Mehdi adı isə 7 -ci yerdədir
Avropanın paytaxtı sayılan Brüsseldə 2007-ci ildə yeni doğulan oğlan uşaqlarına qoyulan ən populyar ad Məhəmməd olub. “DPA”nın verdiyi məlumata görə, ikinci yerdə Adəm adı gəlir.Ən populyar qadın adları Lina və Saradır. On ən populyar kişi adları siyahısına Amin (6-cı yer), Əyyub və Mehdi (7-ci yeri bölüşdürürlər), qadın adları siyahısına isə Ayyə (3-cü yer), Yasəmən (4-cü yer) və Salma (7-ci yer) da düşüb.
Maraqlıdır ki, Məhəmməd adı bütün Belçika ərazisində populyarlığına görə 7-ci yerə çıxıb. Bu zaman o, Matis və Hüqo kimi ənənəvi Belçika adlarını da üstələyib. Bu ad Böyük Britaniyada populyarlığına görə Tomas, Oliver, Harri, Çarli, Uilyam, Ceyms, Corc kimi adları qabaqlayaraq ikinci olub. Britaniyada ən populyar ad isə Cekdir.
Belçikada qəribə adlara da rast gəlmək mümkündür. Agentlik qeyd edir ki, 2007-ci ildə ölkədə Ərəfat, Caz, Avro, Okey, Harli-Devidson, Mel-Qibson kimi oğlan adları, Alyaska, Kosmo, Elf, Hindistan-Yay, Bembi, Qış kimi qız adları qoyulub. Bir qızın isə gələcəkdə ciddi problemləri olacaq. Çünki valideynləri onu Kişi (Man) adlandırıblar. LENT.AZ
|