Cüme axşamı, 21.11.2024, 22:46
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Aşuraya hazır, dinimize sahib olaq!
    null  Aşuraya hazır, dinimizə sahib olaq!

    “...Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!” (ər-Rəd 17)

    Hər gün Aşura, hər yer Kərbəla və hər ay Məhərrəmdir.
    Bismillahir-Rahmənir-Rahim! Əl-həmdu lilləhi Rabbil-aləmin! Məhərrəm ayı müsəlman aləminin ən ağrılı-acılı, qəm-qüssəli əzadarlıq ayıdır. Bu ayda edilən əzadarlıqlar, qurulan matəm məclisləri, İslam Peyğəmbərinin ciyərparəsi, “Cənnət cavanlarının Seyyidi” adlandırdığı, İmam Huseyn (əleyhis-sələm)-ın və tərəfdarlarının şərəfli şəhadəti ilə bağlıdır. Fürsətdir ki, Məhərrəmlikdən, xüsusən Aşura məclislərinin savabından hər bir müsəlman lazımi şəkildə faydalansın.

    Kərbəla hadisəsi, tarixdə yeganə olmasa da, çox nadir hallarda rast gəlinən hadisələrdəndir. Əbəs deyil ki, Kərbəla çölündə baş vermiş bu qanlı inqilab, bu günə qədər unudulmayıb, yaddaşlardan silinməmişdir. Üstəlik hər il fəxrlə anılır, şəhidlərin xatirəsi əziz tutulur, ehtiramla yad edilir. Hər il Aşura məclislərinin qeyd edilməsi, bu faciəniənin təzələnməsinə, yenidən canlanmasına səbəb olur, üstəlik mənəvi dəyərlərin qorunub saxlanmasında, ruhumuzun saflaşmasında mühüm rol oynayır. Təəssüf ki, İmam Hüseyn (ə) məclislərinin mahiyyətini anlamayanlar da, olduqca çoxdur. Onlara görə artıq 21-ci yüzillikdir və 1400 il tarixi olan bir hadisənin, bu günədək yaddaşlarda təzələnməsi, isanların kütlə halında məscidlərə üz tutması, ağlayıb-sızlaması mənasızdır və heç bir əhəmiyyəti yoxdur. Görəsən həqiqətən də, Məhərrəm ayında matəm saxlamağa ehtiyac varmı. Bu matəm məclisləri nə kimi əhəmiyyət daşıyır?
    Bu suala cavab verməzdən əvvəl, ən-ənəyə sadiq qalaraq, şəhidlər Sərvərinə həsr olunmuş tədbirlərin təşkilinə rəvac verən Aşura inqilabının səbəblərini, xüsusilə də, inqilabçıların hədəf və məqsədlərini qısa da, olsa araşdırmaq lazımdır. Bu ona görə məqsədəuyğundur ki, məhz bu araşdırma nəticəsində, İslam fədailərinin, dini təlimlərin, haqq-ədalətin, azadlığın bərpası, bir sözlə Allah yolunda hər şeylərini qurban verdikləri aşkara çıxacaq, beləliklə Məhərrəmliyin mahiyyətini anlamaq çətin olmayacaq. Söz yox ki, biz Həzrət Huseyn (ə)-ın məsumluğuna, hər növ xəta və günahdan uzaq olmasına tam səmimiyyətlə inanırıq. Bu bizim sarsılmaz əqidəmizdir. Amma, məsələyə səthi yanaşaraq, Aşura qiyamını “iki əmioğlunun münaqişəsi” adlandıranların, həqiqətləri görməsi üçün, Aşuranın təhlilinə qısa da olsa ehtiyac var.
    Dəfələrlə qiyamın səbəbləri kimi, “bey`ət”, “də`vət” və “islahat” amilləri haqqında geniş şəkildə məlumat verilib, kitablar yazılıb, ruhanilər tərəfindən minbərlərdə moizələr edilmişdir. Hər üç amilin qiyamın həyata keçməsində mühüm rol oynaması bizim üçün bəllidir. Əlbəttə ki, bu amillərin rolu eyni dərəcədə olmamış, hərəsi özünəməxsus şəkildə hərəkatın formalaşmasına şərait yaratmışdır. “İslahat” amili, ilk iki amillə müqayisədə, hərəkata daha çox tə`sir göstərmiş, Yezidin İmam (ə)-dan bey`ət istəməsi və kufəlilərin israrlı də`vəti isə, sadəcə hərəkata təkan vermiş, bəlkə də, hərəkat rəhbərinin qətiyyətinin artmasına səbəb olmuşdur. Və yaxud, belə də deyə bilərik ki, “bey`ət”lə “də`vət”, həmin dövrün şəraitinə görə meydana çıxan amillər idi. Yə`ni, Peyğəmbər övladı yeni qurulmuş höküməti rəsmi olaraq tanımadığı üçün, zorla bey`ət etməsini tələb etdilər. Əksinə, İmam (ə) da, bey`ət edib zillət içində yaşamağa razı olsaydı, əlbəttə ki, məcburi bey`ətdən söhbət gedə bilməzdi və yaxud buna ehtiyac olmazdı. Həmçinin, Müaviyənin ölümü və vəfasız Kufə camaatının Yezid hakimiyyəti ilə barışmaması səbəb oldu ki, İmamı Kufəyə də`vət etdilər. Əks təqdirdə “də`vət” də baş tutmayacaqdı. Bundan əlavə əgər, İmam (ə) Kufə camaatının də`vətinə görə qiyam etmək fikrinə düşsəydi, həmin camaatın xəyanətindən (İmamı tərk etmələrindən) sonra, qiyam fikrindən daşınıb, Mədinəyə qayıdıb bey`ətə razı olduğunu şəhər valisinə bildirərdi. Bir də ki, Kufəlilərin məktubları İmam (ə)-a çatdıqda, İmam artıq qiyam etmək üçün, Mədinədən çıxmışdı. Bundan əlavə, xəyanətkarları tənqid edərək onlara aşağıdakı məzmunda moizə edir. “Siz məni dəvət etmisiniz, mən də, dəvətinizi qəbul edib gəlmişəm. Əgər, məni müdafiyə etmək fikriniz yox idisə, məni dəvət etməzdiniz mən də, başqa İslami məntəqələrə səfər edərdim.” Bununla aydın olur ki, Kufəlilərin də`vəti olmasaydı Həzrət İmam (ə) təbliğat üçün başqa məntəqələrə səfər edəcəkdi.
    Yezidin məcburi bey`ət istəməsi ortalığa çıxmasaydı, İmam yenə də, yeni höküməti tanımayacaqdı. Birincisi, İmam Hüseyn (ə) təkcə Yezidə yox, atası Müaviyəyə qarşı da, çıxmaq fikrində idi. Necə ki, Siffeyn döyüşündə atası Əmirəl-muminin (ə) ilə, daha sonra qardaşı İmam Həsən (ə)-la çiyin-çiyinə Müaviyəyə qarşı vuruşurdu. Amma, İmam Həsən (ə) ilə Müaviyə arasında bağlanan sülh sazişini nəzərə alaraq İmam (ə) Müaviyə sağ ikən qiyam etmək istəmirdi. (Heç Müaviyə sülhün şərtlərinə əməl etmirdi) İkincisi, Yezidə bey`ət etmək Müaviyənin bid`ətinə - xəlifə rejmini “şah üslubu” ilə əvəz etməsinə razı olmaq demək idi. Müaviyəyə qədər, insanlar xəlifə seçimini iki cür bilirdilər. Xəlifə ya Allahın əmri, Peyğəmbərin göstərişi ilə seçilməlidir, ya da, insanların kimisə xəlifə seçməsi ilə! Üçüncüsü, Müaviyədən fərqli olaraq, Yezid camaatın gözü önündə günah edən, Allahın itaətindən çıxan  fasiqin biri idi və bu da, İmamın qəzəbini artırırdı. (Əlbəttə ki, bu barədə çox danışmaq olar)
    Sonuncu “İslahat” yə`ni əmr be mə`ruf və nəhy əz munkər amilinə gəldikdə isə, bu amil İmamın (ə) qarşısına qoyduğu ən ali hədəf və məqsədi idi. Həzrət İmam (ə)-ın özü də, bunu təsdiq edir. Belə ki, Mədinədən çıxarkən, qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı məktubunda Mədinədən gəzib-dolanmaq, zülm, fitnə-fəsad törədmək üçün yox, xalqın islahı, Peyğəmbər sünnəsinin xilası və əmr be məruf, nəhy əz munkər amilini həyata keçirmək üçün çıxdığını bildirir. (Bu məktub məhşur tarixi sənəddir ki, Kərbəla mövzusunda yazılmış əksər kitablarda qələmə alınmışdır) “Varis” ziyarətnaməsində oxuyuruq: “Şahidlik edirəm ki, sən namazı uca tutdun, zəkat verdin, yaxşılığa əmr etdin, pisliklərdən nəhy etdin...” Başqa moizəsində buyurur: “Cəddim Rəsulullah (sallallahu əleyhi və əlihi və səlləm) buyurmuşdur: Hər kim zülmkar hökmdarın ilahi hökmlərdən boyun qaçırıb, Allahın halalını haram, haramını halal etdiyini görüb, əməli, dili və yaxud qəlbi ilə ona (zülmkara) qarşı çıxmazsa (e`tirazını bildirməzsə) Allah o adamı da, həmin zalım hakimi qərar verdiyi Cəhənnəm odunda qərar verəcək.” Aşura qiyamının nəfsi istəklərdən ötrü deyil, dinin dirçəlməsi yolunda baş verməsinin başqa bir sübutu, bu qiyamın haqq-ədalətin, ilahi qanun-qaydanın və həqiqi İslamın hökm sürdüyü bir dövrdə yox, məhz diktatura mühitində, hakim partiyaların azğınlaşdığı, hərc-mərcliyin, zorakılığın kuliminasiya nöqtəsinə çatdığı bir dövrdə vücuda gəlməsidir. Ümumiyyətlə İslam dininin, Yezid kimi bir şəxsin xilafəti dövründə inkişaf edib çiçəklənməsini, əhatə dairəsinin genişlənib təşəkkül tapmasını təsəvvür etmək mümkün deyil! Çün ki, Yezid sərxoş, əxlaqsız, meymunbaz, təcrübəsiz, dövlət və şəriyyət qanunlarından zərrəcə məlumatı olmayan, dünya düşkünü, naqis və xəbis bir insan idi. Necə ola bilər ki, özü şərab içdiyi halda, şərabxorluğun qarşısını alsın və yaxud zina etdiyi təqdirdə, zinakarları cəzalandırsın? Həmin dövrdə Islam dini nəinki inkişaf etməyəcəkdi, hətta getdikcə zəifləyib nüfuzdan düşəcəkdi. İmam (ə) Yezid haqqında buyurur: “İslam dininin rəhbəri Yezid kimi (fasiq) bir adam olsa, onda bu dinlə vidalaşmaq lazımdır.” Həmçinin, Yezidə boyun əyməyi zillət içində yaşamağa bənzədir, beyətdən imtina edərək ölməyi isə şərəf hesab edir. “Bunlar mənim üçün iki yol qoyublar. Ya gərək bunlara beyət edib zillət içində yaşayım, ya da canımı tapşırım. Amma, mən şərəflə ölməyi zillət içində yaşamaqdan üstün tuturam. Çün ki, zillət bizdən çox-çox uzaqdır.” Həmçinin Həzrət buyurur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərə bey`ət etməz.” Diqqət yetirsək, Həzrət İmam “Yezid və Yezid kimilərə” ifadəsini işlətməklə bildirir ki, Yezid olmasın, onun (çirkin) sifətlərini özündə cəmləşdirən bir başqası olsun, mən ona bey`ət etmərəm. Həzrət belə də, etdi! İslam təlimlərinin dirçəlməsi, ədalətin bərpası, zülmün, haqsızlığın məhvi üçün, yeganə çıxış yolunu qiyam edərək, şəhadətə yetməkdə gördü.

        Imam Hüseyn (ə)-a ağlamağın və əzadarlığın mahiyyəti.
        Bu gün Aşura məclislərinə ehtiyac varmı.
    Giriş olaraq qeyd etdik ki, İmam Hüseyn (ə)-ın müsibətinə yas saxlayıb ağlamağın, əzadarlıq etməyin həm savabı var, həm də, belə etməklə mənəviyyatımızı saflaşdırmış oluruq. İslam Peyğəmbəri hədislərinin birində İmam Hüseyn (ə) üçün ağlayan gözlərdən başqa bütün gözlərin ağlayacağını bildirir. Həmçinin, hər il Aşura qeyd edilərkən, hadisə yenidən canlanır, müsəlmanlarda qəhrəmanlıq, qorxmazlıq hissi aşılayır. Bundan əlavə biz bu sualın cavabında deyirik ki, Aşura mərasimləri bizim İmam Hüseyn (ə)-a olan məhəbbətimizin təzahürüdür ki, bu sevgi-məhəbbəti Pərvərdigari-aləm bizə vacib buyurub. “...(Ya Peyğəmbər!) De:  "Mən sizdən bunun (risalətimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm...” (Şura 23) Bütün ilahi Peyğəmbərlər göndərilib ki, Allahın qanunlarını insanlara qarşılıqsız (heç bir muzd almadan) təbliq etsinlər. Qurani-Kərimdə bu məsələyə bir neçə yerdə işarə edilir. Məsələn, Hud (ə), Lut (ə) və Şuəyb (ə) peyğəmbərlərin təbliğlərinin qarşılığında heç nə istəmədikləri və mükafatlarının Allah tərəfindən veriləcəyi bildirilir. (Bax, Hud və Şuəra surələri) Lakin, İslam Peyğəmbəri (s.ə.s) xüsusi tə`kidlə (risalətinin müqabilində) öz Əhli-beytini sevməyi ümmətə vacib etmişdir ki, biz də, mövlamızı sevdiyimiz üçün, O həzrətin şəninə layiq şəkildə əzadarlıq edib minnətdarlığımızı bildiririk. Şübhəsiz ki, İslam dininin yüksəlişi uğrunda O həzrətin göstərdiyi böyük şücaətin müqabilində bizim etdiklərimiz heç nədir desək yanılmarıq. Digər tərəfdən, İmam Hüseyn (ə) qiyamını yaşatmaqla, Haqqı-batildən, dostu-düşməndən ayırır, zamanəmizin Yezidlərinin, Müaviyələrinin və onların “sadiq” davamçılarının iç üzünü ortaya çıxarırıq. Çün ki, həqiqətən də, İmam bu işi gördü! Bəni-Uməyyənin alçaqlığını, pul, vəzifə, məqampərəst olduqlarını, bir sözlə bu nəsəbsizlərin həqiqi simasını tanıtdırdı. Şəhadətdən sonra, şəhidlərin xatirəsini canlı saxlamaq, sanki dünən olmuş kimi hər an yada salıb ağlamaq, rozə oxuyub əzadarlıq etmək, beləliklə, bu hadisəni yaşatmaq Əhli-beyt əsirlərinin vəzifəsi idi ki, istər İmam Səccad (ə), xanım Zeynəb (ə) və başqa əsirlər, istərsə də, O cənablardan sonra, digər İmamlarımız bu işin öhdəsindən layiqincə gəlib özlərindən sonra bu mə`suliyyəti şiələrə tapşırdılar. Mə`sum İmamlarımızdan bizə yetişən hədislərdə də, Onların İmam Hüseyn (ə)-a matəm saxlayıb ağladıqlarının və ardıcıllarını da, bu işə cəlb etdiklərinin şahidi oluruq. İmam Sadiq (ə) buyurur: “Bizim üçün ağlayan hər göz, Kövsər hovuzuna baxmaqla ne`mətlənər və onunla sirab olar.” Kərbəlanın canlı şahidi İmam Səccad (ə) buyurur: “Bir möminin gözlərindən Həzrət Hüseyn (ə)-ın şəhadəti üçün göz yaşı yanaqlarına axarsa, Allah onu uzun müddət qalacağı Cənnət evlərində yerləşdirər...” On ikinci İmam (ə.f) ziyarətnamələrin birində, babası İmam Hüseyn (ə)-a xitab edərək buyurur: “Səhər-axşam sənə göz yaşı tökürəm. Əgər göz yaşım qurusa, qan ağlaram.” (Allah Rəsulu və Əhli-beytindən, İmam Hüseyn (ə)-ın fəziləti, şəhadəti, İmama əzadarlıq edib ağlamağın savabı haqqında bir çox hədislər vardır ki, burada onları nəql etmək imkanlarımız xaricindədir) Bütün bunların nəticəsidir ki, Kərbəla unudulmamış, İmam Hüseyn (ə) və tərəfdarlarının məhəbbəti daim qəlblərdə yaşamışdır. Biz bu günlərdə təkcə yas saxlayaraq ağlayıb sinə vurmaqla kifayətlənmirik, eləcə də, bu mövzuda elmi konfranslar, müsabiqələr keçirərək mə`nəviyyatımızla birgə, savadımızı da artırmış oluruq. Demək olmaz ki, ağlamaq əbəsdir yaxşı olar ki, ağlamağa sərf edilən vaxt və enerji ancaq maariflənməyə sərf edilsin. Çün ki, əza mərasimləri elmi yığıncağların yerini vermədiyi kimi, elmi yığıncağlar da əzadarlığı, nohə məclislərini əvəz edə bilməz. Bir var ki, bir missiya haqqında düşünəsən, biri də var ki, həmin missiyanı praktiki (əməli) olaraq həyata keçirəsən. Məsələn, Məhərrəm ayında İmam Hüseyn (ə)-ın şəhid edildiyini bilən bir kəsin, yemək yediyi və yaxud yolla getdiyi zaman kövrəlib ağlamağı mümkün deyil. Amma, elə ki əza məclisinə, əzadarların arasına gəldi, məclisin abı-havasına uyğunlaşacaq, qeyri-ixtiyari olaraq əzadarların keçirdiyi hissləri keçirəcək.
    Tarix boyu Əməvilər, Abbasilər və ardıcılları tərəfindən çox “zəhmətlər” çəkilib ki, müsəlmanların (ələvilərin) İmam Hüseyn (ə) Kərbəlasına olan bağlılığını (rabitəsini) aradan götürsünlər, amma, bütün səyləri nəticəsiz qalıb. Qurani-Kərimdə buyurulur: “Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.” (Səf 8) Bu günə qədər müsəlmanların qəlbində bu məhəbbət var və günü-gündən artmaqdadır. Necəki Allah Rəsulu (s.ə.s) buyurur: “Həqiqətən möminlərin qəlbində Hüseyn (ə)-ın gizli bir məhəbbəti vardır.” “Möminlərin qəlbində İmam Hüseyn (ə)-ın qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz.” Bu gün ölkəmizdə yüksək şövqlə Kərbəla şəhidlərinin matəmini qeyd edənlər o kəslərdir ki, bir zamanlar (onların) ata-babası Sovet Kommunist dövründə gizli şəkildə evlərində (görünməsin deyə, qapı-pəncərəni kağız, pərdə ilə örtərək) İmam Hüseyn (ə)-a matəm saxlayıb əzadarlıq edirdilər. Dinə qadağa qoyulduğu bir vaxtda, Kərbəlanı unutmayan əcdadımız, dinin yaşamasını, Kərbəlanın unudulmamasında görürdülər və bizim üçün bu ən-ənəni (İmam Hüseyn (ə) məclislərini qeyd etməyi) miras qoyub ki, dinimizi olduğu kimi tanıyaq və (Allahın izni ilə) tanıdaq! İmam Hüseyn (ə) məktəbinə ölməzlik bəxş edən də budur. Öz dinimizə, mə`nəvi dəyərlərimizə, azadlığımıza sahib olmaq, xüsusilə də, Əhli-beytin intiqamını din düşmənlərindən almaq üçün, Aşura məktəbinə ehtiyacımız var. Əlbəttə ki, intiqam almaq üçün “Aşura məktəbinə ehtiyacımız var” ifadəsini hədər yerə işlətmirəm. Məgər Kərbəla fədailərinin qanına susayan ibn Ziyad, Ömər Səd, Hərmələ və başqa lənətəgəlmişlərin xəbis başlarını bədənlərindən ayıranları bu işə vadar edən İmam Hüseyn (ə) üçün tökülən göz yaşları deyildimi. Aşuradan sonra “Təvvabin” (“Tövbə edənlər” deməkdir) qiyamının başçısı Süleyman Xüzai, daha sonra Muxtar Səqəfinin rəhbərliyi ilə İbrahim ibn Malik Əştər və ordusu, şücaət və mərdlik dərsini İmam Hüseyn (ə)-dan almadılarmı. Qiyamdan əvvəl, Kərbəla şəhidlərinin pak məzarları önündə ağlayıb-sızlayaraq özlərini danladılar, Həzrət İmama kömək edə bilmədikləri üçün, pərişan halda tövbə etdilər. Üstəlik, camaatı qiyama səsləyərkən, dillərindən “Ey Hüseyn intiqamçıları!” şuarı düşmür, qəlblərində İmam Hüseyn (ə) eşqi şölələnirdi. (Əlbəttə ki, qiyamlar elə bunlarla bitmədi. Sadəcə Kərbəla hadisəsinə yaxın olduğu üçün və imkan daxilində numunə olaraq ikisini qeyd etdik)

    Digər tərəfdən belədir ki, hər bir xalqın tarixi keçmişində baş vermiş hər hansı hadisənin, həmin xalqın gələcəyində mühüm rol oynaması danılmazdır və bu xalqın, həmin hadisəni hər il xatırlaması və xatırlatması da məntiqsiz sayılmamalıdır. Görəsən nəyə görə Qarabağı unudmuruq? Uzun illər süfrəmizin kənarından əskik olmayan xain qonşumuz erməni qəsbkarları tərəfindən işğal edilən (torpağlarımızın 20%-i təşkil edən) Dağlıq Qarabaq bu günə qədər əsarət altındadır. Vətənpərvər xalqımız Qarabağı unuda bilərmi? Əlbəttə ki yox! Çün ki, Qarabağı unutsaq keçmişimizi unutmuş olarıq və keçmişini unudan xalqın gələcəyi olmaz! İndi bizim vəzifəmiz təkcə Qarabağı almaqdan ibarət olmamalı, üstəlik, ermənilərin bizə qarşı törəddikləri soyqırımı dünyaya tanıtmaq və ən əsas gələcək nəsilləri bu vəhşilikdən xəbərdar etməliyik. Bu gün Azərbaycanda elə məktəb və ali təhsil ocağı yoxdur ki, orada təhsil alan şagird və tələbələrə bu barədə məlumat verilməsin. Məsələn, Xacalı soyqırımından 15 il ötsə də, ibtidai sinif şagirdlərinin belə, bu faciədən xəbəri var. Eləcə də, dövlət səviyyəsində konfranslar, dəirmi masalar keçirilir, işğal altında olan ərazilərin ildönümü ilə əlaqədar bir sıra tədbirlər görülməkdədir. Bütün bu təbliğatların aparılmasında məqsəd, yalnız və yalnız mənfur düşmənimizin bizə etdiyi haqsızlqları unutmamaq, gənc nəslə çatdırmaq və onların qəhrəman ruhunda böyüməsinə şərait yaratmaqdır. Ölkəsinə təcavüz olunmuş bir xalq kimi, bizim İmam Hüseyn (ə) məktəbinə daha çox ehtiyacımız var. Nəyə görə Qarabağ qətliamlarını unutmadığımız təqdirdə, Kərbəla şəhidlərinə matəm saxlamayaq? Uzun müddət öz çirkinliyi ilə müsəlmanları zəhərləyən tağut Pəhləvi rejmini devirən Xomeyni hərakatı da, bizim üçün, heç nə ifadə etmir? Yəni, onun da, İmam Hüseyn (ə) məktəbinə heç bir dəxaləti yoxdur? Bir halda ki, İmam Xomeyni özü “bizim nəyimiz varsa Məhərrəm və Səfər aylarının bərəkətindəndir” deyir. Hətta, məlumatlı olanlar yaxşı bilir ki, İmam Xomeyninin rəhbərliyi ilə şah əleyhinə yürüşlərdən biri də, məhz Məhərrəm ayında olmuşdu. Çün ki, O, öz tərəfdarlarını şah əleyhinə qiyama təşviq etmək üçün Məhərrəmliyi fürsət bilirdi. Və yaxud Hindistan azadlıq hərakatının lideri Mahatma Qandi öz xalqını İmam Hüseyn (ə)-dan ibrət almağa çağıraraq deyirdi: “Mən bütün dünyanı gəzib-dolandım, müstəmləkə caynağından qurtarmaq üçün sizə böyük bir ərməğan gətirdim. Bu ərməğan İraqın Kərbəla şəhərində azadlıqsevərlərin qibləsinə çevrilmiş imam Hüseyn əleyhissəlamın böyük şəhidlik məktəbidir! Əgər azad olmaq və zülmə qalib gəlmək istəyiriksə, hər bir şeyimizdən keçməyə hazır olmalıyıq.” Bəli! İmam Hüseyn (ə) şəhidlik məktəbidir... İmam Hüseyn azadlıq məktəbidir və azadlıq tərəfdarları İmam Hüseyn (ə)-ı özünə nümunə bilir. Elə bu günün özündə də, Müqtəda əs-Sədr, Həsən Nəsrullah kimi mücahidlər sionist qüvvələrlə mübarizədə, İmam Hüseyn (ə) məktəbindən ilham alır. Həqiqətən də, (sözün əsl mənasında) Qarabağı, Qüdsü və s. azad etmək və zülmə qalib gəlmək üçün, Aşura məktəbinə ehtiyacımız var! “...Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!” (ər-Rəd 17) Ümüdvarıq ki, hər il olduğu kimi, bu ildə Məhərrəmliyi yüksək əhval-ruhiyyə ilə əzadarlıq edib, İmam Hüseyn (ə) məktəbindən faydalanacaq, dünya və Axirət səadətinə nail olacağıq! Biz yalnız belə etməklə məqsədimizə (ilahi feyzə) çata bilərik!

    Qasımbala Səfərov.



    Источник: http://islam-azeri.az
    Категория: Dini meqaleler | Добавил: media-islam (01.03.2008) | Автор: Qasımbala Səfərov. E W
    Просмотров: 1965 | Рейтинг: 4.0/4
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər