Şenbe, 21.12.2024, 19:55
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 52
    Qonaq: 52
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 29 » HACI iLQAR:
    14:17
    HACI iLQAR:
     
    Cümə söhbətləri

        Ötən bəhslərimizdə Həzrət İmam Səccadın (ə) «Məkarimul-əxlaq» duasından ruzi ilə bağlı məqamlara toxunduq. Qeyd etdik ki, burada Allahdan qənilik istənilir, verilən ruzinin genişliyi istənilir, özgə malına nəzər salmaqla imtahan olunmamaq arzulanır. Bəhsimizin əsas istiqaməti ona yönəldi ki, mübarək inancımız, mübarək dinimiz halal ruzi dalınca getməyi, halal qazanc dalınca getməyi birmənalı olaraq bəyənir.
     
      QƏNİLİK və RUZİ GENİŞLİYİ

        Bu məsələ o qədər əhəmiyyətlidir ki, Məsumlarımızdan (ə) gələn dualarda xüsusilə vurğulanır. Tövsiyə də olunur ki, insanlar Allahdan qənilik istəsinlər, ruzi artımını istəsinlər.

        Amma göstərilən duanın ikinci hissəsində özgə malına nəzər salmaq mövzusu ilə bağlı bir vurğu gətirilir. Burada, belə sınaqla imtahan olunmamaq istənilir. Əslində bu vurğu – dinimizin ciddi xəbərdarlıqlarındandır. İnsan özünə aid olmayana, özgəyə məxsus olana nəzər salmaqla özünü zəlil edə bilir. Zira, bu sadə nəzər deyil. Bu nəzər, öz ardınca tamah gətirir. İnsan özgəsində gördüyü şeyə malik olmaq istəyir. Belə ki, bu malik olma istəyi onda nəticə etibarilə hədəfə çevrilir.

        Diqqət etsək, duanın nəzər salmaqdan qorunmaq hissəsi, bu müstəvinin özünün əmələ gəlməsinin də hətta təhlükəli mahiyyət daşımasına dəlalət edir. İnsan digərlərindəkilərə nəzər salmaqla, bunlarda gözü qalmaqla əslində özünü çox ağır bir vəziyyətə salmış olur. Bir vəziyyətə salmış olur ki, insanın mənəvi deqradasiyası, tənəzzülü qaçılmaz xarakter əldə edir.

        Duanın təhlilindən bəlli olur ki, bir tərəfdən insan halal ruzi dalınca getməyə, öz rifahını təmin etməyə, kasıblıqdan qurtulmağa dəvət edilir. İslam dini insanın özünü süni surətdə kasıbçılığa, ehtiyaclılığa salmasını bəyənmir. İslam istəyir ki, insan öz ruzisini qazansın, işləsin, çalışsın, rifahını yüksəltsin.


         Beləliklə, ruzi diləməklə yanaşı, tamah imtahanına çəkilməməyi istəməyi də dualara salmaq – mübarək İslam dininin tövsiyələrindəndir.

        ZƏHMƏT ÇƏKƏNƏ VERİLƏN QİYMƏT

        Ötən bəhslərimizdə biz ruzi əldə etməklə, zəhmətə qatlaşmaqla bağlu dinimizin tövsiyələrinə toxunduq. Bu sırada İslamın zəhmətə verdiyi ən yüksək qiymətin təzahürünə də toxunduq. Qeyd etdik ki, əziz İslam Peyğəmbəri (s) zəhmət çəkən insana o qədər misilsiz dəyər verir ki, zəhmətkeşin əlini öpür. Təsəvvür edək ki, Allah Təalanın dünyalar qədər qiymətləndirdiyi bir müqəddəs şəxsiyyət, zəhmətkeşin əllərini öpür və zəhmətkeşin cəhənnəm əzabından qorunması ilə müjdələyir.

        Amma, bu mübarək yanaşmanı rəhbər tutub, ifrata varmalar da əmələ gələ bilir. Daha doğrusu, İslamın əməyə və çalışqanlığa, halal qazanca olan son dərəcə müsbət münasibətindən yararlanaraq, özünü aldatmaq, sui-istifadə etmək cəhdləri də mövcuddur. Belə ki, dinimiz insanın özünü, ailəsini, qohum-qonşusunu dolandırmasını, çeşidli xeyriyyə işlərini həyata keçirməsini alqışlayır, insanın öz maddi rifahını yüksəltmək yönündə atdığı addımları dəstəkləyir. Amma, dinimiz burada bir zəruri haşiyə çıxır: bunlar hamısı insanın vücudi inkişafını təmin edən vasitələrdəndirsə – yaxşıdır və kamilliyə doğru addımlamanı təmin edir. Yox, əgər insan qazanc əldə etməni hədəfə çevirirsə, bu – mənasız bir işdir və o, yalnız özünü aldadır.

        İnsan öz qazanc işləri ilə o qədər məşğul olmalıdır ki, onun öz varlığına, mahiyyətinə, əsas məsələlərinə diqqət yetirməsinə maneçilik törətməsin. Yoxsa ki, adam robot təki səhərini axşamına qatsın qazanc üçün, özünə də bir təskinlik versin ki, bəs dinim insanın qazanc əldə etməsini sevir. Bu, azmanın birinci tərəfidir, qazanca münasibətin bir ifratıdır.


        QAZANCA İKİLİ MÜNASİBƏT


        Qazanca münasibətin ikinci tərəfi, təfrit halı odur ki, insan özünə deyə ki, bəs artıq mən ən gözəl durumumu tapmışam, dində-imandayam, heç bir qazancda gözüm yoxdur, quru çörək yeyərəm, bəsimdir. Deyir, mən Allah bəndəsiyəm, qazanc-filan məni düşündürmür. Amma çox vaxt, insan ya özünü aldadır – sadəcə qazanmaq qabiliyyəti zəifdir, ya da dini düzgün başa düşmür. Axı, İslam tərki-dünyalığı, bir guşəyə çəkilib, «mən salamat olum, camaatla nə işim» tipli davranış tərzini rədd edir.

        Amma eləsi də var ki, sadəcə tənbəllyi ucbatından özünü işə vermir. Burada da əlinə «gözəl fürsət» düşüb, yalançı «müqəddəslik» örtüyünə bürünüb, özünü aldadır.

        Əlbəttə ki, ifrat və təfritə başqa misal və nümunələr də çəkmək olar. Amma əsas onu qeyd etmək zəruridir ki, hər ikisi pisdir. Nə insanın bütün enerjisini, bilgilərini, vaxtını, səylərini yalnız qazanc əldə etməyə sərf etməsi yaxşıdır, nə də insanın özünü aldadaraq, inanc adı altında özünü zəhmətdən, çalışmaqdan kənara çəkməsi bəyəniləndir. Adı ilə desək, birinci halda insan dünyanın əsirinə çevrilirsə, o birisində tərki-dünyalığa üz qoyur.


        ƏKSLİKLƏRİN VƏHDƏTİ

        Yeri gəlmişkən, bu ifrat-təfrit məsələsi təkcə qazanca aid deyil. Eyni mövzu qohum-əqrəba ilə münasibətlərə də aiddir. Bu gün «yaxınlarla rabitəni möhkəmlətmək – dindəndir» deyərək, vaxtının böyük hissəsini qonaq getməyə sərf edənlər də var, bunun əksi olaraq, «bizim yolumuz uyğun gəlmir» tezisini rəhbər tutub, qohum-qonşuyla bütün əlaqələri kəsən də.

        Eyni məsələ yardımlaşmaya da aiddir. İnsan var, köməyə çağıran olsa, ayırd etmədən, təhlil etmədən, kimliyi, necəliyi fikirləşmədən, bütün işini-gücünü, hətta vacib məsələlərini kənara atıb yardıma gedir. Adam da var ki, «hər kəs gərək vəziyyətdən özü çıxmağı bacarsın» prinsipi ilə hərəkət edir və heç kəsə kömək əlini uzatmır.

        İctimai proseslərdə iştirak da eynilə bu curdur. Eləsi var ki, lazım gəldi-gəlmədi daima proseslərin mərkəzində olmağa çalışır, buna aid oldu-olmadı, fəallıq etməyə üstünlük verir. Mənəvi-ruhi mövzuları isə nəzərdən qaçırır, tamam buraxır. Elə insan da var ki, «bu dünyanın çirkabına bulaşmaq istəmirəm» tipli ifadələrlə özünü hər şeydən kənarlaşdırır, baş verən proseslərə qarşı süst və laqeyd olur. Özünü guya ibadətə həsr edir. Halbuki, ibadət təkcə ayinlərin icrası ilə bitmir. Bu, insanın hər bir təzahırınə aid olan bir məsələdir.

        Qeyd etdiyimiz kimi, nə o tərəfi bəyəniləndir, nə də bu tərəfi. İslam orta həddin, mötədilliyin, optimallığın tərəfdarıdır. İnsan gərək bir tərəfdən mənəvi ab-hava ilə yaşasın, digər tərəfdən əldə etdiyi bu mənəvi durumu həyatında tətbiq etsin. Nə o işlərin faydası var ki, onlarda mənəvi tərkib yoxdur, nə də o mənəvi toplanmanın faydası var ki, real həyatda bir təsdiqi olmur. İslam bir mötədil yaşayış dinidir ki, insana həyatın hər bir səhnəsində, hər bir müstəvisində olmağı tövsiyə edir, amma mənəvi yüklə, mənəvi tərkiblə olmağı. Bu kimi məsələlərdə ayıq yanaşma tətbiq etmək zəruri və vacibdir.

        FƏQİRLİK – DÜNYA və AXİRƏTDƏ ÜZÜQARALIQDIR

        Ruzi dalınca getmək mövzusunun davamında bir məqamı qeyd etmək gərəkdir ki, görəsən, ümumiyyətlə, İslamda fəqirliyə münasibət necədir? İnsanın minimum yaşayışını təmin edə bilməməsinə İslam necə baxır?

        Bu məsələdə cavab belədir ki, İslamın sonsuz həddə fəqirliyə, imkansızlığa, insanın öz ən minimal ehtiyaclarını təmin edə bilməməsinə münasibəti çox mənfidir. Belə imkansızlığı, fəqirliyi dinimiz qınayır, pisləyir və ondan qurtulmağa çağırır. Belə ki, dinimizin nəzərində belə sonsuz həddə fəqirlik insanı günaha və cinayətə tərəf yönəldə bilər. Belə vəziyyətdən insan həm dünya, həm də axirət günahlarına gedib çıxa bilər. Həm oğurluğa, kiminsə malını qəsb etməyə gedib çıxa bilər, həm də küfrə qədər, imansızlığa qədər gedib çıxa bilər bu insan. Yəni, həm daxili, həm zahiri cinayətlərə qol qoya bilər o.

        Qeyd etmək lazımdır ki, söhbət mütləq fəqirlikdən, insanın öz ehtiyaclarını ən minimal səviyyədə təmin edə bilməməsindən gedir. Belə durumda olan insana nisbətdə lənətlik iblis üçün çox münasib bir imkan yaranır ki, vəs-vəsə edib günahlara tərəf yönəltsin. Dinimiz bu baxımdan ayıldıcı göndərişlər edir və insanı fəqirlikdən qurtulmağa, çalışıb ruzi dalınca getməyə çağırır. Məsumlardan (ə) bu əlaqədə nəql edilir: «Fəqirlik – dünya və axirətdə üzüqaralıqdır».

        Qeyd etdiyimiz kimi, burada söhbət mütləq fəqirlikdən gedir. İslam insanın ruzi baxımından ehtiyaclılığını onun hərəkətlərində mənfi əks buraxması barəsində xəbərdarlıqlar edir. İslam bəzi digər təlimlər kimi zahiri zəlilliyi, özündən, yaşayışından əlini üzüb tərki-dünyalığa üz qoymasını bəyənmir. İslamın kamil insan konsepsiyasında belə bir yanaşma yoxdur.

        MÜTLƏQ FƏQİRLİK KÜFRƏ APARA BİLƏR

        Məsumlarımızdan (ə) fəqirliklə bağlı ikinci çatdırışda bildirilir: «Mütləq fəqirlik mümkündür insanı küfrə və dinsizliyə çəksin».

        Həzrət Əlidən (ə) nəql edirlər: «Fəqir olan insanın dəlilgətirmə vaxtı dili bağlanar».

        Mütləq fəqirin dəlilləri zəif olar. Dəlil, sübut gətirmək baxımdan belə fəqirin imkanı çox məhdud olar.

        Digər hədisdə Həzrət Əlidən (ə) nəql edirlər: «İmkansız öz məmləkətində qərib kimi yaşayar».

      
      Bu – çox ciddi bir çatdırışdır. Bir tərəfdən insanın əqli müstəvidə imkanlarının sanki tıxaclanması baş verirsə, digər tərəfdən insanın əmin-amanlığının aradan getməsinə işarə olunur. Məlum olur ki, mütləq fəqirlik belə mənfi nəticələrə gətirib çıxara bilər.

        Əziz İslam Peyğəmbərindən (s) belə bir münacat var: «Allahım! Mən küfr və fəqirlikdən Sənə pənah aparıram». Bir kəs ki, Rəsuli-Əkrəmdən (s) bu cümləni eşidir, soruşur: «Bunlar müadildirlərmi (yanaşı, eynicinslidirlər)?». Həzrət (s) buyurur: «Bəli».

        Fikir versək, küfr və fəqirlik bu duada yanaşı işlədilir. Əlamətdardır ki, müsəlmanlardan biri bunların yanaşı işlədilməsilə bağlı Peyğəmbərimizə (s) sual ünvanlayır. Axı, adət üzrə duada həmcins, eyni təbiətli kateqoriyalar yanaşı işlədilir. Bir sözlə, adətən ekvivalent anlayışlar dua və münacatda yanaşı işlədilir. Həzrətin (s) təsdiq cavabı verməsi, mütləq fəqirliyin insanı küfrə yaxınlaşdıra bilməsi təhlükəsinə dair güclü bir dəlalətdir. Bir bu bəsdir inanclı insana ki, küfr təhlükəsindən çəkindiyi kimi, mütləq fəqirlik durumundan qurtulmağa çalışsın.

        Deməli, o fəqirlik ki, insanı minimum yaşayış imkanlarından da məhrum edir – İslam dini tərəfindən qətiyyən bəyənilmir. Çünki, bu durum insanın dünya və axirət günahlarına şərait yaradır.

        ALLAH İŞLƏYİB YEYƏNİ SEVƏR

        Halal qazancla bağlı dinimizin bir neçə tövsiyəsi ilə tanış olaq. Nəql edirlər ki, Həzrət Davud (ə) bir pinəçi kişi ilə rastlaşdıqda buyurur: «Ey kişi! İşlə və ye! Çünki, Allah işləyib çörək yeyəni sevər, yeyib işləməyəni isə sevməz».

        Dinimiz çalışmağı, zəhmətə qatlaşmağı və zəhmətin bəhrəsini görməyi dəstəkləyir. Gününü boş-boşuna keçirib, havayı yeyəndən olmağı dinimiz qətiyyən bəyənmir.

        Böyük İslam Peyğəmbərindən (s) nəql edilir: «Heç vaxt heç kim əlinin zəhməti ilə olan yemək qədər ləzzətli heç nə yeməmişdir».

        Gördüyümüz kimi, insanın qidasının ərsəyə gəlməsi şəraiti ilə bu qidadan alınan ləzzət arasında möhkəm bir bağlılıq var. Və bu bağlılıq zahirdən çox, bəlkə batini xarakter daşıyır. Bərəkətliliyə bir güclü işarə edilir burada.

        Digər hədisdə Peyğəmbərimiz (s) işçinin öz əmək fəaliyyətinə məsuliyyətlə yanaşmasının vacibliyini vurğulayır: «Ən yaxşı qazanc, öz işində sədaqətli olan işçinin qazancıdır».

        Bu gün dünyada əməyin təşkili, menecment və idarəetmənin keyfiyyətliliyi – bəlkə də ən mühüm mövzulardandır. Bu kontekstdə qeyd etmək lazımdır ki, ən güclü nəzarətçi və ən güclü stimul – insanın öz əməyinə şüurlu və vicdanlı yanaşmasıdır. Məhz bu müstəvidən olan yanaşma, məhsuldarlığın maksimum göstəricisini təmin edə bilər. Çünki, yaradıcı yanaşmadan tutmuş, qənaətçilik və yığıcılıqa qədər, fayda vermək səyi və uğur qazanmaq şansına qədər hər bir kateqoriya bu müstəvidə ehtiva olunmuşdur. Gördüyümüz kimi, İslam dini 1400 il bundan öncə elə bir üfüqlər açmışdır ki, müasir elm və müasir menecment indinin özündə də buna yetişməkdə çətinlik çəkir.

        Onu da qeyd etmək lazımdır ki, mütləq fəqirliyə aparan ən güclü amillərdən biri – tənbəllikdir. Bu əlaqədə İmam Muhəmməd Baqir (ə) buyurur: «Tənbəllik dinə və dünyaya ziyan vurar».

        Digər bir hədisdə isə İmam Baqirdən (ə) çox dərin bir mətləb çatdırılır, tənbəlliyin zəlillik perspektivi açıqlanır: «Mən dünya işlərində tənbəllik edənə nifrət edirəm. Dünyasının işlərində tənbəl olan, axirət işlərində ondan da tənbəl olar».


        Uca Allahdan duamız budur ki, bütün insanları mütləq fəqirlikdən qurtarısın, tənbəlliyə nifrət edənlərdən qərar versin!

        Allahım! Bizləri öz işində ardıcıl, diqqətli və sədaqətli olanlardan qərar ver!

        Allaıhm! Həzrət Peyğəmbər (s) və Əhli-beytinin (ə) nicat yoluna getməyi bütün insanlar qismət et!

        Allahım! Qəsb olunmuş torpaqların işğaldan qurtulmasını tezliklə nəsib et!
    Allahım! Öz Höccətin – İmam Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! AMİN
        Hacı İlqar İbrahimoğlu,
        İlahiyyatçı-filosof,
        İçərişəhər «Cümə» məscidinin imam-camaatı




      
    Категория: Cümə söhbətləri | Просмотров: 1381 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər