Şenbe, 20.04.2024, 15:12
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 19 » ORUCUN ÜNVANI, HƏDƏFLƏRİ VƏ NƏTİCƏLƏRİ
    16:22
    ORUCUN ÜNVANI, HƏDƏFLƏRİ VƏ NƏTİCƏLƏRİ
     
     
     
     
     
     
     
    Cümə söhbətləri

    «Ey iman gətirənlər! Sizdən əvvəlkilərə yazıldığı kimi, sizlərə (də) oruc yazıldı və qərara alındı (ki) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz»

    «Bəqərə» surəsi 183-cü ayə
     

        Mübarək Ramazan ayının xeyli hissəsi arxada qalmışdır. Bu əziz İlahi ziyafət, ondla iştirak etmək arzusunda olan hər bir bəndənin ruhi aləmini zənginləşdirir, mənəvi halətini kamilləşməyə doğru aparır. Əslində, bu ziyafətdə iştirak qəfil baş vermir. Hələ Ramazan ayı öncəsi insan öz durumunu bu ziyafətdə iştiraka uyğun tarazlayır, maksimum mənəvi mənfəət götürmək üçün uyğun proqram hazırlayır.

        Nəhayət ki, mübarək ay üzərimizə gəlmişdir və bu aydan nə qədər bəhrələnmək, nə qədər mənəvi pay aparmaq imkanını insan özü müəyyən edir. Bu mübarək ayın imkanlarından nə qədər yararlana bilmək məsələsi insanın özündən asılıdır. Sanki bir Günəş nur saçır və kimlərsə bu nurdan çox faydalana bilir, kimlərsə qapı-bacası bağlı durumdadır və adda-budda hansısa şüa birtəhər içəri keçə bilirsə, biixtiyari ondan faydalanır. Yaxud, sanki bir rəhmət yağışıdr. Və bu rəhmətdən «islana biləcəyindən» ehtiyat edənlər daldalanmağa yer axtardığı halda, bu rəhmətin mahiyyətinə varanlar isə bütün vücudlarıyla bu mübarək prosesə qoşulurlar.

        TUTUMA MÜVAFİQ FAYDALANMAQ İMKANI

        Vəziyyət belədir ki, hərə öz tutumuna, bacarığına, imkanına görə mübarək Ramazan ayının nemətlərindən bəhrələnə bilir. Bu ayın hər günündə müəyyən mənəvi «pəncərələr» qoyulmuşdur. Bir gün dualarda Allahdan həqiqi oruc tutmaq, həqiqi ibadət etmək, bağışlanmaq dilənir. Digər günün duasında Allaha yaxınlaşmaq, Onun razı olduğu işlərə yönəlmək tofiqinin nazil olması, Allahın qəzəbi olan işlərdən uzaq olmaq istənilir. Bir az irəli gələrək, görürük ki, zehnin, düşüncənin, anlayışın saflaşmasını, aydınlaşmasını istəyən dualar təqdim olunur. Digər dualarda saleh insanlarla yoldaş olmaq, pisliklərdən uzaq olmaq, yetimlərə nəvaziş göstərmək, həqiqi ibadət edənlərdən olmaq istənilir.

        Hər günün öz mənəvi qidası, mənəvi payı vardır. Bu sırada ən təsirli məqamlardan biri – Allah Təalanın əmrlərini yerinə yetirməkdə Ondan qüvvət istəməkdir. Bir hazır imkanlar, yaranmış fürsətlər var bu günlərdə bu mənəvi qidadan bəhrələnmək üçün. Allah Təalanı xatırlamaqla, zikr etməklə ona yaxınlaşmaq imkanları var bu günlərdə. Və hər bir insan nə qədər faydalanacağını özü müəyyənləşdirir və öz tutumuna uyğun olaraq müvafiq kəmiyyətdə bu nemətlərdən ruhuna hopdura bilir. Nə qədər imkan var, nə qədər ki, mübarək fürsətlər bitməyib, bəndə gərək «qablar»dan çox götürsün və bu «qablar»ın tutumunu artırsın ta ki, bu mənəviyyat bulağından çox pay apara bilsin.  

        ORUCUN MÜRACİƏT ÜNVANI

        Mübarək ayla bağlı, bu ayda orucla bağlı mübarək İslam məntiqində bir çox önəmli məqamlar vardır. Bir ana xətt olaraq, orucun məqsədi, fəlsəfəsi, hədəfi  vurğulanır. Və bununla yanaşı, mübarək ayda tutulan orucun çoxmüstəviliyi də təzahür olunur.

        İlk əvvəl olaraq, biz görürük ki, əziz Rəbbimiz Özü müraciət edir insanlara – Qurani-Kərimin «Bəqərə» surəsinin 183-cü ayəsində. «Ey iman gətirənlər! Sizdən əvvəlkilərə yazıldığı kimi, sizlərə (də) oruc yazıldı və qərara alındı (ki) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz».

        Gördüyümüz kimi, bu müraciətində ən əlamətdar məqamlardan biri odur ki, dəqiq ünvan göstərilir. Burada ümumi bir «ey insanlar» deyilmir. Müraciət ünvanının müəyyən, dəqiq xüsusiyyətləri göstərilir. Dəqiq bir keyfiyyətə işarə olunur. Müraciətin ünvanı kimi göstərilir «ey iman gətirənlər!», «ey o kəslər ki, iman gətirmişlər!». Görürük ki, müraciət olunanın bir mühüm xüsusiyyəti vurğulanır – iman gətirmək amili.

        Çox önəmli nöqtədir bu. İnsanın iman xüsusiyyətinə yönəli Rəbbin bir çağırışı ilə üzləşirik. Və Ramazan ayının orucunun bu məsəlyə çox aidiyyəti var.

        Zatən, bu müraciət mövzusu insanın gündəlik həyatında rast gəlinən ən geniş məsələlərdəndir. İnsanlar müxtəlif şəraitlərdə, müxtəlif mövzular üzrə müvafiq müraciətlərə üstünlük verirlər. Məsələn, ata övladına nəsihət edəndə, onun diqqətini cəm edir və mehriban, eyni zamanda pafoslu müraciət edir: məsələn, «mənim həyatımın mənası istəkli övladım! Bil ki, …» kimi ibarələr işlədir. Çətin anda döyüşçülərə ruh yüksəkliyi vermək istəyən sərkərdə vətənpərvərlik hissinə, yenilməzlik ruhuna müraciət edən sözlər tapır: «ey şücaət sahibləri! Ey düşməni çökdürən igidlər!». Hansısa mühüm tapşırıq üçün insanları mobilizə edən rəhbər, bu işin məsuliyyətinə və şərəfliliyinə diqqət çəkir: «xalqın gözü bizdədir, anaların ümidi bizik, əcdadlarımız bizdən əməl istəyir» və s.

        Başqa bir yerdə, məsələn, elmi bir məclisin açılışında çıxış edəndə, natiq toplaşanların fədakarlıqlarından, şücaətindən danışmır. O xüsusiyyətləri yada salacaq ki, bu məclisə uyğundur. Biliklənməyin vacibliyindən, bəşəriyyət qarşısında elm əhlinin məsuliyyətindən danışacaq.

        Yerinə görə, müxatibə, müraciət olunana görə, kontekstdə görə müraciətlər fərqlənir. İnsanlar gündəlik ünsiyyətdə də belə, uğursuz müraciətlərdən çəkinməyə çalışırlar.  

        «SİZDƏN ƏVVƏLKİLƏRƏ YAZILDIĞI KİMİ…»

        Bu xüsusi müraciət mübarək Ramazan ayı ilə bağlı insanlara da edilir. İnsanın xüsusiyyətlərini, onun daxili aləmini hamıdan, onun özündən də yaxşı bilən Rəbbimiz müvafiq şəkildə müraciət edir insana. İnsanın imanına, iman xüsusiyyətinə müraciət var burada. Bu ünvan müəyyənləşməsindən sonra, iman sifətinə müraciətdən sonra bildirilir ki, «sizdən əvvəlkilərə oruc yazıldığı kimi, sizlər üçün də oruc tutmaq qərara alındı». Yəni, Uca Allah bu əməlin artıq bəşər övladı üçün bir tanış olan kateqoriya olmasını da bildirir, nə isə çətin, məşəqqətli, öhdəsindən gəlmək mürəkkəb olan bir məsələ olmamasına diqqət yönəldir. Əvvəlki ümmətlər də oruc tutmuşlar və bu, insan üçün öhdəsindən gəlinəsi bir şeydir.

        Mübarək ayədə orucun hədəfi, oruc tumaqda qarşıya qoyulan məqsəd də vurğulanır: «ta ki, təqvalı olasınız; bəlkə çəkinənlərdən olasınız». İnsanın oruc tutmasının, nəfsani istəklərin idarəolunan məcraya yönəldilməsi, ram olunmuş, iradəyə tabe etdirilmiş bir kateqoriya halına gətirilməsi məqsədilə həyata keçirildiyi bilinir. Oruc – ruhun qüvvətlənməsi, insanın nəfsə tabe olmaqdan müdafiə qurması, günaha mürtəkib olmaqdan müdafiə edəcək bir mənəvi qoruyucu immun sisteminə sahib olmağa gətirib çıxaran mübarək amil kimi Uca Rəbbimiz tərəfindən təqdim edilir.

        Diqqəti bir daha yönəldək «sizdən əvvəlkilərə yazıldığı kimi» ibarəsinə. Əslində, iblisin insanın daxilinə nə isə yeni, tanış olmayan, məchul qarşısında müəyyən narahatlıq və qətiyyətsizlik etməsinə yönəli vəs-vəslərini neytrallaşdıran bir müddəadır bu. Sanki, «narahat olma, bu zatən yeni bir şey deyil, əvvəlkilər üçün də yazılmışdı və bu bəşər övladına tanış və doğma bir şeydir» deyilərək, hər hansı bir daxili narahatlıqlar üçün zəminin olmaması vurğulanılır.

        Bir var insana bir şey buyrula ki, onun üçün naməlumdur, nə isə yenidir. İnsanda təbii reaksiya əmələ gələ bilər ki, «görəsən bacaracağammı?», «bu məsələnin öhdəsindən gələ biləcəyəmmi?». Uca Rəbbimiz iman əhlini xəbərdar edir ki, narahatçılığa əsas yoxdur, bəşər övladı üçün oruc mövzusu yeni deyil. Öncəki ümmətlər üçün də bu ibadət yazılmışdı.

        Yeri gəlmişkən, burada işlənən «yazıldı» sözünü təfsir elmində «mütləq baş verən, geridönməz bir şey» kimi mənalandırılır. Beləliklə, iman iddiasında olan insan üçün bir ibadətin qərarlaşdırıldığı bildirilir ki, öncəki ümmətlərə olduğu kimi, onun üçün də birmənalı vacib olaraq qərarlaşdırılmışdır.

        MEYL OLAN İŞLƏRDƏ PƏHRİZ

        Mübarək ayədə göstərilən «siyam» sözü dilimizdə «oruc» mənasında işlənir. Lüğəti anlamda isə bu söz «əməldən çəkinmə» məfhumuna dəlalət edir. Özü də hər hansı bir əməldən çəkinmə deyil, insanın meyli və şövqü olan əməldən çəkinmə kimi məna nəzərə tutulur. İnsanın can atdığı bir şeydən çəkinməsi mənasında işlənir bu söz. Beləliklə, mübarək ayə, «ey iman gətirməyə iddialı insanlar! Sizin üçün bir əməl müəyyən edildi ki, bunda sizin meyliniz olan şeylərdən pəhriz etmək lazımdır». Bu əməllərin nədən ibarət olduğunu, bu ibadətin necəliyini isə artıq Həzrət Rəsuli-Əkrəm (s) çatdıracaq. «Və narahat da olmayın, nəsə xüsusi bir təzə məsələ də deyil. Öhdəsindən gələ biləcəyiniz bir şeydir, necə ki, öncəki qövmlər də bu əməli yerinə yetiriblər».

        Mübarək ayəni mərhələli təhlil etsək, belə bir formul alınır. Müraciət kimədir? Konkret zümrəyə – o kəslərə ki, Uca Allaha iman gətirməyə iddia edirlər. Əslində sonsuz İlahi mehribanlıq və səmimiyyət var bu müraciədə. İmana iddialı insanın iddiasının qəbul edilməsi var burada.

         Nə tapşırılır? İnsanın meyli olduğu işlərdən pəhriz etməsi. Narahatlıq üçün əsas olunmadığı da bildirilir. Öncəki ümmətlər də bunu ediblər, çətinliyi də yoxdur. Niyə? İman gətirməsinin hədəfinə çatmaq üçün. İman gətirməsini məzmunla doldurması üçün – təqvalı olmaq üçün. Təqva libasına bürünmək üçün. Gözünün, qulağının, dilinin, qəlbinin Allah deyən kimi olması, Allah istəyən bir duruma gəlməsi üçün. Özün üçün faydalıdır bu. Özünü mənalı duruma gətirir. Özünün həyatını mənaya mindirir, həqiqi məqsədə yönəldir.

        Gördüyümüz kimi, müraciətlə məqsədin arasında vücudi bir bağlılıq var. İman gətirmisənsə, imanlı olmağın ən ümdə yollarından biri göstərilir.  

        BƏRABƏLİK AMİLİ

        Qeyd etdiyimiz kimi, mübarək Ramazan ayı insanın vücudi salamatlığa yetişməsi üçün bir mübarək imkandır. İnsan hər şeyi lənətlik iblisin fitnələri ilə izah etməyə meyllidir. Halbuki, məlun iblis yalnız vəs-vəs edə bilir, qəlbə yol taparaq bir görüntülər, dekorasiyalar təqdim edir insana ki, zəiflər bu dekorasiyalara aldanıb özlərini bədbəxt edirlər. Əslində, iblisi öz qəlbinə buraxıb-buraxmamaq mövzusu insanın tamamilə öz əlindədir. İnsan qəlbini iblislər üçün bağlaya bilər və heç bir vəs-vəsi yaxına buraxmaya bilər. Və mübarək Ramazan ayı həmin qoruyucu, mühafizəedici sədlər qurmaq üçün ən effektli vasitələrdəndir.

        Orucun bir çox cəhətləri ardır ki, bunların tibbi, psixoloji, ictimai, ruhi-mənvi müstəvilərdə insana böyük faydası var. İmam Cəfər Sadiq (ə) nəql edir: «Allah Təala orucu vacib etmişdir ki, ta bu vasitə ilə imkanlı və imkansızı bərabər edə».

        İmkanlı insan istədiyi vaxt yeyir, istədiyi vaxt içir, hansı qidalardan, mayelədən arzu edirsə – ala bilir. Amma kasıb bu imkandan məhrumdur. Və orucun sayəsində günün müəyyən hissəsində imkansız və imkanlının vəziyyəti eyniləşir, onların arasında bərabərlik vəziyyəti yaranır. İmkanlı kasıbın halını dadır, kasıblığın necəliyi ilə bağlı onda dürüst məlumat hasil olur. Bir çox hallarda bunun nəticəsində imkanlı insanların qəlbində mərhəmət, şəfqət, özgəsinin halına yanma kimi hisslər məskən salır, xeyriyyəçilik fəaliyyətinə rəvac verilir. İnsanın düşünməsi, ibrət götürməsi üçün çoxlu imkanlar var burada.

        İXLASIN SINANMASI

        Digər müstəvi kimi ixlasın yoxlanması göstərilir. Bir çox işlər var ki, insan az da olsa, özünü göstərmək, özü barədə rəy yaratmaq üçün yerinə yetirir. Amma oruc tutanda bunu etmək praktiki olaraq mümkünsüzdür. Çünki, hamının orucu zahirdə eynidir – müəyyən şeylərdən çəkinməklə səciyyələnir. Amma batini tərəfləri – orucun keyfiyyəti, Allaha yaxınlaşmaq məqamı müxtəlifdir, lakin təzahür edilə bilməyəndir və buna görə də burada nəyisə göstərmək, nədəsə riya etmək qeyri-reallığa yaxın bir işdir. Odur ki, oruc ixlası sınamaq üçün ən təsirli vasitələrdəndir. Həzrət Əli (ə) buyurur: «Allah Təala orucu vacib buyurdu ki, ta onun vasitəsilə yaranmışın (insanın) ixlasını sınasın, yoxlasın».

        Oruc xalislik məktəbidir. Bu bir mübarək məktəbdir ki, burada ixlas sınanır.

        Orucun digər faydası isə Qiyaməti xatırlatması ilə bağlıdır. İmam Rza (ə) buyurur: «İnsanlar oruc tutmağa əmr olunublar ki, aclıq və susuzluğu anlasınlar və onun vasitəsilə axirətdəki imkanlızlığı duysunlar».

        Bir neçə saat ki, insan ac-susuz qalır, bir imkandır ki, Allahın lütfü ilə Qiyaməti xatırlasın. O günü xatırlasın ki, ac-susuz bir vəziyyətdə olacaq və əməllərinə görə cavab verəcək. Nə qohumu, nə dostu, nə tayfası və nə də digər bir şeyi o məqamda dadına gələ bilməyəcək. Fəqət yaxşı əməlləri, gözəl ibadətləri karına gələcək onun.  

        ƏN ÜSTÜN ORUC HANSIDIR?

          Orucun digər faydası – bədənin zəkatı olmasıdır. Hər bir şeyin zəkatı var. Allah verən nemətlərdən insan gərək ehtiyaclılara zəkat versin. Amma zəkat tək bununla bitmir. İmkanlılığın zəkatı olduğu kimi, elmin də zəkatı var – biliyinlə bölüşmək. Bədəninsə zəkatı – orucdur. Rəsuli-Əkrəm (s) buyurur: «Hər şeyin bir zəkatı vardır və bədənlərin zəkatı orucdur».

        Oruc atəşin qarşısını alar. İslam Peyğəmbəri (s) buyurur: «Oruc (cəhənnəm) atəşinə qarşı bir sipərdir».

        Yəni, insan oruc tutmaq vasitəsilə cəhənnəm atəşindən amanda qalar. Əlbəttə ki, həqiqi oruc tutsa. Belə olan təqdirdə, gerçək oruc tutan halda onun əməlləri daha cəhənnəmlik olmayacaq axı! Xətaları, səhvləri varsa, həqiqi oruc tutmaqla aradan aparacaq. Daha atəşdə yanacaq bir şeyi qalmayacaq belə insanın.

        Görəsən, dinimizin nəzərində ən üstün oruc hansıdır? Həzrət Əli (ə) buyurur: «Qəlbin orucu dilin orucundan daha yaxşıdır. Və dilin orucu mədənin orucundan daha yaxşıdır».

        Bir var insanın yalnız mədəsi oruc tutur, bir də var onun bütün əzaları oruc tutur. Amma ən üstünü – qəlbin orucudur. İnsan qəlbinə Allahın xoşuna gəlməyən heç nəyi buraxmır.

        Bəs dəyərsiz oruc hansıdır? Orucu yalnız ac-susuz qalmaq kimi başa düşənin tutduğu oruc. Həzrət Əli (ə) buyurur: «Nə qədər oruc tutanlar var ki, oruclarından aclıq və susuzluqdan savayı bir bəhrələri yoxdur. Və nə qədər gecə oyaq qalanlar var ki, namazlarından yuxusuzluq və çətinlikdən savayı digər faydası yoxdur».

        İnsan diqqətli, ayıq olmalıdır. Orucun hədəflərini – təqvalı olmaq məqsədini unutmamalıdır. Addımbaşı özünə nəzarət etməlidir.

        Bəs orucun mükafatı nədir? Böyük İslam Peyğəmbəri (s) buyurur: «Allah Təala buyurmuşdur ki, oruc mənim üçündür və Mən onun mükafatını Özüm verəcəyəm». Allah Təala cəmi insanlara bu nemətlərdən faydalanmağı nəsib etsin, inşəallah! Allah Təala cəmi ümməti həqiq oruc tutanlardan qərar versin! AMİN!
    Категория: Cümə söhbətləri | Просмотров: 1537 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər