Bazar ertesi, 30.12.2024, 21:25
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 11
    Qonaq: 11
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Mart » 22 » KeRBeLANIN İLK ZeVVARI
    11:58
    KeRBeLANIN İLK ZeVVARI

    Ərbəin gününün məxsusiliyi nədədir?

        Yekunlaşan məhərrəm-səfər əyyamı bir neçə kulminasiya nöqtəsi ilə səciyyəlidir. Bunların hər biri Aşura məktəbinin müəyyən dönəmlərini əhatə edir. Bu  günlər arasında, istər məhərrəmlik dönəminin yaşanması ənənəsinin, istər ziyarət ənənəsinin bərqərar olması, istərsə də Aşura həqiqətlərini unutmağa qoymamaq baxımından ərbəin – İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü xüsusi önəm təşkil edir.
       

    ƏTİYYƏNİN XATİRƏSİ


        Ərbəin günü – bir gündür ki, İmam Hüseynin (ə) müqəddəs məzarı ilk olaraq həmin gün ziyarət olunmuşdur. Ərbəin günü Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Cabir ibn Abdullah Ənsarinin adı ilə bağlıdır. Rəsuli-Əkrəmin (s) bu sevimli və əziz məsləkdaşı ilk şəxsdir ki, İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü  - «ərbəin» günü, hicrətin 61-ci ili səfər ayının 20-də bu müqəddəs məzarın ziyarətinə gəlmişdir. Cabir Ənsarinin yaxınlarından olan Ətiyyə belə nəql edir: «Cabir ibn Abdullah Ənsari ilə İmam Hüseynin (ə) ziyarəti üçün Mədinədən çıxdıq. O zaman ki, Kərbəlaya yetişdik, Cabir Fərat çayının kənarına getdi və qüsl aldı. Sonra libasını geyindi və ətir vurdu. Sonra hər addımında zikr deyə-deyə İmam Hüseynin (ə) qəbrinə tərəf getdi. O vaxt ki, İmam Hüseynin (ə) qəbrinin kənarına çatdıq, mənə söylədi: «Əlimi pak qəbrin üzərinə qoy» (cənab Cabir Ənsarinin gözləri görmürdü). Mən belə də etdim. Bu anda gördüm ki, Cabir qəşş elədi və qəbrin üzərinə yıxıldı. Bir az üzünə su vurdum. O vaxt ki, Cabir özünə gəldi, 3 dəfə: «Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!» dedi».

        Nə mənalar var idi bu çağırışlarda! Hansı hissləri keçirir qocaman səhabə bu «Ya Hüseyn!» deməklə?

        «YA HÜSEYN!» FƏRYADI


        Çox mənalar gizlənib cənab Cabir Ənsarinin bu «Ya Hüseyn!» deyərək çağırmasında. Əgər istəyirik başa düşək ki, necə olur Peyğəmbərin (s) yaşlı, ağsaqqal bir səhabəsi, onillər keçdikdən sonra Rəsuli-Əkrəmin (s) əziz nəvəsi İmam Hüseynin (ə) qəbri üstünə gəlib burada qəşş edir və özünə gəldikdən sonra 3 dəfə «Hüseyn!» deyə səsləyir, gərək gedək bir başqa səhnəyə nəzər salaq.

        Allah Rəsulun (s) hələ bu dünyada olduğu, bəşəriyyəti öz nuru ilə bərəkətləndirdiyi səadətli günlərin birində Cabir Ənsari o Həzrətin (s) yanına gəlir. Əziz İslam Peyğəmbəri (s) Cabirə buyurur: «Cabir! Sən o qədər yaşayacaqsan ki, Hüseyn böyüyəcək və Allah Təala ona bir övlad verəcək ki, adı Əli /İmam Səccad(ə)/ olacaq. Sən o qədər yaşayacaqsan ki, Əli də /İmam Səccad (ə)/ böyüyəcək və Allah Təala ona bir oğul verəcək ki, elmləri yarandır, Muhəmməd Baqirdir. Sən mənim salamımı ona çatdırarsan».

        Üç mühüm nöqtəni çatdırır Həzrət Peyğəmbər (s) öz sevimli səhabəsinə. Birincisi, cənab Cabirin həyatı barədə, çox yaşaması barədə ona məlumat verir. Sonra İmam Hüseynin (ə) əziz balası barədə və nəvəsi barədə xəbər verir öz sadiq məsləkdaşına Rəsuli-Əkrəm (s). Eyni zamanda, burada bir təbərrük yükünün daşınması ilə yanaşı, İlahi davamçılıq xəttinə bir işarə var və bununla yanaşı, insanların nübuvvət nurundan bəhrələnməklərində sabitqədəm olmaları üçün höccət tamam edilir, dolğun və tam məlumat çatdırılır.

        2 MÜQƏDDƏS ÜFÜQ


        Sanki 2 müqəddəs üfüqü canlandırır Cabirin gözü önündə Rəsuli-Əkrəm (s).  Birincisi İmam Səccad (ə) üfüqüdür ki, bəndənin Rəbbi ilə ünsiyyətinin, dua mədəniyyətinin ən gözəl çatdıranı olmuş, İslamın duaya verdiyi son dərəcə mühüm yeri real məzmunla dorldurmuşdur. Bəndənin Yaradanla münacatının bir canlı təcəssümüdür «Səhifeyi-Səccadiyyə».

        İkinci müqəddəs üfüq - İmam Baqir (ə) dühası ilə, İslamın elmə və elmlənməyə verdiyi misilsiz əhəmiyyəti öz mübarək vücudu ilə təsdiqləyən əziz 5-ci İmamla (ə) təşəkkül tapır. Və Həzrət Əli oğlu İmam Hüseynin oğlu İmam Səccadın oğlu İmam Muhəmməd Baqirə, elmləri yaran İmama (ə) salamını göndərən Peyğəmbərimiz (s), bu şərəfli missiyanı cənab Cabir Ənsariyə tapşırır.

        İllər keçir…

        Cabir hələ yaşayır, amma artıq Həzrət Peyğəmbər (s) dünyadan gedib. Ümməti yetim qoyaraq, özü də nigaran gedir. Bəni-Səqifə fitnəsinə doğru gedən, ümməti parçalamaq istəyənlərdən nigaran gedir. Dağlar qədər olan Əli (ə) səbrindən, İslamın cəngavəri olan, İslam düşmənlərini lərzəyə gətirən, fəqət vəhdətə xatir səbr edən Əli (ə) məzlumiyyətindən qəlbi giziltili gedir Rəsulun (s)…

        İllər keçir…

        Artıq Həzrət Əli (ə) də şəhid olur. Peyğəmbərin (s) rehlətindən 30 il keçir. Lənətlik xəvaric ibn Mülcəmin zəhərli qılıncı səcdə vəziyyətində olan İmam Əlinin (ə) mübarək başına endirilir… Başının qanına boyanır Həzrət Əlinin (ə) saqqalı. O kəsin qanına ki, dünyalar qədər elm var bunun sahibində. O kəsin qanına ki, İlahi məhəbbət və hər şeyi Allah xatirinə etməyin təcəssümü buradadır. Cabir isə hələ yaşayır. Bu böyüklükdə faciəni keçirir və yaşayır…

        İllər keçir…

        Cabir yaşayır, amma artıq imamətin davamçısı İmam Həsən (ə) lənətlik Müaviyənin göndərdiyi adamın verdiyi zəhərin təsiri altında vücudu odlana-odlana bu dünyanı tərk edir. Babasının – Həzrət Peyğəmbərin (s) yanında torpağa tapşırmağa belə imkan vermirlər İmam Həsənin (ə) müqəddəs vücudunu…

        İllər keçir…

        Cabir yaşayır. Artıq İmam Hüseynin (ə) övladı İmam Əli ibn Hüseyn – İmam Səccad (ə) böyüyür. Aşura günü yetişir. İmam Hüseyni (ə) şəhid edirlər. İmam Səccad (ə) – Hüseyn oğlu Əli əsir düşür İslamın düşmənlərinə. Həmin Əli ibn Hüseyn ki, Rəsuli-Əkrəm (s) Cabirə onun barəsində müjdə vermişdi.

        Necə çətindir Cabirə yaşamaq, necə çətindir bu şəhadətlərə, dünyanın ən üstün insanlarının, yaranmışın ən kamil nümunələrinin ölümünə dözmək. Həzrət Peyğəmbərin (s), Həzrət Zəhranın (s.ə.), Həzrət Əlinin (ə), İmam Həsənin (ə), İmam Hüseynin (ə) şəhadətinə davam gətirmək necə çətindir Cabirə…
       

        NƏLƏRİ DÜŞÜNÜRDÜ CABİR?


        Qayıdaq ərbəin gününə. Mədinədən çıxıb Kərbəlaya gedən, artıq ahıllaşmış qocaman səhabə Cabirin yanına qayıdaq... O qəlbi pak Cabirin ki, ziyarətdən öncə cismini də pak edir. O Cabirin ki, ziyarətə gəlib «Hüseyn, Hüseyn, Hüseyn» deyir. Görəsən, Fərat kənarına gələndə, Fəratdan müqəddəs məzaradək gedəndə yol boyu nələri düşünürdü Cabir? Ərbəin ənənəsinin əsasını qoyanda, İmam Hüseynin (ə) ilk zəvvarı olan zaman nələri düşünürdü Cabir?

        Yəqin ki, o anlarda körpə Hüseynin (ə) gülər üzünü yada salırdı Cabir. Peyğəmbərin (s) Hüseyni necə əzizləməsini, qucağında, boynunda gəzdirməsini xatırlayırdı Cabir. Yəqin həmin anlarda müqayisə aparırmış Cabir. Peyğəmbərin (s) Hüseyni bağrına basdığını, fövqəl diqqət yetirdiyini, Hüseynə (ə) olan məhəbbətini hər bir üsulla o zamanın müsəlmanlarına çatdırdığını xatırlayırdı Cabir. Və həmin mübarək başın – Peyğəmbərin (ə) əzizlədiyi Hüseynin, barəsində «Hüseyn məndəndir, mən də Hüseyndənəm!» kimi misilsiz bir dəyər çatdırışı verdiyi Hüseynin başının bədəndən ayrılmasını, nizəyə keçirilməsini düşünəcək Cabir…

        Ətiyyəyə «əllərimi qəbrin üzərinə qoy» - deyərkən, müqəddəs məzarın üzərində qəşş edərkən yəqin ki, 40 gün öncə, Aşura günü bu yerdə – Kərbəlada baş verən o müsibət gələcək Cabirin gözləri önünə. Bədəni doğram-doğram olmuş Hüseynin müsibətini yada salacaq, ümmətin qaragünlüyünü, bədbəxtliyini yada salacaq Cabir.

        Özünə gəldikdən sonra, «Hüseyn, Hüseyn, Hüseyn!» - deyə ağlayan Cabir, Peyğəmbərin (s) ona vəsiyyətini yada salacaq, Hüseyn balası Əlinin – gözü qarşısında atası şəhid edilən İmam Səccadın (ə) əsirlikdə çəkdiyi müsibətləri xatırlayacaq Cabir. Ürəyi qana dönəcək, Əhli-beytin (ə) çəkdiyi bu müsibətlərdən qəddi büküləcək Cabirin.

        Amma ürəyini toxdadır Cabir. Hələ yaşamalıdır Cabir. Yaşamaq üçün bütün iradəsini toplamalıdır o. Vəzifəsi vardır Cabirin. Ona verilən Peyğəmbər (s) tapşırığı vardır. İmam Səccadın (ə) elmləri yaran övladı İmam Muhəmməd Baqirə (ə) cəddi Peyğəmbərdən (s) salam çatdırmalıdır Cabir.

        Bu əmanəti sahibinə çatdıracaq Cabir. Peyğəmbər (s) vəsiyyətini yerinə yetirəcək Cabir. Bu simvolik salamla, illərdən bəri ən mühüm əmanət kimi saxlanılan bu Rəsullulah (s) salamı ilə müsəlmanlara haqqı batildən ayırmaq, düzgün yolu seçmək, Peyğəmbər (s) xəttini tanımaq üçün kömək edəcək Cabir.

        Və «Hüseyn, Hüseyn, Hüseyn» deyən Cabir, əslində o səhnələrlə ərbəin günü arasında bir körpü yaradır. Bir tərəfdən Peyğəmbərin (s) tapşırığı ilə, digər tərfdən bu tapşırığa rəğmən, imamətin nuru ilə, İlahi həqiqətin daşıyıcılıq missiyasını aparan bir kəslə vəhşicəsinə davranan münafiqlərin, şər nökərlərinin misilsiz cinayət törətdikləri o Aşura günü arasında körpü yaradır Cabir. «Hüseyn, Hüseyn, Hüseyn» deməklə bir göz qırpımında Əhli-beytə (ə) üz verən bütün müsibətlər keçir göz önündən. Düşünsək, Əhli-beyt (ə) müsibətinin canlı salnaməsi və Əhli-beytə (ə) sadiqliyin canlı təcəssümüdür Cabir…

        1368-ci ƏRBƏİN


        Böyük gündür ərbəin günü. Hüseyni xatırlama, Hüseyn qurbanını, Hüseyn dönməzliyini, şücaətini, əyilməzliyini, fədakarlığını yada salma günüdür ərbəin. Hüseyni ziyarət etmə mədəniyyətinin bünövrəsi qoyulan bir gündür ərbəin. Hər vəziyyətdə, hər üsulla Aşura həqiqətlərini, Aşura müsibətini bəşəriyyətə çatdıran, insanlara haqqı bəyan edən xanım Zeynəb (s.ə.), İmam Səccad (ə) həmin günlərdə də bir rövzə mədəniyyətinin əsasını qoyublar. İma Hüseyni yad etmək mədəniyyətini həyatları ilə yaşayıblar.

        Cabir Hüseyn (ə) ziyarətinin əsasını qoyur. Peyğəmbər və Əhli-beytinin (ə) göstərişi olan bir ziyarətin, zalımın zülmünə «yox!» deməklə, məzlumun haqq səsinə səs verməklə səciyyələnən, insan övladına onun yüksək və şərəfli vəzifəsini xatırladan bir ziyarətin əsasını qoyur Cabir.

        1368 il keçir o günlərdən. Amma hər il – artıq 1368 dəfə ərbəin gününü qeyd etmişlər İmam Hüseyn (ə) aşiqləri. Hər il milyonlarla insan bu gündə can atır İmam Hüseynin (ə) ziyarətinə. Getməyə imkanı olmayanlar qiyabi oxuyurlar İmam Hüseynin (ə) ziyarətnaməsini. Bu ziyarətnamələrdə çox mənalar var, böyük mərifətlər, tanımalar, təqdimatlar var. Amma bir təqdimat, bir mərifət qırmızı xəttlə keçir bu anmadan, bu xatırlamadan. Haqqla olmaq, haqqın yanında olmaq və haqsızlığa, ədalətsizliyə qarşı hər zaman olmağı öyrədir İmam Hüseynin (ə) ziyarəti. Yaxşılıqlara dəvət etmək və psliklərdən çəkindirmək vəzifəsini daşımağa çağırır Hüseynin (ə) ziyarəti. Allaha xatir yaşamağı, rəhmli və mərhəmətli, şücaətli və səxavətli, əqidəli və prinsipial olmağa dəvət edir İmam Hüseynin (ə) ziyarəti. Uca Allah cəmi insanları Hüseyn (ə) tanıyanlardan, Hüseynlə (ə) olanlardan qərar versin!

        İmam Hüseynin (ə nahaq tökülən qanı xatirinə, Uca Allah hər bir insanı hidayət yoluna gətirsin!

        Allah Təaladan istəyimiz budur ki, İmam Hüseyn (ə) xatirinə, Əli ibn Hüseyn (ə) xatirinə, axıradək hürrlük və azadəlik bayrağını buraxmayan Hüseyn ələmdarı Həzrət Əbülfəzl Abbas xatirinə, Kərbəlada şəhid olmuş bütün o pak insanların xatirinə cəmi iman əhlini dünyada Peyğəmbər və Əhli-beytinin (ə) ziyarətindən, axirətdə isə şəfaətindən ayrı salmasın! Qadir Allah bütün günahsız qurbanları, yüksək amallar uğrunda şəhid olmuş insanları, Qarabağda, Fələstində – bütün dünyada şəhid olan on minlərlə insanı Kərbəla şəhidləri ilə məşhur etsin! 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini, o Həzrətin (ə.f.) zühuru ilə haqqın, ədalətin bərpasını nəsib etsin! AMİN!

        Hacı İlqar İbrahimoğlu,
        ilahiyyatçı-filosof, İçərişəhər «Cümə» məscidinin imam-camaatı
        ibrahimoglu@gmail.com
    Категория: Cümə söhbətləri | Просмотров: 1591 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Mart 2008  »
    B.eÇ.aÇC.aCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Linklər