İslamın təlim-tərbiyə sistemində tərk edilməsi vacib buyurulan əsas məsələlərdən biri şərabdır. Şərab-ərəb sözü olub, içki mənasını ifadə edir. Lakin bir termin kimi şərab dedikdə məstedici içkilər nəzərdə tutulur. Biz bu kiçik yazıda öncə şərabın insan həyatına vurduğu ziyanlardan söhbət açacaq, sonra isə məsələni Quran və şəriət baxımından izah etməyə çalışacağıq.
Şərabın ziyanları
Şərab məsələsi müasir dünyamızda çox ciddi problemə çevrilmişdir. Sağlam və xoşbəxt həyat üçün böyük təhlükə hesab olunan bu problem hələ qədim zamanlardan bu günümüzə qədər çoxlu fəlakətlərin əsas səbəbləri olmaqda davam edir. Şərab və keyfiyyətindən asılı olmayaraq bütün məstedici içkilər insan həyatının heç bir sahəsində təsirsiz olmamış, onun ailə-məişət, mədəni-maarif, sosial-iqtisadi və digər bütün sahələrində öz dərin təsirini buraxmışdır. Spirtli içkilər insanda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu saysız-hesabsız xəstəliklərə misal olaraq beyin hüceyrələrinin və neytronlarının passivliyini, ürəkdə qan dövranının pozulmasını, bəzi damarların partlaması və qan laxtalanmasını, mədə və bağırsaqlarda yaranan anormallıqları qeyd etmək olar. Bəzən bunlar vətəndaş maarifçiliyi naminə xərçəng xəstəliyi və bədənin iflic vəziyyətinə düşməsi ilə nəticələnir. Spirtli içkilərin acı təsiri özünü psixi xəstəliklərdə də göstərir. Sərxoş vəziyyətdə insan ağlının fəaliyyətdən düşməsi heç kimə sirr deyil. İnsan şərab içməklə özünün ağıl qüvvəsini əldən verir. Bu isə tədricən yaddaşın pozulmasına, ağıl və şüurun itməsinə səbəb olur, ruhi və psixi xəstəliklərə gətirib çıxarır. İngiltərənin bir şəhərində müxtəlif səbəblər üzündən ağlını itirənlərin sayı 53 nəfər olduğu halda, təkcə spirtli içkilər üzündən bu xəstəliyə tutulanlar 2249 nəfərə çatmışdır. ABŞ ruhi xəstəxanalarında xəstələrin 86%-i məhz spirtli içkilər üzündən ruhi xəstəliyə düçar olmuşdur. Bu ölkədə bir ildə ruhi xəstəliklərdən ölənlərin sayı II Dünya müharibəsində həmin ölkənin həlak olmuş vətəndaşlarının sayından iki dəfə artıqdır. Onlar əsasən şərab və siqaretin təsiri ilə ruhi xəstəliyə tutulmuş insanlardır. Fransalı alimlərin araşdırmaları nəticəsində 200 min nəfərin spirtli içkilər vasitəsilə psixi xəstəliyə tutulmaları açıqlanmışdır. Məstedici içkilərin insan ömrünə də mənfi təsiri vardır. Normal insan ömrü 60 ildən az olmadığı halda şəraba aludə olanların orta ömür müddətləri 35-50 arasındadır. "Ömrün sığortası" kompaniyasının apardığı tədqiqatlardan aydın olmuşdur ki, şərab içənlərin ömür müddətləri başqalarından 25-30% qısa olur. Şərabın mənfi təsiri insanın 3 nəslinə qədər davam edə bilər. Körpənin nütfəsi bağlanan zaman ata-anadan biri sərxoş olarsa, spirtli içkilərin 35% mənfi təsiri övlada keçir. Əgər onların hər ikisi sərxoş olarlarsa, bu təsir 100%-ə çatır. Ağıl və düşüncələri zəif olan uşaqların 75%-i spirtli içkilər qəbul edən valideynlərin övladlarıdır.
Övladlarımızın qanını içməyək!
Yazının bu yerində oxucuların diqqətini bir müddət öncə Rusiya televiziya kanallarının birində nümayiş etdirilən bir verilişə cəlb etmək istəyirik. Bu verilişdə ata və analarının sərxoş olduqlarına görə ölü doğulmuş, şikəst və ya anormal doğularaq ölmüş uşaqlar göstərilirdi. İri kolbalarda yerləşdirilmiş həmin körpə cəsədləri müxtəlif yerlərdə nümayiş etdirilir və şərabın acı təsiri izah olunurdu.
Bəli, insan şərab içməklə həm də övladlarının qanını içmiş olur. İnsan şərab içməklə öz ailəsinin həyatını və öz gələcəyini məhv etmiş olur. Görəsən ölü doğulan və ya anormal doğulub ölən məsum körpələrin nə günahı vardır?! Beşik üzü görmədən torpağa gömülən bu körpələr hansı günahlarına görə öldürülmüşlər?! Görəsən günbəgün şərabın istehsalını artırıb, rəngarəng reklamlarla onu təbliğ edən möhtəkirlər öz vicdanlarını nə ilə qane edirlər?!
Məstedici içkilər ailə münasibətlərinə ciddi zərbə vurur, həyat yoldaşı və övladlara qarşı olan məhəbbəti azaldır. Bunun ardınca isə müxtəlif acı hadisələr - boşanmalar, övladın buraxılması və hətta qətllər baş verir. Sərxoş adam üçün övladı öldürməklə milçəyi öldürmək arasında çox fərq yoxdur. O ən adi bir iş üçün bir anın içində qəzəblənə və ağlagəlməz hadisələr törədə bilər.
Bunlardan əlavə şərabın iqtisadi ziyanı da vardır. Bu ziyanlar insanın həm fərdi, həm də ictimai həyatına şamil olur. Şəraba aludə insanın ailə və uşaqlarının ehtiyacı onun üçün çox da əhəmiyyət kəsb etmir. Onu daha çox şərabla damarlarına işləyən bu mənfur vərdiş düşündürür.
Spirtli içkilərə görə hər il Fransa büdcəsinə 137 milyon frank ziyan vurur. İngiltərədə spirtli içkilərə görə işə çıxmayanların vurduğu ziyan ildə 50 milyon dollara çatır. Bununla isə minlərlə uşaq bağçası, məktəb və xəstəxana tikdirmək olar. Bu pullarla milyonlarla yetimi sevindirmək, pulsuzluq ucbatından işləməyə məcbur olan uşaqlara təhsil imkanı yaratmaq olar.
Niyon şəhər Tibb universitetinin göstərdiyi statistikaya görə, 1961-ci ildə ümumi qətllərin 50%-i, yaralama və fiziki xəsarətlərin 77,8%-i, oğurluqların 88,8%-i məhz spirtli içkilərin təsiri ilə olmuşdur.
Göründüyü kimi, bugünkü bütün elmi-texnoloji nailiyyətlərə baxmayaraq bəşər hələ də düzgün yaşamaq yolunu tapmayıb. Bu gün cinayət və xəstəliklərin sayı şərabxanaların sayı ilə düz mütənasibdir. Bir alim belə deyir: "Əgər dövlətlər öhdələrinə götürsəydilər... şərabxanaların yarısını bağlamaqla, xəstəxana və müalicə mərkəzlərinin yarısını bağlamış olardılar".
İslamdan əvvəl, yəni cahiliyyət dövründə ərəblərin 3 şeyə güclü meyli olmuşdur: şeir, şərab, döyüş. Şərab içmək onlar üçün fəxr və üstünlük hesab olunurdu. Bundan əlavə onların gəlirlərinin bir hissəsi şərab istehsalı və ticarəti ilə təmin olunurdu. Elə buna görə də şərab Qurani-Kərimdə 4 mərhələylə haram buyrulmuşdur. Bu barədə ilk ayə Məkkədə nazil olmuş "Nəhl" surəsinin 67-ci ayəsidir. Bu ayədə Allah-Təala şərabı "gözəl ruzi"nin qarşı tərəfi kimi göstərərək məzəmmət etmişdir. Ayədə deyilir: "Xurma və üzüm ağaclarının meyvələrindən məstedici şərab və gözəl ruzi çəkirsiniz".
Digər ayələr müsəlmanların Mədinəyə hicrətindən sonra hasil olmuşdur. "Nisa" surəsinin 43-cü ayəsində Allah-Təala məst halda qılınan namazın məqbul sayılmadığını bildirdi: "Ey müsəlmanlar! Nə dediklərinizi bilənə kimi məst halda namaza yaxınlaşmayın!"
Ayələrin yalnız namaza aid olmasına baxmayaraq, onda bir növ məzəmmət və ikrah hissi də yaratmışdır. "Nə dediklərinizi bilənə kimi" ifadəsindən məlum olur ki, məst və sərxoş insan dediklərini anlamır və danışdığı sözlərin fərqinə varmır. Bu isə, heç şübhəsiz ki, normal insan üçün böyük qəbahət və eyib sayılır.
Şərabın pis və bəyənilməz iş olması barədə nazil olan 3-cü ayə - "Bəqərə" surəsinin 219-cu ayəsidir. Bu ayə, şərab və qumar haqqında Peyğəmbərə (s) verilən suallara cavab kimi nazil olmuşdur: "Ya Peyğəmbər! Səndən şərab və qumar haqqında soruşurlar. De ki, onlarda böyük ziyan və insanlar üçün (maddi) mənfəət vardır. Lakin ziyanları mənfəətlərindən daha artıqdır".
Göründüyü kimi, Allah-Təala bu ayədə şərabın şəriət baxımından eyib sayıldığını vurğulayıb, onun qəti surətdə haram olunmasına zəmin hazırlamışdır. Müsəlmanların bəziləri heç zaman şərab içməmişdilər. Bəziləri isə bu ayələrdən sonra şərabdan çəkindilər. Amma bəzi müsəlmanlar hələ də şərab içir və köhnə vərdişlərini davam etdirirdilər. Bəzən bu qruplar arasında mübahisələr yaranır, bəziləri şərabın haram, bəziləri isə halal olduğunu söyləyirdilər. Onlar Peyğəmbərin (s) yanına gəlib bu barədə daha açıq və aydın hökmlər istədilər. Bu zaman "Maidə" surəsinin 90-91-ci ayələri nazil oldu: "Ey müsəlmanlar! Həqiqətən şərab, qumar, bütlər və əzlam (cahiliyyət dövründə geniş yayılmış bəxt oyunu) şeytan əməli olan çirkin və murdar işlərdilər. Öz səadət və qurtuluşunuz üçün onlardan çəkinin. Şeytan şərab və qumar vasitəsilə sizin aranızda ədavət və düşmənçilik yaratmaq, sizi Allahın zikrindən çəkindirmək istəyir. (Bütün bu açıqlamalardan sonra) Siz (şərab və qumardan) çəkinməyəcəksinizmi?!"
Bu ayə ilə şərab içmək qəti surətdə haram buyruldu, onun çirkin iş və şeytan əməli olduğu göstərildi. O zamandan etibarən qiyamətə qədər Allaha və Peyğəmbərə imanlı bütün insanlara şərab içmək qadağan olunmuşdur.
Diqqət yetirmək lazımdır ki, qeyd olunan ayələr bütün məstedici və spirtli içkilərin haramlığını bildirir. Belə ki, onların az və ya çox, xalis və ya qarışıq olmaları, habelə insana təsir göstərib-göstərməmələri arasında heç bir fərq yoxdur.
Şərab məsələsi hədislərdə
Həzrət-Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: "Şərab içən şəxs Qiyamət günü üzü qara, ağzı əyilmiş, dili ağzından çölə çıxmış və susuzluqdan fəryad edən halda məhşərə gələcəkdir. Ona zinakarların çirki axıb tökülən quyudan su içirəcəklər".
Peyğəmbər (s) digər bir hədisdə buyurur: "Allah şərabla əlaqədar 10 adamı lənətləmişdir: (Şərab çəkmək məqsədi ilə) üzüm kolu əkəni, onu qoruyanı, üzümü sıxıb suyunu çıxaranı, onu satanı, pulla alanı, pulunu əldə edəni, onu daşıyanı, daşıyanlardan təhvil alanı, camlara süzəni və içəni".
İmam Sadiq (ə) buyurmuşdur: "Şərab içmək bütpərəstlik kimidir. Şərab bütün günahların köküdür".
Həzrət Əlidən soruşdular: "Siz şərab içməyi oğurluq və zinadan da pis hesab edirsiniz?" Buyurdu: "Bəli, zina edən şəxs ola bilsin ki, başqa günahları etməsin, lakin şərab içən şəxs zina da edər, adam da öldürər, namazı da tərk edər".
Göründüyü kimi, şərab həm dini, həm tibbi, həm maddi-mənəvi, həm əxlaqi, həm də ictimai-siyasi cəhətdən zərərlidir.
Gəlin, bu təhlükəli vərdişlə dünya və axirətimizi viran qoymayaq. Gəlin, insanların göz yaşlarına bais olmayaq. Gəlin, Allahın pak nemətlərini murdarlayıb zəhərə çevirməyək. Qoy dünyamız gülüstana çevrilsin!
Elşən İsmayılov
|