Rus Pravoslav Kilsəsi müsəlmanların dialoq çağırışına cavab verdi
2007-ci ilin oktyabr ayında dünyanın müxtəlif ölkələrindən olan 138 nəfər müsəlman ilahiyyatçısının, mütəfəkkirinin və ictimai xadiminin açıq məktubu xristianlıq aləminə təqdim olundu. Məktubda müraciət olunan 28 nəfər xristian ruhani rəhbərinin içində Rus Pravoslav Kilsəsinin başçısı da var idi. Məktub müəllifləri özlərinin bu açıq məktubunda hər iki din arasında olan dialoqu aktivləşdirmək təklifini irəli sürmüşdülər. Rus Pravoslav Kilsəsinin rəhbəri II Aleksiy bu müraciətə cavab məktubu ünvanlamışdır.
Xatırladaq ki, bundan daha əvvəl müsəlman liderlərinin məktubuna Ümumdünya Kilsələr Şurası və Vatikan cavab vermişlər. Onlar dialoqa hazır olduqlarını bəyan etmişdilər. Və nəticədə isə artıq daimi əsasda fəaliyyət göstərən İslam-katolik forumu yaradılmış və işə başlamışdır. Bu məktubdan sonra bir sıra müsəlman xadimi yəhudilərə də analoji müraciət ünvanladılar.
II Aleksiy müsəlmanların çağırış məktubuna cavab olaraq, o cümlədən aşağıdakıları bildirmişdir:
«Rus Pravoslav Kilsəsinin rəhbəri də daxil olmaqla xristian kilsələrinin nümayəndələrinə açıq məktub ünvanlamış müsəlman liderlərinə və alimlərinə təşəkkürümü bildirirəm.
Xristianların və müsəlmanların oxşar məqsədləri az deyildir. Və bu məqsədlərə çatmaq üçün biz öz səylərimizi birləşdirə bilərik. Lakin, əgər əvvəlcə bir-birimizin dini dəyərlərinin anlaşılmasına aydınlıq gətirilməsə, bu birləşmə baş verməyəcəkdir. Və bu mənada mən müsəlman birliyinin xristian kilsələrinin nümayəndələri ilə ciddi elmi-intellektual səviyyədə səmimi və açıq dialoq başlamaq təşəbbüsünü alqışlayıram.
Bu gün, xristianlıq və İslam dünyada həqiqətən də çox ciddi bir iş görürlər. Onlar Tanrının varlığını, insanın və dünyanın mənəvi ölçülərini bəşəriyyətin yadına salırlar. Biz sülhün və ədalətin, əxlaqın və qanunun, həqiqətin və məhəbbətin qarşılıqlı şəkildə biri-biriləri ilə bağlılığına şəhadət veririk.
Məktubda doğru və ədalətli şəkildə qeyd olunduğu kimi, xristianlığın və İslamın ardıcıllarını bir-birinə ilk növbədə bu dinlərin insanın Tanrıya və əzizlərinə münasibətdə olan məhəbbəti barədə olan hökmləri yaxınlaşdırır. Özü də ki, mən düşünmürəm ki, bu zaman bizə guya ki, inancla insanın dini həyata ilahi kifayi olmasının üst-üstə düşmələrini, təsadüflərini qeyd etmək üçün hansısa bir minimum həddi müəyyən etmək lazımdır. Və həm xristianlıqda, həm də ki, İslamda olan hər bir dini qaydanı onun bütöv İlahi sistemdə tutduğu unikal yerindən ayrılıqda nəzərdən keçirmək olmaz.
Əks halda öz dini eyniliyinin nəsə bir «silinməsi» baş verir və inancların bir-birinə qarışmasına doğru hərəkətin yaranması təhlükəsi meydana çıxır. Buna görə də, hər bir tərəfin inancının bütöv, tam bir halda öyrənilməsi və onların müqayisə edilməsi daha məhsuldar bir yol kimi görünür.
İnsanın Tanrıya olan həqiqi məhəbbəti yalnız bu insanın azadlığının mövcudluğu halında mümkündür. Belə ki, bu cür azadlığın olması yaxşılıq və səxavət göstərilməsini və yaxud da ki, Tanrının buyruğunu yerinə yetirilməsini nəinki yalnız cəza qorxusundan və ya mükafat arzusundan edilməsini mümkün edir. Tanrıya qarşı olan məhəbbət, insanda Onun göstərişlərini təmənnasız şəkildə yerinə yetirməyə bir istək yaradır. Və demək, dini-mənəvi kamilliyə çatmanın cövhəri olan Tanrıya məhəbbətin getdikcə artması, insanın azadlığını genişləndirir və möhkəmlədir. Tanrını sevən insan hər bir əməlində öz Yaradanına bənzəməyə çalışır.
Özümün bu məktubunda mən qarşıma heç də bütün xristianlıq ilahiyyatını izah etməyi qoymuram. Mən yalnız Tanrının insana və insanın da Tanrıya olan məhəbbətinin müzakirəsinin misalını təklif edirəm. Elə bir məhəbbəti ki, onu bir neçə lakonik fikirlə izah etmək mümkün deyil və hansı ki, xristianlığın bütün ilahi dünyagörüşü sistemini təşkil edir. Mən əminəm ki, xristian və müsəlman mütəfəkkirlərinə bir-birilərinin dini etiqadının bütün tamlığı ilə müntəzəm şəkildə tanış olmaları çox faydalı olardı. Bununla əlaqədar olaraq da, doktrinal xristian-İslam dialoqunun inkişaf etdirilməsini çox arzuolunan görürük. Düşünürük ki, belə dialoq elmi-araşdırma qarşılıqlı fəaliyyətinin genişlənməsinə və din qaydalarının öyrənilməsinə xidmət edə bilər, bizim dini icmalar arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün güclü bir əsas yaradar.
Son zamanlar Pravoslav Kilsənin İslamla olan doktrinal dialoqu mühüm dərəcədə fəallaşmışdır. Və bu yalnız ona görə baş vermir ki, müasir qloballaşan dünyada biz daha çox ünsiyyətdə olmağa və ictimai həyatı birgə qurmağa məcburuq. Bu həm də ona görə baş verir ki, həm xristianlar və həm də ki, müsəlmanlar elə eyni meydan oxumalar qarşısında qalmışlar ki, bu meydan oxumalara təkbaşına cavab vermək mümkün deyildir.
Biz birlikdə – həm xristianlıq və həm də ki, İslam, universallığa iddialı olan və ictimai həyatın bütün sahələrini özünə tabe etdirməyə can atan anti-din dünyagörüşünün təzyiqi ilə qarşılaşmışıq. Və biz eyni zamanda, ənənəvi dinlər tərəfindən dəstəklənən mənəvi normalarla ziddiyyət təşkil edən «yeni əxlaqın» təsdiq edilməsi cəhdlərini müşahidə etməkdəyik. Və bu səbəbdən də, belə meydan oxumalarının qarşılığında biz gərək bir yerdə olaq.
Həm xristianlar və həm də ki, müsəlmanlar arasında olan bəziləri dinlərarası dialoqun inkişaf etdirilməsinin dini sinkretizmə (sinkretizm – fəlsəfi bir anlayış olub bir-birilə uyuşmayan ziddiyyətli görüşlərin birləşdirilməsi deməkdir – Dəyərlər) və dini etiqada yenidən baxılmasına, dini ənənələr arasında sərhədlərin silinməsinə gətirib çıxaracağından çəkinirlər. Lakin, zaman göstərdi ki, dinlərin birgə işləməsinin düşüncəli tərzdə təşkil edilmiş sistemi, bu dinlərin hər birinin unikallığını və özünəməxsusluğunu xüsusi qabardır və onların qorunub saxlanmasını təmin edir. Bundan da başqa, dinlərarası dialoqun düzgün formalarının inkişafının özü, hansısa ümumdünya superdininin yaradılması yönündə aparılan manipulyasıyaların qarşısında ciddi bir maneəyə çevrilmişdir.
Əfsuslar olsun ki, etiraf etmək lazımdır ki, bizim dinlərin düşmənləri də vardır. Və bu düşmənlər bir tərəfdən xristianlarla müsəlmanları bir-biri ilə toqquşdurmaq istəməklə bərabər, digər tərəfdən isə əksinə, xristianlığın və İslamın ardıcıllarını dini və mənəvi təfavütsüzlük əsasında bərqərar olmuş, sırf dünyəvi maraqlara üstünlük verən yalançı «vəhdətə» gətirmək istəyirlər. Və bütün bunlara görə də, bu dəyişən dünyada inanclı insanlarımıza öz kimliklərini qoruyub saxlamağa yardım etmək üçün bir dini lider kimi biz bir-birimizə lazımıq.
Bununla əlaqədar olaraq, Rusiyada mövcud olan xristianlığın və İslamın birgə yanaşı yaşama təcrübəsi xüsusi maraq kəsb edir. Belə ki, min illər boyu bizim ölkəmizdə yaşayan xalqların ənənəvi dinləri öz özünəməxsusluqlarını qoruyub saxlayaraq, heç bir zaman bilavasitə münaqişələrə və qarşıdurmalara məruz qalmamışlar. Rusiya – elə nadir çoxdinli və çoxmillətli dövlətlərdən biridir ki, dünyanın müxtəlif bölgələrində yaxşı məlum olan dini zəmindəki müharibələr onun tarixi ərzində baş verməmişdir.
Biz müasir zəmanənin müxtəlif meydanoxumalarına qarşı bir yerdə duruş gətirməyə can atırıq. Və biz həmçinin bütün dünyaya pravoslavların və müsəlmanların yüzillər boyu bir cəmiyyət daxilində yaşamasının və qarşılıqlı münasibətdə olmasının müsbət nümunəsini nümayiş etdirmək istəyirik. Məlum olduğuna görə, xristian ənənəli digər ölkələrdə də müsəlmanlar öz dini həyatlarını azad şəkildə inkişaf etdirmək üçün imkanlara malikdirlər.
Doktrinal səviyyədə bizim dialoq Tanrı haqqında, insan və dünya barədə olan məsələlər kimi mühüm mövzulara toxuna bilərdi. Və eyni zamanda, praktiki müstəvidə isə xristianların və müsəlmanların qarşılıqlı fəaliyyəti – ictimai həyatda dinin rolunun müdafiə olunmasına, dinin diffamasiyası ilə mübarizəyə, dözümsüzlük və ksenofobiya ilə mübarizəyə, müqəddəslərin mühafizəsinə, dini etiqad məskənlərinin qorunub saxlanmasına, birgə dinc təşəbbüslərin inkişaf etdirilməsinə yönəldilə bilərdi.
Əminəm ki, bu gün məhz xristianlar və müsəlmanlar regional və ümumdünya səviyyələrində dinlərarası dialoqların təşəbbüskarı olmalıdırlar. Ona görə də, beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif xalqların dini-mədəni ənənələrini daha çox nəzərə almağa imkan verən mexanizmlərin yaradılması daha yaxşı olardı.
Mən bir daha müsəlman alimlərinə və dini liderlərinə onların açıq məktublarına görə minnətdarlığımı bildirirəm. Və mən həm ilahiyyat dialoqu sahəsində, həm də ictimai sferada daha sonrakı məhsuldar əməkdaşlığa ümidvar olduğumu bildirirəm». II Aleksiy, Moskva və bütün Rusiyanın Patriarxı
Moskva Patriarxlığının rəsmi portalı – (ixtisarla verilmişdir)«İslam.ru»
|