Çerşenbe axşamı, 19.03.2024, 11:25
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    Huseyn Musavi kimdir?

    «Lillah…Summə lit-tarix» kitabına cavab



    Bismillahir Rəhmanir Rəhim

    Tarix boyu şiə məzhəbinə qarşı çox kitablar yazılmışdır. Qum şəhərindəki elmi-tədqiqat mərkəzlərindən birinin araşdırmasına əsasən bu qəbildən olan kitabların sayı 5000-dən artıqdır. Bu kitablarda toplanmış mövzu və iradlar isə 600 ad altında 7000 iddiadan ibarətdir.

    Lakin qeyd olunan kitablar arasında «Lillah…Summə lit-tarix» kitabı digər kitabların malik olmadığı özünəməxsus xüsusiyyətə malikdir. Bu kitab şiə məzhəbinə qarşı yazılmış kitablar içərisində ən təxribatçı kitabdır. Adı çəkilən kitabda  şiə məzhəbinə qarşı yazılmış  digər kitablarda olan iddialardan əlavə  bir sıra iradlar da irəli sürülmüşdür ki, ilk baxışda oxucunu təsir altına salır.

    Səudiyyə Ərəbistanı bu kitabın çap edilərək şiə gənclər arasında havayı paylanmasında xüsusi əzmkarlıq göstərmişdir. 2004-cü ildə Məkkə şəhərində Səudiyyə Ərəbistanının Qətif şəhərinin şiə ruhanilərinin biri ilə görüşümdə  həmin ruhani deyirdi ki, dövlət böyük yük maşınları ilə gətirilmiş «Lillah…Summə lit-tarix» kitabını Qətif və Ehsa şəhərlərində şiələrə havayı paylayırdı.

    Bu kitab 2001-ci ildə Kuveytdə yüz min tiracla çap edilərək camaat arasında paylanmışdır. Həmin vaxt İranın dini liderinin Kuveytdəki nümayəndəsi cənab Mehri Kuveyt dövlətinə məktub yazıb etiraz edərək bildirib ki, əgər şiə məzhəbinə qarşı yazılmış bu kitabın paylanmasının qarşısı alınmasa, Kuveyt bölgədə ikinci Livana çevriləcəkdir. Kuveytin «ər-Rə’yul-amul-Kuveytiyyə» qəzeti özünün 2001-ci il iyun ayının 30-dakı nömrəsində bu barədə xəbər yaymışdır. Həmin məktub müxtəlif internet saytlarında da mövcuddur.

    İran İslam Respublikası zəvvarlarının qrup başçılarından biri İran dini liderinin Məkkədəki nümayəndəliyində deyirdi ki, bəzi gecələrdə bu kitabın fars dilinə tərcüməsini 300-300, 400-400 sayda gətirib iranlı tələbələrin qaldıqları mehmanxanalarda paylayırdılar.

    Həmin il Rəcəb ayında ümrə ziyrətinə getmiş ayətullah Jəfər Sübhani danışırdı ki, Bəqi qəbristanlığına daxil olanda iranlı tələbələrdən biri mənə yaxınlaşaraq bu kitabı oxuduqdan sonra bütün fikirlərinin qarışdığını dedi.

    Kitabın ümumi xüsusiyyətləri

    1-Bu kitabın müəllifi özünü şiə ruhanisi və müctəhidi kimi qələmə verir və şiə məzhəbinə qarşı irad və iddialar irəli sürdükdən sonra, sonda özünü əhli-sünnə məzhəbinə meylli göstərir.

    2-O, sözü gedən kitabda böyük müctəhidlərdən bəzi mətləblər nəql edərək oxucunu öz dini rəhbərləri və müctəhidlərinə qarşı bədbin etməyə çalışır.

    3-Məsum İmamların (ə) şiələri məzəmmət etmələri barədə bəzi hədislər nəql edərək oxucuya bu fikri aşılamaq istəyir ki, Əhli-beyt İmamları (ə) nəinki şiə məzhəbini təsdiq və dəstəkləmirlər, əksinə birmənalı şəkildə bu məzhəbə mənsub insanlara qarşıdırlar, ürəkləri şiələrin əlindən qan ağlayır. Bunların hamısından daha acınacaqlısı budur ki, yalandan bəzi «tarixi mətləblər» nəql edir ki, İmamların (ə) hamısının şəhid edilmələri amili şiələr olublar.

    4-Müəllif iddia edir ki, şiələr özlərindən hədislər uyduraraq öz əməllərini əsaslandırmaq və məzhəblərini təsdiqləmək üçün onları yalandan İmamlara (ə) nisbət verirlər, halbuki İmamlar (ə) bütün bunlardan pak və uzaqdırlar.

    5-Bunların hamısından daha mühüm budur ki, şiə kitablarından onların əhli-sünnəyə ədavətini «əks etdirən» mətləblər nəql edir. Bu da oxucunun şiə məzhəbinə qarşı bədbin olmasına və şiələrə kin bəsləməsinə səbəb olur.


    «Lillah…Summə lit-tarix» kitabındakı iradlara ümumi cavab

    Qeyd etdiyimiz kimi bu kitabın təxribatçı olması səbəblərindən biri onun müəllifinin özünü şiə müctəhidi kimi təqdim etməsi və şiə məzhəbinin zəif nöqtələrini və ona iradlarını nəql etdikdən sonra özünü əhli-sünnəyə meylli kimi göstərməsidir.

    Bu arada aşağıdakı məqamlara diqqət etmək lazımdır:

    1-Əvvəla şiə olması deyilən bu müəllif uydurma və əfsanəvi bir şəxsdir və əslində gerçəklikdə belə bir şəxs olmayıb və yoxdur.

    2-Əslində isə bu kitabın müəllifi bir nəfər sünnidir və şiə cəmiyyəti, həmçinin şiə dini mədrəsələrinin terminləri ilə əsla tanış deyil.

    3-Yalandan şiə mənbələrinə «istinad» edərək bir sıra mətləblər nəql edir ki, hədis mənbələrində onlardan əsər-əlamət belə yoxdur.

    4-Özünün çürük fikirlərini isbat etmək üçün böyük şiə müctəhidlərinə nalayiq əməllər nisbət verir.

    5-Özünün din və şəriətə zidd əməllərini əsaslandırmaq və yozmaq üçün dindən çıxmış və dinə zidd insanları tərifləyir ki, bunu heç bir ağıl sahibi və sadə müsəlman belə etməz.

     

    Müəllifin yalanları

    Müəllifi özünü Nəcəf müctəhidi kimi təqdim edən və Şeyx Muhəmmədhüseyn Kaşifulqitadan ictihad icazəsi almasını iddia edən «Lillah…Summə lit-tarix» kitabı çap edildikdən sonra Nəcəf və Kərbəla şəhərinin böyük alimləri rəsmi bəyanat verərək elan etdilər ki, belə bir şəxs tanımırlar. Həmçinin Ayətullah Kaşifulqitanın ailəsi rəsmi bəyanatla belə bir məchul şəxsə ictihad icazəsi verilmədiyini bildirdi. Daha ətraflı məlumat üçün www.aqaed.com saytına müraciət edə bilərsiniz.

     

    200 yaşlı «insan»

    Bu kitaba ötəri nəzər salanda uydurma müəllifin kitabın müxtəlif yerlərində ağılın qəbul etmədiyi bir-birinə zidd mətləblər bəyan etməsi məlum olur. Buna misal olaraq müəllifin 200 ildən artıq yaşamasını göstərmək olar. O, kitabın ərəbcə orijinalında 104-cü səhifədə yazır:

    «في زيارتي للهند التقيت السيد دلدار علي فأهداني نسخة من كتابه «أساس الأصول»

    «Hindistan səfərində Seyid Dildar Əli ilə görüşdüm və o, mənə özünün «Əsasul-üsul» kitabının bir nüsxəsini hədiyyə verdi.»

    Halbuki bildiyimiz kimi Seyid Dildar Nəqəvi 1235-ci h.q. ilində vəfat etmişdir. Şeyx Ağabozorq Tehrani yazır:

    «Əsasul-üsul fir-rəddi ələl-fəvaidul-mədəniyyətul-əstirabadiyyə» kitabının müəllifi əllamə Seyid Dildar Əli ibn Muhəmməd Müin Nəqəvi Nəsirabadi Kohnəvi…1235-ci ildə vəfat etmişdir.»
    (əz-Zəriə ila təsanifiş-şiə, c.4, s. 2)

    Bu məsələni Seyid Ecaz Hüseyn «Kəşful-hucubi vəl-əstar» kitabında səhifə 41-də, İsmayılpaşa Bağdadi «Hədiyyətul-arifin» kitabı, c.1, s. 772-də, həmçinin vəhhabi alimi Xeyrəddin Zerekli «əl-Ə’lam» kitabında (c.2, s. 340) bəyan etmişdir.

    Əgər bu görüş Seyid Dildarın ömrünün son ilində baş tutmuş olsa və həmin vaxt müəllifin 15 yaşı olmuş olsa, onda müəllifin təvəllüdü 1220-ci h.q. ili olmalıdır.

    O, kitabın 80-ci səhifəsində isə belə yazır:

    «قال الإمام الخوئي في وصيته لنا وهو على فراش الموت»

    «İmam Xoyi ölüm yatağında olanda bizə belə vəsiyyət etdi…»

    İndi Ayətullah Xoyinin 1414-cü h.q. ilində vəfat etməsini nəzərə alsaq belə çıxır ki, həmin vaxt bu şəxsin 194 yaşı olub.

    Əgər müəllif kitabın çap olunduğu ildə (1422 h.q.) sağ olmuş olsa – çünki kitabın müqəddiməsində 6-cı səhifədə bu mətləbə işarə edərək deyir ki, «أما أنا فما زلت داخل العراق وفى النجف بالذات»  (mən hal-hazırda İraqın daxilində, Nəcəf şəhərindəyəm) – belə çıxır ki, o, 200 ildən artıq yaşamışdır.

     

    109  yaşında ictihada çatmaq

    Müəllif kitabın 5-ci səhifəsində yazır:

    المهمّ أنّي أنهيت الدراسة بتفوّق، حتى حصلتُ على إجازتي العلميّة في نيل درجة الاجتهاد من أوحد زمانه سماحة السيد محمد الحسين آل كاشف الغطاء زعيم الحوزة

    «Mühüm budur ki, mən təhsilimi yüksək dərəcəyə çatdırdım və nəhayət ictihad dərəcəsinə çatmaq elmi icazəsini zəmanəsinin misilsiz şəxsiyyəti və dini mədrəsələrin rəhbəri cənab Seyid Muhəmmədhüseyn Kaşifulqitadan aldım.»

    Bildiyimiz kimi mərhum Şeyx Muhəmmədhüseyn Kaşifulqita 1294-cü h.q. ilində dünyaya gəlib. (əl-Əbəqatul-ənbəriyyəti fit-təbəqatil-cəfəriyyə, s. 15) Əgər mərhum Kaşifulqita otuz yaşında «dərsi xaric» tədrisinə başlamış olsa və sözü gedən kitabın müəllifi ən azı Kaşifulqita tədrisə başlayandan beş il sonra, yəni 1329-cu ildə ictihad icazəsi almış olsa, onda gərək həmin vaxt onun 109 yaşı olmuş olsun.

     

    Bir neçə dəfə doğulmuş şəxsiyyət

    Müəllif kitabın 72-ci səhifəsində yazır:

    «أحمد الصافي النجفي رحمه الله.......... يكبرني بنحو ثلاثين سنة أو أكثر»

    «Əhməd Safi Nəcəfi məndən təqribən otuz yaş, bəlkə bir az da çox böyük idi.»

    «əz-Zəriə…» kitabının yazdığına əsasən (c. 25, s. 221) Əhməd Safinin təvəllüdü 1313 h.q. ili, «Mö’cəmu ricalil-fikri vəl-ədəb fin-Nəcəf» kitabının yazdığına əsasən isə 1314-cü h.q. ilidir. Deməli barəsində danışılan müəllifin təvəllüdü 1344-cü h.q. ilidir.

    Digər tərəfdən bu kitabın farscaya tərcüməsinin müəllifi kitaba yazdığı ön sözdə (s. 26) yazır ki:

    «سن ايشان اكنون نزديك به نود سال است»

    «Onun indi təqribən doxsana yaxın yaşı var.»

    Əgər nəzərə alsaq ki, «Lillah…summə lit-tarix» kitabının farscaya tərcüməsi 1423-cü ildə çap edilib, onda belə çıxır ki, onun təvəllüd tarixi 1330-cu h.q. ilidir. Halbuki onun Seyid Dildarla görüşündən belə nəticə çıxırdı ki, o, 1220-ci ildə dünyaya gəlmişdir.

    Bütün bunların da nəticəsi onun 1220, 1330 və 1344-cü illər arasında 124 il içində üç dəfə dünyaya gəlməsidir.


    Şiə terminlərindən xəbəri olmayan 200 yaşlı şiə

    Kitabı oxuyanda belə məlum olur ki, onun müəllifi dini mədrəsələrin ən ibtidai terminlərindən belə xəbərsizdir. Məsələn o, 3, 5, 9, 32, 52, 53 və 54-cü səhifələrdə mərhum Şeyx Muhəmməd Hüseyn Ali Kaşifulqita barəsində «seyid» kəlməsi işlədir. Lakin hamı bilir ki, şiə cəmiyyətlərində Peyğəmbər (s) nəslindən olanlardan başqa heç kəsə «seyid» deyilmir. Bu o qədər sadə bir məsələdir ki, hətta şiə uşaqları da bundan xəbərdardırlar. Amma dini mədrəsədə ictihad dərəcəsinə çatmasını iddia edən şəxs bundan xəbərsizdir.

    Həmçinin 7 və 21-ci səhifələrdə Mirzə Əli Qərəviyə, 9 və 13-cü səhifələrdə Şeyx Muhəmmədcavad Müğniyyəyə, eləcə də 48-ci səhifədə ayətullah Şeyx Lütfullah Safiyə «seyid» deyir, halbuki adı çəkilən şəxslərin heç biri «seyid» olmayıblar və Peyğəmbər (s) nəslindən sayılmırlar. Heç bir xətib, yazıçı, alimdən, hətta ən avam şiədən bu şəxslərə «seyid» deməsi eşidilməmişdir.

    Bu da həmin kitabın müəllifinin radikal təəssübkeş sünni olmasını və şiə cəmiyyətinin ən sadə və ibtidai terminlərindən xəbərsizliyini göstərir.


    Şiə dini mədrəsələrinin tədris sistemindən xəbərsiz müctəhid

    Müəllif kitabın 20-ci səhifəsində yazır ki, mən Kafi kitabını Seyid Xoyinin yanında oxumuşam.

    Əgər kimsə ömrünün bir ayını şiə dini mədrəsələrində keçirsə, bilər ki, Kafi kitabı dini mədrəsələrdə ustadların dərs verdiyi kitablardan deyil.

    Bu da həmin müəllifin sünni olmasını bir daha təsdiqləyir. Çünki o, belə fikirləşib ki, Kafi də sünni mədrəsələrində Səhih Buxari və Səhih Müslim olduğu kimi dərs kitabıdır və ustadlar ondan dərs keçirlər.

    Həmçinin 13-cü səhifədə «Camiur-ruvat» kitabını Müqəddəs Ərdəbiliyə nisbət verir, halbuki hamının bildiyi kimi bu kitab adı Muhəmməd ibn Əli olan və 1100-ci ildə vəfat etmiş Mühəqqiq Ərdəbilinin kitabıdır.

    Müqəddəs Ərdəbilinin adı isə Əhməd ibn Muhəmməd olub və o, 993-cü ildə vəfat edib. Müqəddəs Ərdəbilinin rical kitabı yoxdur və onun fiqh elmindən ən məşhur əsəri «Məcməul-faidə vəl-bürhan»dır.


    Elmi xəyanətlər

    Müəllif kitabın müxtəlif yerlərində şiə mənbələrinə istinad iddiası ilə bəzi hədislər nəql edir, halbuki şiənin hədis mənbələrində əsla elə hədislər yoxdur.

    Məsələn 33-cü səhifədə şiə mənbələrinə istinad edərək yazır:

    «مَنْ تَمَتَّعَ بامرأة مؤمنة كأنما زارَ الكعبةَ سبعين مرة»

    «Kim bir möminə qadınla mütə etsə, sanki yetmiş dəfə Kəbəni ziyarət edib.»

    Halbuki heç bir şiə kitabında belə bir hədis yoxdur.

    34-cü səhifədə yalandan «Mən la yəhzuruhul-fəqih» kitabından c. 3, s. 366-dan belə nəql edir:

    «قال الصادق عليه السلام إنَّ المتعةَ ديني ودينُ آبائي فَمن عَمِل بها عَمِلَ بديننا، ومَن أنكرها أنكر ديننا، واعتقد بغيرِ ديننا»

    «İmam Sadiq (ə) dedi: Mütə mənim və atalarımın dinidir. Kim ona əməl etsə bizim dinimizə əməl edib. Kim onu inkar etsə bizim dinimizi inkar edib və bizim dindən qeyri şeyə etiqad bəsləyib.»

    «قال النبي( ص ) من تمتّع مرّة أمن من سخط الجبار ومن تمتّع مرّتين حشر مع الأبرار»

    «Peyğəmbər (s) buyurmuşdur: Kim bir dəfə mütə etsə, qüdrətli Allahın qəzəbindən amanda qalar, kim iki dəfə mütə etsə Məhşərə yaxşı əməl sahibləri ilə birgə gələr.»

    Halbuki şiənin hədis mənyi sayılan «Kafi», «Mən la yəhzuruhul-fəqih», «Təhzib» və «İstibsar» kitablarının heç birində, həmçinin «Vəsailuş-şiə», «Müstədrəkul-vəsail», «Biharul-ənvar» və sairə kitablarda bu hədislərin heç biri mövcud deyildir.

    Həmçinin 26-cı səhifədə İmam Sadiqin (ə) «إنّي حرَّمتُ عليكما المتعة» (Mən sizə mütəni haram etdim) buyurmasını nəql edib və hədisin davamını yəni «مِنْ قِبَلى ما دمتما بالمدينة، لأنّكما تكثران الدخول عليَّ، فأخاف ان تؤخَذا، فيقال : هؤلاء اصحاب جعفر»  (öz tərəfimdən, (yəni zaman və məkanın tələbinə əsasən mən haram edirəm. tərc.) nə qədər ki, Mədinədəsiniz. Çünki siz mənim yanıma çox gəlirsiniz. Qorxuram tutulasınız və desinlər ki, bunlar Cəfər Sadiqin səhabələridi.) hissəsini kəsib. (Kafi, c. 5, s. 467)


    Böyük müctəhidlərə nalayiq iftiralar

    91-ci səhifədə yazır:

    «فزرت إيران بعد شهر ونصف - وربما أكثر - من دخول الإمام طهران اثر عودته من منفاه باريس، فَرَحَّبَ بي كثيراً، وكانت زيارتي منفردة عن زيارة وفد علماء الشيعة في العراق، وفي جلسة خاصة مع الإمام قال لي : سيد حسين، آن الأوان لتنفيذ وصايا الأئمة صلوات الله عليهم»، سنسفك دماء النواصب نقتل أبناءهم ونَسْتْحِيي نساءهم، ولن نترك أحداً منهم يُفْلِتُ من العقاب، وستكون أموالهم خالصة لشيعة أهل البيت، وسنمحو مكة والمدينة من وجه الأرض لأن هاتين المدينتين صارتا معقل الوهابيين، ولا بد أن تكون كربلاء أرض الله المباركة المقدسة، قبلة للناس في الصلاة وسنحقق بذلك حلم الأئمة عليهم السلام . لقد قامت دولتنا التي جاهدنا سنوات طويلة من أجل إقامتها، وما بقي إلا التنفيذ»

    «İmam Xomeyni Parisdən sürgündən qayıdıb Tehrana gəldikdən bir ay yarım, bəlkə də bir az çox sonra onunla görüşdüm. Məni çox yaxşı qarşıladı. Mənim görüşüm İraq şiə alimlərinin onunla görüşündən ayrı idi. İmam Xomeyni mənimlə xüsusi görüşündə dedi: Seyid Hüseyn, İmamların (ə) tövsiyələrinin icrasının vaxtı gəlib çatıb. Yaxın gələcəkdə nasibilərin qanını tökəcək, oğullarını öldürüb arvadlarını diri saxlayacağıq. Onların biri də cəzasız buraxmayacağıq. Malları Əhli-beyt (ə) şiələrinə veriləcək. Məkkə ilə Mədinəni yer üzündən siləcəyik. Çünki bu iki şəhər vəhhabilərin sığınacağına çevrilib. Allahın mübarək və müqəddəs yeri, insanların namaz qibləsi Kərbəla olmalıdır. Beləliklə də İmamların (ə) səbrini gerçəkləşdirəcəyik. Bizim qurulması uğrunda uzun illər çalışdığımız dövlət artıq qurulmuşdur, ancaq icra etmək qalıb.»

    Bu iddianın tamamilə yalan olmasını sübut etmək üçün aşağıdakı məqamlara diqqət etmək kifayətdir.

    Birincisi, İmam Xomeyni İranda inqilab qələbə çaldıqdan sonra Tehranda qalmayıb və Qumda məskunlaşıb.

    İkincisi inqilab qələbə çaldıqdan sonra İraqın şiə alimləri heç vaxt dəstə ilə onun görüşünə gəlməyiblər.

    Üçüncüsü nəql edilmiş sözlər İmam Xomeyninin bütün əsər, fitva və çıxışları ilə ziddiyyət təşkil edir.

    36-cı səhifədə İmam Xomeyni ilə Mosulun qərbinə olan səfərdən qayıdanda Bağdadda İmam Xomeyninin iranlı müridlərindən birinin evinə getmələrini nəql edərək bu yerə çatır ki: 
    أبصر الإمام الخميني صبيّة بعمر أربع سنوات أو خمس ولكنّها جميلة جدّاً، فطلب الإمام من أبيها سيّد صاحب إحضارها للتمتع بها، فوافق أبوها بفرح بالغ، فبات الإمام الخميني والصبيّة في حضنه ونحن نسمع بكاءها وصريخها

    «İmam Xomeyninin gözü 4-5 yaşında olan bir qız uşağına sataşdı. O uşaq doğrudan da çox gözəl idi. İmam onun qaldığımız evin sahibi olan atasından qızı mütə etmək üçün onun yanına çağırmasını istədi. Atası da hədsiz sevinərək onunla razılaşdı. İmam Xomeyni həmin qız uşağını qucağına alıb yatdı. Biz onun ağlamaq və qışqırıq səsini eşidirdik.»

    Mən 2003-cü ildə Məkkəyə olan qırx günlük səfərim zamanı Rəcəb ayının 16-da Ummul-qura Universitetinin bəzi tələbələri ilə Kəbədə olan görüşümdə onlardan Salim Həmədi adlı biri dedi: Mənim bir neçə açıq sualım var, onlara səmimi cavab verərsiniz?

    Mən dedim: Mütləq səmimi cavab verəcəm.

    Dedi: İmam Xomeyninin 5 yaşlı qız uşağını mütə edərək onunla yaxınlıq etməsi nə məsələdir?

    Mən dedim: Bu məsələ müəllifi uydurma və əfsanəvi şəxs olan və yalanlarla dolu «Lillah…Summə lit-tarix» kitabında nəql edilmişdir. Bu məsələ əsla həqiqətə uyğun deyil. Çünki:

    Birincisi, əgər belə bir hadisə baş vermiş olsaydı, İmam Xomeyni barədə kiçicik bir zəif nöqtə axtaran İraq prezidenti Səddam Hüseyn və İran şahı Pəhləvi onu kütləvi informasiya vasitələrində yayardılar. Çünki bu, onların öz hədəflərinə nail olmaları üçün ən yaxşı vasitə idi.

    İkincisi öz cinsi hisslərini əldən vermiş 70 yaşlı bir kişi necə belə bir iş görə bilər?!

    Üçüncüsü İmam Xomeyninin düşmənləri ona qarşı qərbə və kommunistlərə bağlılıq kimi hər cür ittihamlar irəli sürüblər. Lakin ona heç bir əxaqi pozğunçuluq damğası vurmayıblar. Çünki bilirdilər ki, camaat onu tanıdığı üçün bu ittihamları qəbul etməyəcək. Buna görə də «Lillah…Summə lit-tarix» kitabında bu məsələni oxuyan hər bir iranlı gənc, İmam Xomeyniyə qarşı bədbin olmaq əvəzinə Səudiyyə hökumətinə bədbin olur və deyir ki, bu kitabın müəllifi və onu çap edənlər siyasi və əxlaqi şüurun ibtidai mərhələsindən belə məhrumdur.

    Həmçinin dedim: Mən keçən il Ramazan ayında bu məsələni «Peyğəmbər (s) Məscidinin Ümumi İşlər İdarəsi»nin  rəisi Şeyx Əbdüləzizə dedim. O, bu məsələdən çox təsirləndi və mənim yanımda  «Peyğəmbər (s) Məscidinin Əmr be məruf İdarəsi»nin rəisi cənab Şeyx İbrahimə göstəriş verdi ki, bu kitabın tərcüməsinin zəvvarlar arasında paylanmasının qarşısını alsınlar.

    Həmçinin bu il ayətullah Cəfər Sübhani ilə birlikdə «Müqəddəs Hərəmlərin İşləri İdarəsi»nin rəisi Şeyx Saleh ilə olan görüşümüzdə də bu iftiranı danışdım, o da bu məsələdən çox təsirləndi.


    Dindən çıxmış və dinə zidd insanları tərifləmək

     A- Mərhum İsfahaninin nəvəsi Musa Musəvi.

    Müəllif bu kitabda doktor Musa Musəvini tərifləyərək belə yazır: Onun babası Seyid Əbulhəsən İsfahani şiə məzhəbində yeni islahatlar aparmaq istədiyi üçün onun oğlunun başını kəsdilər ki, onun islahatlarının qarşısını alsınlar. Sonra isə deyir:

    فإذا كان هذا نصيب الدكتور الموسوي من الكذب والافتراء والإشاعات الرخيصة، فما هو نصيبي أنا وماذا سَيُشيعُونَ عني؟! ولعلَّهم يبحثون عني ليقتلوني كما قتلوا قبلي ممن [كذا] صدع بالحق، فقد قتلوا نجل مولانا الراحل آية الله العظمى الإمام السيد أبي الحسن الأصفهاني أكبر أئمة الشيعة من بعد عصر الغيبة الكبرى وإلى اليوم، وسيد علماء الشيعة بلا منازع عندما أراد تصحيح منهج الشيعة، ونبذ الخرافات التي دخلت عليه، فلم يَرُقْ لهم ذلك، فذبحوا نجله كما يُذْبَحُ الكبش ليصدوا هذا الإمام عن منهجه في تصحيح الانحراف الشيعي

    «Əgər doktor Musəvinin payına bu yalan, iftira və ucuz şayiələr düşdüsə, mənim payım nə olacaq, mənim barəmdə nə şayiələr yayacaqlar?! Yəqin ki, onlar məni də məndən öncə həqiqəti aşkar edənləri öldürdükləri kimi öldürmək haqqında danışacaqlar. Onlar böyük qeybət əsrindən sonra günümüzə kimi şiənin ən böyük rəhbərlərindən və şiə alimlərinin ixtilafsız ağası olmuş ayətullahul-üzma Seyid Əbulhəsən İsfahani şiə məzhəbini islah etmək və ona daxil olmuş xurafatları çıxarmaq istəyərkən övladını qətlə yetirdilər. Hətta bu onların ürəyini soyutmadı və onun oğlunun başını qoyun başı kimi kəsdilər ki, bu böyük rəhbərin şiənin azğınlıqlarını islah etməsinin qarşısını alsınlar.»

    Burada bir neçə məqama diqqət etmək lazımdır.

    1-«Əş-Şiə vət-təshih» kitabının müəllifi doktor Musa Musəvi pozğun, əyyaş, şərab içən, SİA-nın cəsusu, İranın keçmiş şahının və Hüveydanın rumka yoldaşı olmuş, onları aldadaraq onlardan külli miqdarda pul  alıb İslam inqilabının qələbəsindən əvvəl İrandan qaçmış bir şəxsdir.

    2-«Əş-Şiə vət-təshih» kitabında İslam inqilabına, onun banisinə və şiə əqidəsinə ən iyrənc iftiralar yaxılmışdır və ayətullah Sübhaninin deməsinə əsasən Səddam deyib ki:

    «لو لم تكن للحرب فايدة إلّا تأليف هذا الكتاب لكفينا»

    «Əgər İranla müharibənin bu kitabın yazılmasından başqa bir faydası olmasaydı, yenə kifayət idi.»

    3-«Lillah..Summə lit-tarix» kitabının müəllifi mərhum Seyid Əbülhəsən İsfahanini İmam Zamanın (ə) böyük qeybə çəkilməsindən sonra şiənin ixtilafsız ən böyük alimi adlandırır. Bu ifadə eyni ilə «Əş-Şiə vət-təshih» kitabında da (səh.5) mövcuddur. Lakin bu həqiqətə ziddir. Çünki hamı bilir ki, Mərhum İsfahani şiənin tarix boyu olmuş müctəhidlərindən biri olub, onların ən böyüyü yox.

    4-Seyid Əbülhəsən İsfahaninin ® oğlu Seyid Həsənin qətlə yetirilməsinin səbəbi isə şəxsi və maliyyə məsələləri olub. Belə ki, mərhum İsfahani onun qeyri-adi maddi yardım istəyinə mənfi cavab verib və bu, ona qarşı kin yaranmasına səbəb olub. Nəticədə onun oğlunu məğrib və işa namazları arasında qətlə yetirib. Daha ətraflı məlumat üçün «Ə’yanuş-şiə» kitabına müraciət edə bilərsiniz. (c. 3, s. 362  və c. 7, s. 391; Darut-təaruf nəşriyyatı, 1420 h.q.)

    B-Kəsrəvinin tərifi

    Müəllif 8-ci səhifədə Əhməd Kəsrəvini tərifləyərək deyir:

    «كما قتلوا قبله السيد أحمد الكسروي عندما أعلن براءته من هذا الانحراف، وأراد أن يصحح المنهج الشيعي، فَقَطَّعوه إِرَباً إِرَباً»

    «Necə ki, ondan qabaq bu əyriliklərdən uzaq olmasını elan edən və şiə məzhəbini islah etmək istəyən cənab Əhməd Kəsrəvini öldürdülər və şiələr onu tikə-tikə doğradılar.»

    Halbuki hamı bilir ki, Əhməd Kəsrəvi  dindən çıxmış mürtəd, kommunist və materialist ideyalarının təbliğatçısı və Ehsan Təbərinin yaxın dostu və səmimi məsləkdaşı olub. Daha ətraflı məlumat üçün «İran dər do sədeye vapəsin» kitabına (səh. 263) müraciət edə bilərsiniz.

    Əhməd Kəsrəvi açıq-aşkar həzrət Peyğəmbərə (s) ehtiramsızlıq edib. O, «Hauləl-İslam» kitabında səh. 9-da Peyğəmbərin (s) peyğəmbərliyini şübhə altına alaraq yazır:

    زعم المسلمون أنّ اللّه بعث بشراً وأوحى إليه بواسطة جبرائيل، يطلبون منه المعجزة، فإن أتى بها قُبلت دعواه، وإلّا فلا، وهذا الزعم باطل من الأساس نشأ من الحُمق

    «Müsəlmanlar elə bilirlər ki, Allah insanı peyğəmbər təyin edib və Cəbrail vasitəsi ilə ona vəhy göndərib. Onlar həmin şəxsdən möcüzə istəyirlər. Əgər möcüzə gətirsə iddiasını qəbul edirlər, əks təqdirdə isə yox. Bu güman kökündən puç və batildir və onun mənşəyi axmaqlıqdır.»

    Həmçinin 11-ci səhifədə Peyğəmbərin (s) son peyğəmbər olmasını inkar edərək yazır:

    «إنّ المسلمين ادّعوا أنّ النبوّة قد ختمت برسالة محمد وهو جهل فاضح وفى الواقع أنّهم أنكروا قدرة اللّه على إرسال رسول بعده»

    «Müsəlmanlar iddia edirlər ki, peyğəmbərlik Muhəmmədin peyğəmbərliyi ilə sona çatmışdır. Bu rüsvayçı bir nadanlıqdır. Onlar əslində Allahın ondan sonra peyğəmbər göndərmək qüdrətini inkar edirlər.»

    63-cü səhifədə isə sünni və şiə olmasından asılı olmayaraq bütün müsəlmanları təhqir edərək yazır:

    «نعلم كلّنا أنّ المسلمين اليوم من الشيعة وأهل السنّة هم أرذل الناس وأذلّهم»

    «Biz hamımız bilirik ki, bu gün şiə və sünni müsəlmanlar insanların ən rəzil və alçaqlarıdırlar.»

    Kəsrəvinin qətlə yetirilməsinin əsas səbəbi isə onun Təbrizdə «Məfatih yandırmaq bayramı» keçirərək içində Quran surələri olan minlərlə cild «Məfatih» kitabını  yandırması olub. Bu hadisə camaatın hisslərinə toxunub və nəticədə onun döyülərək qətlə yetirilməsinə səbəb olub.



    Источник: http://www.islam-news.ru
    Категория: Şie cavabları | Добавил: al-shia (01.06.2008)
    Просмотров: 2203 | Комментарии: 1 | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    27.06.2008
    1. zulfukar (zulfukar) [Material]
    Asslalamu aleykum.
    Saytiniz xoshuma gelir, amma xahish ediram manim materiallarimdan istifade edarkan ssilkani qoyun (www.islam-news.ru).
    Birde xahish ediram, bezi meqalelerde manim kecmish saytima ishare etmisiz (www.muslim-az.com), o sayt artiq ishlamir. Xahish ediram adini www.islam-news.ru -ya deyishasiz.

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər