasaydın, insanlar məndən sonra möminləri tanımazdılar».

        Əmirəlmöminin (ə) bir şəxsiyyətdir ki, Peyğəmbərdən (s) sonra «mömin kimdir?» sualının canlı cavabıdır. Möminin necəliyini özündə təcəssüm etdirən bir insandır Həzrət Əli (ə). Dünya inkişaf etdikcə, dünya irəli getdikcə sanki durum ona yaxınlaşır ki, Əmirəlmöminin (ə) daha çox tanınsın. İnsanların anlayışlarının genişlənməsi ilə, insanların mövzulara, məsələlərə yalnız ağ-qara prizmasından deyil, geniş spektrdə baxmağa başlaması ilə Əli (ə) dühası daha çox anlanılmağa başlayır.
     
    GÜNAHDAN QORUYAN VÜCUDİ PEYVƏND

        Əli (ə) dühasını anlamaq prosesi bəşərin tərəqqisinə bağlı bir məsələdir. Fəlsəfəçilər inkişaf etdikcə, əqli düşüncənin zirvəsini tapacaq. Mənəviyyat üçün, əxlaq üçün susamış toplumun teşnələri ona yetişəcək ki, Əmirəlmömində (ə) ürfani vəcd yaradan nöqtələri tapacaq. Sadə insanlar da, hərə öz imkanına görə, öz tutumuna, durumuna görə Əmirəlmömininin (ə) qoyduğu mübarək irsdən nələrisə götürəcək.

        İslam Peyğəmbərinin (s) Əliyə (ə) məhəbbətlə bağlı bir buyuruşu var. Həmin o mübarək buyuruşda deyilir: «Əliyə (ə) olan məhəbbət bir həsənədir (bir gözəl əməldir) ki, onun varlığı ilə heç bir günahın insana zərəri yetişməz».

        İslam mütəfəkkirləri bu mübarək buyuruşa gözəl izah verirlər. Bildirilir ki, Həzrət Əliyə (ə) olan məhəbbətlə sanki insanı günahlardan qorumağa yardım edən bir immun vaksinidir, bir qoruyucu peyvənddir. Necə ki, insanlar bu və ya digər xəstəliklərdən qorunmaq üçün, orqanizmin müxtəlif mərəzlərdən müdafiəsi üçün bir peyvəndlər, vaksinlər vurdururlar, eləcə də dinimizin nəzərində Əliyə (ə) məhəbbət o cür vücudi «peyvənd»dir. Əgər bu «peyvənd» insanın varlığına «vurulsa», əgər həqiqi mənada, sözün əsl mənasında insan vücudu bu «peyvənd»lə möhkəmləndirilsə, həyatın hər bir şəraitində o insan çox gözəl bir müdafiə olunmuş halda olar.

        Burada insanın gerçək mənada Əmirəlmömininə (ə) sevgisindən söhbət gedir. Elə olur ki, insanlar saatlarla Peyğəmbər (s) məhəbbətindən, Əli (ə) eşqindən, Hüseyn (ə) eşqindən danışa bilərlər, amma həqiqətdə sevginin nə olduğunu bilməyərlər. Amma həqiqi mənada, səmimi mənada insanın qəlbində Əmirəlmömininə (ə) sevgi olarsa, bu məhəbbətin elə bir istedadı, elə bir potensialı var ki, insanın varlığında xüsusi bir halət yaradır. Bu halət, bu durum elə bir effekt verər ki, günahlar insanın qəlbini ələ ala bilməz. Günahlar insanı buxovlaya bilməz. Günahlar insanın qəlbini mərəzləyə bilməz.  

    KAMALLA HƏMAHƏNGLİK

        Sanki Əliyə (ə) sevgi, Əliyə (ə) məhəbbət elə bir duruma səbəb olar ki, Əlinin (ə) varlığında olan gözəlliklərlə, fəzilətlərlə insanın qəlbində bir həmahənglik bərqərar olar. Əlinin (ə) sevdiyi şeyləri sevər, Əlinin (ə) ikrah etdiyi pisliklərdən, mənfiliklərdən çəkinər Əli (ə) aşiqi. Yetimə, zəifə himayəlik edər, kasıba həyan olar, zalıma qənim olar Əli (ə) aşiqi. Haqqı deməkdən çəkinməz, zülmə tərəfdar olmaz, məzlumu tənha qoymaz Əli (ə) aşiqi. Əliyə (ə) sevgi ilə qəlbini dolduran insanın vücudunda pisliklərə, günahlara yer qalmaz. Əli (ə) eşqilə dolu olan qəlbdə günaha meyl belə olmaz. Əlini (ə) sevən üçün günah öz həqiqi simasında – eybəcər və iyrənc bir mahiyyətlə bəlli olar. Günahı necə sevə bilər günahın həqiqətinə bələd olan, onun gətirdiyi zəlalətləri anlayan insan? Necə günahı iradəvi olaraq qəbul edə bilər o kəs ki, günahsızlıq təcəssümü ilə həmahəng döyünməsini istər qəlbinin? Necə günahı yaxın buraxa bilər o insan ki, günahsızlıq zirvəsinin eşqinə qərq edib könlünü? Necə günaha tərəf baxa bilər o insan ki, gözləri Əli (ə) eşqinin riqqəti ilə yaşarır?

        Əliyə (ə) məhəbbət fəzilətə səbəb olan kimi, Əli (ə) ilə ədavət də zəlalət gətirər. Peyğəmbərimizin (s) dilindən çox vurğulanıb ki, Həzrət Əli (ə) ilə ədavəti, düşmənçiliyi olanın vücudi baxımdan, zati baxımdan çox böyük nöqsanları mövcud olur. Əlini (ə) sevməyənin vücudi baxımdan böyük yetərsizliyi, kəsiri olur. Haqqla, ədalətlə, Allah yolu ilə müxalif olar Əli (ə) düşməni. Uca Yaradan hər bir bəndəni belə həlakətli durumdan saxlasın!

    BEHİŞT XƏZİNƏSİNDƏN OLAN 3 ƏMƏL

        Əli (ə) şəxsiyyətini tanımaq üçün, o Həzrətin (ə) buyuruşlarına diqqət yetirmək güclü yardım edər. Allah Təala da qismət etsin, Əli (ə) mövludu günlərində bu buyuruşların bir qədər də olsa, gerçək faydasını tapa bilək, qəlbimizə Əli (ə) məhəbbətinin hopmasına nail ola bilək.

        Həzrət Əlinin (ə) səbr və dəyanətlə bağlı belə bir buyuruşu var: «Behişt xəzinələrindəndir: yaxşılıq etmək və (yaxşı) əməli gizlətmək; müsibətlərə səbr etmək; müşkülləri, çətinlikləri gizlətmək».

        Dinimiz istəmir insanın işi-gücü öz durumundan giley-güzar olsun. Dinimiz istəmir insan öz həyatını şikayətlərə həsr etsin. Dinimizin bu baxımdan düsturu odur ki, insan əlindən gələn hər bir şeyi etsin çətinliyi dəf etmək üçün, və qaçılmaz müsibət önündə sınmasın, dəyanətlə dursun.

        Həzrət Əlidən (ə) praktik bir tövsiyəyə toxunduq burada. Yaxşılıq edirsənsə, bunu gizlət. Özünüreklam etmək yaxşılıqdan bir əsər qoymaz qəlbdə. Yaxşılıq yamanlığa çevrilər – sahibi tərəfindən deyilə-deyilə. Səbrli və dəyanətli olmaq, şikayətçilik ruhiyyəsinə qapılıb, əməli işlərdən, problemin gerçək həllindən kənara çəkilməmək – həyat prinsipi olmalıdır. Yaxşılığı edib gizlətmək, müsibət üz verdikdə səbr etmək, çətinliklərdən şikayətçi olmamaq – behişt xəzinələrindəndir.  

    DÜNYADA ZAHİD KİM OLAR?

        Dünyada zahid olmaqla bağlı Əmirəlmömininin (ə) əlamətdar bir buyuruşu var. Burada qeyd etmək lazımdır ki, «zahid» məfhumunun mənası ilə bağlı müxtəlif yanaşmalar var. Təəssüflər olsun ki, bəzən bu mövzuda ifrat-təfrit yanaşmalar üstünlük təşkil edir. Kimlərsə zahidliyi bir tərki-dünyalıq kimi təqdim etməyə çalışır. Yeri gəlmişkən, ümumiyyətlə, insan camiələrinin ən əsas problemləri ondan irəli gəlir ki, bəlli mövzularda ifrat və təfrit edirlər. Məsələn, zahidlik mövzusunda insanlar ya özlərini dünyaya tam təslim edir (guya zahidlikdən qaçmaq üçün), ya dünyadan tam imtina etmək istəyərlər (guya zahid olmaq üçün).

        İnancımız bu iki yanaşmanın heç birini qəbul etmir. İslam dini insanı real, gerçək həyatda yaşamağa dəvət edir. İslamın nəzərində zahid – təqva sahibi olan, lakin ictimada fəal yaşayıb-yaradan bir insandır. Həzrət Əli (ə) buyurur: «Dünyada zahid o insandır ki, haram onun səbrinə qələbə çalmasın və halal onu şükürdən saxlamasın».

        İnsan müxtəlif şəraitlərdə, vəziyyətlərdə, sınaq və imtahanlarda ola bilir. Bu imtahanlarda ən mühüm keyfiyyətlərindən biri – səbirdir. Haramdan çəkinmədə səbir, vacibatları yerinə yetirməkdə səbir – hər bir zərurətdə səbir etmək. Əgər haram gəlib səbretməni üstələsə – çox pis aqibətlə üzləşəcək insan. Və eyni zamanda, halal ruzi nə qədər artsa da, insan şükrü unutmasın. Bir mötədil vəziyyətdə bulunsun gərək insan. Və insanın keyfiyyətini gərək zahiri cəhətlər deyil, əqidəvi motivləri müəyyən etsin.

        İnsanlar daima ifrat və təfritdədirlər. Amma dinimiz insanı bir mötədil həyat tərzinə dəvət edir. Həyatda olmaq, amma həyatda var ikən, Allah bəndəsi olmaq. Həm asandır bu, həm çətin – insanın buna münasibətindən asılıdır. Əgər insan anlasa və iradə göstərsə, onun üçün bu asan olar. Uca Allah da ona öz lütfünü inayət edər. Amma insan özü mürəkkəbləşdirsə, özü qəlizdəşdirsə – çətindən çətin olar ona bu imtahanı vermək.

        Bəndəlikdir insanlığın cövhəri. Bəndəlikdir insanın həyatda ən çox nail ola bildiyi şey. İnanc adına nə varsa, həyatda varkən insanın edə biləcəyi nə varsa – hamısı bəndəlik konsepsiyasında öz əksini tapmışdır. İnsan hər nə peşənin sahibi olursa-olsun, üzərinə düşən ən mühüm missiya – Allah bəndəsi olmaqdır. Yaşayışının hər bir təzahüründə bəndə kimi yaşamaqdır.

    DƏYƏR – YAXŞILIĞA GÖRƏDİR

        Bəndə olmağın yolu – hər zaman öz durumuna nəzarət etməkdən keçir. Nə sırf oxumaqla, nə çox işləməklə əldə etmək olmur bunu. Əsas məsələ – insanın öz Allahı ilə rabitəsini itirməməsidir. İnsan olmaqlığını qorumaqdır, hifz etməkdir əsas məsələ. Və bu insanlıq konkret əməllərlə təzahürünü tapmalıdır. Həzrət Əli (ə) buyurur: «Hər kəsin dəyəri – onun etdiyi yaxşılığa görədir».

        Bəzi cahillərin düşündüyü kimi, insanın dəyəri dərisinin rənginə görə, nəslinin-nəcabətinin qədimliyinə görə, kişi və ya qadın olmasına görə, doğulduğu məkana, ailəyə görə, hansısa tayfaya aidiyyətinə görə, puluna, malına, mülkünə, yaxud bu qəbildən hansısa digər məsələlərə görə deyil. İnsanın dəyərliliyi onun iradəvi işlərinə bağlıdır. Əgər insanın yaxşı işləri, gözəl rəftarları, bəndəlik müstəvisində etdiyi nəcib işləri varsa – dəyərlidir, möhtərəmdir. Əks təqdirdə, özü barədə nə qədər yüksək düşünsə də, əslində özünü dəyərdən salmışlardandır. İnsanın zahiri də çox mömin ola bilər. Amma əməldə təzahür etməsə, heç bir xeyri yoxdur.

        Həzrət Əlidən (ə) belə bir buyuruş var: «O kəs ki, özü ilə Allah arasında münasibəti islah edər, Allah Təala da onunla insanlar arasında münasibətləri islah edər».

        Fikirləşən olar ki, əvvəlcə insanlarla işlərimi yoluna qoyum, sonra Allah Təalanın vacibatlarına diqqət ayırararam. İslam dini başqa bir formul təklif edir: deyir, sən Allahla işlərini düz qur, qalanı həll olunan məsələlərdir.

        Mübarək hədisin davamında bildirilir: «Və o kəs ki, axirət işini düzəldər, Allah Təala onun dünya işini qaydaya salar».

        İnsan öz əbədi həyatı barədə düşünsə, ötəri məqamlara görə qəlbini satmasa, vicdanını susdurmasa – uduzanlardan olmaz. Allah Təala onun dünyasını da, axirətini də bərəkətli və uğurlu edər.

        Mübarək hədisdə daha sonra deyilir: «Və o kəs ki, özündən özü üçün moizə edən olar, Allah da onun hafizi olar».

        İnsan bir pis iş tutmaq istəyəndə, daxilindən «bunu etmə!» xatırlaması gələrsə, xoş halına. Əgər insan öz vicdanını itirməsə, yatırtmasa, susdurmasa, onun içindən danlayanı, yönəldəni, moizə edəni itməz. Vicdanın səsi silkələyər onu, qoymaz rəzilliyə yuvarlansın. Belə olan halda, Allah Təala da onun hafizi, qoruyanı olar.
     
    ÖTƏRİNİN PİS SONUCUNU XATIRLA

        Özü əməl edəndir Həzrət Əli (ə), ona görə kəlamının belə təsiri və belə davamlılığı var. Silkələyir insanı, qoymur özünü aldatsın. Qoymur gündəlik burulğanda qərq olub, özünü unutsun. Buyurur Əmirəlmöminin (ə): «Xatırlayınız ki, ləzzətlər sona çatacaq,amma onların pis sonucu yerində qalacaq».

        İnsan gərək unutmasın ki, inanc radiusundan, bəndəlik radiusundan xaric olsa, ani aldadıcı nəsnələrə görə özünü aldatsa, sonda peşman olapcaq. Ləzzətlər ötəcək, amma haramın vurduğu yaralar qalacaq, insanı göynədəcək. Əlbəttə ki, bunu hər bir düşünən insan bilir. İnsan gərək özünü aldatmasın. Ayıq halda yaşasın və bəndəliyini unutmasın.

        Təbərrük üçün sonda rəcəb ayında bəyənilən əməl olan oruc barədə Həzrət Əlinin (ə) buyuruşunu xatırlayaq: «Oruc tutanın yuxusu ibadət, sükutu təsbih, duası müstəcəbdir və əməli iki bərabərdir. Şübhəsiz, oruc tutan üçün iftar vaxtı duanın müstəcəb olması (mükafatı) var».

        Allah Təala bizləri və cəmi insanları bəndə olmağın şirinliyini dərk edib, həyatında yaşadanlardın qərar versin! AMİN!
    Hacı İlqar İbrahimoğlu
    ilahiyyatçı-filosof,
    İçərişəhər «Cümə» məscidinin imam-camaatı



     
    Категория: Cümə söhbətləri | Просмотров: 925 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    24.01.2009 Спам
    1. Elvin (vesi_sahabe)
    Tesekur Meqaleye gore

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər