Ötən ay ən çox bahalaşan məhsullar arasında meyvə şirəsi, bitki yağı, yumurta da var
Bu ilin avqust ayında ərzində Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 1,02 faiz, Bakıda 0,91 faiz, regionda isə 1,13 faiz olub. Əmtəə qrupları üzrə ən yüksək inflyasiya səviyyəsi ərzaq məhsullarında 1,17 faiz müşahidə olunub. Tədqiqat aparılan dövr ərzində inflyasiya səviyyəsi qeyri-ərzaq məhsulları üzrə - 0,76 faiz, xidmət üzrə isə 0,96 faiz təşkil edib. Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) bu ilin ilk 8 ayında 16,76 faiz, bu ilin avqust ayı ilə ötən ilin avqust ayının müqayisəsində illik inflyasiya 29,20 faiz qeydə alınıb.
İqtisadi Tədqiqatlar Mərkəzi “Alternativ inflyasiya səviyyəsinin hesablanması” proqramı üzrə Azərbaycanın 11 regionunda apardığı apardığı qiymətləndirmədən sonra bu nəticəyə gəlib. Mərkəzin İdarə Heyətinin sədri Qubad İbadoğlu nəticələrlə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, avqust ayında ən çox bahalaşma ərzaq məhsulları üzrə - şəkər tozu (18,40 faiz), meyvə şirəsi (7,94 faiz), şəkər (7,73 faiz), günəbaxan yağı və qarğıdalı yağı (4,19 faiz), qeyri-ərzaq məhsulları üzrə - oyuncaq maşınlar (2,57 faiz), məktəblılər üçün çantalar (2,22 faiz), laminat parket (0,98 faiz), xidmət üzrə isə - çilingər xidmətləri (7,31 faiz), mebel və digər əmlakın daşınması xidmətləri (6,77 faiz), Azərbaycan ərazisində istirahət mərkəzində (pansionatda) dincəlmək (5,65) olub. Ən çox ucuzlaşma isə ərzaq məhsulları üzrə - yer xiyarı (7,80 faiz), toyuq yumurtası (5,79 faiz), buğda unu (5,16 faiz), sümüklü mal əti (0,97 faiz), sümüklü qoyun əti (0,92 faiz) olub.
İTM-in hesablamalarına əsasən, avqustdaı ərzində ən çox bahalaşma Şəki şəhərində (2,85 faiz), ucuzlaşma isə Bakı şəhəri Nərimanov rayonunda -0,40 faiz qeydə alınıb. Minimum istehlak səbətinin dəyəri isə ötən ay əmək qabiliyyətli əhali üçün 109,61 manat, uşaqlar (0-15 yaşlı) üçün-99,43 manat, pensiyaçılar üçün 80,97 manat təşkil edib. İTM rəhbərinin sözlərinə görə, Azərbaycanda inflyasiyanın əsas səbəbkarı inhisarçı şirkətlərdir. Onun sözlərinə görə, avqust ayında ən çox bahalaşma qeydə alınan 5 məhsulun hamısı bilavasitə inhisarçı şirkətlərin istehsal etdikləri məhsullardır və onların bahalaşması üçün təbii əsaslar yoxdur.Bunun qarşılığında ölkənin iqtisadi inkişaf nazirinin bahalaşmanı bilavasitə neftin denya bazar qiymətindəki artımla əsaslandırması sadəcə, məsuliyyətdən kənarlaşmaq cəhdi kimi qiymətləndirmək mümkündür” - deyə, Qubad İbadoğlu bildirib .(apa)
|