Bazar ertesi, 30.12.2024, 21:17
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 7
    Qonaq: 7
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Mart » 9 » QEDDARLARIN QARIŞQATEK TAPDANACAĞI GÜN…
    09:13
    QEDDARLARIN QARIŞQATEK TAPDANACAĞI GÜN…


    Qloballaşan əxlaqla qloballaşan zülmə qarşı

    «Məhərrəm-səfər əyyamını yaşayırıq. Dünyanın ən müxtəlif yerlərində Hüseyn (ə) əzadarları, inanclı insanlar bu mübarək məktəbin - Aşura məktəbinin yaşanması üçün səy göstərirlər, - deyə İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu növbəti cümə xütbəsinə başladı, - Aşuradan sonrakı günlər, qəm karvanının müsibətlər yaşadığı bir dönəm olaraq səciyyələnir. Həzrət Peyğəmbərin (s) əziz nəslinin nümayəndələri Kərbəlada qətlə yetirilir, onların ailələri, övladları əsir götürülür. Və bu müsibət karvanının, İmam Səccad (ə) və Həzrət Zeynəb (s.ə.) karvanı ilə həmahəng olaraq, zəmanəmizdə mömin və möminələr o zaman yaşanan çətinliklərlə, səhnələrlə ruhi həmahənglik yaradır və qəlblərində yaşadırlar».

    KƏRBƏLA - YALNIZ TARİXİ FENOMEN DEYİL

    «O zaman bu əzadarlıqların, xatırlamaların mühümlüyü, gerçək faydalılığı var ki, insan Aşuraya bir tarixi məsələ kimi baxmasın, Əba Əbdillahın (İmam Hüseynin (ə)) hərakatına bir tarixi hərakat kimi baxmasın. Aşura günündən sonra baş verən səhnələrə də yalnız bir tarixi səhnələr kimi baxmasın. Əslində hər zaman yaşanan bir vücudi fenomen kimi baxmaq lazımdır bunlara. Hər zaman mövcud olan, hərəkətdə olan, hər zaman insanlığın vəziyyətində zülm tərəfininin, zülm edən tərəfin, zülmə məruz qalan tərəfin, biganələr, laqeydlər, vecsizlər tərəfinin də olmasını yada salan, diri olan bir vücudi fenomendir Aşura.

    Çox olub bəşərin tarixində müxtəlif olaylar. İnsan ölümü ilə qurtaran, bəşəri faciələrlə yekunlaşan məsələlər tarixdə az olmayıb. Amma Kərbəla vaqeəsinin, Aşuranın bunlardan fərqi odur ki, bu yalnız bir tarixi fakt olaraq qalmır. Bu - bir ibrətdir. Daimi, vücudi bir ibrət məktəbidir.

    Günümüzdə də Aşura karvanı hərəkətdədir. Kimlərsə bu karvana «ləbbeyk» - «hazıram çağırışına» deyir, kimlərsə bu karvanın ziddinə çıxır, kimlərsə bu karvana laqeyd qalır, kimlərsə bu karvanı heç görmür…

    Vaxt var idi, lənətlik yezidlər, ibn ziyadlar elə bilirdilər ki, cinayətləri gizli qalacaq, ört-basdır olunacaq. Amma 1400 ildir bu vaqeə nəinki yaşadılır, hətta ildən-ilə anlanması dərinləşir və genişlənir. Bu gün artıq nəinki ənənəvi müsəlman toplumlarında, hətta yeni-yeni məkanlarda Hüseyn (ə) eşqi yaşanır. Bu gün Londonun Hayd-parkında əzadarlıq məclisləri keçirilir. Arzuları gözlərində qaldı zalımların…

    Dediyimiz kimi, Aşura dərsləri yalnızca bir tarixi hadisə deyil, bir vücudi, təravətli, həmişə yaşayan, həmişə təsiri olan, həmişə inkişafda, tərəqqidə olan bir məktəbdir. İnsan özünü bu məktəbin daxilində hiss edə bilər, o səhnələri öz prizmasından yaşaya bilər, öz ruhi-mənəvi dərəcəsini bu məktəb vasitəsilə ölçə bilər, vəziyyətini qiymətləndirə bilər, gerilənməyini, yaxud inkişaf etdiyini müəyyən edə bilər.

    Amma məsələ bununla da bitmir. Aşuranın tarixi olay olaraq bitməməsi, daimi, vücudi bir məktəb, hərəkat olması məhz onda büruzə verilir ki, insan gününə xas problemləri bilsin və bunlarla yaşasın. Bu gün Fələstin dərdidir, Qarabağ yanğısıdır, Qəzza bölgəsində ac və susuz qalan yüzminlərlə insanın faciəsçidir Kərbəla. Qışın günü soyuq iliyinə işləyən yataqxanada 10 nəfər bir otaqda yaşayan qaçıqının, Qarabağı görməyən qarabağlı tifillərin, fəqət Vətənini azad görmək istədiyinə görə min bir damğa vurulan fələstinlinin ağrısıdır bu gün Kərbəla».

    QARABAĞ, FƏLƏSTİN - GÜNÜMÜZÜN KƏRBƏLASI

    «Əgər biz Kərbəlaya, Aşuraya bir tarixi məsələ kimi baxsaq, yığışıb deyəcəyik ki, «o zamankı insanlar pis iş tutdular, biganə olanlar da oldu və fədakarlıq edənlər də», bunu deyib dağılışacaq və növbəti Aşurayadək öz işimizə başımızı qatacayıq. Təəssüflər olsun ki, bu cür yanaşmalar da az deyil. Amma bunumu bizdən istəyir Kərbəla qəhrəmanları?! Buna görəmi həyatlarını qurban vermiş onlar?! Buna görəmi balaca Ruqəyyənin ayaqlarını tikanlar yaralamışdır əsir karvanını şəhərbəşəhər gəzdirəndə?!

    Biz dəfələrlə vurğulamışıq ki, Aşuranın əsas hədəfi - müsəlman ümmətini biganəlikdən, durğunluqdan, biveclikdən çıxarmaq idi. Və bu haldan çıxarmaq neçə əsr bundan öncəki işlərə aid deyil. Bu - günümüzə aid olan bir məsələdir. Günümüzlə bağlı laqeydlikdən, təfavütsüzlükdən çıxmağa çağırır bizi Aşuranın əbədi təbili. Və o Hüseyn (ə) məclisləri ki, orada ümmətin dərdi-səri xatırlanmaya, Fələstin dərdi, Qüds dərdi, Qarabağ dərdi yaşanmaya, Şuşanın viran olmuş məscidi yad edilməyə, bu zülmlər anlanmaya və dualarla həmin dərd-sərlərlə həmahənclik olmaya - Hüseyndən (ə) deyil. Belə durumda olan insanın Aşuradan, Kərbəladan xəbəri yoxdur.

    Aşura məktəbi - çoxmövzulu, çoxrəngli, çoxçalarlı bir məktəbdir. Hər nə baxımdan istəsə, insan bundan bəhrələnə bilər. Amma Aşurada ən çox öyrənilməli olan mövzulardan biri - müsəlmanın digər müsəlman qarşısında məsuliyyəti məsələsidir».

    İNSAN QƏTLİ STATİSTİKAYA ÇEVRİLƏNDƏ…

    «Qəddarlıq, zülmkarlıq - bəşəriyyət tarixində qara xəttlə keçən bir mövzudur. Bəzi rəqəmlərə nəzər salaq. 19-cu əsrdə ümumi götürsək 3 milyard insan yaşayıb. Müharibələrdə və digər zorakılıqlar nəticəsində 35 milyon insan ölüb həmin əsrdə. 20-ci əsrdə yaşayan 3 nəsli üst-üstə toplasaq, 10 milyard adam yaşamışdır. Müxtəlif hesablamalara görə, bunlardan 150-200 milyonu beynəlxalq və vətəndaş müharibələrində, repressiyalar, qətliamlar nəticəsində ölmüşdür. Təsəvvür edirsinizmi, 200 milyon insan! Bəşəriyyətin arsenalında artıq 200 milyon insanı tələf etmək potensialı varmış!

    Yenicə qədəm qoyduğumuz 21-ci əsr də, təəssüflər olsun ki, bu sıradan istisna olmadı. Dünyanın bir çox digər yerlərində insan ölümü adiləşmiş və quru statistik rəqəmə çevrilmişdir. İş o yerə çatmışdır ki, dünya hegemonluğuna iddialı qüvvələr nəinki bu tendensiyanın qarşısını almaqda maraqlı görünmür, hətta humanitar fəlakət keçirən Fələstinin blokadaya alınmasını da dəstəkləyir. Bundan böyük dərd ola bilərmi?!

    Keçən bəhslərdə toxunduq ki, Həzrət Peyğəmbər (s) İmam Hüseynin (ə) körpə vaxtında «bunu mənə Allah əmr etmişdir» deyərək, ona xüsusi münasibət təzahür edirdi. Həzrət Peyğəmbər (s) İmam Hüseynin (ə) pak vücudunun şəmşir və qılıncların zərbətlənəcək yerlərini öpərək, ağlayır və ümməti gələcək zülmlər barədə ayıldırdı. Və eləcə də Rəsuli-Əkrəm (s) ümmətin başına gələcək zülmlərlə əlaqədar daima narahatçılığını izhar edərdi. Əslində Kərbəla vaqeəsinin yaşanması, o cümlədən, elə bu gün ümmətin başına gətirilən dərdlərə şərik olmaq üçündür. Aşura səhnələrinin canlandırılması, çalarların, cizgilərin açıqlanması məhz onun üçündür ki, insan bunlardan ibrət götürə bilsin.

    Bu gün bu ibrətlərin yaşanmasının nümunəsi də az deyil. Götürək elə Avropa Müsəlman Təşkilatları Federasiyasının son təşəbbüsünü - 20 dəqiqə ərzində işıqları söndürüb, pəncərəyə yanan şam qoymaq aksiyasını. Dünyanın harasında deyirsən - Avropada, Amerikada, Asiyada, Afrikada, Avstraliyada - milyonlarla insan bu aksiyaya qoşuldu, blokadada olan fələstinli bacı-qardaşlarla həmrəyliyini bildirdi, orta əsrə xas vəhşiliklər törədən sionizmi ittiham etdi. Amma elə müsəlman ölkələri də var ki, orada insanlar dillərinə Fələstin sözünü gətirə bilmir. Elə ziyalılar var ki, bu mövzuda danışmağa ehtiyat edir. Bu böyüklüklə faciəni görməməzliyə üstünlük verir. Və təəssüf ki, bu mübaliğə deyil, acı reallıqdır».

    HARADADIR FİRONLAR?

    «Qeyd etdiyimiz kimi, Aşuranın dərsləri bir çox cizgiləri, çalarları aşkarlayır. Bunlardan mühümü - qəddarlıq mövzusudur. Aşurada törədilən xüsusi amansızlıq, qəddarlıq dillərdən düşmür. Bu gün də dünyanın bir çox yerlərində biz günahsız insanlara qarşı bu qəddarlığın təzahürlərini görürük. Körpə uşaqları Kərbəlada susuz qoyanların xələfləri bu gün Qəzza bölgəsinin suyunu, işığını kəsirlər. O zaman «xarici» (dindən xaric olmuş) adı ilə Peyğəmbər (s) nəslini qətlə yetirib, əsir götürənlərin mənəvi xələfləri bu gün «terrorçu» damğası ilə dinc insanların başına mərmilər yağdırırlar.

    Dinimiz hər zaman qəddarlığı ittiham etmiş və ən rəzil xislətlər sırasında qeyd etmişdir. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: «Qiyamət günü qəddarlar və təkəbbürlülər məhşərə qarışqa şəklində gələcəklər və Allah yanında xar, dəyərsiz olduqları üçün camaat onları tapdayıb əzəcək».

    Bu qəddarların aqibəti ona görə acıdır ki, dünyada onlar insanlara qarışqa, həşərat kimi baxırdılar. İstədikləri vaxt əzirdilər, məhv edirdilər. İkinci, üçüncü sort məxluq kimi baxırdılar, öz əşyalarından aşağı dəyər verirdilər insanlara. Min bir don geyindirib öz nəfslərinə, insanları çalıb-talayırdılar bu qəddarlar. Qiyamət günü isə də öz əməllərinin müqabilini, əvəzini çəkəcəklər.

    İmam Cəfər Sadiq (ə) buyurur: «Qiyamət günü Allaha ən uzaq insanlar - qəddarlar olacaq».

    Həzrət Əli (ə) buyurur: «Kim qəddarlıq etsə - sındırılar». Digər hədisdə İmam Əlidən (ə) nəql edirlər: «Kim qəddarlıq etsə, Allah onu xar edib alçaldar».

    Bu - bir Əli (ə) müjdəsidir. Bir gün gələcək, qəddar öz qəddarlığının əvəzini görəcəkdir. Yetişəcək ona bu qəddarlığının nəticəsi. Hanı fironlar? Haradadır bir sözü ilə minlərin həyatına son qoyan, nəticədə özünə əbədi cəhənnəm qazanan vücudi uğursuzlar?! Nəinki Qifamət haqq-hesabı onlar üçün qaçılmazdır, bir çoxlarının dünyadaykən aqibəti göz önündə olur, ibrət mövzusu olur ətrafdakıları üçün.

    Başqa bir hədisdə Həzrət Əli (ə) buyurur: «Allahın bəndələrinə qarşı qəddarlıqdan çəkin. Çünki, Allah qəddarlıq yolunu tutan hər kəsi sındırar».

    ZÜLM ETMƏYİN AQİBƏTİ

    «Zülmkarlıq mövzusu ilə bağlı da dinimizin ciddi xəbərdarlıqları vardır. Əziz İslam Peyğəmbəri (s) buyurur: «Zülm etməkdən çəkinin ki, zülm Qiyamət gününün zülmətlərindəndir».

    Həzrət Əlidən (ə) nəql edirlər: «Zülmkarlıq - ən murdar alçaqlıqdır».

    Digər yerdə İmam Əli (ə) buyurur: «Zülmdən ehtiyatlı ol ki, zülm edən hər bir şəxsin taleyi xoşagəlməz oldu».

    Dinimiz hər zaman insanı zülmdən, ədalətsizlikdən çəkindirmişdir. Dinimizin nəzərində hər bir şey ki, öz yerində deyil - zülmdür. Buraya şəxsin özünə etdiyi zülmlər, o cümlədən, vacib əməlləri tərk etməsi, günah işlərə qol qoyması da aiddir. Amma digərinə, xüsusilə müdafiəsiz insana edilən zülmün dinimizin nəzərində misli-bərabəri yoxdur. Həzrət Əli (ə) buyurur: «Zəifə zülm etmək - zülmün ən murdar növüdür».

    Zülm bəhsi o dərəcədə ciddidir ki, nəinki zalımın özü və ona yardım edən, hətta onun zülmünə razı olan da İlahi məsuliyyət daşıyır. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: «Zalım, onun köməkçisi və onun zülmünə razı olan şəxslərin hər üçü zülmdə şərikdir».

    Burada zülmün şəraitinin ən mühüm amillərindən biri təqdim edilir: zalıma dəstək verən olmasa idi, hərəkətlə və sükutla, əməllə və daxili süstlüklə zülmə razı olan insanlar olmasaydı, zalım öz zülmünü edə bilməzdi. İmam Sadiqdən (ə) nəql edirlər: «Əgər bəni-Üməyyə yazı yazdırmağa, ordularında vuruşmağa və yığıncaqlarına qatılmağa adam tapmasaydılar - heç vaxt bizi öz haqqımızdan məhrum edə bilməzdilər».

    HAQQI DEMƏK

    «Mübarək İslam məntiqində insan hər zaman haqqı deməlidir, hər bir vəziyyətdə məzlumun yanında və zalımın qarşısında olmalıdır. Həzrət Əli (ə) Həsəneynə (İmam Həsənə (ə) və İmam Hüseynə (ə)) xitabən buyurur: «Haqqı deyin və savab üçün iş görün, zalıma düşmən və məzluma dost olun».

    Dinimiz zülm etməkdən çəkindirir və məzlumun dualarının təsirliliyi barədə xəbərdar edir. Həzrət Əli (ə) buyurur: «Oxların ən təsirlisi - məzlumun duasıdır».

    İslam Peyğəmbəri (s) buyurur: «Hərçənd kafir olsa belə, məzlumun duasından qorxun. Çünki, məzlumun duasına heç nə mane olmaz».

    Mübarək İslam məntiqində dinsizin, kafirin belə haqqına təcavüz etmək - yolverilməzdir. Hər bir şəxsin, hətta hər bir məxluqun haqqı var və İslam dini bunları müqəddəs sayır və pozulmasını mümkünsüz elan edir.

    Qardaşlıq məsuliyyəti ilə bağlı da dinimizin mübarək tövsiyələri vardır. İmam Muhəmməd Baqirdən (ə) nəql edirlər: «Mömin - möminin doğma qardaşıdır».

    İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: «Mömin - möminin qardaşıdır. Eynilə bir bədən kimidirlər. Onun bir üzvü ağrayanda digər üzvləri də həmin ağrını hiss edirlər. Onların ruhları bir ruhdandır».

    Bədənin bir üzvü ağrayanda, insanın bütün cismi bu ağrını hiss edir. Eləcə də, ümmətin bir üzvü zülm gördükdə, digərləri bu zülmə qarşı səslərini ucaltmalı, həmrəyliklərini bildirməlidirlər. Necə ola bilər ki, Fələstində uşaqlar ac-susuz qalsın, Qarabağ, Zəngəzur qaçqınları, Kəşmir insanları olmazın müsibət çəksin, müsəlman isə qəlbində bir narahatlıq keçirməsin, bir dərdə şərik olma hissi onun qəlbindən keçməsin?! Necə ola bilər insan bu ağrını yaşamasın, laqeyd olsun?! Duayla, qəlblə, niyyətlə bu dərdlərin yanında olmaq gərəkdir. Müasir dünyada hər şey qloballaşır. Yaxşı şeylərlə yanaşı, pis şeylər də qloballaşma prosesinin ünsürünə çevrilir. O cümlədən - zülm də, zalımlıq da qloballaşır. Və bu qloballaşan zülmün qarşısına qloballaşan əxlaqla, qloballaşan mənəviyyatla çıxmaq lazımdır. Allah hamımıza bu mövzuları dərk edib yaşatmaq tofiqatını nəsib etsin!».

    Sonda məclisə cəm olanlar haqqı tanıyan və haqqla olanlardan, zülmü qəbul etməyənlərdən, qəlbləri rəhmli və həssas olanlardan, ümmətin, millətin, bəşəriyyətin dərdlərinə şərik olanlardan, həqiqi imanı yaşadanlardan olmaq üçün, Hüseyn (ə) əzadarlarından olmaq üçün, cəmi iman əhlinin Həzrət Peyğəmbər (s) və Əhli-beytinin (ə) yolunu gedənlərdən olması üçün, qəsb olunmuş torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulması, 12-ci İmam - Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühur etməsi üçün cəmlə dualar etdilər.

    Hazırladı: Əli Cəfər
     
    Категория: Cümə söhbətləri | Просмотров: 1235 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Mart 2008  »
    B.eÇ.aÇC.aCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Linklər