Ekspert ölkədə yaranmış vəziyyəti qiymətləndirir
Onlardan bəziləri un tapa bilmədiklərindən bağlanmaq məcburiyyətində qalıblar. Hökumət isə hələ də ümidini Qazaxıstandan idxal edəcəyi 80 min ton taxıla dikib. Bu isə əhalinin 20 günlük ehtiyacı belə deyil. Yeri gəlmişkən, məsələnin ən kritik tərəfi “Bakı Taxıl Terminalı”nın da da boş olmasıdır. Srağagün dövlət başçısının əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının hazırlanması yönündə imzaladığı sərəncam vəziyyətin göründüyündən də pis olduğunu göstərir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYB) İdarə Heyətinin sədri Azər Mehtiyev hələ bir müddət əvvəldən müstəqil ekspertlərin ölkənin ərzaq təhlükəsizliyi, təminatı məsələlərində ciddi problemlərin mövcud olması yönündə məsələ qaldırdıqlarını söylədi: “Buna da ciddi əsaslarımız var idi. Doğrudan da Azərbaycanda ərzaq məhsulları istehlakının idxaldan kəskin asılılığı mövcuddur. Ötən il ölkənin idxalı ilə ixracı arasında çox cüzi kənarlaşma olub. İxrac idxaldan bir az çoxdur. Bu gün Azərbaycanın ixracında neft məhsulu üstünlük təşkil edir. Lakin idxalda sənaye məhsulları, ərzaq məhsulları xüsusi çəkiyə malikdir. Ayrı-ayrı məhsullar üzrə əhalinin istehlakını götürsək görərik ki, orta hesabla təxminən 50 faizə qədəri idxal hesabınadır. Belə bir vəziyyətdə dünyada ərzaq qıtlığı başlayan anda Azərbaycan üçün də ciddi problemlər yaranacaqdı. Bu o ölkədə baş verir ki, kənd təsərüfatının inkişafı üçün əlverişli regiondur. Torpaq quruluşu burada əksər ərzaq məhsullarının istehsalına imkan verir. Nəinki ölkə ehtiyaclarını ödəmək, hətta ixracı təşkil etmək də mümkündür. İndiyə qədər Azərbaycanda bu baş verməyib. İndiki halda da proses ilk növbədə taxıl məhsullarından başlandı. Proses ciddi vəziyyət alıb. Son zamanlar atılan bir neçə addıma nəzər yetirdikdə ərzaq sahəsində olan vəziyyətdən narahatçılıq özünü tam əksinə göstərib. Bura taxıl təminatının Fövqəladə Hallar Nazirliyinə həvalə olunması və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının hazırlanması yönündə imzalanan sərəncam aiddir. Əhali arasında da narahatçılıq artıq özünü göstərməkdədir. Ayrı-ayrı məhsullar üzrə ehtiyatların yaradılması prosesinə başlanılıb. Bütün bunlar vəziyyətin xeyli dərəcədə gərgin olduğunu göstərir”.
A.Mehtiyev bildirdi ki, indiki vəziyyətdən çıxış üçün atılan addımlar uzun müddətə hesablanıb: “Hələ bundan sonra ərzaq təminatı ilə bağlı proqram hazırlanacaq. Ərzaq təhlükəsizliyi ilə bağlı 2001-ci ildə sənəd imzalanmışdı. Lakin onun icrası üçün real olaraq addımlar nəzərdə tutulmurdu və indiyə qədər ortaya nəticə qoyulmayıb. Bundan sonra belə bir proqramın işlənilməsi, hazırlanması zaman tələb edir. Eyni zamanda proqram hazırlandıqdan sonra onun reallaşdırılması üçün real addımların atılması vaxt aparacaq. Sərəncam əsasında belə bir proqram işlənərsə, ən yaxşı halda bu ilin axırına hazır olacaq. Bundan sonra növbəti ilin büdcəsində onun reallaşdırılması üçün real olaraq maliyyə və digər addımlar nəzərdə tutula bilər. Bu o deməkdir ki, gələn il atılacaq həmin addımlar öz nəticəsini 2 ildən sonra verəcək”.
Ekspertin sözlərinə görə, hökumətin addımları gələcək perspektivə söykənir, hətta onun yaxşı nəticəsi olarsa belə: “Hazırkı şəraitdə vəziyyət xeyli dərəcədə gərgindir. Gərginliyin aradan qaldırılması daha real addımların atılmasını tələb edir. Birincisi, ölkənin idxal, ixracında inhisarçılıq, maneələr tam aradan qaldırılmalı, sahibkarlıq mühiti yaxşılaşdırılmalıdır. Şərt qoyulmalıdır ki, ölkəyə ərzaq məhsullarını kimin gətirməsindən asılı olmayaraq, həmin məhsullar əhalinin təhlükəsizliyi, yəni gigiyenik sertifikatlar, sağlamlıq sertifikatları tələbləri baxımından nəzarətdən keçirilməklə buraxılmalıdır. Çünki indiki halda yalnız qıtlıq təhlükəsi deyil, o cümlədən insan sağlamlığı üçün təhlükəli olan məhsulların ölkəyə gətirilməsi təhlükəsi yarana bilər. İkinci istiqamət hökumətin dövlət vəsaitləri hesabına əhalinin sosial müdafiəsinin güncləndirilməsi istiqamətində addımlar atması ola bilər. Hökumətdə bunun əleyhinədirlər və hesab edirlər ki, bu istiqamətdə atılan addımlar inflyasiyanı artırır. Halbuki bu gün investisiya istiqamətinə, yəni korrupsiya məqsədilə yönəldilən vəsaitlər daha çox inflyasiya yaradır, nəinki sosial müdafiənin gücləndirilməsinə vəsaitin ayrılması. Nəhayət, üçüncü istiqamət vəziyyətin daha da gərginləşəcəyi təqdirdə hökumətin özünün də müəyyən ərzaq məhsullarını alıb gətirməsi, bazara buraxmasıdır. Belə bir addımın da əvvəldən gözlənilən mənfi effekti odur ki, indiki kimi yüksək korrupsiyalaşmış hökumətdə bundan kimlərinsə varlanması, vəsaitlərin dağıdılması üçün vasitə kimi istifadə edilə bilər”.
“Fatoğlu” fəaliyyətini dayandırdı
Azərbaycanın ən böyük un istehsalçılarından olan “Fatoğlu” ASC mayın 1-dən fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Səhmdar cəmiyyətinin baş mühasibi İlham Xəlilovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, buna səbəb Qazaxıstandan Azərbaycana buğda idxalının dayandırılmasıdır. Bu səbəbdən Azərbaycanın bəzi rayonlarında çörək qıtlığı yaranıb.
İ.Xəlilov deyib ki, hazırda şirkət başqa mənbələrdən, əsasən də Rusiyadan buğda almaq istiqamətində danışıqlar aparır. Yaxın 10 gün ərzində şirkətin fəaliyyətinin bərpa edilməsi planlaşdırılır.
Qeyd edək ki, bugünlərdə Azərbaycanın əksər şəhər və rayonlarında çörəyin (350 qramlıq) satış qiyməti 30 qəpikdən 40 qəpiyədək (30%), əla növ un kisəsinin (50 kq) qiyməti isə 25-26 manatdan 30-31 manatadək (20%) bahalaşıb. Bəzi ticarət obyektlərində isə çörək qıtlığı müşahidə olunur.
L.ƏLİYEVA