Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, qardaşı “Azpetrol” Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyev və digərlərinin şikayəti üzrə məhkəməyə hazırlıq iclası davam edir. Dünənki iclasda Fərhad Əliyevin vəkili Elton Quliyev bu instansiyada yenidən məhkəmə istintaqının aparılması, əvvəlki məhkəmədə verilmiş vəsatətlərə yenidən baxılması və müdafiə tərəfin sübutlarının araşdırılması barədə vəsatətlər qaldırdı.
Fərhad Əliyev özü də müdafiəçisinin vəsatətlərinə münasibət bildirərək onları dəstəklədi:
- Birinci instansiya məhkəməsinin ədalətsiz və qərəzli olması göz qabağındadır. İstintaq külü üfürüb təpə yaratmaq istəyib. Amma yaddan çıxarırlar ki, küldən təpə olmaz. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin sübutlarının araşdırılmasına imkan vermədi. Bu, təəccüblü deyil. Çünki məhkəmə sisteminin vəziyyəti bəllidir. Ona görə də birinci instansiya məhkəməsi notarius rolunu oynadı.
15 gün 342 cildlik işi yalnız vərəqləməyə çatardı. Bolşeviklər dövründə öz rəqiblərinə münaqişə yaratmaq üçün hansısa bəhanələr ortaya atırdılar. Bütün bunlar yalan, böhtan və şantajdır. Mən də demişəm ki, heç vaxt yalanı, böhtanı üstümə götürməyəcəm. Dövlət çevrilişi yox idi, şər və böhtanla həbs olunmuşam.
Müdafiəçim Ramiz Məmmədovu MTN-də tutub saxlamışdılar ki, sənədə qol çəkməsən, səni də Fərhad Əliyevin yanına göndərəcəyik. Mən onu yalvar-yaxarla yola gətirdim ki, qol çək, yoxsa səni də tutub basarlar içəri. Mən bəzi şeyləri danışmıram deyə, o demək deyil ki, dünənki uşaq gəlib burada meydan oynatmalı, sözümü kəsməlidir.
O ki qaldı vəsatətlərə, əgər sifariş varsa, hakimlər gedib, üç dəqiqədən sonra qayıdacaq ki, təmin olunmadı. Sifariş olmasa, vəsatətləri araşdırmaq üçün ən azı iki gün vaxt lazım olacaq. Bildiyimə görə, müdafiəçilərimin təqdim etdiyi üç vəsatət təxminən 650 səhifədir.
Mən heç özümə görə demirəm. Mən bu işə düşmüşəm və həbsimə də alın yazısı kimi baxıram. Zaman hər şeyi yoluna qoyacaq. Mənə görə nahaqdan burada oturanlar olduğundan vicdan əzabı çəkirəm. Mən demirəm ki, biz vəzifədə olanda mələk idik, bizə tapşırıq verilmirdi. Qətiyyən, hamımız Azərbaycanda yaşayırıq və nəyin necə olduğunu da bilirik. Amma vəzifəmizi vicdanla yerinə yetirmişik. Əlixan Paşayevi ilk dəfə məhkəmədə gördüm, onun heç bir günahı yoxdur. Əgər özəlləşdirməyə görə Fərhad Əliyevi tuturlarsa, onda gömrükdəki qanunsuzluqlara görə bu komitənin rəhbərini, dəmir yolundakı qüsurlara görə o qurumun rəhbərliyini tutmalıydılar.
Hələ heç mənim işim üzrə istintaq başlamamışdan ən yüksək səviyyədə təqsirsizlik preziumpsiyam pozuldu. Əgər məndə məhkəməyə azacıq da olsa inam saxlamaq istəyirsinizsə, vəsatətləri təmin edin.
Digər vəkillər də apelyasiya instansiyasında məhkəmə istintaqının aparılmasını istədilər.
Günün ikinci yarısında dövlət ittihamçısı Abdulla Yusifov çıxış edərək fasilədən əvvəl verilmiş vəsatətlərin təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər dövlət ittihamçısı Rahil İsmayılovun vəsatələrə münasibəti isə aranı qarışdırdı. Belə ki, prokurorun ötən prosesdə verilmiş və təmin olunmamış vəsatətlərə yenidən münasibət bildirməsi müdafiə tərəfinin vəkilləri ilə yanaşı məhkəmədə də çaşqınlıq yaratmışdı. Hakim Rəsul Səfərov dövlət ittihamçısını sonuncu vəsatələrə münasibət bildirməsinin vacib olduğunu xatırlatsa da, R.İsmayılov vəsatətləri səhv saldığını anlamadı. Elton Quliyevin izahat vermək istəməsinə isə R.İsmayılov “mənə ”meşat" eləməyin" deyə reaksiya verdi və yenidən təmin olunmamış vəsatətlərə münasibətini açıqlamaqda davam etdirdi. Bu dəfə Fərhad Əliyev dövlət ittihamçısının uzun-uzadı köhnə vəsatətə münasibət bildirməsinə hakimlərə müraciətlə reaksiya verdi: “Niyə boş-boş danışır? Niyə onu saxlamırsız?”
Rəsul Səfərov isə yenə də dövlət ittihamçısına eyni iradı tutdu və nəhayət, R.İsmayılov vəsatətlərin təmin olunmamasını məhkəmədən xahiş etdi.
Bundan sonra Fərhad Əliyev dövlət ittihamçsına etirazını bildirdi: “Xahiş edirəm etirazımı protokola qeyd edin. Külü üfürüb təpə düzəltmək istəyirlər. Ortada cinayət yoxdur, niyə yalan danışırsınız?”
İsaxan Aşurovun etirazı isə bütün Bakı Apelyasiya Məhkəməsinin tərkibinə oldu.
R.Səfərov isə etiraza baxılandan sonra verilmiş vəsatətlərə münasibət bildirəcəklərini söylədi. Dövlət ittihamçısı A.Yusifov isə etirazın baxılmamış saxlanmasını məhkəmədən xahiş etdi. Bundan sonra isə məhkəməyə hazırlıq iclasının martın 29-u saat 11:00-da davam etdirilməsi qərara alındı.
E.QƏDİMOV